adalet.az header logo
  • Bakı 13°C

QURBANIN ATLARI ÇİNGİZ XANIN ATLARI KİMİ TAPDALAYIB KEÇİRAqil ABBAS yazır 

AQİL ABBAS
827 | 2022-08-11 18:00

Qarabağ atları  dünyadakı başqa atlardan fərqlənir. Deyəcəksiniz ki, at atdı da, nə fərqi?  Üç-dörd kəlmə ilə izah edim. Qarabağ atları ərəb atları kimi, ya ingilis atları kimi ucaboylu  deyil, qıvraqdı. Qarabağa Orta Asiyadan gətirilib, həm Çingiz xanın  dövründə, həm də Əmir Teymurun dövründə. Bu atlar  xüsusi  eyitilmiş atlardı. Əsl döyüş  atlarıdı.  Üstündəki  igidlə bərabər düşmənlə çarpışmağı bacarır. Ön ayaqları  ilə şahə qalxıb  düşməni atdan  salır, tapdaq-tapdaq edir, ağzı ilə  parçalayır, ona  çalınan qılıncdan sıyrılıb  çıxa da bilir. Düzdür, ərəb atları qısa məsafədə bizimkiləri keçə bilir, amma uzaq məsafədə  heç bir at bizimkilərə çata bilmir.

 

50-ci illərdə «Moskviç» təzə çıxanda    Qarabağ atı onu keçə bilirdi, ona görə də  hətta «Moskviç atlar» deyirdilər. Bir gözəlliyi də odur ki, yaxşı  qaşovlayıb, gün işığına çıxaranda  üstündə yüzlərlə abbası boyda qızıl pullar görünür, qızıl balıq kimi. Qarabağ atları  barədə bu qədər bəsdi.

 

 Qurban Qurbanovun köhlən atları Budapeştdə «Ferentsvaroş» komandası ilə oyunda Çingiz xanın, Əmir Teymurun, Nadir şahın döyüş atları kimi  çarpışdılar və rəqibi tapdaq-tapdaq  elədilər.  Ermənilərə  işləyən  bütün Rusiya mətbuatı,  futbolçuları, məşqçiləri, mütəxəssisləri  «Qarabağ»a  yuxarıdan-aşağı  baxırdılar,  üstünlüyü Çerçesova verirdilər. Amma köhlən atlar necə tapdaq-tapdaq elədilərsə oyunun  axırında altdan-yuxarı   baxmağa  məcbur oldular.  

90 dəqiqə nallarından  qığılcım  qopurdu  köhlən atların. Yorulmadılar, təngənəfəs  olmadılar.

Qurban Qurbanov Hikmət Mirzəyev idi, oyunçuları da xüsusi təyinatlılar. Onlar da Azərbaycan bayrağını Avropanın paytaxtlarına  sancırlar.

Mən oyundan bir həftə qabaq demişdim ki, «Ferentsvaroş»u tapdayıb  keçəcəyik. Necə ki «Lex»i, «Zürix»i tapdalayıb keçdik. Allah qoysa «Viktoriya»nı da tapdayıb  keçəcəyik və yenə  Çempionlar  Liqasına   vəsiqə qazanacağıq.

«Qarabağ» təkcə 10 milyonluq bizləri  yox, Yer üzündəki bütün türkləri  sevindirdi. Bu həm də «Qarabağ»ın Konyada keçirilən İslam  ölkələri  Olimpiadasına bir ərməğanı oldu. Ordakı idmançılarımızı da ruhlandırdı. İnşallah, «Neftçi» də bu oyuna  baxıb  özünə inanar. Qısası, Qurbanın  sağ əli «Neftçi»nin adı dilimə yatmayan baş məşqçisinin də  başına.

Qurban hər oyunu şəhidlərimizə və qazilərimizə  ithaf edir. Allah onu və  komandasını şəhidlərin  ruhu qarşısında və qazilərimizin yanında  heç vaxt utandırmasın.

Qələbə üçün qurban demişdim, bu bazar Ağcabədidə, kəndimizdə Seyid Heydər  ağanın pirində kəsdirib İmam ehsanı  verəcəm. Hamının qurbanları  qəbul olsun.

Tanrı Qurbanı və «Qarabağ»ın köhlən  atlarını  qorusun!

**

TƏQVİM / ARXİV