STRASBURQLU KÜRƏKƏN

MAHİR QABİLOĞLU
34698 | 2014-10-16 01:50
(novella)

Artıq bir aydır ki, Yemişli kəndində şadyanalıq hökm sürür. Obanın ağsaqqalı Novruzəlinin qızı ərə gedir. Ərə getmir e... Avropaya gedir. Adaxlı da düz Strasburqun göbəyindən gəlib. Kəndə monitorinqə gəlibmiş, görüb Novruzəlinin qızı Türkanı, vurulub ona. Birinci özü elçi düşüb. Novruzəli "otkaz" edib. Bu xəbər kəndə bir andaca yayılıb. Yəni ki, Novruzəlidə "duxa" bax ki, Strasburqlu kürəkənə "yox" deyib. O da məcbur olub, gedib Avropa Şurası, ATƏT, Avropa İttifaqı və NATO-da çalışan dostlarından ibarət bir dəstə yığıb yenidən gəlib elçiliyə. Novruzəlinin ayağı bir az da yer alıb. Axı xalqın adət-ənənəsi var, mentalitet var - ikinci dəfədən qız verməzlər. Strasburqlu yeznə də kor-peşman geri qayıdıb. Yolüstü rayon mərkəzində qalıb. Rayon icra hakimiyyətinin qonaq evində qulluqçu işləyən bir nəfərə dərdini danışıb. O da məsləhət görüb ki, "Ay rəhmətliyin oğlu, necə ki, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, NATO 25 ildir ki, Azərbaycanı tanımır, bizimkilərin də yanında onların hörməti sıfırdır. Sən dərdini rayonun icra başçısına de. O, bir əncam çəkər. İkincisi də, elçiliyə özün getmə. Bizim yerlərdə belə şeyə pis baxırlar. Kürəkən var e, ona bizim yerlərdə "yeznə" deyirlər. Yeznə dediyin şey var e... ona da eşşək. Əgər izdivacınız alınsa, yeznənin də öz tərifi var: "Məhv edilməsi mümkün olmayan düşmən". Strasburqlu yeznə bircə "Niyə?" sualı verdi. Necə yəni niyə? Buna adət-ənənə deyərlər. Buna mentalitet deyərlər. Buna milli-mənəvi dəyərlər deyərlər. Bizdə belə şeylər istənilən dövlət qanunlarından irəlidir. Sən hərəkət edəndə bunları nəzərə al. Yoxsa ki, Strasburqdan gəlmisən?.. Belə mənim olmayan oğlumun olmayan d...
Bu sözlər Strasburqlu yeznəyə yaman toxunur. Üz tutur rayon icra hakimiyyətinə. Dərdini icra başçısına danışır. İcra başçısının qışqırığı otağı götürür. Bu hayqırtıya bütün rayon aktivi tökülüşüb gəlir. Məsələ müzakirəyə çıxarılır. Azərbaycan dilini bilməyən Strasburqlu yeznə tərcüməçidən soruşur ki, axı nə baş verir? O da cavab verir ki, narahat olma. Hər şey adət-ənənələrimizə, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə uyğun inkişaf edir.
Nə isə, rayon aktivinin qərarıyla icra başçısı zəng edir qızın atası Novruzəli kişiyə ki, bəs evdə ol, sabah Strasburqluyçun elçiliyə gələcəyəm. Novruzəli də cavabında nə desə yaxşıdır: "Narahat olmayın, yoldaş katib, sabah özüm kabinetinizə gələrəm". Elə də olur. İcra başçısının palçıqlı, kələ-kötür yollarla kəndə getməsinə ehtiyac qalmır. Səhərisi gün elə onun kabinetindəcə "Həri", "Nişan", "Kəbin", "Zaqs" mərasimi bir saat ərzində başa çatır. Dilsiz-ağızsız Türkanı deyə bilmərəm, Antik öz arzusuna çatır. Elə ordan da qızı alıb vertolyotla Bakıya, Bakıdan da Strasburqa aparır.
Həmin gündən Novruzəlinin çiçəyi çırtlayır. Kəndləri artıq erməni atəşlərinə məruz qalmır. Heç bir beynəlxalq hesabatda rayon icra hakimiyyəti başçısının adı hallanmır. Niyə də hallansın? Axı təkcə Yemişli kəndinin yox, o boyda rayonun Strasburqlu yeznəsi var?!
Beləcə, aylar keçir. Bu elçilik, nişan, evlilik Strasburqda da böyük rezonans yaradır. Avropa Şurasının gündəliyinə salınır. Azərbaycanlı deputatlar mentalitetimizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin zənginliyindən danışırlar. Hətta onların qorunmasında dövlətimizin bu istiqamətdə atdığı addımlardan da danışırlar. İmzalanan sərəncamları tarixbətarix, nömrəsinəcən misal çəkirlər. Digər Avropa xalqlarına bunu örnək gətirirlər. Hətta bu nailiyyətlə bağlı qətnamənin qəbul olunmasına da nail olurlar. Nə olsun ki, Azərbaycan Avropa dövlətidir. O öz adət-ənənələrini qorumalı, gələcək nəsillərə çatdırmalıdır.
Bəli, Yemişli kəndi Avropada məşhur bir məkana çevrilir, Türkan adı brendə. Beləcə aylar ötür. Antik-Türkan cütlüyündən bir oğlan uşağı dünyaya gəlir. Türkan deyir ki, uşağa atamın adını - Novruzəli qoyaq, Antik isə babası Lirin adını əbədiləşdirmək istəyir. Elə burda qırğın düşür. Bu vaxt yenə də Türkan Antiki üstələyir. Axı adət-ənənə, mentalitet, milli-mənəvi dəyərlər Azərbaycanda güclüdür, nəinki Avropada. Hətta Avropa Şurası bu barədə qətnamə də çıxarıb, Yemişli kəndini dəstəkləyib, dünyaya nümunə göstərib. Antik bu sözün qabağında bir söz deyə bilməyib susur. Lakin məğlub da olmur. Axı Avropa Azərbaycanın qabağında necə düz çökə bilər? Amma dinə də bilmir. Axı Avropada qanunlar alidir. Bir az hövsələ edir. Ərindən bir xəbər çıxmadığını görən Türkan kompromisə getməyə qərar verir: Antik, əzizim mən dediyim köhnə qanunlardandır, bəlkə yeni, son Azərbaycan qanunları əsasında oğlumuza bir ad verək. Son illərdə Azərbaycanda dəbdir: atanın adının əvvəliylə ananın adının əvvəlini birləşdirib bir geydirmə ad alırlar, həm də yeni. Nə bilirsən, bəlkə bizim bu ilk addımımız gələcək Azərbaycan-Avropa cütlükləriyçün bir örnək olacaq? Özün də şahidsən ki, "Yevrovijn"də Eldarla Nigar da adlarını "Elniki" qoyandan sonra qələbə qazandılar.
Antikin üzü gülür. Beləcə, dünyaya Antitürk gəlir. Ailənin sevimlisinə çevrilir. Babası Novruzəlinin, nənəsinin, icra hakimiyyətinin sevinci yerə-göyə sığmır. Adı onların dilindən düşmür. Axı Türkan bu adla Avropada daha da möhkəmlənəcəkdi. İcra başçısı Xudayar giley-guzarını da gizlətmir. "Gərək mənim adımı qoyardılar. Mən olmasaydım, ay Novruzəli kişi, sən bu izdivaca qol qoymayacaqdın axı? Amma bu ad da pis deyil. Çox müasirdir".
Türkan rayonda, kənddə yaratdığı obyektlərə oğlunun adını qoyur. "Antitürk" kafesi, "Antitürk" qadın salonu, "Antitürk" şadlıq sarayı və sairə. Təndirdə, ocaqda qollarının, ayaqlarının, sapla üzlərinin artıq tükündən azad olan arvadlar müasir epilyasiya aparatlarının xidmətindən istifadə etmək üçün bu salonlara üz tuturlar. Palatka toyları moddan düşür. Ad o qədər xoşagələn, ürəyə yatan olur ki, hətta kəndə uzanan, Avropa Şurasının qrantı, daha doğrusu, Türkanın iddiası ilə yeni asfalt örtüyü salınan, Atatürk küçəsiylə kəsişən küçəyə də Antitürk adı qoyurlar.
Beləcə, illər keçir. Türkan Avropa qanunlarına yiyələnir. "Buynuzları" çıxmağa başlayır. Antikin üstünə xod getməyə başlayır. Antikə də ingilis deyərlər. Türkan Avropa qanunlarına yiyələndiyi vaxtda, demə, Azərbaycanın da adət-ənənələri, mentaliteti onun qanına, canına hopurmuş. Dözür, dözür və günlərin bir günü Türkana ultimatum verir. Təyyarəyə oturdub göndərir Yemişli kəndinə - bizim dildə desək, atasının xarabasına. Novruzəli kişi iki ay xəcalətindən kəndin mərkəzinə çıxa bilmir. Obyektlərin bazarı ölür. Pıçapıç səsləri rayon mərkəzinəcən gedib çıxır. Atəşkəs tez-tez pozulmağa başlayır. Beynəlxalq hesabatlarda rayonun adı hallanmağa başlayır. İcra başçısı rayon aktivini çağırır. Xeyri olmur. Ağsaqqalları başına yığır. Nəhayət ki, əlac tapılır. Qocalardan biri deyir ki, bizdə belə bir adət-ənənə var. Qız ərə gedəndən sonra belə deyərlər: "Arvadın ər evindən tabutu çıxar", "Ər evi, gor evi". Bu Azərbaycan adətini axı avropalılar bilməlidirlər?
