Tut arağı, donuz kababı və Aşotun məktubu - Aqil Abbasın yeni povesti (II HİSSƏ)

AQİL ABBAS
3177 | 2024-03-15 19:30

Gənclik dostum Fərhada ithaf edirəm

(Əvvəli ötən sayımızda)

 

Faxı çadırda mışıl-mışıl yatırdı. Yuxuda Ayrikanı gördü. Özü də gördü ki, Ayrika Ararata yox, dəllək Azadın oğlu Lyonikə ərə gedib.

Yuxudan oyandı. Və sevindi ki, nə yaxşı o vaxt Ayrikanı qaçıra bilməyiblər. Yoxsa indi qohum-əqrəbanın, dost-tanışın üzünə necə baxardı. 

Durdu alaçıqdan çıxdı. Bir az təmiz hava aldı və oturdu alaçığın qabağındakı taxtanın üstündə və baxdı Var-Yoxdan olmuş Dünyanın  Ən Varlı Şəhərinə tərəf. İndi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinin ən varlı oğullarından biri gözləyirdi ki, türklər nə vaxt onlara yardım gətirəcək.

Və hərdən yardım gətirən türklərə  hirslənirdi:

- Ə, bizə yardım lazım döyül ey, qardaşıxsa, köməy edin qayıdax evimizə-eşiyimizə.

Ev-eşiyi qalmamışdı. Bircə günah işlətdiyi məscid qalmışdı ki, orda da Aşotun qohum-əqrəbaları donuz saxlayırdı.

lll

Futbola az qalırda. Faxı gəlib oturdu, televizoru açdı. Mənasız reklamlar göstərirdilər. Onun da bu mənasız reklamlardan zəhləsi gedərdi. Tez kanalı dəyişdi. Yenə Qarabağdan, özü də Ağdamdan, onun gələcəkdə necə tikiləcəyindən danışırdılar. Danışanı tanıdı:

- Hə ey, nə vaxt? Nə vaxt, bütün  ağdamlılar ölənnən sonra?!

Bu vaxt danışanı tanıdı və anasını  çağırdı:

- Mama, ay mama!

Anası əlində bir stəkan çay mətbəxdən çıxdı. Çayı gətirib qoydu onun qabağına:

- Nədi, ay bala?

- Tilvizerə bax.

- Baxıram də, nə olub?

- Diqqətlə bax, gör danışan kimdi?

Anası televizora bir az da yaxın gəldi:

- Boyy, sənin ağ saşlarına mən qurban; - sonra televizoru öpdü; - Mən bilirdim, mən inanırdım, ona mən dərs demişdim, inanırdım ki, bir gün böyük yazıçı olacaq. Onu mən yazıçı eləmişəm.

Faxı:

- Yazıçı eləmisən, amma adam eliyə bilməmisən. Bu neçə ildə bir dəfə səni axtarmıyıf ki, məllim, ölmüsən, qalmısan.

- Qınama, yazığın işi-gücü çoxdu. Bir də özünün də bütün qohum-əqrəbaları dağılıb çöllərə.

Faxı:

- Mama, gərəh onda mən Ariqanın üstündə onu əzişdireydim. Sənin xətrinə döymədim.

lll

Aşot xeyli durdu hamamın qabağında, təbii ki, Ayrika gəlməyəcəkdi. Heç bilmirdi Ayrikanı da harda axtarsın. Bu vaxt iki əsgər yaxınlaşdı:

- Kimsən? Burda kimi gözləyirsən?

- Aşotam. Bir qız gözlüyürəm.

- Çıx rədd ol get. Görmürsən bu şəhərdə adam nədi, heç it də  qalmayıb, nə qız?

Aşot da bilirdi ki, bu şəhərdə adam qalmayıb. Onu xatirələri gətirib çıxarmışdı bura. Onu bura bu tində Faxıyla Nuruşla birlikdə qaçırmaq istədikləri Ayrika gətirmişdi. Ayrika isə artıq İspanakertdə Araratla yox, Lyoniklə yaşayırdı.

lll

Atası çadır şəhərində Faxını özünün qardaşı qızıyla evləndirmişdi.

Faxı isə əmisi qızıyla heç evlənmək istəmirdi.

Atası:

- Ə, köpəyoğlu, əmiqızıyla əmioğlunun kəbinini göydə mələhlər kəsif.

Faxı:

- Mələhlərin işi-güjü qurtarıf da, göydə zaqs idarəsi açıflar.

- Başınnan yekə qələt eləmə.

Və Faxı atasının sözündən keçə bilməmişdi, göydə kəbinlərini mələklərin kəsdiyi əmisi qızını almışdı.

Hərdən yatağa girəndə Ayrikanı fikirləşirdi. Hətta yuxuda bir-iki dəfə bərkdən "Ariqa" sayıqlamışdı.  Əmisi qızı da onu yuxudan ayıldıb soruşmuşdu:

- Ariqa kimdi, ə?

- Yuxuda Riqanı görürdüm. Bilirsən də, mən o şəhəri çox sevirəm.

- Sən Riqa demədin ey, Ariqa  dedin.

- Yəni a Riqa də, sən nə gözəl şəhərsən.

lll

Bir neçə gündən sonra Aşot yenə  şəhərə gəldi. Keçəndə gördü ki, Artuşun evini də dağıdıblar, baxmayaraq ki, üstünə xaç çəkilmişdi, "Artuşun evi" yazılmışdı, amma bunun heç bir xeyiri olmamışdı.

Gəldi gördü ki, Faxıgilin də evini  dağıdıblar, nə var söküb aparıblar. Bərk dilxor oldu.

Getdi komendantın yanına:

- Mən burda pulnan ev almışdım, onu niyə satdın?

- Vaxtında gəlib pulunu verərdin, mən də iranlılara satmazdım. Özü də bahalı ev idi, beş yüz dollar verdilər. Həm də məndən asılı deyil, rəhbərlik belə bir qərar verib ki, bu şəhərdə daş-daş üstə qalmamalıdır. Mən kiməm ki?

Aşot qayıtdı Faxıgilin evinə. Üzünü qoydu daşlara və ağladı. Sonra da qayıtdı öz kəndlərinə və anasına dedi:

- Mama, Paxıgilin evini dağıdıflar. Türklər heş vaxt bunu bizə bağışdameyjax. Ordan tut arağı gətir, içim, bir az toxtuyum.

lll

Şəhər azad olunandan sonra Faxı maşınını sürdü getdi evlərini tapmağa. Əvvəl-əvvəl gəldi günah işlətdiyi məscidə. Amma içəri girmədi. Məscidin kandarından və qapısının çərçivəsindən öpdü, üzünü sürtdü divara, Allaha dua elədi ki,  günahını bağışlasın.

Sonra məscidə istinad edib öz məhlələrinin yerini tapmağa çalışdı. Amma alınmadı. Gəldi Teatrın sağ qalmış girişinin önünə. Ordan nişan götürdü məhlələrini, amma yenə  tapmadı. Küçədəki polis işçilərindən soruşdu:

- Bazar ha tərəfdədi?

- Qardaş, bazar qalıb ki?!

- Elə dağılmışı ha tərəfdədi?

- Sol küçəylə bir iki yüz metr get, qarşına çıxacaq.

Nəhayət, çətinliklə olsa da bazarı tapdı və ordan döndü sağ tərəfə.

Qarşısına ilk çıxan Qırmızı Nizaminin ayaqqabı dükanı oldu. Əyilmiş dəmir çərçivələri qalmışdı. Faxı uşaq olanda bu dükandan Çinin istehsal etdiyi idman ayaqqabılarını, hansı ki onlara  "kitayski sportsmen" deyirdilər, çox almışdı. Bu ayaqqabının üstündə həmişə basabas olurdu. Amma Qırmızı Nizami onu görən kimi deyirdi:

- Ə, bir dayanın, qoy görüm məllimin oğlu nə istəyir?

