SƏNGƏRDƏ BƏRKİYƏN ZABİT - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
103323 | 2021-01-26 10:27

Esse

Ölkəmizin qəhrəmanlıq səhifəsi olan İkinci Qarabağ savaşının ağrı-acııları Sabirabaddan da yan keçmədi. Müharibənin ilk günündən vətənin harayına hay verən igid oğlanlardan qazi də oldu, şəhid də. Cəbhəyə oğul göndərən hər valideyn ondan geri qalib kimi qayıtmasını arzulayır, necə olursa olsun düşmənə bir addım da irəli atmağa imkan verməməyi tövsiyyə edirdi. Otuz ilə yaxın ayrılıq torpaq sevgisini, vətən məhəbbətini nəinki azaltmamaış, o yerlərə bir dəfə də ayağı dəyməyən yeni nəsil gənclərdə vətənpərvərlik duyğusunu daha da coşdurmuşdu. Doğma el-obalarından zorla qovulan, qətlə yetirilən, olmazın işgəncə və zülmlərə məruz qalan yurddaşlarımızın çəkdikləri onlarda düşmənə nifrət hissini bir az da alovlandırmışdı. Ali Baş Komandanın bircə əmrinə müntəzir olan oğullar bu günü səbirsizliklə gözləmişdilər... Onlardan biri də Məmmədov Anar Elşad oğlu idi...

Anar 1986-cı il, may ayının 5-də Sabirabad rayonynda dünyaya gəlib, 9-cu sinfədək M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində təhsil alıb. Sonra təhsilini C.Naxçıvanski adına Hərbi liseydə davam etdirən qəhrəmanımız, ali hərbi bilklər almaq üçün H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Məktəbi 2008-ci ildə bitirərək Salyan Kazarmasında yerləşən Təlim-Tədris Mərkəzində leytenant rütbəsində işə başlayır. Elə həmin ildə də sevib seçdiyi Nəzirə xanımla ailə həyatı quraraq, onunla ömür yolunu həmişəlik birləşdirir.

Həmin il Anarın həyatında uğurlu il olur, daim ön cəbhədə xidmət etmək arzusu reallaşmağa başlayır, bu dəfə onu Goranboyda yerləşən “N” saylı hərbi hissəyə göndərirlər. İşə başladığı vaxtdan qüsursuz xidmət göstərən bu gənc hərbçimiz yeni iş yerində də özünün fərqli cəhətləri ilə seçilir. 2009-cu ildə onun xidməti yeri dəyişdirilərək Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissə ilə əvəzlənir. Tərtərin Qəziyan, Çayli, Marquşavan kəndlərində cani-dildən hərbi xidmətini davam etdirən Anar dəfələrlə Vətənə qüsursuz xidmət göstərdiyinə görə mükafatlandırılmışdır. Elə Baş leytenant hərbi rütbəsini də burda işlədiyi vaxt almışdır. Tərtər rayonunda dörd ildən artıq yüksək səviyyədə xidmət göstərən zabitimizi 2013-cü ilin sonlarında özünün ali təhsil aldığı H.Əliyüv adına Ali Hərbi Məktəbə müəllim kimi dəvət edirlər. 2014-2017-ci illərdə gənc tələbələrə hərbin sirlərini öyrətməklə məşğul olan Anar burda da fərqlənərək Qüsursuz xidmətə görə təltif olunmuş və ona “Kapitan” rütbəsi verilmişdir. Amma o, yenə ön cəbhədə olmağa üstünlük verir və cəbhə xəttində yerləşən hərbi hissələrdən birinə qayıtmağı düşünürdü.

General Polad Həşimovla birgə qulluq etməsələr də şəxsi tanışlıqları vardı və general onu bir bacarıqlı, savadlı zabit kimi yeksək qiymətləndirirdi. Anarı “Səngərdə böyüyən zabit” adlandırırdı. 2017-ci ilin əvvəllərində Beyləqan rayonu “N” saylı hərbi hissəyə göndəriş alan Anar Məmmədov demək olar ki, arzusuna çatmışdı, o indi düşmənlə üzbəüz, sərhəddə çox yaxın məsafədə xidmət edirdi...

Ana yurdum, gözəl Vətən,

Hər nemətdən əzəl Vətən.

