adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyun 2022 16:16
30891
GÜNDƏM
A- A+

Əliabaddan zirvəyəcən - 18 iyun Mübariz İbrahimovun şəhid olduğu gündür

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür.
Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. 


Bu məktub Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun valideynləri, cəbhə yoldaşları və xalqı ilə son təması, vida məktubudur. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətdən 2007-ci ildə çavuş rütbəsində tərxis olunan M.İbrahimov bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında yenidən hərbiyə qayıdıb və gizir rütbəsində xidmət etməyə başlayıb. Bir müddət sonra isə öz arzusu ilə Tərtər rayonundakı “N” saylı hərbi hissədə, daha dəqiq desək, cəbhə bölgəsində xidmət etməyə başlayıb.
 
Vətən sənə oğul dedi

 

17 iyun 2010-cu ildə yuxarıda qeyd edilən vida məktubunu yazaraq, gecə saat 23:30 radələrində düşündüyü əməliyyatı həyata keçirib. Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girmək üçün bir kilometrlik minalanmış məsafəni tək keçib. Əsl bir cəngavər kimi mənfur düşmənin ağlasığmaz sayda əsgər və zabitini elə
birinci həmlədəcə məhv edib. Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, təkbaşına 5 saat bir orduyla döyüşüb.
Ermənistan Silahlı Qüvvələrini ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Ermənilər əvvəlcə elə zənn ediblər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaş-baş qalan düşmən əlavə qüvvələrini də köməy çağırıb. Gizir M.İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Ermənistan onun cəsədini 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdı.
Buna baxmayaraq, Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu bununla da onu şəhidlik zirvəsinə ucaldıb. O, öz şərəfli ölümü ilə, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib. 


  Qəhrəmana  xalq ehtiramı

 

 

Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb. “Palmali” şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
 2010-cu ildə rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilmişdir. 2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Sakarya Fırat" serialında geniş yer alıb.2014-cü ildə onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik !


Əntiqə Rəşid