- Nizami əmi, bir dənə də maa ver.

- Neçə razmer?

- Otuz yeddi.

Ayaqqabını alıb sinəsinə sıxar və sevinə-sevinə gedərdi evlərinə. Futbol oynayanda sinif yoldaşları ona həsədlə baxardılar ki, "kitayski sportsmen" geyinib.

O vaxtlar butsi hələ dəbə düşməmişdi. Nizami özü də həmin bu "kitayski sportsmen"dən geyinib "Qarabağ" komandasında hücumçu oynayırdı.

Bir az irəli getdi, sol tərəfdə dağılmış evlərin birinin hasarının  üstündə xaç şəkli çəkilmişdi. O dəqiqə bildi ki, bu, Artuşun evi olub. Deməli, onların evinə az qalırdı. Təxminən əlli metr sonra  yenə sol tərəfdə üstünə xaç çəkilmiş dağılmış bir hasar qarşısına çıxdı. Hasarı dağıtsalar da, bir hissəsi dururdu, üstünə nəsə yazmışdılar, qar-yağış yazını demək olar ki, pozmuşdu. Əlləri ilə hasarı təmizlədi, yalnız bunları oxuya bildi: "şotun e...". Həyətlərini tapmışdı. Girdi həyətə. Evlərinin bircə özülü qalmışdı. Ağacların hamısını da kəsmişdilər. Bütün həyətdə yabanı turş nar bitmişdi. Paçallanmış narlardan birini üzdü,  iki yerə böldü və bir parçasını soxdu ağzına. Ömründə belə şirin nar yeməmişdi.  Üst-başını da batırdı. Sonra daşların birinin üstündə oturub anasına zəng elədi:

-  Mama...

- Haycan.

- Mama, həyətimizdəyəm. - dedi və başladı hönkür-hönkür ağlamağa.

Anası da telefonun o biri başında ağlayırdı. Anasının ağlamasını eşitməmək üçün telefonu söndürdü. Sonra bu evin ev vaxtını  xatırlamağa çalışdı. Xatirələr qarışırdı bir-birinə. Bir-iki saat  oturandan sonra iki-üç dənə də nar üzüb qoydu ciblərinə və həyətdən  çıxıb yenidən qayıtdı Teatrın qarşısına. Teatrla üzbəüz Nizami  küçəsi yerləşirdi. Kino Fazilin dağılmış kinoteatrının qabağından keçdi və başladı Nizami küçəsi ilə üzüyuxarı getməyə. Üç tin sonra bu küçədən sola dönəndə Şərab zavodu ilə üzbəüz Ayrikagilin evi idi.

Şərab zavodunu sökmüşdülər. Amma hasarı çay daşından tikildiyindən ona dəyməmişdilər. Döndü məşhur Məşədi Abbas küçəsinə. Amma küçə yox idi. Ortasını qazıb su xəttini, kanalizasiya kəmərini bütün küçə boyu söküb aparmışdılar. Hər yerə də dəmir tor çəpər çəkmişdilər. Görünür, özləri üçün pay-pürüş eləmişdilər. Naib həkimin evini sökmüşdülər, amma taxtadan bir daxma tikmişdilər. Damından da soba turbası çıxmışdı. Görünür, şəhər azad olunanacan bu it damında yaşayan olubmuş.

Çətinliklə, qorxa-qorxa yeriyirdi. Çünki demişdilər ki, şəhər hələ minadan tam təmizlənməyib.  Addımlarını ehtiyatla ata-ata gəlib Ayrikagilin evini tapdı və oturdu  dağılmış hasarın üstündə. Ayrikanın fikri onu apardı...

...O Ayrikanı fikirləşəndə artıq neçə il idi Ayrika İspanakertdən köçüb Lyoniklə Kislovodskidə yaşayırdı. Yaşı altmışı haqlamışdı. Əvvəlki gözəl-göyçək Ayrikadan heç nə qalmamışdı. Cındırı çıxmışdı və Lyonikin özünə oxşayırdı. Və bu otuz ildə bircə dəfə də Faxını yadına salmamışdı. Onun yadında olan bircə Ararat idi...

...Fikirləşməkdən yoruldu və qalxıb qayıtdı məscidin qabağına ki, maşınını götürsün. Ürəyi bərk siqaret istədi. Polislərdən soruşdu:

- Qardaş, siqaretiniz olmaz?

Tərs kimi polislərin heç biri siqaret çəkən deyildi.

Leytenant sıravi bir polisə üzünü tutub dedi:

- Ayə, qaç Gopanın budkasından qardaşa bir siqaret al gətir.

Zarafat Faxının çox xoşuna gəldi. Güldü və leytenantı basdı bağrına:

- Mən son illər bunnan şirin zarafat eşitməmişdim. - dedi və oturdu maşınına, şəhərdən çıxdı.

lll

Ağdərədə bayrağımız qaldırılandan sonra oturdu maşına və sürdü Aşotgilin kəndinə. Girdi kəndə. Yolun qırağında Nikolaydanqalma Ağdam nömrəli "QAZ-53" maşın vardı. Qapıları yox idi, oturacağı  cırıq-cırıq, təkərləri də boşalmışdı və cırılmışdı. Keçdi, qabağına donuz sürüsü çıxdı, az qaldı maşınını əzələr. Arxalarınca da arıq və axsaq bir yabı gəlirdi. Sağ tərəfdəki evlər yandırılmışdı, dağıdılmışdı. Bəlli idi ki, vaxtilə həmin evlərdə azərbaycanlılar yaşayıb. Sol tərəfdəki evlərin  hamısı yerində idi. Düzdür, cındırlarından cin hürkürdü, elə bil ki, neçə illər burda adam  yaşamamışdı. Pəncərələrinin rəngləri bozarmışdı, şüşələri də qırıq-qırıqıydı, damların çoxu da çökmüşdü.

Bu vaxt qabağına polislər çıxdı.  Maşını saxladılar. Əvvəl sənədlərini  yoxladılar, sonra soruşdular:

- Ay yoldaş, xeyirdimi?

- Burda bir dosdumun evi var, gəlmişəm ora baxmağa.

- Kənddə heç kim qalmayıb. Beş-altı nəfər mitili çıxmış haxçıx, bir-iki nəfər də mitili çıxmış harsın var.  Kim var ki axtarasan?

- Heş kimi axtarmıram, sadəcə, dosdumun evinə dəyəjəm.

Sağollaşıb ayrıldılar. Gəldi kilsəni keçdi, döndü sola və axtardığı evi tapdı. 

Bu kənddə bir kilsə və bir məscid vardı. Məscidi dağıtmışdılar, kilsə isə yerində dururdu. Məscidi hələ sovet hökuməti vaxtı anbar eləmişdilər. Açarı da kolxozun anbardarının cibində olardı. Özü də bu məscidin minbəri də yoxuydu.

Məscidi necə tikmişdilərsə qumbaralarla partlada bilməmişdilər. Sonra tankvuran raketlə vurub dağıtmışdılar.

Ermənilər isə daha ağıllı tərpənmişdilər və kilsəni kəndin kitabxanasına çevirmişdilər. İçinə də ermənicə, bir az da azərbaycanca  kitablar yığmışdılar. Hər gün ermənilər bu kitabxanaya gəlirdilər,  xüsusilə də bazar günləri. Kitab oxumağa yox, kilsənin divarında  rəsmlə həkk edilmiş çarmıxa çəkilmiş İsanın önündə dua edərdilər, şam yandırardılar. Sonra kitabxananın müdiri hökumət görməsin deyə şamları söndürərdi. Amma Həzrət İsa onların dualarını  eşidirdi, ya eşitmirdi, bunu bilmirəm.

Hökumətin dağıladağıl vaxtında kilsədəki Azərbaycan kitablarını əvvəl-əvvəl yandırmaq istəmişdilər, sahə müvəkkili qoymamışdı:

- Ay camaat, sonra bizə faşist deyəcəklər ki, kitabları yandırmışıq. Aparın tökün çaya.

Bu da ermənilərin ağlına batmışdı. Azərbaycanca olan kitabları yükləmişdilər bir "QAZ-51"ə, aparıb tökmüşdülər Xaçın çayına.  Ermənicə olan kitabları da vermişdilər kənddəki məktəbin kitabxanasına. Ondan sonra bu kilsədən dini məqsədlər üçün  istifadə edirdilər. Ölənlərini də bu kilsədən götürərdilər. Kilsəni də bir az səliqə-səhmana salmışdılar.

Kilsə Şahbulağın kubik daşlarından  tikilsə də, üstünə yazmışdılar ki, guya bu kilsənin dörd yüz ildən çox yaşı var. Ən savadsız arxeoloq bunu sübut edə bilərdi. Amma Azərbaycanın ən görkəmli arxeoloqları bunu Avropaya sübut edə bilmirdi.

Axtardığı evi tapdı. Həyətin qabağında tırtılı dağılmış bir traktor vardı, yəqin haçansa gətirmişdilər ki, Aşot bu traktora əl gəzdirsin.  Maşını traktorun yanında saxlayıb düşüb girdi həyətə. Həyət elə onun  gördüyü həyət idi, təkcə səliqə-səhmanı qaçmışdı. Evin qabağında  taxtadan uzun bir masa vardı, hər iki tərəfində də yenə taxtadan düzəldilmiş uzun oturacaqlar. Bu masa ona çox tanış idi. Bu masada Susanna onlara çox süfrə açmışdı. 

Evin qapısı açıq idi, keçdi içəri. Ortada bir odun sobası vardı, otağın küncündə də odun  qalaqları. Gözünə ilk sataşan divardakı xalça oldu. Faxının nənəsi öz əlləri ilə toxumuşdu bu xalçanı və anasına cehiz vermişdi. Anası da onu evin baş divarından asmışdı. Sonra da nemeslərlə müharibədə həlak olmuş babasının əsgər paltarında  çərçivəyə salınmış bir böyük şəklini  asmışdı. 

İndi həmin xalça yenə divardan  asılmışdı, amma üstündəki şəkil dəyişmişdi. İki əsgər şəkli qara lentə alınıb xalçanın üstünə vurulmuşdu. İkisi də cavan idi. Şəkildən  görünürdü ki, biri zabitdi, biri əsgər.

İstədi ki, şəkilləri çıxarıb atsın, xalçanı da götürsün. Xeyli dayanıb baxdı, baxdı. Əsgər şəkilləri onu kövrəltdi. Aşotun ikinci oğlunu görməmişdi. Böyük oğlu da  doğulanda bir qoç gətirib bu həyətdə qurban kəsmişdi və demişdi ki, mən bunu qurban kəsirəm, içki ola bilməz. Bir müddət xalçanın üstündəki qara lentli əsgər şəkillərinə baxdı-baxdı və fikrindən  vaz keçdi.

Küncdəki televizor da ona tanış gəldi. Bu televizorun bir küncünə Rəmişin yapışqanlı şəklini  vurmuşdu, şəkli qoparsalar da, qırmızı gitarasının qolu və barmaqları yerində idi.

Atası bu rəngli televizoru 1982-ci ildə Dünya çempionatı  başlamamışdan bir az əvvəl almışdı. Finalda İtaliya Braziliyaya qələbə qolunu vuranda kişi hirsindən  televizoru götürüb pəncərədən  atmaq istəmişdi, amma Aşot qoymamışdı:

- Mamed əmi, tilvizerin nə günahı?

Ondan sonra futbol xəstəsi olan atası hirsindən uzun müddət başqa oyunlara da baxmamışdı.

Gəldi Rəmişin gitarasının qolunu və barmaqlarını da qoparıb qoydu pasportunun içinə.

Həyətdə səs-küy eşitdi. Çıxdı bayıra. Dörd-beş əsgər, bir nəfər də zabit durmuşdu həyətin ortasında.

Zabit:

- Vətəndaş, siz kimsiz və burda nə gəzirsiz? Xahiş edirəm, sənədlərinizi verin baxaq.

Çıxarıb sənədlərini verdi zabitə:

- İcazəm var. Bu ev də mənim  dostumun evidi. Maraq üçün gəlmişəm.

Və oturdu həyətdəki masanın arxasında.

Zabit:

- Ermənidən adama dost olar?

- Vaxtilə olub də.

Bu vaxt hindən beli əyilmiş bir qoca qarı çıxdı. Əli ilə tumanının balağını tutmuşdu, bir əlində də iki dənə  yumurta vardı. Başını qaldırıb bir əsgərləri süzdü və yavaş-yavaş gəlib oturdu zabitin yanında və diqqətlə Faxıya baxdı, baxdı. Təbii ki, Faxı  əvvəlki Faxı deyildi, üzü qırışmışdı, saçı da ağarmışdı, amma gözləri  həmin gözlər idi. Baxdı, baxdı sonra  əlindəki yumurtaları qoydu masanın üstünə, qalxdı və gəldi Faxının  yanına, boynunu qucaqladı:

- Paxı, bala, sənsən.

Zabit də, əsgərlər də çaşıb qaldılar.

Faxı da onun boynunu qucaqladı:

- Hə, mənəm, Süsən xala.

Qarı başladı ağlamağa:

- Astvaza inandığım kimi inanırdım ki, gəlif məni tapajaxsan. Nəvələrim yeddi-səkkiz il qavax Füzulidə, o zəhrimar təpədə öldürülənnən sonra it oğlu onların yasını verif arvadını da vurdu qoltuğuna çıxıf getdi  Rusiyaya. Mən də qaldım burda tək. Hamı qaçıf gedif. Kənddə mənim kimi mitili çıxmış beş-altı nəfər adam qalıf. İki-üç il bunnan əvvəl gəlmişdi. İstiyirdi məni də aparsın, getmədim. Dedim mən nəvələrimi burda qoyuf heş yana getmərəm. Allah bu müharibəni çıxaranın tifağını dağıtsın. Nejə ki dağıtdı. Sizin xalçanı, tilvizeri gətirəndə də  söymüşdüm ki, əlin necə gəldi? O da dedi ki, mama, müharibədən  sonra qaytarıf verəjəm özdərinə,  istəmədim ayrı adama qismət olsun. Yaxşı ki gəlmisən, tilvizer boş şeydi, onsuz da işıq yoxdu ki açam. Amma xalçanızı götür apar.

- Lazım deyil, Süsən xala. Onun  üstündə nəvələriyin şəkilləri asılıf.

Qarı yenidən Faxının boynunu  qucaqlayıb başladı ağlamağa. Sonra  üzünü tutdu zabitə və dedi:

- Sağ olsunlar, çörəyimi, suyumu verirlər. Günorta, axşam da yeməyimi.

Zabit başını yelləyib dedi:

- Kefdəyik ey, işimiz-gücümüz bunlara qulluq eləməkdi. Çayını ver, qəndini ver, günorta, axşam  yeməyini ver. Mənim heç öz anama  belə qulluq etməyə vaxtım olmayıb. Hələ ayda da bir-iki dəfə həyətdəki  hamamını qalayırıq girib çimir.  Yaxşı ki, demir gəlin belimi  sürtün.

Qarı:

- Cavan vaxtım olsaydı, belimi  sürtməkdən ötəri özünü öldürərdin.

Hamı gülüşdü.

Zabit:

- Deyəsən, cavan vaxtı belini sürtən  çox olub.

Qarı:

- Ehh, o qədər.

Qarı üzünü tutdu Faxıya:

- Paxı, bala, mən bü gün-sabahlığam, sənnən bircə xayışım var, bu evdə yediyin çörəyin xətrinə, mən öləndə ortalıxda qoyma, donuzdar basıf yeyəjək. Kilsənin arxasındakı qəbirsanlığa girən kimi sol tərəfdə nəvələrimin  qəbri var, ikisini də qara lentə almışam, məni apar onnarın  yanında basdır.

Əsgərlərin biri mızıldandı:

- Səndə bu sifət var, hələ bir iyirmi il də yaşayacaqsan. 

Faxı:

- Sən heş ölməyə tələsmə, Aşot özü gəlif səni basdırar...

...Aşot həmin vaxt vağzalda azərbaycanlıların yükünü daşıyırdı, amma day heç kimdən "Sən haralısan? Ağdamlı Faxını tanıyırsanmı?" deyə soruşmurdu...

...Qarı:

- Aşot özündə elə sifət qoyup ki, bir də geri qayıtsın.

Faxı qalxdı ayağa:

- Yaxşı, Süsən xala, gedirəm, yenə gələjəm.

- Gəl, saa qurvan olum, məni tək qoyma. Astvaz necə qarğıyıbsa, ölə də bilmirəm.

Faxı əsgərlərlə birlikdə həyətdən  çıxmaq istəyəndə Qarı arxadan   səsləndi:

- Bala, xalça qaldı, aparmırsan?

- Yox, qoy qalsın. Ayrı vaxt apararam.

Həyətdən çıxdılar. Faxı maşına  oturmamışdan qabaq zabitə dedi:

- Qardaş, saallah, bundan muğayat ol.

Zabit:

- Qəribə adamsan ey.

Faxı maşını sürdü Kəngərlidəki kafeyə. İki toyuq soyutması  elətdirdi, bir qazan da bozbaş bişirtdirdi, yanına da təzə xiyar-pomidor, soğan-kartof qoydurdu, bir az da çay-qənd götürdü və yenidən qayıtdı geri. Postda həmin zabitə dedi:

- Qardaş, xahiş edirəm, bunnarı ver  həmin arvada.

Zabit yenə başını buladı və əsgərlərdən birinə dedi:

- Ə, bunu apar ver o haxçıxa.

Faxı evə girən kimi anası soruşdu:

- Noldu, tafdın Aşotu?

- İndiyə Aşot qalar? Amma anası kənddəydi, dururmuş, görüşdüm. 

Anası:

- Bunnar nə dəyyus adamlardı, ə, anaların qoyuf  qaçıflar.

***

Səhər-səhər qatardan tökülənlərin demək olar ki, yetmiş-səksən faizi azərbaycanlı olurdu, beş-altı nəfəri  qazax, qalanları da rus. O da dərhal azərbaycanlıların yükünü yığırdı arabasına və birinci sözü də bu olurdu:

- Qardaş, haralısan?

- Gəncəli.

- Ağdamlıları tanıyırsan?

- Hə, dostlarım var.

- Faxını tanıyırsan? Aqropromda aqronom işliyirdi. Qəşəh də tar çalırdı.

Adamlardan Paxını yox, Faxını soruşurdu.

- Yox, tanımıram.

Başqa səhər yenə bir azərbaycanlı  müştəri tapırdı və yenə soruşurdu:

- Qardaş, haralısan?

Bəzən kobud cavab alırdı:

- Ə, nə götüyün borcuna?..

- Qardaş, haralısan?

- Bərdəli.

- Qarabağlısan dana.

- Hə.

- Ağdamlı Faxını tanımırsan? Aqropromda aqronomuydu. Qəşəh də tar çalırdı.

- Yox, mən bir ağdamlı Fəxrəddin tanıyıram, o da indi Bərdədə yaşayır, deyəsən, dəli həkimidi. Bir dənə də jurnalist Fəxrəddin Hacıbəylini.

- Onun adı Fəxrəddin deyil ey, Fərhaddı.

- Fərhad müəllimi hamı tanıyır, Şur ansamblının rəhbəridi.

- O Fərhad məllimi yox, mən dediyim aqronomdu.

- Qardaş, tanımıram, səhər-səhər zəhləmi tökmə.

