Ayrılığın üzü dönsün... - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
3006 | 2024-02-27 11:57

Şəhid Elçin Süleymanovun atası Tehran qardaşımızın xatirəsinə

...İnsanlar heç də elə belə olmurlar. Və hər insanın öz dünyası, öz aləmi, öz yaşam tərzi olur... Daha doğrusu, obrazı dildə demiş olsaq, hər insan bir fəsilə bənzəyir; kimi qışa oxşayır, kimi payızı xatırladır, kimi də yazı-yayı yadımıza salır... Çünki insan xarakteri də, insan xasiyyəti də fəsillər kimidir. Fəsil var ki, biz onu daha çox xoşlayırıq, əzizləyirik və tez gəlməsini arzulayırıq. Bax yaxşı insanlar da belədir. Onları görmək üçün ürəyimiz darıxır və hətta burnumuzun ucu göynəyir. İtirəndən sonra isə çox çətin anlar yaşayırıq, deyirik ki, kaş sağlığında onunla tez-tez söhbət edərdik, dərdləşərdik, sevincimizi və kədərimizi bölərdik...

...Mənim uşaqlıq dostum, daha doğrusu, bibim oğlu Tehran Nəsib oğlu Süleymanov da belə heç kimə bənzəməyən, bal kimi şirin, səmimi bir insan idi. Atalarını tez itirmişdilər, yəni qırx doqquz yaşı olanda Nəsib kişi dünyasını dəyişmişdi və onlara atalığı mənim atam eləmişdi. Doqquz uşağın hər birinə öz balası kimi yanaşmışdı. Mamam oğlu Təbrizə də ali məktəbdə oxuyanda hər ay yüz manat verirdi, mənə də! Yəni heç birimizə fərq qoymazdı. Ona görə də bibioğludan, dayıoğludan çox biz bir birimizə qardaş-bacı kimi isinişmişdik. Bu istilik düz uzun illərdir davam eləyir və bu istilik bizi bir birimizə daha da doğmalaşdırır, çünki onlar bizim ağır günümüzdə, bizdə onların ağır günlərində bir-birimizə dayaq olmuşuq. Qardaşım rəhmətlik Qürbət xəstəxanada yatanda düz iyirmi bir gün həm Tehran, həm də Təbriz bizimlə bir yerdə xəstəxanada oldular. Hətta qardaşım dünyasını dəyişəndə Tehran cənazənin aparıldığı maşında əyləşdi, bizi orda oturmağa qoymadı, dedi ki özüm gedəcəm!...

Tehranın səmimiyyəti, şirinliyi Füzuli rayonunun Böyük Bəhmənli kəndində hamının qəlbində bir iz qoyub. Bütün qohum-əqrabanın xeyirinə-şərinə yarayıb. Hətta mənim qayınım Şabranda rəhmətə gedəndə birinci o, özünü yas yerinə çatdırmışdı. O qədər də varlı adam deyildi, amma ürəyi, qəlbi və mənəviyyatı çox varlıydı. Kimi qohum-əqrabanın çətin günündə pul xərcləyir, Tehransa canını, ömrünü sərf edərdi. Qırx gün doğmalarının yasında iştirak edər, heç bir təmənna ummadan hamıya əl atardı, hərdən birə şirin zarafatları vardı. Bu zarafat üçün o qədər ürəyim darıxır ki! 

Oğlu Elçin Süleymanov 2020-ci il İkinci Qarabağ savaşında 44 günlük müharibədə qəhrəmancasına döyüşdü və sentyabr ayının otuzunda şəhid oldu. Elə oğlundan sonra da Tehran qardaşımız fikir-xəyal çəkdi, dərd içini yedi və axırda da ağır xəstəliyə düçar oldu...

Xəstə olanda hospitallardan birində müalicə olunurdu, yanına heç kimi buraxmırdılar. Amma onunla görüşmək üçün yaman darıxırdım. Dəfələrlə Təbriz qardaşımızla telefonda danışdım, dedi ki o da səni arzulayır, bu yaxınlarda buraxacaqlar. Bakıda ev də tutmuşuq, qayıdan kimi inşallah görüşərsiniz. Mən də eşitdim ki yenicə qayıdıb, ona görə əvvəlcə telefonla danışdım. Səsi pis deyildi, amma bir qədər səs yorğun idi. Bu da müalicənin təsirindən idi. Telefonda danışdıq, dedi ki  əmimin canı üçün (əmi bizim atamıza deyirdi) gəlmə, istəmirəm əziyyət çəkəsən! “Əmimin canı” sözünü elə şirinliklə deyirdi ki, heç biz özümüz də belə şirinliklə o sözü demirdik. Dedim, nəyin bahasına olursa-olsun onu ziyarət edəcəyəm. Getdim binaların yaxınlığına zəng elədim, bacım Sahilə düşdü aşağı. Məni liftlə qaldırdı o binanın səkkizinci mərtəbəsinə. İçəri girən kimi nə qədər ağrısa da hər şeyi unudub ayağa qalxdı, məni qucaqlayıb bağrına basdı. Maska taxmışdım ki, birdən məndən xəstəlik keçər. Dedi ki, ə yekə kişisən, o maskanı at! Mən də o maskanı çıxarıb atdım kənara. Mətbəxdə oturmuşduq, həyat yoldaşı Xalidə, qızı Nübar və Sahilə də mətbəxdə idilər. Elə iki daşın arasında bizə yemək gətirdilər, ərişdə bişirmişdilər, bir az da balıq hazırlamışdılar. Aclığım olmasa da Tehranın təkidi ilə ərişdədən bir neçə qaşıq yedim, sonra o da mənə baxıb şirin-şirin yeməyə başladı. Hərdən bir başını qaldırıb gözlərini mənə zilləyirdi və baxışlarında bir ümid vardı. Sanki deyirdi ki, mənə kömək edin xilas olum! Mən də əlimdən gələni edirdim. Cek Londonun “Həyat eşqi” hekayəsini danışdım. Hekayəni danışandan sonra gördüm ki, ovqatı daha da yaxşılaşıb, cohrəsində təbəssüm var, bir qədər də gümrahdı! Sonra keçdik böyük qonaq otağına, orada uşaqlıq illərimizi, atalı-analı günlərimizi yada saldıq. Xalidə də dedi ki, ay Faiq, biz sizinlə bunlardan daha çox yaxın qohumuq. Tehran gülümsədi və əlavə elədi ki yaxın olsanız da hamıdan çox mən Faiqi istəmişəm, o də məni! Onun qədər mən heç kimi çox istəmirəm. Sonra da dilləndi ki bəlkə bir şəkil çəkdirək! Dedim, nolar çəkdirək! Sahilə əvvəl onunla mənim, sonra da Xalidə ilə şəklimizi çəkdi. Nübar isə bizim hamımızın bir yerdə şəklini lentə aldı. Sonra masanın üstünə çay gətirdilər, çaydan da içəndən sonra Sahilə dedi ki, qağamı indi inqalyasiya etməliyəm. Bir neçə dəqiqə bu prosesi edəndən sonra vəziyyəti daha da yaxşılaşdı. Mən istəmirdim ki, onu yorum, amma ayrılmaq da istəmirdik. Sonra Tehranın ürəyi açıldı və dedi ki, Faiq, dilimdə deyirdim gəlmə, amma ürəyimdə deyirdim ki, gəl! Qalxdım ayağa dəhlizə tərəf getdim, gödəkçəmi gətirdilər əynimə geyindim. Hiss edirdim ki, bu bizim son görüşümüzdü, ona görə də möhkəm-möhkəm qucaqlaşdıq. O məni bağrına basdı, mən də onu...Gözlərinin içinə baxdım, bir kədər hissi elədim, çünki özü də bilirdi ki bu bizim axırıncı görüşümüzdü. Mən gedəndən sonra Təbrizə deyib ki, Faiq gəldi, özümü əla hiss etdim...Nə isə...

...Fevral ayının on səkkizində isə axşam saatlarında Allahın dərgahına qovuşdu, daha doğrusu, oğlu Elçinin yanına getdi! Fevralın on doqquzu minllərlə insan onu Bəhmənli qəbiristanlığında son mənzilə yola saldı. İynə atsan yerə düşməzdi. Hamı istəyirdi ki, şəhid atasına öz borcunu versin! Mən də son borcumu vermək üçün onu son mənzilə yola saldım. Qardaşım Qürbətin, Elxanın, əmim oğlu Ziyanın ölümünü o dünyasını dəyişəndə hiss etdim. Hiss etdim ki, onunla yanaşı həmin doğmalarım da artıq yoxdu, çünki ona baxıb mən böyük qardaş kimi bir təsəlli tapırdım. Artıq o təsəlli də ilğım kimi yoxa çıxdı...

...Bu gün onun Haqq dünyasına qovuşmasından doqquz gün ötür. Hər ötən gün mənim üçün çox ağırdı, ancaq bu doqquz gündə iki dəfə yuxuma girib. Axırıncı dəfə ayın səkkizində yuxuma girdi, gördüm ki uzaqda ağ-qara tut ağacları var, o da tut ağaclarının yanındadı və tut yeyir. Mən ora getmək istəyirəm, qoymur! Deyir ki bura gəlmə, gəlib Elçini gördüm ürəyim sakit oldu, indi də ağ tutdan, qara tutdan doyunca yeyirəm! Bax belə! Yəqin ki Tehran qardaşımızın yeri cənnətdir, ancaq Cənnətdə belə təamlar olur. Şəhidlər cənnətə düşdüyü kimi, şəhid ataları da, şəhid anaları da Cənnətə düşür. Cənnətin mübarək, Tehran qardaşım! Hər an səsini, hər an şirin söhbətlərini və hər an o gülərüz cöhrəni görürəm və deyirəm ki, sən ölməmisən, həmişə bizimləsən! Sadəcə olaraq dünyanı dəyişmisən, o dəyişdiyin dünya isə səni əbədi olaraq sağ saxlayacaq və biz də hər an, hər dəqiqiə səninlə, ruhunla söhbət edəcək, səsini eşidəcək və bir təsəlli tapacağıq...
 

TƏQVİM / ARXİV