Bu an icra başçısına elə bil ki, od qoyurlar: Ay kişi, nə adət, nə ənənə? Avropalı, Avropa Şurası hardan bilir ki, bizdə belə adət var?
Bu vaxt rayondan seçilən deputat ayağa qalxır və çox təmkinlə izah eləməyə başlayır: "Necə yəni haradan bilirlər? Hətta bizim adət-ənənələrlə, mentalitetlə, mili-mənəvi dəyərlərimizlə bağlı qətnamə də qəbul ediblər. Bütün Avropaya bizi nümunə göstəriblər. Özüm şəxsən səsvermədə iştirak etmişəm". İcra başçısı: "Nə olsun ki, BMT də Qarabağla bağlı beş dənə qətnamə qəbul edib, ermənilər torpaqlarımızdan çıxıblar?" - deyə soruşur. Deputat: "Bunları bir-birinə qatmayın. Cin ayrı, şeytan ayrı", - cavabını verir.
Beləcə, aktivdə qərar qəbul olunur. İcra başçısı, deputat və Novruzəli kişi Türkanı, Antitürkü götürüb üz tuturlar Strasburqa. Antikin evinə getmirlər. Birbaşa Avropa Şurasının mənzil qərargahına üz tuturlar. Antiki də ora çağırırlar. Bu səfər media nümayəndələrinin də böyük rezonansına səbəb olur. Çox qəribədir ki, onlar da Türkanın, Antitürkün taleyinə acıyırlar. Mətbuat konfransında nümayəndə heyətinin adından deputat çıxış edir. Bəyan edir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Öz qanunları, adət-ənənələri, mentaliteti var. Əri evdən qovan, yaxud da ərindən boşanan qıza Azərbaycanda pis baxırlar. Bizdə belə bir qanun var: "Qız ərə getdisə, ər evindən onun tabutu çıxmalıdır", "Ər evi, gor evi". Türkan bu vəziyyətdə özünə, oğluna qəsd də edə bilər. Antik bu qanunları qəbul edərək Türkanla evlənib və bizim adət-ənənələrə da hörmətlə yanaşmalıdır. Bir də ki, bu barədə Avropa Şurasının qətnaməsi də var. Bu da hüquqi qüvvə deməkdir. Bizi məcbur etməyin ki, Avropa Məhkəməsinə müraciət edək". Jurnalistlər bu çıxışı alqışlarla qarşılayırlar. Antik isə hamının gözü qabağında gəlib Antitürkü qucağına alır, Türkanın əlindən tutub zaldan çıxır. Bu hadisə böyük rezonansa səbəb olur. Bütün informasiya nəhəngləri bu xəbəri bir andaca bütün dünyaya yayırlar. Azərbaycan mediasında isə bu xəbər diplomatiyamızın növbəti qələbəsi kimi qələmə verilir. İcra başçısı bu qələbənin şərəfinə Strasburqun ən bahalı restoranında ziyafət verir. Hamısı dərindən nəfəs alır: "Axır ki, Azərbaycan həqiqətləri dünya miqyasında öz təsdiqini tapdı". Sonra da mehmanxanaya gedib başlarını atıb yatırlar. Səhər tezdən Bakıya uçacaqdılar axı. Türkanla sağollaşmağı da yaddan çıxarmırlar.
Ertəsi gün Antikgilə gəldilər. Hər tərəf gül-çiçəyə, adamlar qara geyimə bürünmüşdü. Ortada qoz ağacından hazırlanmış bir tabut vardı. Əli qandallı Antiklə Antitürk onun ətrafında dayanmışdılar. Antikin vəkili polislə çənə-boğaz edirdi: "Buraxın mənim müştərimi. Onun taqsırı yoxdur. O arvadını öldürmək yox, boşamaq istəyirdi. Neyləsin ki, azərbaycanlıların Avropa Şurasında təsbit olunmuş qanunları belədir": "Arvadın ər evindən tabutu çıxar!"

TƏQVİM / ARXİV