Sən ruhumsan, mənsə bədən,

Vətən, mənim könlümdəsən. (Ş.Ş)

Gəzdiyimiz torpağın hər qarışı vətəndir,bunu Anar çox yaxşı bilirdi və harda xidmət etməsindən asılı olmayaraq zabit şərəfini uca tutur, vətənə sevgisini işi ilə göstərməyə çalışırdı. Növbəti təyinatı 2018-ci ilin əvvəllərində Füzuli rayonuna, ön xəttə yerləşən ”N“ saylı hərbi hissəyə olur, burda bir il xidmət etdikdən sonra-2019-cu ildə isə yenidən Beyləqana dəyişdirilir. O, buradakı hərbi hissədə ta şəhidlik məqamına çatanadək xidmət edərək “Mayor” rütbəsinə yüksəlmişdir. Beyləqandakı “N” saylı hərbi hissənin əvvəlcə Təchizat rəisi, sonra isə Qərərgah rəisi vəzifəsini yerinə yetirən Anar Məmmədova xüsusi etimad göstərilərək müharibənin qızğın vaxtında Tabor komandiri təyin edilir...

Ailəcanlı idi Anar, ailə qurduğu ilk gündən harda xidmət etmişdisə həyat yoldaşını da özü ilə aparmışdı. Bu illər ərzində də iki qız övladı dünyaya gəlmişdi, artıq üçüncü sinifdə oxuyan böyük qızı Zeynəb məkan dəyişmələrinə adaptasiya oluna bilmədiyindən ailəsini Sabirabadda qoymağa məcbur olmuşdu... Amma ailəsinə sədaqətli olan gənc zabit hər həftə vaxt tapıb evinə baş çəkir, onlarla olduğu hər anı dəyərləndirirməyə çalışırdı.

Müharibənin başlandığı ilk dəqiqədən ön cəbhədə olan zabit Anar Məmmədov oktyabrın əvvəlində (01.10.20) yaxınlıqda mərmi partlayışından kontuziya alaraq Füzulidə yerləşən “Diaqnostik Mərkəz”də təşkil edilən hərbi qospitala yerləşdirilir. Tabeliyində olan əsgərlərini öz balası adlandıran və elə balası kimi sevib qoruyan hərbçimiz həkimlərin təyin etdiyi uzun müddətli müalicə kursunu yarımçıq qoyaraq cəbhəyə qayıdır...

...Deyirlər ərlə arvadın torpağı bir yerdən götürülür. Mən qara qeyd kitabçamıi da götürüb şəhid ailələri ilə görüşə gedəndə necə çətin və məsuliyyətli bir işin qulpundan yapışdığımı bilirdim. Bunu vətən qarşısında, qanları ilə adi torpağı vətən edən şəhidlər önündə ziyalı, yazıçı borcu da adlandırmaq olar. İlk müraciət etdiyim ünvanı da təsadüfən seçməmişdim, bu ailəni mən Birinci Qarabağ müharibəsindən tanıyırdım. Anarın həyat yoldaşı Nəzirə həmin müharibədə şəhid olmuş Heydər Həmidovun qızı idi. Heydərin anası ağbirçək Gülbacı ana, həyat yoldaşı Fəxridə xanım rayonda sayılıb seçilən insanlardan idilər. Kiprikləri ilə od götürən bu gəlin-qaynana baş-başa verib birlikdə yurdunu sevən üç övlad böyütmüş, ev-eşik sahibi etmişdilər. Qızı Nəzirənin də seçiminə hörmətlə yanaşmış və Anarla ailə qurmasına razılıq vermişdilər. Sonrakı illər bu iki ailəni doğmalaşdırmış, iki nəfərin sevgisi elə ailələrə də yansımışdı...

Fəxridə xanım kürəkənindən ağızdolusu danışır, arada kövrəlir və:

-Anara kürəkən deməyə dilim gəlmir, o mənə əsl oğul idi, yoxluğunu da oğul itgisi kimi qarşıladım-deyir.

