SON DƏQİQƏ:

MƏMMƏD ARAZ YARADICILIĞINDA ÇAĞLAYAN “ARAZ” - ZÜLFİYYƏ İSMAYIL yazır

  28680   |  
Şriftin ölçüsü  

14 oktyabr Məmməd Arazın doğum günüdür

 

Xalq şairi, Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı Laureatı, "İstiqlal” ordenli Məmməd Arazın çoxşaxəli, dərin mövzulu fəlsəfi irsi hələ sağlığında klassik dəyər qazanmışdır. Ümumxalq məhəbbəti qazanan, gündəmdən düşməyən, yaddaşlardan silinməyən Məmməd Araz yaradıcılığına, onun unudulmaz poeziyasının işığına minlərlə oxucu yığışır və hər birinin qəlbinə bu nurdan pay düşür, qəlbindəki qığılçımı alovlandırır.

Çağdaş Azərbaycan ədəbiyyatının və milli şeirimizin ən kamil və ötkəm, təsirli və dəyərli poetik nümunələrini yaradan, lakonik və yığcam ədəbi söz ustadı Məmməd Arazın irsində Araz mövzusunun ecazkar bir bədii tutumu var. Bu mövzu şairin bütün yaradıcılığında izlənilir və qırmızı xətt kimi keçir. Çünki tədqiq etdiyimiz məqam onun üçün çox həssas bir mövzudur. Təsadüfi deyil ki, şair Araz mövzusunda şeirlər silsiləsi yaratmışdır. Bunlardan "Araz dili”, "Yenə Arazı gördüm...”, "Bu gecə yuxumda Arazı gördüm”, "Mən Araz şairiyəm”, "Arazın işıqları”, "Araz üstə çinar gördüm”, "Araz yadıma düşüb”, "Arazın nəğməsi” şeirləri və "Araz axır” poeması mahiyyət etibarı ilə eyni mərama, məntiqə xidmət edir və bütövlükdə ümummilli məsələyə köklənib. Bu da M.Araz irsinin səciyyəvi xüsusiyyəti, fərdi üslubunun məziyyətlərindən biridir.

Azərbaycan nəzm və nəsr ədəbiyyatının bir çox nümayəndələri Araz çayına xitab edərək şeirini onun vəsfinə yönəltmişlər. Bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar bir sədd kimi qiymətləndirənlər, bəzənsə vahid Azərbaycan probleminin baisi, səbəbkarı, qınaq yeri kimi də müraciət edənlər az olmayıb. Amma Məmməd Araz yaradıcılığında Araz nə zavallı, nə də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir. Onun şeirlərində keçən Arazla bağlı nümunələrdəki sətiraltı mənalar da şairin Araz təxəllüsü ilə səsləşən obrazıdır. Onun həyatdakı canlı prototipi elə Araz çayının özüdür. Şairin bütün yaradıcılığı məğrurluq, yenilməzlik, vüqarlılıq üstündə qurulub. Haqsızlığa tab gətirməyən, ədalətsizliyə boyun əyməyən dağ əzəmətli, dağ vüqarlı ədəbiyyat nümunəsi dayanır qarşımızda. Həmişə əbədiyaşar şairin yaradıcılığını oxuyuruq, əzbərləyirik, təkrarlayırıq və yenə də düşünürük. Məmməd Araz şeriyyəti oxucusunu valeh etməklə yanaşı hər zaman düşündürür. Aforistik deyimləri, müdrik kəlamları, filosofsayağı düşüncələri oxucusunu əfsunlamaqla yanaşı, eyni zamanda düşünməyə və dərs çıxarmağa sövq edir. Məmməd Araz yaradıcılığı bütövlükdə bir tarixdir. Öz millətinin, vətəninin yazılmayan salnaməsi, tarix dərsidir. Bəzən qəhrəmanlıq tarixi, bəzən mərdlik nümunəsi, bəzənsə içacıdan, ürək parçalayan taleyidir. Şairə görə Araz Azərbaycan həqiqətlərinin qan yaddaşıdır:

Seyr elə Arazı bir yaz səhəri,

Bir tarix dil açar onun səsində .

Araz – şair Məmməd İbrahimovun sadəcə təxəllüsü deyil, onun qəlbindəki ən mərhəm duyğuları, ən gizli sirlərin sadiq dostu, dərddaşı və ömürnaməsidir. O, Arazdan sadəcə yazmır, o, Araz cayının axışına, füsunkarlığına sadəcə şeirlər həsr edərək onu vəsf etmir, bir xalqın taleyinin, tarixinin, keçmişinin canlı şahidi kimi müraciət edir. Yazıçı-publisist Aqil Abbas Məmməd Arazın təxəllüsünün niyə Arazdan gəldiyini və onun Araz sevgisinin ilahiliyini səciyyələndirərkən yazır: "Şairin ən böyük dərdi, şairin ən böyük ağrısı Araz dərdi, Araz ağrısıdır. O Araz ki, Azərbaycanı iki yerə bölüb. Yüz illərdir bu xalqın bir arzusu var, o da birləşmək arzusu! Şair də bu arzu ilə yaşayır və elə məhz ona görə də özünə "Araz” təxəllüsü götürüb”.

Hər bir Azərbaycan vətəndaşı, ələlxüsus da naxçıvanlı Araz çayını dəfələrlə görüb. Bir çoxları üçün sadəcə su axınından ibarət olan bu çay şair Məmməd Araz üçün ilham mənbəyi olmaqla yanaşı bir qibləgahdır. Onun yaradıcılığını mütaliə etdiyimiz zaman görürük ki, o, müraciət etdiyi bütün mövzuların bədii portretini yaradır, amma Araz mövzusu Məmməd Araz yaradıcılığının sütununu təşkil edir. Ustad şair Arazdan nə zaman yazırsa yazsın, bu mövzu həmin əsərin süjetini təşkil edir. Bütövlükdə, Araz cayı şairin yardıcılığında bir vəsf obyekti, təbiət lövhəsi deyil, Araz bəzən baş qəhrəmandır, bəzən canlı bir obrazdır, bəzənsə sirdaş, dərddaş, xitab yeridir. M.Araz Arazı xalqımızın mübarizə, döyüş rəmzi kimi simvolizə edir. O, sanki Arazla canlı insan kimi dərdləşir, bəzən insanlara deyə bilmədiyini Araza deyir, asta-asta, həzin-həzin sızlayır, bəzən hayqırır:

Mən neçə yol danışmışam Arazla...

Hansı dildə danışmışam? –

Bilmirəm!

Bu misralar şairin yaddaşlarda unudulmaz izlər buraxan "Araz dili” adlı şeirindən götürülüb. M.Arazın Araza yazdığı şeirlərindən ən təsirlisi "Araz dili” adlı şeiridir ki, həm söz, həm poetik tutumu, həm də fikrin bədii ifadəsinə görə daha güclüdür. Burada Azərbaycan tarixi ilə xalqın yaşamının dünəni və bu günü məharətlə, ən seçkin sözlərlə və bəzən də təbii ümumxalq dilindən gələn diləyatım ifadələrlə əks edilməkdədir:

Yenə dolub daş-kəsəklə xurcunun

Bir daş atıb, gəl oyatma min daşı

...

"Gəl, haqq sözü bölüşdürək səninlə”

Daşdı – daşdır,

Susdu – susur, üzü bir.

...

Araz dili nə qılıncdı, nə hədə,

Sənin olmaz bizim olan: zərrə də.

– dediyi bu misralarda Araz çayı ilə ikiyə bölünmüş torpağın eyhamını böyük ustalıqla vurur.

Araz dili: ürək dili, göz dili,

Torpaq dili, hava dili, göy dili

Mən neçə yol danışmışam Arazla...

Bu şeir və həmçinin Araz mövzusu M.Arazın fərdi duyğularının poetik təzahürüdür. Onun bütün yaradıcılığında olduğu kimi bu şerində də fəlsəfi dərinlik, hikmətli düşüncə, dərin məntiq hakimdir. Çünki Məmməd Araz Araz çayına adi bir şair gözü ilə baxıb onu hər hansısa gözəlliyini vəsf etmir, poetik tablo yaratmır. Onun üçün Araz cənub mövzusunda həsrətin və dərdin simvoludur. M.Arazın bəhs etdiyimiz mövzudakı şeirlərindən şairin ürəyinə saplanan Araz dərdinin sızısı duyulur.

Vətəndaş şair Məmməd Araz hər bir təbiət lövhəsini poetik şəkildə tərənnüm etməyi bacaran təbiət şairidir desələr də, biz heç də o fikirdə deyilik. M.Araz hər bir təbiət lövhəsinə bədii don biçməkdən çox, onu fəlsəfiləşdirən şairdir. Biz "Araz şairi” Məmməd Arazın yaradıcılığında Arazın bədii təsvirinə, poetik tablosuna rast gəlmirik. Buna görə də Araz onun üçün vəsf obyekti olmaqdan çox xitab yeridir. Hər bir sənətkarın həyata baxışı onun yaradıcılığında öz əksini tapır. Akademik İsa Həbibbəyli bu barədə yazır: "Öz yaradıcılığnın əsas qəhrəmanı, aparıcı siması olan, düşündüklərini, yaşadıqlarını yazan Məmməd Arazın əsərləri həqiqi bir insan ömrünün mənalı və pozulmaz səhifələridir. Bir çox istedadlı şair kimi Məmməd Arazın əsərləri də onun ibrətamiz həyat dastanı, mənalı ömürnaməsidir”. Alimlərin, tənqidçi-ədəbiyyatşünasların və şairin qələm dostlarının fikrincə, daş mövzusu özünü şeirin "daş əsgəri” hesab edən Məmməd Arazın yaradıcılığında bütövlük, torpağa bağlılıq, bərklik, dözümlülük, vətəndaşlıq rəmzi kimi ifadə olunur. Fikrimizcə, Araz mövzusu isə şairin yaradıcılığının ana xəttini təşkil etməklə yanaşı onun əsas qayəsinə, məramnaməsinə çevrilir. Araz mövzusu həm də şair üçün vasitədir. O, fərqli mətləbləri qələmə almağa, deyilməmiş fikirləri ifadə etməyə xidmət edir. Məmməd Araz bəzən müəyyən nüansları olduğu kimi yox, olmalı olduğu kimi verir. Bu da şairin individual xarakterindən, fərdi özünəməxsusluq keyfiyyətlərindən irəli gəlir.

Oxucu şair Məmməd Arazı xəyalında canlandırarkən onu əlində lələkli qələm masa arxasında bir vərəqə misralar yazarkən, qafiyə uyğunsuz olanda onu qaralayan və başqa qafiyə axtaran bir şair kimi yox, hər zaman Araz çayının sahilində, tənha bir yerdə için-için danışırkən və bədahətən gələn sözlər misraya dönüşən bir mənzərə ilə canlandırır. Budur şair Məmməd Arazın fərqi. Onun bədii duyğuları da Araz çayı kimi durmadan axır. Onun da yaradıcılığı Araz çayı kimi başıbəlalıdır. Bir təxəllüs şair taleyini özündə bu qədərmi ehtiva edər, özü ilə bütünləşdirə bilər? Bir şair təxəllüsünə bu qədərmi bənzəyər, bir təxəllüs sahibi ilə bu qədərmi bütünləşər?! Oxucu bu sintezin konkret olaraq bədii lövhələrini "Yenə Arazı gördüm...” şeirində görür. Şair Araz çayının sahilini dodağına, ləpələrini dilinə, sahil boyu uzanan çinarlarını yazan əlinə bənzədir. Ləpədöyən bərk qayaların həssaslığını qəlbi kimi həzin, hər bir pıçıltını hiss edən hissiyyatı ilə qarşılaşdırır. Coğrafi məkan olan Arazı görən hər kəs bilir ki, bu çayın suyu hərdən bir cür olur; bəzən dupduru, bəzənsə çox bulanıq, bəzən apaydın, bəzən çox tutqun. Şair dəyişən əhvalını, rəngbərəngə çalan şair ruhunu, bədii ovqatını bu çayın axar-baxarı ilə müqayisə edir və "Tutqundur qaşqabağın, Bu qaşqabağım kimi” deyərək bu misralarda metaforanın ən uğurlu nümunələrini təqdim edir. Bütövlükdə "Yenə Arazı gördüm...” şeirini M.Araz dünyasında Araz təxəllüsünün yozumu, açıqlaması və ya sirri kimi dəyərləndirmək olar. Bu şeir nə qədər şairin ülvi, incə və səmimi hisslərindən yoğrulmuşdursa da, bir o qədər də sirli dünyasından ortaya çıxır:

Mən sənə bir şair,

Sən mənə Araz de.

Elə bil nə mənsiz

Sən Araz,

Nə sənsiz mən şair olmazdım...

Bu misralarda şairin şairliyinin əsas ilham mənbəyinin Araz çayı olduğunu açıq-aydın görürük. Bu məqama bağlı olaraq akademik İsa Həbibbəyli yazır: "Azərbaycan ədəbiyyatında çox məsuliyyətli olan Araz təxəllüsünü daşımaq haqqını qazanmaq Məmməd Araza nəsib olmuşdur”. Azərbaycan ədəbiyyatında görkəmli şairlərin bir çoxu təxəllüslərini məşhurlaşdırmışlar. Amma hər bir şair haqqında qətiyyətlə demək olmaz ki, təxəllüs onun bədii yaradıcılığı ilə səsləşir, müvazi şəkildə işlənir və ya onun bədii dünyasını, poetik aləmini aça bilir. Və ya ədib şeriyyətini təxəllüsünə həsr edə, uğurlu nümunələr yarada bilsin, həmçinin Azərbaycan ədəbiyyatında layiqli yer tutsun. Şair o qədər Araz vurğundur, Arzadan yazmaq onun qələminin əsas ilham mənbəyidir ki, Arazdan çox yazmaqdan bəzən ehtiyatlanır və bunu da qələmi ilə dilə gətirir:

Yenə də söz açsam,

Mən səndən danışsam,

Qorxuram, qorxuram tənqidçi

Tənqidçi dostlarım

Şairi döyərlər.

"yenə də Arazdan, Arazdan!” – deyərlər.

"Haqqın var Məmməd Araz, Haqqın var yaşamağa” şeirində də özünə xitabən "Sən məqamı gələndə Araza bənd olansan” misrasında da Araz mövzusuna heç vaxt məqamsız toxunmadığını, yeri gəlməyəndə müraciət etmədiyini, movzusu "tükənəndə” əl atmadığını, yalnız məqamında Araza bənd olduğunu ifadə edir:

Hər sözün işığında göyə bülənd olansan,

Sən arzuya bələdçi, şərə kəmənd olansan;

Haqqın var Məmməd Araz,

Haqqın var yaşamağa.

Qələmilə içini boşaldan, ağrı-acısını kağıza tökən şair hər nədən yazırsa-yazsın, əsas mövzusundan yazmamaqdansa, ürəyinə oxların batmasını, nizələnməsini diləyir:

Mənə şərəflidir belə ölümlər:

Qoy batsın sinəmə, batsın min nizə,

Arazdan, Cənubdan yazmağım əgər

Dünyada ən böyük cinayət isə.

Məmməd Araz başqa bir eyni məzmunlu "Mən Araz şairiyəm” şeirində "Çox yazırsan Arazdan. Nə bilim gahdan quzu, Gahdan aslan Arazdan” - deyə məzəmmət edənlərə cavabən deyir:

O mənim mürəkkəbim

Mən onun qələmiyəm.

Mən Arazın səsiyəm,

Mən onun yatağıyam,

Mən onun sahiliyəm,

Mən onun ləpəsiyəm,

Dalğaları yara-yara,

Ən böyük dəryalara

Dildə söz, əldə qələm

Onunla getməliyəm .

Bu deyilənlərdən bir daha aydın olur ki, Məmməd Araz Araz şairidir. Sabir Rüstəmxanlı bu haqda yazır: "Araz haqqında çox yazılıb və yazılır. Lakin "Araz şairi” olmaq Məmmədə qismət olub. O, bu adı çox böyük bir ləyaqətlə daşıyır və Araz dərdinin şeirimizdə ən gözəl ifadəçilərindən biridir”. Arazdan şaxələnən, akademik Bəkir Nəbiyevin təbirilə desək, "şeirimizin xan çinarı”, şeriyyəti çinar ömrünə bənzəyən Məmməd Araz "Araz şairi” olduğunu, qələminin Arazdan göyərdiyini, ruhunun Arazdan qidalandığını, bədii duyğularının, Arazdan ilhamlandığını və klassik irsə olan ehtiramını aşağıdakı misralarda belə dilə gətirir:

Mən Arazdan şaxələnən çinardım,

Ömür boyu tufan əydim, su yardım,

Xətayinin qılıncını suvardım –

Məmməd Araz karandaşı göyərdi...

Arazı sadəcə imzasında deyil, bütövlükdə yaradıcılığında yaşadan və əbədiləşdirən Məmməd Araz öz ilham qaynağını yalnız tərənnüm etmir və ya təkrarlamır. Araz onun sehirli dünyasının sirri, şüurlu ömrünün qayəsi, canlı yaşamının mənası və bədii dünyası, söz aləminin mənbəyidir. Şairin öz bədii düşüncəsinə və duyğularına görə Arazsız Məmməd Araz dünyasının mənası yoxdur və yaşayan ruhdan fərqli deyil:

Mən səni görməyə,

Yazmaya bilmərəm.

Mən səndən deməsəm,

Deməli, demirəm, gülmürəm.

Səni öz məcrandan

Qoparım gərək mən.

Mənim tək bir andım,

Bir də bu ricam var, Araz,

Mən səni apara bilməsəm,

Sən məni apar Araz!

Şairin "Bu gecə yuxumda Arazı gördüm” adlı şeirində təbiətin ən gözəl hadisələriəndən olan, coğrafi məkanda qərar tutan, el arasında Xan Araz kimi şöhrətlənən bu çayı yuxusunda görən şair hisslərini bədiiləşdirərək belə ifadə edir:

"Bu gecə yuxumda Arazı gördüm,

Arazı belə tox görməmişdim heç.

Arazı bəxtindən çox razı gördüm,

Üstündən yol atdı: "Cəsarətlə keç!”

Bu şeir şairin Araz mövzusundakı silsilə şeirlərinin sırasında eyni və ya yaxın məzmunda olsa da, fərqli ampuladadır. Gündüz gözü ilə görmək istədiklərini və deyə bilmədiklərini yuxuda görmüş kimi dilə gətirir. Şairin 80-ci illərdə qələmə aldığı bu misralarda onun real həyatda gercəkləşə biləcəyini ümid etmədiyi arzusunun sadəcə yuxuda reallaşdığını xəyal edir. M.Arazın xəyal gücü çox təsirlidir. Onun 1967-ci ildə yazdığı "Araz üstə çinar gördüm” şeiri dərin bir xəyali duyğudan yaranıb. Araz çayının hər iki sahilində eyni sudan canlanaraq göylərə ucalan uzunömürlü çinar ağaclarının fəryadı kədərli notlarla oxucuya təqdim olunur:

Xəyalımın üfüqündə görüş istədi

İki tənha pərişan çinar...

Şairin hər hansı bir nəsnəyə həsr etdiyi şeirlərin sırasında "Arazın işıqları” adlı şeirinin də bədii tutumu ilə yanaşı, şairin yaradıcılığında aktuallığını itirməyən mövzu hakimdir:

Araz axır yırğalana-yırğalana,

Elə bil ki, yorğalana-yorğalana.

Buradakı orijinal bənzətmələrin poetik dəyəri bir rəssam fırçasının mövzusu olsa da, ardınca yazdığı "Bir ac dəvə o yanına, bu yanına ağız atır” misrası milli tarixin yaddaşı, acı həqiqətləridir.

M.Arazın Araza həsr olunan silsilə şeirlərinin sırasında "Araz yadıma düşüb” şeirinin də ayrı bir məzmunu var. "Bir gözümdə sevinc var, bir gözümdə qəm yaşı” təzadlı misraları ilə başlayan bu şeirin mayası bütövlükdə həsrətdən yoğrulub. Şairin uşaqlıq çağlarının keçdiyi bu yerləri – Arazın sahilini xoş xatirə kimi xatırlayır və doymadan baxdığı Arazın sularını "Hər teli min havalı saza” bənzədərək metaforanın ən gözəl nümunəsini yaradır. Şairin həsrəti, kədərli duyğuları o vaxt sona çatacaq ki, aşağıdakı misraları gerçəkləşəcək:

Gəzim Araz sinəmdə,

Naxçıvan qucağımda.

M.Araz ilk növbədə vətəndaş olmağı bacaran, öz şəxsi taleyini xalqın taleyinə bağlayan, ruhunu xalqdan alan, damarlarında qeyrət qanı axan bir şair - vətəndaşdır. Bəlkə də, onun vətən daşı olmaq diləyindən irəli gələn həqiqi vətəndaşlığı, xalq adamı olmağı, sadəliyi, poeziyasında hər zaman hiss etdiyimiz ataya-anaya ehtiramlı olması, yurda, elə-obaya bağlılığı onun yaradıcılığının tərbiyəvi əhəmiyyətinin əsasını təşkil edir. Araz çayına da xalqın taleyinə, tarixi keçmişinə şahidlik edən ulu varlıq kimi baxmaq Məmməd Araz poeziyasının fərdi özünəməxsusluğudur. Şairin nəcib duyğularından yoğrulan, mərhəm hisslərinin ifadəçisinə çevrilən Araz mövzulu şeirlər silsiləsindən "Arazın nəğməsi” adlı şeiri həm məzmunca, həm həcmcə ən geniş və əhatəli olanıdır. O, tarixin min illərdən bəri qan yaddaşına çevrilən Araza qarşı hiss etdiyi duyğuları aşağıdakı misralarla belə ifadə edir:

Sən canlı tarixsən doğrudan, Araz,

Səsində min ildən qəm-qubar qalıb.

Sinəndə dil açan bu yanıqlı saz

Ulu babalardan yadigar qalıb.

M.Araz Arazı xalqımızın mübarizə, döyüş rəmzi kimi simvolizə edir.

Qoca şahidisən qoca dünyanın;

Çox nahaq qanlara boyanmısan sən.

Nə bilim, bəlkə də neçə ananın

İlıq göz yaşından yaranmısan sən...

 

Nə qədər ağarmış dərdin, möhnətin,

Ağrıdır sinəmi acı xəyallar.

Araz, dilin olsa sözün, söhbətin

Min il yazılası bir dastan olar.

 

Yox, yox, gəl incimə hələ uşaqdır

Bu nəğmə şairi, bu saz şairi;

Sabah dastanını başlayacaqdır

Bu Araz şeirinin Araz şairi!

Bu şeirin poetik ruhundan aydın duyulur ki, şair Arazdan nə qədər yazıbsa, yenə də demək istədiklərinin çoxunu deməyib, ümümiyyətlə, Araz dastanına başlamayıb. Eynulla Mədətli "Məmməd Arazın Araz dastanı” ilə bağlı fikirlərini belə ifadə edir: "Arazlaşır Məmməd Araz... Arazı günahlandıran, ittiham edən şairlərin heç biri Məmməd Araz qədər onu sevə bilmir. Bunun üçün ürəkdə yanğı gərəkdir. Elə yanğı ki, heç Araz da söndürə bilməsin: həmişəyaşar yanğını”. Alim bu haqdakı fikirlərini "Məmməd Arazın "Araz axır” poeması Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış ən yaxşı əsərlərdən biridir” – deyərək tamamlayır. Professor Y.Axundlu istiqlal şairlərindən biri kimi səciyyələndirdiyi Məmməd Arazın poeziyasını tədqiq edərkən onun Arazla bağlı şeirləri haqqında yazır: "Şairin Vətənə münasibətdən və məhəbbətdən söz açanda ilk növbədə onun Arazla bağlı şeirləri yada düşür. Onun bir sıra şeirləri, həmçinin "Araz axır” poeması bu mövzudadır” . M. Arazın 1959-60-cı illərdə qələmə aldığı "Araz axır...” poeması bəhs etdiyimiz mövzuya həsr etdiyi genişhəcmli əsəridir. Burada təsvir olunan süjet xəttində dayanan Ayrıgülüm adlı qız əslində bir oğlanın bir qıza olan sevgisindən yaranan baş qəhrəman olsa da simvolik bir obrazdır. Aşağıdakı misralara diqqət edək:

"Ayrıgülüm hazırlaş!

Oğlum deyəcək: hara?

Oğlum Təbrizə birbaş,

Gedək görək babanı”.

O, arzularını bu cür dilə gətirir. Əsgərin qəh-qəhə çəkib ona güldüyünü görəndə qıpqırmızı qızarır və ona dəli kimi baxmamasını utana-utana xahiş edir. Əsgərin cavabı:

- Ağlını yığ başına,

Dünyada qız qəhətdir?!

Sərhəddəki əsgərlə olan dialoqunda bir anlıq müharibə illərinə - 1941-45-ci illərə qayıdır. Onlara verilən hərbi əmri və o vaxtkı öz əsgər düşüncələrini xəyalına gətirir. Vətəni uğrunda Araz sahilindən Berlinəcən gedən əsgərin başından keçənləri xatırlayır. Bu poemanın süjet xəttində dayanan Araz bütövlükdə Vətəni təmsil edir.

Məmməd ArazIn "Görüşməmiş dostlar” şeri cənublu qardaşlarımızın hüquqsuz həyatıdır. Məlumdur ki, bir cox görkəmli şairlərimiz Araz cayına və Cənubi Azərbaycanın dərdinə dair elə təsirli şerlər, elə sənət inciləri yaratmışlar ki, bundan sonra həmin mövzuda orijinal söz demək, bədii kəşf səviyyəsinə yüksələn şeir yazmaq hünərdir. Məmməd Araz "Görüşməmiş dostlar” şeri ilə məhz belə bir mövzuda yeni baxış nümayiş etdirdi. Şair öz fikrini ifadə etmək üçün Arazın hər iki sahilini əhatə edən Böyük düzü şeirin obyekti olaraq götürmüş, biri o tayda, digəri bu tayda olan iki çobanın həyatını və diləklərini qələmə almışdır. Bu çobanların çox maraqlı həyatı vardır. Hər ikisi eyni vadinin müxtəlif çəmənliyində sürü otarır, hər ikisinin ocaqları bir alışır, "yaylımları bir başlanır”, hər ikisi sürüsünü eyni çayda suvarır, hər ikisi tütəklərində eyni havanı çalır, qışda eyni qışlağa, yayda eyni yaylağa qalxırlar. Onlar şəxsən görüşməsələr də qırılmaz və əbədi tellərlə bir-birinə bağlıdırlar. Ancaq bu iki çobanın həyatı bir-birinə nə qədər bənzəyirsə, bir o qədər də fərqlənir. Şair bu iki insanın timsalında iki dünyanı, iki ictimai sistemi qarşılaşdırır. Çobanlardan biri cəbhədən qəhrəmanlıq nişanı ilə qayıtmış, o birinin ürəyindən isə ehtiyac və ailə dərdi öz nişanını asmışdır. Burada xalqı, Vətəni düşündürən böyük bir ictimai-siyasi fikir vardır. İctimai qayədən, xalq idealından məhrum olan əsərlər isə nə qədər bəzək-düzəkli olsa, gözəl vəzn-qafiyə donuna geydirilsə də təsirsizdir.

Ümumiyyətlə, şairin vətənə, ana yurda, ulu torpağa, elə-obaya həsr olunmuş şeirlərində də müəyyən hiss-həyəcanı, daxili duyğuları, hissi narahatlıqları ifadə etmək üçün Araza xitab edir və ya müəyyən münasibətlə adı çəkilir. Məsələn, yurdumuzun hər cür gözəlliklərini vəsf edən, poetik tablo yaradan "Ana torpaq” şeirində "Arazımda Nizamilər, Füzulilər nəğməsi var” – deyərək şairin daha özüllü və sistemli şəkildə ədəbiyyata, poeziyaya gətirdiyi Arazın səsini bir nəğməyə və ədəbiyyat nəhənglərinin poetik duyğularını bu nəğmənin nəqarətinə bənzədir. Qeyd olunduğu kimi Araz şair üçün nisgil, ağrı, həsrət yeridir. O, şeirlərində xalqının, millətinin taleyindəki nisgili, ağrını, həsrəti Araza xitabən dilə gətirərək bəzən bütöv bir şeirini bu mövzuya həsr edir, bəzənsə müxtəlif mövzulu şeirlərində məqamı gəldikcə xatırlayır. Məsələn, "Təklənmə”, "Saç ağartdım”, "Şair ya baxtım”, "Böyüklər, uşaqlar”, "Oxuyan Təbriz”, Xudafərin körpüsünün daşlarını sökmək istəyən mühəndisə səsləndiyi "Daş harayı” və s. şeirləri bu mövzudadır. Məmməd Arazın yaradıcılığınada sütun olan, daim qırmızı xətlə keçən Araz mövzusunun yekunu sankı "Sərhəd çəpərləri” adlı şeiri ilə tamamlanır:

Özümdən-özümə muştuluq yetər,

Gözlərim, sizin də gözünüz aydın!

Qəlbimdən birbaşa Təbrizə gedən

Bir yol cilovladım, bir tel ayırdım.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yazılan bu misralar şairin Təbriz həsrətli poeziyasının mahiyyətini açıq ifadə edir. Bütövlükdə ictimai məna daşıyan bu şeirdə sərhəd çəpərlərinin sökülməsini haqdan gələn yuxu kimi ifadə edir. Arzudan, xəyaldan doğan həqiqi məntiqə xidmət edən, tarixi haqqa qovuşan bu şeirin məzmunu Məmməd Araz yaradıcılığında həsrətin sona yetməsinin poetik təcəssümüdür. 50-80-ci illərdə bu cür həssas bir mövzunu əlində bayraq tutan şairin xəyallarının reallaşdığı müstəqilik illərində öz alovunu sanki Arazın suyu ilə söndürür.

Nəticə olaraq onu qeyd edə bilərik ki, şair, yazıçı, publisist, ictimai xadim və ən nəhayət, böyük Azərbaycan filosofu Məmməd Araz yaddaşlarda həm də yaxşı insan, sınmaz, qorxmaz, mubariz bir şair kimi əbədiyyətə qovuşdu. Özünü Araza, səsini tutqun Araza bənzətdi, "Nə zaman ki qələm gəlir əlimə, Araz gəlir dilimə” yüksək pafoslu xitabını edərək, yaddaşlarda Araz abidəsi ucaltdı. Onun yaradıcılığının ilkin və sonrakı mərhələlərində bütün mövzuları "tükənsə” də, Araz mövzusu dərdləri kimi bitmək, tükənmək bilmədi. Bəlkə də bu üzdən Məmməd Arazın şeirlərində "Araz mövzusu” çox işləndi. Bu şeirlərini adlarının oxşar və ya ümumi olmasına rəğmən müraciət olunan mövzular təkrar deyildi. Hər şeirdə fərqli tərəflərdən baxılaraq yeni mövzular işlənmişdir. Bir qisim şeirləri də biri-birinin davamı kimi səciyyələndirmək olar.

Məmməd Araz Araz dərdini milli bir məsələyə çevirmişdi. O, Araz çayının Məcnunudur. Araz onun şeirlərinin mayasıdır, gövhəridir. Araz şairin həsrət dolu Leylasıdır. Araz şair üçün axıb gedən bir ömürdür. Məmməd Arazın keşməkeşli taleyi və söz dünyasıdır.

M.Araz nəinki klassik şairdir, nəinki bir şair kimi sevilir, həmçinin sadə bir xalq adamı kimi ümumxalq sevgisi qazanmışdır. O sənət kredosuna və yazan qələminə heç bir zaman xəyanət etmədi. Çünki M.Araz vətəninin, millətinin, torpağının vurğunudur. Onun qələmindən çıxan heç bir şeirində, misrasında təkəbbür yoxdur. Şairin öz yaradıcılığında vəsf etdiyi "mən”i və ya M.Arazı milyonların zərrəsinə, dənizlərdə damlaya, dumanda görünməyən qaraltıya, qayaların altında kiçik bir daş parçasına, mamıra, bəzənsə qapıda əsən vətən küləyinə və s. bənzətsə də, əslində bunlar M.Arazın özünü ifadə vasitələri deyildi; bu, Xalq şairinin millətinə, vətəninə, torpağına, ulu yurduna verdiyi böyük dəyərin bariz ifadəsi idi. Ona görə xalqının sevilən şairidir ki, o, xalqına və millətinə xas olan milli dəyərləri hər şeydən uca tutub. M.Araz sadəlik, təvəzökarlıq rəmzidir və hər zaman oxucusuna təkəbbürdən yoxsul, sadəliklə zəngin olan yaradıcılıq təqdim edib. Araz çayı Məmməd Arazın bütün yaradıcılığından axır. Bu poeziyada bir çay yatağı kimi uzansa da, çox zaman çoşur, dəli-dəli aşıb-daşır. Onun düşüncəsindəki milli və bəşəri problemlər Araz çayının timsalında ümumiləşdirilərək bədii həllini tapır. Şairin Araz mövzulu silsilə şeirləri gələcəklə keçmiş arasında tarixi körpü yaradır. Azərbaycan torpağını Araz çayı axmadan, ədəbiyyatını isə Məmməd Araz poeziyası olmadan təsəvvür etmək mümkün deyil. Onu bütövlükdə yaradıcılığının əsas qayəsi vətəni sev nidasıdır və işıqlı Azərbaycan gələcəyinin nurlu sabahına çağırışıdır. Nə qədər ki doğma torpağımızın qoynunda Araz çayı yırğalanır, həzin-həzin, dəli-dəli axır Məmməd Arazın olməz irsi bir o qədər əbədiyaşar olacaq.

ZÜLFİYYƏ İSMAYIL

AMEA Naxçıvan Bölməsi

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 22, 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK