adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Vecinizə deyilsə, hamımıza keçmiş olsun - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
1650 | 2023-05-19 16:55

Deyir ki, okkazıma, bu, İçərişəhərdəki "Dəmir yumruq" nəm nəyidisə... Buna "heykəl" desən dilin yanar, "abidə" desən beynin yanar. Bu nədir, hansı uşaq yarışmasının qalibinin əl işidir, hələki məlum deyil.

Bu qədər tanınmış rəssamı, dizayneri, heykəltaraşı olan ölkədə belə bir "işin" ortaya qoyulması sənəti, sənətkarları ələ salmaqdır yoxsa "Dəmir yumruq" fəlsəfəsini?

Tarixi abidələr restavrasiya adı ilə məhv edilir, heç kimdən hesab sorulmur, yeni görülən işlərin də səviyyəsi göz qabağında. Məqsədli edirsiniz bütün bunları?

Deyək ki, düzəldən belə düzəltdi, ay bu işi qəbul edən yetkililər, aranızda bir nəfər tapılmadı sual verə ki, belə yumruqmu olar, elə qolmu olar? O nə şrift yazıdır, o nə palçıq yapmasıdır?

Bu İçərişəhərin və ya ümumilikdə şəhərin memarlıq işlərinə baxıb qərar verənlər razı olardılarmı onların villalarında qaraja vurulan lepkalar belə suvanmış olsun?

Sizi əmin edirəm, belə bir biyabırçı palçıq topasını "ideya" deyə bəyənənin, dəstəkləyənin, buna maliyyə ayıranın, bu şəkildə alabaşına-külbaşına divara pərçimləməyə icazə verən bütün cavabdeh şəxslərin və ya qurum rəhbərlərinin villalarında belə əcaib şeyi hətta çöldən darvazanın ağzına qoysaydılar, özlərini təhqir olunmuş bilib o ustaları ölkədə deport etdirərlər, izləri-tozları bilinməzdi.

Aydın məsələdir ki, indi bütün qurumlar deyəcək "bizlik deyil". Axırda da dəyişməyən ssenari üzrə açıqlama veriləcək:

"Bu abidənin ora kim tərəfindən qoyulmasından xəbərimiz yoxdur. Qətiyyən bizim təşəbbüsümüz deyil. Hansısa vətəndaşın şəxsi təşəbbüsüdür. Biz də sosial şəbəkədə görüb xəbər tutmuşuq. Araşdırırıq. Tapan kimi məhkəmə basıb gözünü çıxardacaq".

Əziz aidiyyatı qurumlar, zarafat bir yana, ortadakı mənzərədən heç utanırsınız? Çox yox e, zərrə qədər də olsa...

Utanırsınızsa, demək az da olsa ümid var. Vecinizə deyilsə, hamımıza keçmiş olsun. Belə də davam edin.

Deməsəm olmazdı.

TƏQVİM / ARXİV