adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  XI (DAVAMI)

AQİL ABBAS
986 | 2023-02-06 22:15

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Cənab Başçı:

- Ə, Şakirsən-nəsən, Bəxtiyar müəllim deyib, mən də sənə iş təklif etmişəm, niyə bəyənməmisən? Qaçqın adamsan, yetim qızsan, qıvrıl yat.

Şakir:

- Məllim, mən yetim qız deiləm, yetim oğlanam. Dədəm də nemesdərnən müharibədə həlak oluf, qəbri də Mazdoxdadı. Pulum olmuyuf ki, gedib bir dəfə ziyarət eliyim. İkinci də, sağ ol, yəqin ki, mənə olunan təklifdən xəbəriniz var. Bu yataxxanalardakılar gözünü dikif çörəhpuluna. Onların çörəhpulusu ilan sümüyüdü, adamın boğazında qalar. Amma sizlərin nətəər boğazında qalmır, Allah bunu nətəər götürür başa düşmürəm. Həm də mən iş tapmışam, musiqi məktəbində qarmon məllimiyəm. Siz də şairə zəng edin deyin ki, maa iş düzəltmisiz, onun da ürəyi açılsın, siz də kefinizdə olun. Bəxtiniz gətirif belə rəyisiniz var. Yoxsa bu camahatı yığıf gətirib binana od vuraram.

Cənab Başçı da Şakirin qırımını görüb özünü yığışdırdı.

- Eşitmişəm yaxşı qarmon çalırsan, bəlkə bir nəsə çalasan qulaq asaq?!

- Mən qarmonu dostdarçün çalıram, sifarişnən çalmıram.

Rəis gördü ki, söhbət qızışır, girdi araya:

- Şakir, Cənab Başçı da Rəmişin dostudu.

Şakir:

- Rəmişin dostudusa, bu başqa məsələ. Amma özünü başçı kimi aparmasın də, Rəmişin dostu kimi aparsın. Heş o boyda Ağdamın başçısı Həsən Sarıyev özünü belə aparmır.

Cənab Başçı:

- Yaxşı, indi çalırsan, yoxsa yox?

Şakir:

- Rəmişin dostdarıyçün çalıram; - dedi, sonra üzünü tutdu Market Vəlişə: - Ə, nemes, bir adam göndər evdən qarmonu gətirsin.

Kimsə qaçıb evdən qarmonu gətirdi. Şakir qarmonu aldı qucağına, bir az əzizlədi, öpdü, sonra dizinin üstə qoyub sıxdı sinəsinə. Və başladı qarmonun dillərini barmaqlamağa. Xoş günlərini xatırlamaq istədi. Gözünün qabağına səfalı kəndlərinin göz yaşı kimi təmiz kəhrizlərini, sanatoriyanın həyətindəki uca, qollu-budaqlı palıd ağacını, o palıd ağacının altında Katibin Bakıdan gələn qonaqlarına çəkdiyi kababı, moruq arağını, Bəxtiyar müəllimlə, Xudu Məmmədovla, Nurəddin doktorla qaldırdığı badəni və dediyi sağlığı gətirmək istədi, amma nə qədər elədi gözünün qabağına yanan kəndləri gəldi, erməni gülləsindən partlaya-partlaya ölən Qurdbasarı gəldi, üzüaşağı qaçan arvad-uşağı gəldi, Vanyanın yanan tankı gəldi. Qaldırdığı badədə moruq arağı yox, irin-qan vardı.

Barmaqları sözünə baxmırdı. O xoş günləri xatırlayıb «Şur» çalmaq istəyirdi, barmaqlar «Segah» çalırdı. Onun üçün həyatı da, kəndləri də, qaldıqları yataqxana da, yaşadığı ölkə də və bütün dünya da «Segah»a bələnmişdi. Həyatı da, kəndləri də, qaldıqları yataqxana da, yaşadığı ölkə də və elə bütün dünya da başdan-ayağa «Segah» idi. Yedditaxtalı tuman geyinmiş bir ana lazım idi bütün bunlara üz-gözünü cıraraq yas saxlasın, ağı desin. Özünün anası çoxdan ölmüşdü, dünyanın da anası yox idi. Bu dəqiqə dünyanın anası elə onun özü idi, barmaqları idi.

Və nəhayət, ürəyini boşaltdı.

