SÖZLƏ SİRDAŞ OLAN SONA ÇƏRKƏZ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1633 | 2023-06-01 10:59

Həyatda mənim üçün əl ilə toxunulmayan, gözlə görünməyən, ruhdan və ürəkdən süzülən, eyni zamanda ruhu və ürəyi ifadə edən və nəhayət, canının canı olanlara münasibətini sərgiləyən SÖZ-dü! Mənə görə SÖZ canlı varlıqdı... Ən kamil həmsöhbətdi... Ən anlayışlı sirdaşdı... Ən həzin xatirədi... Ən etibarlı güvəncdi...

Söz həm də adamı nəfəs alanda da tək buraxmayan dostdu! Bütün bunların işığında söz həm də adamın iç dünyasıdı... ona him etməsən bütün günü susacaq -başqalarını rahatsız etməyəcək... yalnız sən və söz duracaq üz-üzə... qalacaq baş-başa... Bax elə həmin anda da qələm vərəqə tərəf boylanacaq... dil dodaqları tərpədəcək...

Hər kəsin həyatında özünə məxsus olan özəllik var... Bu özəllik bir sirr ömrü yaşayır... O zaman ki, sirr sözə hopur, sözə çevrilir və söz yazıda və yaxud səsdə doğulur, işıqlı dünyaya gəlir! Deməli, oxucunun, dinləyicinin önünə çıxır... Və görünür, duyulur... Eyni zamanda auditoriya qazanır... Bir az obrazlı desəm həyata vəsiqə əldə edir...

Tələbəlik illərim uzaq bir xatirədi... Bu uzaq, həm də məni haldan hala salan xatirələrin hər yarpağı da öz novbəsində bir tumurcuqdu - söz tumurcuğu! Açıldıqca ətri xəyallandırır adamı.  Xüsusən də duyğusal ruh adamını. Axı bu adamlar özlərini ifadə etdikləri həmin o Tumurcuq Sözdə tapıblar... Ona tapınıblar...  Mən də tapındığım Sözün dünyasında aydınları, dəyərliləri, doğma olanları, anlayışlıları və dəyər verənləri daha çox yada salıram... Təzələyirəm və təzələnirəm...

Qələmin vərəqlə anlaşdığı bu ana bir xatirə qonaq edib məni... O xatirənin şah damarı, indi də həsəd apardığım SEVGİ idi! İnanın ki, Dövlət Universitetinin filologiya fakültəsində oxuyan  tanış tələbə yoldaşlarımla hər söhbətimdə bir-biri üçün doğulmuş bu iki insanın İlahi tamlığına heyranlığımı mütləq söyləyirdim...Və mən birmənalı olaraq inanmışdım ki, Allah onları bir -biriləri üçün yaradıb. Yanaşı addımlayanda da, bir-biriləri ilə asta söhbət edəndə də, hətta baxışları ilə nəyisə öz aralarında çözəndə də mən bu tamlığa sadəcə Allahın qələminin qüdrətinin işi kimi yanaşırdım. Digər tərəfdən onların öz tələbələri ilə münasibətlərində də görüb izlədiyim, şahidi olduğum nüansların özündə də bir  özəllik var idi. Bu gün də mən o sirrin ip ucunu tapa bilmirəm. Ola bilsin ki, bu da elə onların halal tamlığının bir işartısı, bir çaları idi. Çünki yazımın bu nöqtəsində adlarını çəkəcəyim həmin müəllimlər universitet həyatında özlərini tələbəyə sevdirə bilmişdilər. Onların adı da, davranışı da, dərsə münasibəti də həm fərqli, həm də sevgi dolu idi.

Yəqin ki, 80-ci illərin tələbələri, daha çox da filologiya fakültəsində oxuyanlar Çərkəz müəllimi, Sona xanımı yaxşı xatırlayırlar. Şəxsən mən o illərin tələbələri ilə görüşlərimdə öz müəllimlərimizdən söhbət açır və mütləq Çərkəz müəllimi xatırlayırıq. Onun tələbəyə diqqətini, yanaşmasını, xeyirxahlığını xüsusi vurğulayırıq. Burda bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Tələbəlik illərimizdə bizim müəllimlərimizə, müəllimlərin də biz tələbələrə münasibəti tamam fərqli idi. Görünür elə bu fərqin yaranmasında məhz Çərkəz müəllim kimi pedaqoqların, ziyalıların xidmətləri var imiş. Mən bunu övladlarımın, nəvələrimin təhsil aldığı illərdə daha yaxşı gördüm, hiss etdim. Və...

Bu gün həyatın rəngi də, mənası da, yaratdığı aura da tamam fərqlidir. Nə qədər də qaynayıb qarışmaq və yaxud çəkilib bir kənarda dayanmaq istəyirsən alınmır. Sanki həyatın özünün mayası çirklənib. Ona görə də halallıq da, sevgi də, sayqı da adama yapışmır, adamı özünə çəkmir. Amma yazının əvvəlində vurğuladığım kimi, güvənəcəyimiz, həmsöhbət ola biləcəyimiz, sirdaşımız yalnız sözdü. Söz qalıb bizə. Mən də həmin o sözün işığında qayıtdığım xatirələr dünyasında bir paralel gördüm. Bu paralel sözlə bağlıdı. Dəyərli oxucu yəqin ki, məlumatlıdır. Azərbaycan ədəbiyyatında Mikayıl Müşfiqin Dilbəri, Cəfər Cabbarlının Sonası... Çərkəzin Sonası öz həyat yoldaşları, öz könül sirdaşları, öz sevgiləri ilə ikinci dəfə qarşılaşıb bir-birlərini yenidən seviblər. Çünki onlar sözə söykəniblər. Dilbər Müşfiqdən yazıb, Sona Cəfərdən yazıb, Sona Çərkəzdən yazıb. Həmin yazılar işıq üzü gördükcə o sevgi yenidən başlayıb. O xatirələr ilk görüşdən üzü son ana qədər yol gəlib. Deməli, sevginin ikinci ömrü həyata vəsiqə alıb. Bu mənim nəyisə kəşf etməyim deyil. Bu sadəcə olaraq həmin xanımların öz çevrələrinə, öz oxucularına sevgilərini və sevdiklərini gördükləri kimi, duyduqları kimi, yaşadıqları kimi təqdim etməkdir. Burda mənə görə Çərkəz müəllimi təqdim edən Sona xanım daha şanslıdı. Çünki o, Sona Çərkəz olub. Çərkəzdə yaşayan Sona, Sonada yaşayan Çərkəz yenidən bütövləşib. Bu bütövlüyü də Sona Çərkəzə ərmağan edən Allah və İlahi sözdür. Çünki Çərkəz müəllimin sağlığında Sona xanım sözə könül verməmişdi. Onun vaxtsız vəfatından sirrini sözə verdi, onun sirdaşı söz oldu.

Mən Sona Çərkəzin qələmindən çıxan yazıların, demək olar ki, hamısını oxumuşam. Şeirlərini də, məqalələrini də, xatirələrini də. Üstəlik özüm də həmsöhbət olmuşam Sona xanımla. Bu söhbətlərdə, oxuduğum kitablarında Sona xanımla Çərkəz müəllimi bir yerdə görmüşəm. Hətta inanmışam ki, üz-üzə oturub söhbət etdiyim Sona xanımın sol tərəfində Çərkəz müəllim dayanıb bizi dinləyir, xanımının nə dediyini, necə dediyini, bir növü o duruşla təsdiqləyir. Bunu bir sevgi anatomiyasının görüntüsü də hesab etmişəm. Çünki Sona xanım nədən, kimdən danışır, söhbət edir-etsin, mövzunun hər iki sözündən biri Çərkəz müəllimlə bağlı olur. Gəzdikləri, gördükləri, etdikləri, əl tutduqları, yaşadıqları hər an bu gün də onun üçün dipdiridi. Ona görə də Sona Çərkəz imzası onların cütlüyünü hər mənada təsdiq edir. Ayrılmadıqlarını bir sübut kimi göstərir. Sevənlərinə, xatırlayanlarına.

Bəli, həyat insan üçün gəlimli-gedimlidi. Heç kim bu həyatın bir varlıq olaraq əbədi yaşam haqqını qazanmayıb. Təbii ki, söhbət cismən yaşamaqdan gedir. Amma elə şəxslər var ki, onlar yaşadıqları həyatda özlərinin sözü ilə, izi ilə, işi ilə, sevgisi ilə bitməz bir ömür qazanırlar. Bu bitməyən ömür ailənin, nəslin, doğmaların, el-obanın, dostların, itirdiklərinin, bir sözlə, təmasda olduğun hər kəsin yaddaşında bir işartı deməkdir. O işartı da həmişə közərir. Çünki onun mayasında sevgi var. Mənim inancıma görə həyatda ölümsüzlük yalnız sevgiyə məxsusdur. Əgər sevgi yaşayırsa, deməli, sevən də yaşayır. Bu mənada Çərkəz müəllimlə Sona xanımın birgə həyatlarının davamı həm övladlarının, nəvələrinin, həm də Sona Çərkəz imzasının halal sözündə ifadə olunur, yəni yaşayır. Düşünürəm ki, 1980-ci ildən tanıdığım və bu günə qədər də yaddaşımda xoş xatirəsi qalan Çərkəz müəllimin ruhu şaddır. Çünki o, yaşayır. Öz sevgisində, öz Sona Çərkəzində, sözə sığınan, sözlə sirdaş olan şair, publisist Sona Çərkəz sözündə.

P.S. İyunun 3-ü Çərkəz müəllimin dünyadan  vaxtsız  köç etdiyi gündür. Mən də xatirələrin işığında və bir də Sona Çərkəzin stolumun üstündəki son kitablarından olan “Sözdür mənim sirdaşım...”ın səhifələrində onların sevgisinin əbədiliyinə bir daha inandım. Həmin inanc da məni bu kiçik yazını qələmə almağa sövq etdi.

P.P.S. Söhbətlərimizin birində Sona xanım vurğuladı ki, mən evimdəki Çərkəzlə nəfəs alıram, onun üçün yaşayıram. Dövlət televiziyasında çalışan Çərkəz Quliyevi ekranda görəndə hansı hallar yaşadığımı bir Allah, bir də Çərkəzin ruhu bilir. Babasının adını yaşadan Çərkəzimə Allah ömür versin! Amin.

MÜƏLLİFDƏN

Mən yazıma  nöqtə qoyanda  hiss etdim ki, nə vaxtdan bəri ürəyimdə gəzdirdiyim və  SONA ÇƏRKƏZ SEVGİsinə ünvanladığım şeiri  bu düşüncələrimə EPİLOQ  etməyin məqamıdı:

 

Bir   SEVGİnin söz şəkili önümdə ,

Dolu  ürək, göz  şəkili önümdə!..

Allah, mələk öz  şəkili  önündə -

Səcdə elə Məhəbbətə- söyləyir!

 

Bütöv tutub paralanmış  tam ömrü,

Zaman - zaman şölə  saçan  şam ömrü!..

Bəxt  qoymadı kam almağa, kam, ömrü -

Səcdə  elə Məhəbbətə - söyləyir!..

 

Hər  kəlmədə  vurğu  düşür  bir  ada,

Sevgi  dərya, o, dəryada  bir  ada!

Sevgisində  yer  qoymadı  irada-

Səcdə eləMəhəbbətə-  söyləyir!..

 

TƏQVİM / ARXİV