Bəzən qabağına ağdamlı da çıxırdı, onlar da tanımırdı. Üstündən uzun illər keçmişdi. Hərə dağılmışdı  ölkənin bir yerinə.

Amma o yorulmurdu. Bir səhər bəxti gətirdi. Qatardan ağ saçlı bir  kişi düşdü, onu tanıdı.  Kislovodskiyə gələndən peyk antenayla yalnız Azərbaycanı  izləyirdi. Bu ağ saçlı kişini də  televizorda çox görmüşdü. Və həmişə də Ağdamdan danışırdı. Tez onun çantalarını yığdı arabaya, birinci sualı da bu oldu:

- Qardaş, sən ağdamlısan?

- Hə, nədi ki?

- Mən də ağdamlıyam.

- Ağdamlı hamballıq eləməz.

- Mən erməniyəm ey.

Ağsaçlı kişi Kislovodskidə ermənilərlə tez-tez rastlaşırdı. Amma bu erməni o ermənilərdən azərbaycanca təmiz danışırdı. Həm də maraqlısı o idi ki ağdamlıydı. 

- İstiyirsən saa ucuz, rahat bir ev tapım?

- Sağ ol, sanatoriyada qalacam.

- Hansında?

- Nəyinə lazımdı?

- Soruşuram dana.

- Ürək sanatoriyasında.

- İstiyirsən heş taksiyə minmə, yaxındı, söhbət eliyə-eliyə gedəh.

- Nə söhbət eləyəcəyik?

- Ötənlərdən, Ağdamdan.

- Ə, nemes, Ağdam qalıb ki? Darmadağın eləmisiniz.

- Onu dağıdanları Allahın qəzəbinə tuş gəlsin. Vallah, mənim günahım yoxdu, mən fəhlə babayam.

Nə isə, gəlib çatdılar sanatoriyaya. Çantaları boşaltdı və sonra yazıq-yazıq dedi:

- Olar, axşam gəlim bir stəkan çay içəy? Bir dərdim var, məni öldürür, onu sənə danışım bəlkə köməy edə bildin.

- Nə deyirəm, gəlirsən gəl də.

Axşam Ağsaçlı kişi oturmuşdu həyətdə, gördü ki, erməni əlində  konyak gəldi.

- Əlindəki nədi, ə?

- Gəncə konyakı. Gəncədəki dosdarım göndərir hərdən. Dur düşəy bağın içində yaxşı bir kafe var, orda bala-bala vuruf ötənnəri xatırlayax.

- Mənim sənlə bağlı xatırlamağa  heç nəyim yoxdu.

Erməni əl çəkmədi:

- Mənim var. Sənlə də bağlı var, Ağdamdakı dosdarımla da.

- Yaxşı, onda gedək Starıy Bakuya.

- Yox, yox, ora çox bahalıdı.

- Qorxma, şotu mən verəcəm.

- Yox, gedəy mən dediyim kafeyə.

- Yəqin ora ermənilərindi?

- Hə, Bakı ermənisidi, canlara dəyən oğlandı. Özü də ölür zemlyaklarına qulluğ eləməydən ötəri.

- Nə deyirəm, gedək.

Gəldilər kafeyə. Küncdəki stolların  birində əyləşdilər. Ofisiantlar gəlib tez süfrəni dəyişdilər. Orta yaşlı, dolu bədənli bir nəfər yaxınlaşdı:

- Qardaş, xoş gəlmisən?

Erməni:

- Tanış ol, buranın xozeyinidi.

- Narahat olmayın, özüm sizə qulluq edəcəm.

Stolun üstünü doldurdular.

...Pivəxanada bərk mübahisə gedirdi. Mübahisə edənlər də Qarabağdan qaçıb gələn ermənilər idi.

- Müharibə qurtarsaydı qayıdıb gedərdik xarabamıza.

- Bizimkilər deyir beş rayonu  qaytarıb verəcəklər.

- Beş yox, yeddi.

ARDI BURADA

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV