adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SƏNİN KİTABINI… - Aqil ABBAS yazır

AQİL ABBAS
1148 | 2023-04-27 14:08

XX əsrin əvvəllərində millətin nə kitabı vardı, nə qəzeti, nə də məktəbi. Yalnız böyük şəhərlərdə məktəblər fəaliyyət göstərirdi, onların da sayı çox az idi. Ölkədə cəhalət hökmranlıq edirdi. Ayrı-ayrı ziyalılar xalqı cəhalətdən qurtarmaq üçün özlərini şam edib yandırırdılar. Xalqı cahillikdən xilas etmək yolları axtarırdılar və tapırdılar. Mirzə Fətəli Axundovdan, Həsən bəy Zərdabidən nur alan yeni bir nəsil yetişirdi. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Sabir, Ömər Faiq Nemanzadə, Ceyhun Hacıbəyov… İlahi, Allahın bu millətə nə qədər yazığı gəlib ki, qısa zaman arasında milləti cəhalətdən çıxara biləcək böyük şəxsiyyətlər bəxş edib. Və adlarını çəkmədiyim nə qədər qəxsiyyət Danko kimi ürəyini çıxarıb məşəl edib ki, milləti cəhalətdən çıxarsın. Və bu dahilər az-çox istəklərinə çatıblar. Ən azı Şərqdə ilk demokratik respublika yaradıblar.

İndi XXI əsrin əvvəlləridi. Yenə bir cəhalət hökm sürür. Yenə millət kitabsız, qəzetsiz qalıb. Düzdür, məktəblərin sayı artıb, amma təhsilin səviyyəsi artmayıb. Kitabsız-qəzetsiz qalan millət yığışıb bir telefonun başına. İndi milləti kitab yox, qəzet yox, telefon idarə edir. Və bu telefonu yönləndirənlər də oturub ABŞ-da. Üç-dörd şəhər və rayonu çıxmaq şərtilə, demək olar ki, rayonların 90 faizində kitab mağazası yoxdur. Kitab mağazası cəhənnəm, heç bir normal kitabxana da yoxdur. Ümid qalır məktəb kitabxanalarına. Və təbii ki, məktəb kitabxanalarında da istədiyin ziyalının, filosofun, şairin, yazıçının əsərini tapa bilməzsən. Bu kitabxanalara yalnız dövlətin nəşr etdiyi kitablar göndərilir.

Buyurun, hansısa bir kitabxanada, söhbət rayonlardan gedir, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Bayatlının, Zakir Fəxrinin, Afaq Məsudun, Şərif Ağın, Aqşin Yeniseyin, İlqar Rəsulun, Salam Sarvanın, Ayaz Arabaçının, Kəramət Böyükçölün, Seymur Baycanın, Zahir Əzəmətin, Kənan Hacının və adını çəkmədiyim şair və yazıçıların bircə əsərini, bircə kitabını tapın. Tapa bilməzsiniz.

Əvvəllər bir kitab kollektoru vardı, təzə çıxan kitabları rayonlardakı kitab mağazalarına və kitabxanalara dağıdırdı. Dəmir yolu idarəsinin arxasında bir binası və anbarı yerləşərdi, nə qədər də adam çalışardı. İndi həmin binada hansısa xarici maşının hissələri satılır.

Yaxşı ki, hərdən bir Bakıda, Sumqayıtda, bəzən də Gəncədə kitab festivalları keçirilir. Camaat kitabı görür. Bu festivallarda elə bir qələbəlik yaranır, amma yaxşı olar ki, bu festivallar kənd rayonlarında da keçirilsin. Kitabsız qalan camaat kitab görsün. Heç olmasa bu festivallarda istədiyi kitabı tapıb alsın. Azərbaycan təkcə Bakıdan, Sumqayıtdan və uzaqbaşı Gəncədən ibarət deyil.

Düzdür, rayonlarda elektron kitabxana dəbə düşüb. Amma o kitabxanada adam görmürəm. Əlində telefon var da, o, kitabxanaya niyə getsin ki? Əlindəki telefonda da reytinq dalınca qaçan saytlar və sosial şəbəkələr at oynadır.

Kitabın ayrı bir gözəlliyi və özəlliyi var, hətta qoxusu var. Bir neçə il bundan əvvəl Muzey Mərkəzində Mədəniyyət Nazirliyi bir tədbir keçirirdi, sağ olsunlar, məni də dəvət etmişdilər. Söhbət ondan gedirdi ki, day kitab nəyə lazımdır? İnternet var, elektron kitabxana var. Bir sözlə, mədəniyyət nazirimiz başda olmaqla, çıxış edənlərin hamısı kitabın əleyhinə danışdı.

Mənə də söz verdilər. Dedim ki, kitabın ətri var, qoxusu var, sevdiyin qız kimi sinənin üstünə qoyub yata bilirsən. Bəzən qayıdıb yenidən hansısa səhifəni təkrar oxuyursan. Orda bir az kobud dedim, burda mədəni yazıram. Dedim ki, Əbülfəz müəllim, ya kompüterdə kitab oxudun, ya da əleyhqaz geyinib qızılgülü iylədin, eyni şeydi.

Bakıdakı məşhur kitabxanalarda da yuxarıda adlarını çəkdiyim şair və yazıçıların, ziyalıların kitablarını tapmaq mümkün deyil. Gərək özləri göndərələr kitabxanalara.

Düzdür, indi Mədəniyyət Nazirliyi sifarişlə kitab alır kitabxanalar üçün. Amma kimlərin kitabını sifariş verir, bunu bilən yoxdu. Yeni mədəniyyət nazirimiz Adil Kərimli Teatr Forumu keçirtdi, Kino Forumu keçirtdi, yaxşı olar ki, bir Kitab Forumu da keçirsin. Milləti yenidən kitaba qaytarmağın yollarını araşdıralar, axtaralar və tapalar. Və millət hansısa xarici dövlətlərin ideologiyasına, dininə, məzhəbinə, təriqətinə qulluq edən kitabların ümidinə qalmaya.

Və sonda. Keçmişdə belə bir söyüş vardı: «Sənin kitabını…». Bu söyüşü tərbiyəsiz, mədəniyyətsiz, özündən müştəbeh adamlara ünvanlayardılar. Yəni mənası o idi ki, sən hansı kitabdan tərbiyə almısan?! Adamın tərbiyəsini, mədəniyyətini oxuduğu kitabla müəyyənləşdirirdilər. Nə isə…

Kitab barədə bir-iki kəlmə dedik, keçək qəzetlərə. Hansı rayonda qəzet köşkü var? Hansı qəsəbədə qəzet köşkü var? Hələ kəndləri demirəm.

Yoruldum, qəzet məsələsi qalsın növbəti yazıya.

TƏQVİM / ARXİV