adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

“Topçubaşov”da “zaloq qoy, araba götür” sistemi, taksavatlıq edən tibb bacısı… - Eminquey yazır

EMİNQUEY AKİF
486 | 2022-01-17 14:14

M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi...

Xəstəxananın qapısında durub bu nəhəng xəstəxanaya baxanda, bu adı oxuyanda əzəmətin altında bükülürsən. İlahi, necə də möhtəşəmdir! Necə də millidir!

Qapıları da müasirdir, toxunuşla açılır, indi gör içində necə şərait, ədəb-ərkan var...

Qapıdan ayağını içəri qoyadan isə sanki adamı top atəşinə tuturlar. Zənn etməyin ki, üstünüzə hücum çəkirlər, xeyr. Sadəcə içəridə elə bir alverə müştəri olursan ki, qəddin-qamətin əyilir. Alver deyəndə insan alverini nəzərdə tutmuram, haşa! Nə həddimə! Ömür boyu heç bir sətrimdən şər tökülməyib. Sadəcə bu xəstəxananın içində elə primitiv çətinliklərlə üz-üzə qalırsan ki, xəstələnməmək, ölüm ayağına düşməmək üçün dirilik suyu axtarmaq eşqinə düşürsən.

Xalamın həyat yoldaşını səhhətilə bağlı buraya gətirmişik. Həm sığorta etdirməyə, həm də təriflənən cərrahlardan birinin yanına yoxlatdırmağa. Kişinin bir ayağını qanqren səbəbilə kəsiblər deyə yerimək onun üçün müşkülə çevrilib. Xəstəxananın girişində araba istədik. Əvvəlcə dedilər ki, araba yoxdur. Daha sonra bir qadına yönləndirdilər. Arabanı ondan götürəndə “zaloq” istədi. Duruxduq.

- Arabalarımız azdı, üç dənə arabımızı oğurlayıblar, ona görə “zaloq” istəyirəm.

Sarğı otağına tələsirdik deyə qadınla artıq kəlmə kəsmədik. Telefonumuzu “zaloq” qoyub arabanı götürdük. Üçüncü mərtəbədəyik, liftlə aşağı düşməliyik. Liftə minib birinci mərtəbəni basdıq, lift bir mərtəbə də yuxarı qalxıb dördüncü mərtəbədə dayandı. İki nəfər mindi. Onlar üçüncü mərtəbəyə düşürdülər. Üçə enəndən sonra təzədən biri basdıq, lift beşə qalxmağa başladı. Bunlar da ikinci mərtəbəyə düşəcəkdilər. Bizdən də neçəyə düşdüyümüzü soruşdular, birə düşəcəyimizi dedik. Lift ikiyə düşdü. İkidə artıq heç kim minmədi. Birinci mərtəbəni sıxdıq, qapı bağlandı və qısa müddət heç bir tərpəniş olmadı. Və qəfil lift yenidən yuxarı tərpəndi. Liftin içində girinc vəziyyətdə dördə qalxdıq. Nəhayət dilləndim:

- Biz birinci mərtəbəyə düşə biləcəyik?

Liftə minənlərdən biri:

- Bu lifti birə salmaq üçün gərək aşağıda mühafizəyə xəbər verəsiz.

Hayda...

Əsəb içində ikinci mərtəbədə liftdən düşüb qaça-qaça  birə endim, mühafizəçiyə xəbər verdim, gəldi, kartını yaxınlaşdırdı və biz onlar araba ilə aşağı düşdülər.

Mühafizəçilə qısaca söhbətləşdim.

- Belə şey olar? Çıx-düş, çıx-düş, atraksiona minmişik elə bil.

- Müsəlmanıq e, belə lazımdı. Bu lift arabayla qalxıb-düşənlər üçündü, ona görə də kartla etmişik, arabasızlar da bu liftə minir. Aşağıdan qoymuruq, amma yuxarıda minə bilirlər. Yuxarıdan xəbər gəlsə ki, arabayla kimsə düşür, onda kartı vururuq, lift birə düşür. Siz də ona görə yarım saatdı liftdə çıx-düşə ilişmisiz.

- Qardaş... bir gün bir qadın həkimə gedir, deyir, həkim, ərim özünü lift zənn edir. Həkim soruşur ki, bəs əriniz sizinlə niyə gəlməyib? Qadın qayıdır ki, gətirəcəm e, amma heç cürə bu mərtəbədə dayana bilmir. İndi bax, Allahaqqı, yuxarı çıxıb-düşməkdən özümü mən də o kişi kimi hiss edirəm.

Bu vəziyyət xalamın ərini araba ilə yuxarı qaldırıb aşağı salanda da belə davam elədi.

Öyrəndim ki, belə bir sistem özəllərdə də var, amma özəl xəstənalarda arabanı xəstəxananın personalı sürür, öz kartı ilə liftə rahatca minə bilir. Xəstələrin bu qədər zülm çəkməyinə də ehtiyac qalmır. Biz isə burada özbaşına, bir mühafizəçidən asılı vəziyyətdə qalmışıq.

Araba mövzusuna o qədər ilişib qalmışam ki, gözüm arabadan başqa heç nəyi görmür. Uzaqdan bir qadının araba sürə-sürə gəldiyini görürəm. Bəstəboy, qaraşın, Bakı ləhcəsində, tez-tez danışan bir qadındır. Telefonuna zəng gəldi: “Şir həmişə şirdi”. Təzə meyxanalardandı. Zənginə qoyub. Bir əli arabada, o biri əlində telefonla hansısa sənəd. telefonu qulağına qoymaq üçün zülm çəkir. Nəhayət bacardı, amma əlindəki sənəd şappıltı ilə üzünə yapışdı, araba səkkiz yazmağa başladı, dedim, bu dəqiqə qəzaya düşəcək. Dodaqlarımı büzüb durmuşam ki gülməyim, ayıbdı. Birtəhər özünü düzəltdi. Yanımda duran xəstələrdən biri qayıtdı:

- Arvada baxırsan deyəsən.

Gülümsəyib razılaşdım.

- Neçə vaxtdı bura gəlib-gedirəm. O araba arvadın öz arabasıdı. Öz puluyla alıb. Xəstəxanada işləyir, həm də arabasıyla...

Sözünü kəsib dedim:

- ... “taksavatlıq” edir.

Gülüşdük.

- Hə də.. Beşdən-üçdən qazanır da.

Elə bu dəm qadın xəstə yaxınlarından birinə yaxınlaşdı.

- Xəstəni apardım. Gəl bi dəğə qırağa.

Bu sözündən başa düşdüm ki, arı bu dəqiqə şirəsini çəkəcək, adı da olacaq şirinlik.

Taksavatlıq edən tibb bacısını çörəyilə baş-başa qoyub sığortaya yaxınlaşdıq. İcbari sığortanı həll etmək o qədər müşkül, vaxt aparan bir şeydir ki...

Üstəgəl, sığorta bölməsi xəstəxanın düz girişindədir. Özü açılıb-bağlanan qapı iki dəqiqədən bir açılır, insanlar girir-çıxır. Külək içəridə o qədər cərəyan edir ki, çöl içəridən isti olur. Ciddən deyirəm. Düz 5 saat sığorta bölməsinin pəncərəsindən asılı qaldıq. Belimiz, bədənimiz, ayaqlarımız buz bağladı. İnanın Hippokratın əziz ruhuna, mühafizəçilər bir-birilərinin quluncunu qırırdılar.

“Filan xəstəxanada filan aparat yoxdur” - dedilər. Zülmhazülm həkimlə maraqlandıq, həmin aparat olan xəstəxanını tapdıq, göndərişi yazdılar və üç saat da onu gözlədik.

Vətəndaşlardan biri dilləndi:

- Nə var, nə var icbari sığortadı, xərcləri dövlət qarşılayacaq, bəhanə gətirirlər ki, filan xəstəxanada filan aparat yoxdu.

Adamın bu sözü ilə növbədə qarmaşa düşdü. Hamı danışmağa başladı.

Biz isə artıq sığorta bölməsinin qarşısında gəlib-gedən xəstələri yönləndirməyi də öyrənmişdik. Bura gedin, filan şey oradadır. Doğmalaşmışdıq, özümüzü xəstəxananın personalı kimi hiss edirdik.

Beş saatımızın müqabilində cavab gəldi – Qeydə alındı! Sığortanın 10 gün müddəti var!

Səfəvi dövründə çapar göndərsəydik, bundan tez cavab gətirərdi. Xalaoğlu dilləndi:

- Day keçib, mənə də sığorta üçün göndəriş yazın. Ayaqlarım tutulub, qanqrten olacaq, gedib anju elətdirim.

Qızlar gülüşdülər.

Həqiqətən də güzəştlərlə müalicə olunmaq üçün saatlarla dayandığımız bu yerdə adam koronaya yoluxar, xəstələnər, çul düşər. Ki, kasıb da elə bu zülm üçün doğulub.

Xülasə, sonra arabamızı təhvil verib, telefonumuzu götürüb “Topçubaşov”dan naxoş xatirələrlə ayrıldıq. Bir adamın gözləri iki görürmüş, dostuna vəziyyətini deyəndə o da qayıdıb ki, gözünün birini bağla. İndi mən də gözümün birini bağlayıb gördüklərimin çox az qismini yazdım, hələ görmədiklərim də var.

Amma nə yaxşı ki, heç olmasa, girişdə aparatlar var idi, 1 manata 15 qəpiklik isti kofedən içib ayaq üstdə durmağa biraz taqət, biraz da istilik tapa bilmişdik.

Və bir də acı təbəssüm.

Təbəssüm qana ən tez qarışan dərmandır, barı təbəssüm bizi bu boyda həngamənin içində sağaltsın, yoxsa məmləkətin xəstəxanalarında adam havalanar.

Amma öz aramızdı, arabayla “taksavatlıq” edən qadının işinə gözüm düşdü. Məncə bu haqda düşünmək olar...

 

 

 

 

TƏQVİM / ARXİV