Nəzirə ali təhsilli ingilis dili müəllimidir və M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində çalışır. O, səmimi söhbət edir, suallarımı cavablandırır, Anarlı günlərindən təbəssümlə söz açan bu xanımın üz-gözündə gəzən qəm kölgələrini hiss edirəm, amma tox tutub özünü... Bu ailənin maraqlı sevgi tarixçəsi var... Nəzirə deyir ki, onu yuxumda görmüşdüm, heç vaxt üzünü görmədiyim bir oğlanı!.. Və bir gün yuxusunun gerçək olmasının da şahidi olur, Anarı təhsil aldığı Universitetin həyətində görəndə çaşıb qalır və sevinclə dönüb dostlarına göstərir onu.. Beləcə sirli yuxu təməli qarşılıqlı sevgi və hörmətdən tökülmüş möhkəm bir ailə ilə möhürlənir...

-Anarla biz dost idik, o, çox savadlı və dünyagörüşlü idi, onunla hər mövzuda söhbət edə bilir, fikir bölüşürdük, bəzən ailə olduğumuz yadımdan çıxırdı, çünki yalnız dostla belə sirdaş olmaq olardı... O ailəsini sevir və qayğısına qalmaqdan zövq alırdı. On iki il sürən bu ailə həyatımın elə bir anı yadıma düşmür ki, az da olsa inciyim ondan. O, qeyrətl Azərbaycan kişisinin siması idi, həmişə məni bir addım özündən uca tutmağa çalışırdı...

... Anar Məmmədov son dəfə oktyabr ayının 16-da ailəsinə baş çəkməyə gəlir, bu zaman o, çox fikirli və kədərli görünürdü. Həyat yoldaşının sualına könülsüz cavab verir, təkid edəndə isə gözlərində yaşların qaynadığını görür... Bu yaşlar da, acılar da Azərbaycanın istəmədən başlatdığı haqq savaşında şəhid olan əsgərlər üçün idi...

-“Bu, çox ağır idi”- deyir Nəzirə xanım, -“mən indiyədək Anarı belə görməmişdim..”

Həmin gün özü ilə aparmaq üçün müxtəlif sarğı materialları və dərman ləvazimatları alaraq səhəri gün, oktyabrın 17-də cəbhəyə dönür Anar. Sonrakı günlər telefon əlaqəsi saxlaya bilsələr də, 19 oktyabrdan əlaqə tamamilə kəsilir... Sonra isə Anar Məmmədovun Füzulidən başlayaraq Hadrutdan keçən döyüş yolunun 20 oktyabr 2020-ci ildə Daşaltı-Tuğ istiqamətində gedən ağır döyüşlərdə sona çatdığı bəlli olur.

Bir sevda var, düşüb məndən uzağa,

Aramızda yazılmamış qadağa.

Tanrı hökmü hər addımda, qarışda,

Həsrətini ucuz satmaz bu yollar...(Ş.Ş)

Axşamüstü başlayan döyüşdə 26 nəfər döyüşçü ilə mühasirəyə düşən zabit əsgərlərin hamısını bir nəfər kimi mühasirədən çıxarmağa nail olur, özü isə düşmənlə döyüşə təkbaşına davam edir. Bu qeyri-bərabər döyüşdən də zabit şərəfini qorumaqla qalib çıxır, bunu özünə saxladığı sonuncu gülləsi ilə sübut edir Anar Məmmədov!... Onu diri əsir götürməyə çalışan ermənilərin arzusu ürəklərində qalır, onun yalnız nəşini ələ keçirə bilirlər... Xidmət etdiyi hərbi hissə isə onun itkin düşdüyünü düşünürdü...

Bir ay keçəndən sonra Azərbaycan Müdafiə Nazirliyinin əks tərəfə göstərdiyi təzyiqlər və təkidlər nəticəsində məsələ müsbət həllini tapır... O, indi doğmalarının da dəfn olunduğu Cavad kənd qəbristanlığında uyuyur. Mayor Anar Elşad oğlu Məmmədov ölümündən sonra “Vətən Uğrunda” və “Xocavəndin işğaldan azad olunması” medalı ilə təltif olunmuşdur.

Çox illər keçəcək, çox sular axıb durulacaq, amma Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımız unudulmayacaq. Onlar özü də, qəhrəmanlıqları da zamandan zamana, vaxtdan vaxta keçərək əfsanələşəcək, dastana dönəcək və həmişə qürur yerimiz olacaqdır...

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV