adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Şüşə qəsr - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
93408 | 2020-04-28 13:45

Çox sevirəm film seyr etməyi, amma gərək zövqümü oxşamaqla yanaşı həm də bir az real hadisələrdən qaynaqlana. Həm də bu qədər internetə açıq olduğumuz dövrdə filmi televiziyadan seyr etməyi xoşlayıram... Bu dəfə ekran qabağında yerimi rahatlayıb lazımı kanalın düymənsini basıram və səyahətim başlayır...

....Şüşə qəsr..! Filmin adı belədi, hə, bir şakərim də var, uzağı bir neçə dəqiqə bəs edir mənə, ya seyrə davam ya da tamam deyəm... Elə ilk dəqiqələrdən bu film məni özünə çəkir və ...başladıq..

Həyatda hamı arzularla yaşayır, adi məişət çatışmazlığından tutmuş ta mümkünsüz olana-göydən ulduz qoparmağa qədər.. Hə deyəcəksiz nə var ki, burda, arzudu də, pulla, para ilə deyil ki...Olar yaxşı, olmaz da olmasın. Filmin qəhrəmanı bir çoxuşaqlı ailədir. Kasıb yaşayan bu ailədə ağıllı, tərbiyəli uşaqlar böyüyür. Onlar ailə büdcəsini bilir və buna görə də addım atırlar. Uşaqdırlar, heç olmasa ad günlərindəsə sevinmək, hədiyyə almaq istəyirlər, amma buna imkanmı var..! Ailənin başçısının içki aludəçisi olması uşaqların ən xırda istəklərini də ürəklərində qoyur. Həmin gecə o, göydə ulduzlar yanmağa başlayanda qızını da götürüb həyətə çıxır , göy çəmən üstə uzanıb birlikdə səmanı seyr edir, ulduzlar haqqında bilgilər verir və : "Bax qızım, hansını istəyirsənsə seç götür..Uşaq ağlına sığışmır axı, necə götürsün..,ata isə əlavə izahat verib tələsdirir ki, tez götür,yoxsa kimsə səni qabaqlaya bilər !..” Hələ seçimə kömək də edir, ”bax məncə bu daha gözəl və parlaqdır, bunu götür”...

Amma atanın gələcək üçün bəzi planları da var, o, şüşə qəsr tikmək arzusundadır, amma...Qızlar beləcə göydən ulduz dərə-dərə böyüyürlər.. Amma içdən bir nisgil var hər birində, çünki nəinki şüşə qəsr tikə biliblər, heç ev-məişət şəraitlərini də yaxşılaşdıra bilməyiblər! Qızlar artıq valideynlərdən kömək gözləmir, özləri həddi-büluğa çatıb həyatlarını dəyişdirməyi düşünürlər... Uzan müddət köçəri həyat keçirdiklərindən uşaqlar məktəbə belə getməyiblər. Ona görə də əvvəlcə təhsil almağa, sonra müəyyən pul vəsaiti toplayıb evdən getməyə qərar verirlər. Böyük qızda bu uğurla alınır, imkanlı bir gənc oğlanla tanış olub evdən gedir, işə başlayır və ailə qurur. Ortancıl qız da özü üçün pul yığır və xəlvət bir yerdə gizlədir. Onun da istəyi lazım olan məbləği toplayanda evdən getməkdir. Amma bir gün.. , pul ilə bərabər həm də arzuları oğurlanan qızı ağlamaq tutur . Atasının sərxoş halda otağa daxil olaraq , son ümidlərinin də puç olduğuna ağlayan qızını ələ salması pulun yerini bəlli edir...Göz yaşlarını silən qız bu anda daha güclü görünür :”Sən, məni saxlaya bilməyəcəksən, ata, mən onsuz da gedəcəm!” deyir. ..

Fikrim filmi başdan ayağa sizə danışmaq deyil,amma bəzi detalları deməsəm olmaz. ..Böyük qızın toyuna gələn valideynləri kürəkənlərinin imkanlı olduğunu bilib qızlarından böyük bir məbləğ istəyirlər. Ömrünün ən xoş günündə valideynlərinin istəyi onu pərt edir, arada yaşanan gərginliyi yenib onlara pul verir, amma toya buraxmır və bütün gələcək əlaqələrini kəsir !

Amma zaman keçir,ata xəstələnir,ana yenidən qızına üz tutur...Bu zaman qızı artıq cəmiyyətdə yeri olan, tanınan bir şəxsdir, anası ilə söbəti qısa olur :”Nə qədər?!” deyə soruşur.. , xəstə atasını yoluxmaqdan isə imtina edir...Amma sonradan fikrini dəyişir, bütün uşaqlıq xatirələrini ələk-vələk edib ordan atasına aid bəzi kövrək anlar tapır, xüsusən ad günü hədiyyəsi olaraq atasının göydən dərdiyi ulduzları dönə-dönə xatırlayır və göz yaşlarını tuta bilmir...

... Şüşə qəsr tikə bilməsələr də ailə güc tapıb sonda bir yerə yığıla bilir, ata ilə qızın son görüşü isə olduqca həyəcanlı və təsirlidir...

...Filmin bir mesajı da var , o da ailənin şüşədən olması anlamına gəlir və onu sınmaqdan qorumağın yolları göstərilir. Filmdə əsasən qərb adət-ənənəsi üzərində qurulsa da ümumi bölüşəcək məsələlər çoxdur. Ailə dəyərləri milli-mənəvi dəyərlərin tərkib hissəsidir, insan mənəviyyatının formalaşmasında sosial-mənəvi mühit necə vacibdirsə, ailə dəyərləri də o qədər əhəmiyyətlidir. Qadın və kişi ailənin sütunlarıdır, ortada qarşılıqlı sevgi, hörmət, əfv, diqqət və qayğı olanda ailə dayaqları möhkəmlənir. Uşaqların doğulması normal ailənin bağlarını bir az da möhkəmləndirir. Ailə daxilində ər və arvadın hər birinin üzərinə müəyyən vəzifə düşür. Uşaqların böyüməsi, təhsili, sağlamlığı üçün hər iki valideyn məsuliyyət daşıyır. Bu gün ailə məsuliyyətini anlamadan,sadəcə hisslərə aldanıb evlənənlər çoxdur. Nəticələr isə acınacaqlıdır. Bizim ailə cəmiyyətində böyük sözü, nəsihəti də əsas tutulur. Yaş artdıqca təcrübə də artır, çox təəssüf ki, bir çox ailələrdə yersiz konfliktlərin baş verməsi də qaçılmazdır.. Ailədə övladlara fikir azadlığı, sərbəstlik verilməsi, özünü ifadə üçün şərait yaradılması şəxsiyyətin formalaşmasında aparıcı xətlərdəndir. Valideyn özü övladına yaxşı mənada canlı örnək olmalı, üzərində nəzarəti də özünə bildirmədən, yumşaq şəkildə , sanki hiss olunmayan kölgə kimi həyata keçirməlidir. Əslində Azərbaycan ailəsində "hər şey övlad üçün” prinsipi götürülür ki, bu da hədsiz sevgidən doğur. Amma sevgi kor olmaya gərək, əks halda fəsadı ağır olur... Bir sözlə ailə elə şüşədəndir ki,var!..Qalır onu xarici mənfi təsirlərlə yanaşı, daxildən də qorumaq.! Məncə elə ən vacibi də bu ikincisidir...

Bir tikə sevgidi

sahibsiz pişiyə

verdiyim çörək...

Xəstə köpəyin

boğazına qoyduğum kompresdi

ən böyük savabım..

Sevindirə bildiyim

bir yetim uşaqdı xoşbəxtlik..

Vəssalam..bax belə!..


TƏQVİM / ARXİV