SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: 39 GÜN ÖLÜMLƏ ƏLBƏYAXA

  35222   |  
Şriftin ölçüsü  

Yaxud həyat eşqi

 

Cek Londonun gözəl bir hekayəsi var – “Həyat eşqi”. Əsərin hər iki qəhrəmanı yaşamaq uğrunda mücadilə və mübarizə aparır. Onlardan birinin adı səhv eləmirəmsə, Bildir, digərinin adını unutmuşam. Hər ikisi çətin anlardan, ölümün içindən çıxmağa can atır. Çox çətinlikləri dəf edib, şaxta adamı qılınc kimi kəsəndə bir çaydan keçirlər. Bil çaydan keçir, onun dostun isə çayda ayağı sınır və çətin anlarla üzləşir. Nə qədər dostuna yalvarırsa, ona kömək eləmir.

Dostu çıxıb gedir, o isə qarlı və şaxtalı havada günlərlə suda qalır. Axırda bütün gücünü toplayıb adamı qılınc kimi kəsən şaxtalı sudan çıxmağı bacarır. Çayın vadisinə göz gəzdirir, heç kəsi görmür. Sınıq ayağı ilə qarın üstüylə uzun müddət sürünür, xeyli məsafə qət edir. Və bir də göz gəzdirib görür ki, qarın üstündə dostunun sür-sümüyü qalıb. Yəni o, canavarların yeminə çevrilib. Heysiz halda bir az da sürünür və bu vaxt canavarlardan birinin hənirtisini eşidir. Və o canavar da onun sifətini yalayıb dişini boğazına keçirmək istəyir. Bu vaxt oğlan cəld tərpənib bütün qüvvəsiylə canavarın boğazından yapışır və onu boğub öldürür. Çətinlikləri arxada qoyub dənizin sahilinə çatır. Gəmidə olan adamlar onu tapır, gəmiyə aparır və həyatını xilas edir.

Bu epizodu təsadüfən xatırlamadım. Çünki bu gün də ölümlə çarpışan, xüsusən də koronavirusla döyüşən, mücadilə və mübarizə aparan insanlar var. Kimin iradəsi güclüdürsə, kimdə həyat eşqi qüvvətlidirsə və kiməsə ulu Yaradan kömək eləyirsə, bu görünməyən düşmənin pəncəsindən xilas ola bilir. Və o görünməyən düşmən hər gün, hər saat bizim yaxamızdan, boğazımızdan yapışa bilər.

... Və mənim də tanıdığım neçə-neçə dost bu xəstəliyə düçar olub. Hətta onlardan bir neçəsi Allahın dərgahına qovuşub. Yaxın qohumum və istedadlı hərbi jurnalist Rəşad Süleymanov da bu virusun qurbanı oldu. Allah o dünyasını versin. Bir dostum da var: yazıçı-publisist, Prezident təqaüdçüsü, neçə-neçə kitabların müəllifi və 40 ildən çox gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan böyük ziyalı Səməndər Məmmədov! Səməndər müəllim həm də uzun illər Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. İnanın, o yaş həddi ilə təqaüdə göndəriləndə onu kollektiv göz yaşıyla yola salıb. Deyiblər ki, müəllim, sənin yerin həmişə görünəcək. Çünki Səməndər Məmmədov həmişə haqq- ədaləti, həqiqəti hər şeydən üstün tutub. Ona görə də hamının qarşısında alnı açıq, üzü ağ olub.

Səməndər müəllimin özünü də, həyat yoldaşını da koronavirusa yoluxduğuna görə, çox ağır vəziyyətdə Bakıdakı “Yeni klinika”ya aparıblar. Və aparan kimi də vəziyyəti mürəkkəb olduğu üçün süni tənəffüs aparatına qoşublar. Yüksək şəkəri və təyziqi olan adamları bu xəstəlikdən xilas etmək elə də asan deyil. Həkimlərlə yanaşı, gərək sənin özünün də güclü iradən, dözümün və mübarizliyin ola. Ən başlıcası isə Allah-Təala səni ölümün pəncəsindən almalıdır. Qurban olduğum ulu Yaradan da əməli-saleh, namuslu və vicdanlı insanlara həmişə arxa durur. Və böyük ziyalı Səməndər Məmmədov da yaşadığı ömrü şərəflə, ləyaqətlə davam etdirib. Ən azından ona görə ki, o harda olubsa, harda yaşayıbsa, harda işləyibsə, haqqı nahaqqa verməyib.

Düz 39 gün ölümlə əlbəyaxa olub... düz 39 gün Allahdan və həkimlərdən ümidini üzməyib... düz 39 gün ailəsinə, balalarına və nəvələrinə qovuşacağı günü səbirsizliklə gözləyib. Həyat yoldaşı tez sağalıb ayağa qalxıb. Bunu eşidəndən sonra onun qəlbində ümid və inam bir az da artıb. İnanıb ki, güclü olsa, qüvvətli olsa, o da sağalacaq, ailəsinin, balalarının yanına qayıdacaq. Bəzən elə olub ki, həkimlər də ondan əlini üzüb. Amma o, nə Allahdan, nə də həkimlərdən əlini üzməyib. İnanıb ki, onu ayağa qaldırsa, Allah və həkimlər qaldıracaq.

Hər səhər açılanda pəncərədən günəşi görməsə də, ürəyindəki günəşin hərarətini hiss edib. Xüsusən də həkimi Fərid Quliyevin diqqəti və qayğısı onun ümidlərini bir az da artırıb. Onun ümidlərini artıran Azərbaycan Tibb Universitetinin könüllülərdən ibarət olan tələbəsi Seymur idi. Seymur 4-cü kursda oxusa da, bir həkim sevgisiylə, bir həkim məhəbbətiylə həmişə bu böyük ziyalıya ümid verib. Eyni zamanda, Gültac həkimin isti nəvazişi, səmimi münasibəti Səməndər müəllimin həyat eşqini bir az da şölələndirib. Tibb bacılarından Aybənizin, Humayın, Şöhrətin, Türkanın, xadimə Humay xanımın ona ana-bacı nəvazişi heç vaxt yadından çıxmır.

Yadından çıxmayan həm də onun dostlarının, tanışlarının, tələbə yoldaşlarının, qonşularının hər gün səhhətiylə maraqlanması olub. Elə bir gün olmayıb ki, qonşularından kimsə onların evinə baş çəkib, onunla maraqlanmasınlar. Bütün bunlar hamısı Səməndər Məmmədovun insanlar qarşısında qazandığı hörmət və məhəbbətin nəticəsidir. Rayon icra hakimiyyətinin başçısından tutmuş, müavini Rəna xanıma qədər onunla əlaqə yaradıblar, lazımi köməklik göstəriblər. Yaxın dostları Süleyman müəllim, Müzəffər müəllim ən çətin anda ona arxa durublar. Çünki Səməndər Məmmədov həmişə ən çətin anlarda dostlarının yanında olub. Birinin başı ağrıyan kimi, biri xəstəxanaya düşən kimi Səməndər müəllimi yanlarında görüblər.

Səməndər Məmmədova çətin vəziyyətdə öz şagirdi olmuş və həmin məktəbi fərqlənmə ilə bitirmiş, sonradan Tibb Universitetini də fərqlənmə diplomu ilə bitirən Afaq Nəsibova ilk günlər onun müayinəsi zamanı və xəstəliyin aşkar edilməsində bir həkim olaraq böyük yardım göstərib.

Belə baxıram ki, insanlar ağır günündə bir-birinə arxa dursalar, söykək olsalar, inanın hər bir çətinliyi arxada qoymaq olar. Yoxsa bir də görürsən ki, dərdinin başdan aşdığı bir vaxtda kimsə sənə kömək etmək əvəzinə, əksinə, sənin dərdinin “ayaqlarından” yapışıb bir qədər də dərdini ağırlaşdırır. Bax, belə insanlar şeytan adamlardı. Nə yaxşı ki, şeytan adamlar aramızda o qədər də çox deyil.

Aramızda insanlar adamlar, mələk adamlar, çiçək adamlar çox olanda həyatımız da gözəl olir. Bayaq dedim axı, Səməndər müəllim 40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olub. Elə 29 il məktəb direktoru işləyib. 271 nömrəli tam orta məktəbdə isə uzun illər direktor vəzifəsində çalışıb. Kollektiv onun xəstə olduğunu bilən kimi əlaqə yaradıb, öz köməkliyini təklif edib. Məktəbin yeni direktorundan tutmuş, direktor müavini Rüxsarə Əlizadəyə qədər onunla maraqlanıblar. Tez-tez telefon açıblar, öz isti münasibətlərini bildiriblər.

... 39 günlük ölümlə əlbəyaxadan sonra Səməndər Məmmədov ayağa qalxıb, sağalıb və ailəsinə, evinı

dönüb. Elə evinə qayıdan kimi birinci mənə telefon açdı. Dedi ki, müəllim, artıq evimdə, balalarımın yanındayam. Sevincimdən gözlərim doldu. Çünki o, xəstəxanada yatanda hər səhər “Qurani-Kərimi” oxuyandan sonra ona dualar eləyərdim. Tək dua eləyən mən deyildim, mənim ailəm, balalarım, qonum-qonşular, onun dosları və doğmaları idi. Görünür, Allah-Təala bizim dualarımızı qəbul elədi və onu həyata qaytardı. Sonra da Səməndər müəllim dedi ki, ağır və çətin gündə ölümlə əlbəyaxa olduğu anlarda kimlər mənimlə, səhhətimlə, ailəmlə maraqlanıbsa, hamıya öz təşəkkürümü bildirirəm.

... Bir daha onun sevincinə qoşuldum və sevindim. Sevindim ki, Allahın qoruduğu və hifz etdiyi insanları heç bir xəstəlik məhv edə bilməz. Çünki o adamlar mələkdi, o adamlar insandı, o adamlar çiçəkdi. Onların çöhrəsindən nur yağır. Çöhrəsindən nur yağan və Allahın qoruduğu dostum Səməndər Məmmədova deyirəm: həmişə öz ocağında, öz evində, balalarının yanında olasan! Sənin elədiyin yaxşılıqları ulu Yaradan öz qabağına çıxardı. Ona görə də yaxşı insan, yaxşı adam olaq gərək...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK