Vətəndaş, yaxşı vətəndaş... - Vüqar Abbasov yazır
 

VÜQAR ABBASOV
3292 | 2024-03-04 13:30

“Dövlətin qanunlarına tabe olanlar vətəndaş adını alırlar”

Jan–Jak Russo

“İctimai müqavilə”

 

Bəli, qanun hamı üçün eyni olmalı və hər kəs də qanuna tabe olmalıdır. Bu, birmənalıdır. Qanunlara könüllü əməl edəni həm də vətənpərvər adlandırmaq olar. Yeri gəlmişkən, vətənpərvərlik haqqında ən gözəl tərifi (mənim düşüncəmə görə), səhv etmirəmsə, yazıçı Anar vermişdi və o, təxminən belə demişdi: “Vətənpərvərlik hərənin öz işini vicdanla görməsidir”. Mövzudan kənarlaşmayaq, əslində kənarlaşmaq da deyil, bizim üzərimizə düşən işlərdən, vəzifələrdən biri də qanunlara əməl etməkdir. Bəs bunu edirikmi?

 

... Üç nöqtəni ona görə yazdım ki,  qanunları pozmamız barədə onlarla faktlar gətirmək mümkündür. Bir çoxlarımız öz xeyrimizə qanunları pozmağa hazırıq. Amma bir başqasının qanunu pozduğunu görəndə əsəbləşir və haqqı, ədaləti yada salırıq. Bu yerdə bir haşiyə çıxım.

Bir neçə il öncə Bakıda olanda taksiyə minmişdim. Taksi sürücüsü yolboyu qanunsuzluqdan şikayət etdi. Mənzilbaşına yaxınlaşanda dözmədim və sürücü ilə aramızda belə bir dialoq oldu:

- Cavan oğlan, bayaqdan qanuna əməl edilmədiyindən, etikadan, daha doğrusu, gündəlik rastlaşdığınız etikasızlıqlardan danışırsınız. Amma özünüz tanımadığınız bir adama “sən” deyə xitab edirsiniz. Damağınızda siqaret qoymuş, şüşəni da sona kimi açmısınız. Musiqinin səsindən qulaq tutulur, həm də, mənim zövqümə görə, bayağı bir musiqidir. Yolda benzin də doldurdunuz. Düzünü deyin, sürücülük vəsiqəsini necə almısınız?

- ...

- Bütün bunlara baxmayaraq siz də narazılıq edirsiniz...

 

Söhbətimizin hamısını burada yazmağa ehtiyac hiss etmirəm. Taksiyə minirsən belə, bazara gedirsən belə... az qala hər addımda belədir və hər kəs də özünü haqlı sayır, başqasını ittiham edir. Bəs kimdir məsul? Kim düzəldəcək bütün bunları? Axı məmləkətdə fəhlədən tutmuş lap yuxarı vəzifələrdə çalışanlara kimi, dövləti idarə edənlərə kimi, hamısı bizdəndir...

 

... Sosial şəbəkələrdə qarşıma tez-tez iş elanları çıxır. Əksəriyyəti savadsız, peşəkarlıqdan kənar hazırlanmış elanlar olur. Amma sözüm və həm də problem bunda deyil (bəlkə də məhz bundadır). Elanların əksəriyyətində diskriminasiya, bir və daha artıq qrupun hüquqlarının məhdudlaşdırılmasını görmək mümkündür. Maraq üçün iş elanları olan saytlardan birinə (https://tap.az/elanlar/is-elanlari) daxil oldum. Sonra isə internetdən Əmək Məcəlləmizi tapıb göz gəzdirdim. Baxdım ki, Əmək  Məcəlləsinə əməl olunarsa, bu iş elanlarını verənlərin çoxu qanunamüvafiq cəza almalıdır. Məsələn, Əmək Məcəlləsində gündəlik iş saatı 8 saat, həftədə isə 40 saat müəyyən edilib (əlbəttə ki, istisnalar mümkündür, Məcəlləni tam oxumadım).  Gəlin birlikdə Məcəllənin 90-cı maddəsinin üçüncü bəndinə baxaq: “3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz”. Sonra isə yuxarıda qeyd etdiyim saytdan bir elana baxaq:

Gördüyünüz kimi iş saatı 12 saat edir, yəni normadan 4 saat çox. Hələ verilən elanlardakı digər qanunsuzluqları demirəm. Məsələn, namizədlərə yaş həddinin qoyulması, cinsi mənsubiyyətə görə tələblərin olması  və.s.  Bu da daha bir misal:

 

Belə faktları çox göstərmək olar. İstəyən özü iş elanlarına, Əmək Məcəlləsinə baxsın.

 

Bütün bunlar digər insanların, yaşı müəyyən yaşdan yuxarı olanların, bəzi hallarda kişilərin, bəzi halda qadınların hüquqlarının məhdudlaşdırılması deyil? Nəhayət, bütün bunlar qanun pozuntusu deyil? Qanunları pozan özümüzük, amma özümüzə qarşı qanun pozuntusu olanda qanun yada düşür. Bütün bunlara nəzarət etməli bir qurum, təşkilat var?  Bütün bunlara nəzarət olunacaq?

 

Suallar çoxdur. Gəlin nəzarət etməli olanları qoyaq bir kənara, özümüz qanunlara əməl edək, necə deyərlər, vətəndaş, yaxşı vətəndaş olaq.

 

Vüqar Abbasov. Niderland.

vugarabbasov@hotmail.com  

 

P.S. Yeri gəlmişkən, mənim fikrimcə, Əmək Məcəlləsinə də bəzi dəyişikliklər etmək mümkündür. Məsələn, yuxarıda misal çəkdiyim 90-cı maddənin üçüncü bəndi. Mənə elə gəlir ki, işə götürənlə işçi qarşılıqlı razılıq əsasında, həftədə 24 saat iş saatını 3 günə, gündəlik 8 saat işləməklə də doldurmaq olar. Qeyd edim ki, belə təcrübə Avropanın bir çox ölkələrində, həmçinin mənim yaşadığım ölkədə də var.

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV