adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Leylini, Məcnunu dəyişməklə, teatrlar bu mesajımı vermək istəyir? – Eminquey yazır

EMİNQUEY AKİF
785 | 2022-03-10 14:39

Teatr var!

Bugün onun günüdür!

Məmləkətimizdə teatr öz kos-kosalığından, şəbihliyindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası ilə səhnə həyatına qədəm qoyub.

1873-cü ildə.

Sonra Tağıyev ilk teatr binasını tikdirdi.

Və daha sonrası...

Məlumunuzdur.

Uşaqlıq dövrümüz doxsanların sonu, iki minlərin əvvəlində təsadüf edir. Hətta müharibədən yenicə çıxmış ölkə, xalq olduğumuzu nəzərə alsaq (ki, həmişə nədənsə bir çox şeylərdə bəhanə kimi səsləndirilir), teatra maraq var idi.

İllər keçdikcə, böyüdükcə, birbaşa bu sahə ilə içə-içə olduqca anlayırsan ki, teatr tamaşaçısı harasa ya sürgün olunub, ya da köç edib. Bəs niyə? Bu sual ətrafında o qədər cavablar səslənir ki...

Teatrlarda yeni heç nə yoxdur...

Azərbaycan insanı məişətə yuvarlanıb...

Mənəvi deqradasiya gedir...

İstənilən halda hər cavab özünə görə haqdır!

Məsələn, mən də deyirəm ki, teatr da var, tamaşçı da var, amma təbliğat yoxdur. Axşam tamaşa haqqında reklam gedir, sabah tamaşa oynanılır. Bu cür təbliğatla tamaşaçını teatra necə cəlb etmək olar? Teatr binalarının önündəki afişalarla işmi düzəlir?

İndi deyərsiniz ki, tamaşaya baxmaq istəyən özü maraqlanacaq. Razıyam. Amma var daimi tamaşaçı, var sadəcə tamaşaçı. Hər bir obyektin öz müştərisi olduğu kimi. Onlar daimidirlər, beşdirlər, yüzdürlər, mindirlər. Amma ölkə milyonlarla insandan ibarətdir. Maraqlı reklam və təbliğat o insanları teatra cəlb edə bilər.

“Qığdan muncuq” məsələsini bilirsiniz. İndi bax belə dövrdür. Haşa, mən tamaşaları, teatrları qığa bənzətmirəm, amma yəni muncuq düzəltmək mümkündür.

Teatrlarımızın sosial platformada təbliğatı hansı vəziyyətdədir? Yox dərəcəsindədir. Teatrlar iş yeri, tamaşalar isə hesabat. Vəssalam! Halbuki tamaşadan əvvəl o tamaşa haqqında qısa videoçarx hazırlana bilər, tamaşa nümayiş olunandan sonra o tamaşa haqqında müəyyən postlar paylaşıla bilər. Televiziyada hansısa geydirmə yağ, həkim reklamlarının gözünə tamaşaların reklamı da salına bilər. Ki, Azərbaycan insanı xəbərdar olsun, bilsin. Bu ölkədə teatr var, tamaşa var. Böyük bir kollektiv 1 saat, saat yarımlıq bir tamaşa üzərində günlərlə əziyyət çəkir.

Azərbaycan insanını “vaxt edin, oturub yeyib-içək” təfəkküründən qoparmaq mümkün deyilmi?

Təsadüfün beləsi...

Teatra ilk addımım Axundzadənin “Dərviş Məstəli şah və Müsyo Jordan” əsərinin motivləri əsasında “Bir dəfə Qarabağda” adlı etno-müzik tamaşası ilə oldu. Bu tamaşa artıq üç dəfə nümayiş olunub. Doğrusu, təbliğat zəif olsa da, tamaşaçısız qalmadı. Hətta son nümayiş festival çərçivəsində oldu. Giriş sərbəst idi. Yer olmadığına görə qapıdan qayıdan kim, özünü birtəhər içəri salıb ayaqüstdə tamaşaya baxan kim. Hələ bu cür zəif təbliğatla.

Demək ki mümkündür. Azərbaycan insanını teatra qaytarmaq mümkündür. Təbliğatla, yeni tamaşalarla. Məsələn, “Leyli və Məcnun”u çeynə-tüpür eləməklə yox. Biz də bilirik ki, dünyadan hələ bir xeyli Leylilər, Məcnunlar gəlib gedəcək. İki-üç ildənbir Leylini, Məcnunu dəyişməklə, aktyor-aktrisa dəyişikliyi ilə teatrlar bu mesajımı vermək istəyir? Vallah bilirik.

Teatrdaxili proseslər, ittifaqlar, intriqalar, maddi problemlər – bunu hamı bilir və açığı sıradan tamaşaçıya bu maraqlı deyil.

Bu mənada, hələ də ümid var.

Sadəcə bir məqama diqqət çəkmək istədim.

Təbliğat!

 

 

 

TƏQVİM / ARXİV