Mənzillərin sığortası - İndi məlum olur ki, boş söhbətdir - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
1804 | 2023-05-31 19:14

Deməli, evlərin, mənzillərin icbari (yəni məcburi) sığortası ilə bağlı, "ödəməsəniz hər 20 gündən bir 30 AZN cərimə olunacaqsınız" deyə bir aydır milləti girinc ediblər. Bəzi sığorta agentləri də fürsət bu fürsətdir deyibən qapılara XƏBƏRDARLIQ filan yapışdırıblar amma cərimə mexanizmi ilə bağlı bir kəlmə izah verən olmayıb.

Məsələ gündəmə gələndən müşahidə edirəm. Hələ qarşıma bircə sığorta şirkəti çıxmadı ki, bu məsələ ilə bağlı hər hansı münasibət sərgiləsin. Eynən 2019-cu ildəki kimi sığorta şirkətləri susdu, dövriyyəyə sığorta agentləri girdi.

Bugünə kimi gözləyirdim ki, görək guya "sabahdan (iyunun 1-dən) qüvvəyə minəcək" dedikləri qanunda, millətə 30 manat cərimə mexanizmini necə izah edəcəklər.

İndi məlum olur ki, boş söhbətdir. Nə bu qanunun iyunun 1-i ilə bir əlaqəsi var, nə də qapılara yapışdırılan xəbərdarlıqların hansısa bir rəsmi əsası. Yoxdur heç biri 

Deputat Vüqar Bayramov yazır ki, "daşınmaz əmlakın 80%-ə yaxını hələ də sığortasızdır.

Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə  əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər. Yəni, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var."

Deməli, hələki məcburi olan heç nə yoxdur.

Bəzi sığorta agentləri də camaatın gözünü qorxutmaq üçün evlərin icbari sığortasını avtomobillərin icbari sığortası ilə müqayisə edib. 
Sığortadan anlayışı olmayan fağır camaat da bilmir ki, avtomobillərdə icbari sığorta qarşı tərəfə dəyən ziyanı qarşılamaq üçündür. Öz avtomobilinə dəyən ziyanı sığortalamaq üçün isə vətəndaş könüllü sığortanı, yəni kaskonu seçməlidir.

Maraqlıdır, necə olur ki, avtomobillərdə icbari sığorta qarşı tərəfə dəyən ziyanı qarşıladığı halda evlərdə icbari sığorta niyə tətbiq olunmalıdır? 
2-ci bir sual: Deyək ki, vətəndaş heç cəriməni də ödəmədi. Şəxsi mülkü olan evinə, mənzilinə buraxılmayacaq ya ordan çıxarılacaq? Mexanizm necədir?

Yəni görünən odur ki, gözəl insanlar, bu dəfə də 2019-dakı kimi oyuna gəldik. Bu isə sığortaya olan inamın itməsindən başqa heç nəyə xidmət etmir. Bu gün qazanılar 3-5 manatla bütün inamı itirməyə dəyməzdi, məncə.

P.S. Özüm sığorta tərəfdarıyam. Evim olmuş olsaydı, mütləq ki, sığorta etdirərdim, fərqi yoxdur icbari ya könüllü. Avtomobilimin hər iki sığortası həmişə var və olacaq.

Sadəcə insanları maarifləndirmək, inandırmaq, seçimi cərimə qorxusu ilə yox, şüurla etmələrinə dəstək olmaq əvəzinə, onların bilgisizliyindən yararlanmağı həzm edə bilmirəm. Çox təəssüf edirəm.

TƏQVİM / ARXİV