20 AZN-lə bütün şəhərdə "at oynatmaq" olar?! - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
44315 | 2021-04-19 11:10

Sabah-sabah #DİQQƏT`inizi bir məsələyə çəkmək istərdim.

Neçə gündür #MÜŞAHİDƏ edirəm - həm sosial şəbəkələrdə, həm də bəzi TV kanallarda məsələnin mahiyyətinə varmadan bir fikir tirajlanır. Guya əgər gün ərzində sürücü bir dəfə dayanma-durma qaydasını pozarsa, daha ona heç kim cərimə yaza bilməz. Yəni guya 20 AZN cərimə yazılır və bütün şəhər sənindir, istənilən yerdə avtomobilini park edə bilərsən.

Düzdür, ilk başdan, hələ qanun qəbul edilmədən, bu məsələ elə belə də şərh olunmuşdu (elə mən də belə bilirdim) amma qanuna nəzər yetirəndə görmək olur ki, öncədən cəmiyyətə ötürülən bu informasiya, kökündən səhvdir və sürücüləri tələyə salmaqdan başqa bir şey deyil. Əslində məsələ necədir? Əvvəlcə QANUNUN dilində:

#Qanun nə deyir?

Qanun deyir ki, Məcəllənin 346-cı maddəsinə aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilir:

“#Qeyd: Şəxs bu Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.”.

#Dəyişikliyin #mahiyyəti: 

Əgər şəxs dayanma və durma qadağan edildiyi yerdə maşınını saxlayıb bir neçə günlük başqa yerə gedərsə, bu zaman hər gün üçün bir dəfə məsuliyyətə cəlb olunacaq. 

Əslində burada #məqsəd eyni yerdə maşını saxlayıb uzun müddət başqa yerə getməyin qarşısın almaqdır. Belə ki, dəyişikliyə qədər şəxs bu pozuntuya görə yalnız 1 dəfə məsuliyyətə cəlb edilə bilərdisə, indi hər gün üçün 1 dəfə məsuliyyətə cəlb edilməsi mümkündür.
#LORU dildə:

Tutaq ki, siz avtomobilinizi "Qız qalası"nın qarşısında park etmisiniz və hər hansı səbəbdən, deyək ki, 3 gün ərzində gəlib onu ordan götürə bilməmisiniz (xəstələnmisiz və ya təcili rayona filan getməli olmusunuz və s.). Əvvəlki qanuna əsasən, bu halda həmin o 3 gün ərzində Sizə eyni qayda pozuntusuna görə 1 dəfə cərimə yazılırdı, hazırda qüvvədə olan qanuna görə isə, həmin pozuntuya görə, avtomobili gəlib ərazidən götürənə kimi HƏR GÜN cərimə olunacaqsınız..
YƏNİ, əgər Siz gün ərzində neçə dəfə dayanma-durma qaydalarını pozsanız bir o qədər də cərimə olunacaqsınız. 
Hesab edin ki, saat 12:00-da 28 Mayda səhv park etdiniz, cərimə yazıldı, ordan 12:30-da keçdiniz Nizami küçəsində səhv park etdiniz, orda da cərimə yazılacaq... Gün ərzində 20 dəfə dayanma-durma qaydasını pozsanız, 20 dəfə də cərimə yazıla bilər.

P.S. Yurdumun insanı, əgər hər hansısa bir qanun haqqında cəmiyyətə məlumat vermək kimi bir istəyiniz varsa, onu sosial şəbəkələrdə Əhməd dayıların şərh etdiyi kimi yox, qanunun tələb etdiyi kimi şərh etməyə çalışın. Sizin bu yanlışınızı doğru kimi qəbul edən nə qədər adam heç nəyə fikir vermədən harda gəldi avtomobili park edir, cərimə olunur və nəticədə əsəbdən beyni çönmüş adamlara əslində nəyin nə olduğunu izah etmək çətinləşir...

Ümumiyyətlə, necə inana bilirsiniz ki, bizdə 20 AZN-lə bütün şəhərdə "at oynatmaq" olar? 
 

TƏQVİM / ARXİV