
Kürdmaşı kəndində heyvanların tələf olması halları artır
Adalet.az xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində bir aya yaxındır ki, mal-qaranın tələf olması halları artıb. Kənd sakinlərinin APA TV-yə verdikləri məlumata görə, baytar həkimlər heyvanlar arasında quduzluq xəstəliyi yayıldığını bildiriblər.
Kənd sakinlərinin açıqlamaları
Kənd sakini Əlövsət Həsənov deyib ki, heyvanlara vaksin vurulub: “Mal-qarada quduzluq xəstəliyi olduğu deyilir. Bir inəyimiz ölüb. Kənddə çox adamın təsərrüfatında var”.
Kənd sakini Teymur Ağayev də eyni xəstəlikdən üç inəyinin tələf olduğunu bildirib.
Kənd sakini Tahir Nəcəfov da mal-qaranın tələf olduğunu təsdiqləyib: “Bir ay əvvəl inəyimiz tələf oldu. Əvvəlcə, su içmədi, gözləri qızarmışdı, başqa inəklərə hücum edirdi. Öz balasını boynundan dişləmişdi. Daha sonra da tələf oldu”.
AQTA araşdırmaya başlayıb
İsmayıllı rayon Baytarlıq İdarəsi məsələ ilə bağlı açıqlama verməyib.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, İsmayıllı rayon Kürdmaşı kəndində quduzluq xəstəliyinin yayılması ilə bağlı APA TV-nin süjetindən sonra agentliyin regional bölməsinin əməkdaşları rayon baytarlıq idarəsinin əməkdaşları ilə birgə kəndə baxış keçiriblər.
“Araşdırmalar başlanıb. Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.
İnəklərdə quduzluq xəstəliyinin əsas əlamətləri nədir?
İnəklərdə quduzluq xəstəliyi sinir sisteminə təsir edən, ölümcül olan virus infeksiyasıdır. Xəstəliyin ilkin əlamətləri heyvanın aqressivləşməsi və ya həddindən artıq qorxaqlaşması, yeməkdən imtina və çeynəmə problemləri ilə müşahidə olunur. Sonrakı mərhələdə boğaz əzələlərinin iflici nəticəsində su içməmək, hərəkət çətinliyi, yıxılma halları, paraliz və ifliclə xarakterizə olunur.
Quduzluq xəstəliyi sağalmazdır və yoluxmuş inək adətən 4-7 gün ərzində tələf olur.
İnsanlar üçün təhlükəsi
Xüsusilə qeyd etmək lazımdır ki, quduzluq zoonoz xəstəlikdir, yəni insana keçə bilər. Bu səbəbdən şübhəli heyvanlara yaxınlaşmamaq və baytarlıq xidmətlərinə dərhal məlumat vermək vacibdir.