Cənab Başçı:

- Bu qarabağlılar segahda nə görüblər ey?

Şakir:

- Neyniyək, ömrümüz segahdı də. Ermənilər şur üstündə köklənməyə qoymadılar, həyatımızı segaha çevirdilər.

Cənab Başçı:

- Gözəl çalırsan, bir az da davam eləsəydin məni də ağladacaqdın. Məndən bir istəyin varmı?

- Sağ ol, məllim. Bir də sizə desələr ki, qaşqınlar mitinq eliyir, inanmıyın. Bizdə mitinq eləməyə dal nəəzir?

Cənab Başçı:

- Hər halda ictimai asayişi pozmayın da, ictimaiyyəti narahat etməyin.

- Rəhmətdiyin oğlu, burda ictimayyət nəəzir, qaşqın hara, ictimayyət hara? Bizim asayişimizi pozanlar elə pozuf ki, fələh də gəlsə, düzəldə bilməz.

Cənab Başçı:

- İndi mən Bəxtiyar müəllimə nə deyim, onun könlünü necə alım? Verdiyim işi də bəyənmədin. Bəlkə sənə qəsəbədə ikiotaqlı bir ev bağışlayım?

- Sağ olun, mən camahatımdan ayrı yaşıya bilmərəm. Mən özümü bu adamların arasında az-çox xoşbəxt sayıram. Bəxtiyar məllimə də deyərsən ki, mənə musiqi məktəvində iş düzəltmisiz.

Cənab Başçı üzünü tutdu rəisə:

- Mən gedirəm, hərdən məclisiniz olanda məni də çağırın. Şakirdən xoşum gəldi, həm çalmağından, həm də özündən. Yaxşı kişidi. - sonra Şakirə tərəf baxıb dedi: - Darıxmayın, tezliklə öz kəndinizə qayıdacaqsınız. Məni də qonaq çağırarsınız, bir bulağın başında qəşəng bir quzu kəsərsən yeyib-içərik, sonra da bir şur çalarsan.

Şakir də, qaçqınlar da bir ağızdan dedilər:

- Allah ağzından eşitsin.

Cənab Başçı maşınına minib getdi, ardınca da rəislə dostları. Gedəndə rəis dedi:

- Şakir kişi, görüşərik. Nə problemin də olsa qapım üzünə cənnətin qapısı kimi açıqdı.

- Rəyis, sən biləsən də, bütün qaşqınlar, hətta ən oğraşı da cənnətə gedəjəh.

- Niyə?

- Allah böyüh və adildir, öz bəndəsinə iki dəfə cəhənnəm əzabı yaşatmaz. Biz cəhənnəmi bu dünyada yaşamışıx dana.

**

Səhər tezdən Şakir yuxudan səs-küyə ayıldı. Düşdü həyətə, həyətdə az qala bir batalyon fəhlə vardı, yataqxanaları təmirə gəlmişdilər. Şakir hamısı ilə görüşdü, yorulmayasınız dedi, sonra da üzünü tutdu Market Vəlişə:

- Ə, nemes, günorta bunnarın çayın-suyun verərsən.

Fəhlələrin briqadiri dedi:

- Sağ olun. Yemək-içməyimizi günorta göndərəcəklər, narahat olmayın.

Şakir qarmonunu götürdü, Turac arvadın yetimçəsini də çağırdı, oturdu Surenin «Moskviç»inə və getdilər məktəbə.

Günorta qayıdanda gördü ki, fəhlələr yataqxanaların taxtapuşunu söküb qoyublar yerə, vurhavur işləyirlər. Yenə dedi yorulmayasınız, sonra da dedi ki, onsuz da pririvdi, yığışın bura, sizin üçün asobu bir konsert verəcəm.

Sonra keçdi kafeyə, küncdəki təzə rəngli televizora baxdı, hansısa serial gedirdi. Güldü:

- Ə, nemes, sən öl, arvaddar bu kafeni bizdən alajaxlar. Hamısı tökülüf Santa Barbaraya baxajaxlar, sonra da ordakı yaraşıxlı kişiləri görüf gejə bizi yaxına buraxmeyjaxlar.

Bu vaxt serial kəsildi, reklam başladı. «Teksun» yağını reklam edirdilər. Reklam edən deyirdi: ««Teksun» ən yeməli yağ. «Teksun» yeyin, mehriban olun!»

Şakir:

- Bunu düz deyir, bu yağ adamları mehriban edir. Teksun yeyənnən arvadla bajı-qardaş olmuşux.

«Teksun»un reklamından sonra dərman reklamları başladı.

Şakir:

- Hə də, dünyada nə qədər zir-zibil var sırıyın bizə. Kənddə bizi Müslüm baba otnan-penjərnən sağaldırdı, hamımız da tırf kimiydik. İndi başağrı dərmanı atırsan başının ağrısı kəsir, qarnın ağrıyır. Qarın ağrısı dərmanı atırsan, qarnının ağrısı kəsir ürəyin bulanır.

Market Vəliş:

- Ə, sən də az gileylən. Onu reklam edənlər səndən az bilir?

- Çox bilir deyin hamımız xəstəyik də. Sən öl, bu reklamlar hamısı pul tələsidi. Öyün arvadın qızdırması qalxmışdı, getdim reklam olunan qızdırma dərmanını alıf gətirdim, arvad işdi qızdırması düşdü, təzyiqi nətəər qalxdısa skorı pomuş çağırdıx. Sən öl, həkim gəlməsəydi arvadın tapılmadığı bir vaxtda arvad əldən getmişdi.

Market Vəliş:

- Şakir, bilirsən də böyük oğlum orduda qulluq edir, on-on beş günə məzuniyyətə gələcək. İstəyirik evləndirək, qız da tapmışıq. Toy sənlikdi, Rəmişi də gətirərsən.

- Bəlkə Arif Babayevi də gətirim?

- Pis olmaz. Qaçqının toyunu qaçqınlar eləməlidi də.

- Qız kimlərdəndi?

- Qardaşımnəvəsidi.

- Day deynən dünyanın gözünü kor qoymusuz ki. Ə, qaşqın olmuyanla evləndirəydin dana. Heş olmasa yazıx bir gün görəydi.

- Qaçqın olmayanlar qaçqına ərə getmir axı.

Şakir:

- Ə, nemes, gördün də kafeni necə məşhurlaşdırdım? Gərək mənlə şərik olasan. Özü də bu kafe döyül, üstünə yazmısan Avdal-Gülaflı restoranı. Mən bir-iki dəfə restoranda olmuşam, restorannarda menyu olur, amma sənin menyun yoxdu. Ona görə də bir dəftər gətir saa menyu tutaq, gələn qonaxlar da bilsin nəyin var, nəyin yox.

- Yenə məni dolayırsan?

- Ə, sən öl, yox. Elə lağlağıya bir dəftər gətir, menyu tutajam saa.

- Ə, bura məktəb deyil ki, dəftərim ola. Bir dəftərim var, o da nisyə dəftəridi.

Şakir domino oynayanlardan birini göndərdi evə ki, bir təzə dəftər gətirsin. Dəftər gəlib çıxdı. Şakir Market Vəlişə dedi ki, indi gəl otur, menyunu tutaq. Nisyə yazan qələmini də gətir.

Market Vəliş:

- Məzələnməyindən qalmırsan da. - dedi, sonra da nisyə yazan qələmini götürüb gəldi oturdu Şakirlə üzbəüz, domino oynayanlar da yığışdılar onların başına.

Şakir dəftəri açdı:

- Ə, indi deynən zavtrıkda nəyin olur?

Market Vəliş başladı sadalamağa. O, sadaladıqca Şakir də qeyd edirdi:

- Zavtrık: soyutma yumurta, ilıq yumurta, qayqanaq, pamidor-yumurta, şirin çay, pendir-çörək, smetan.

Market Vəliş:

- Smetanı poz, xaş yaz.

- Ə, Qarabağda xaş yemillər, kəlləpaça yeyillər.

- Yaxşı, yaz kəlləpaça.

Şakir smetan sözünü pozub, kəlləpaça yazdı.

Nahar: sosiska, kolbasa, qızardılmış sosiska, qızardılmış kolbasa, üstünə yumurta vurulmuş qızardılmış sosiska, üstünə yumurta vurulmuş qızardılmış kolbasa, dünəndən qalma piti.

Şam: sosiska, kolbasa, qızardılmış sosiska, qızardılmış kolbasa, üstünə yumurta vurulmuş qızardılmış sosiska, üstünə yumurta vurulmuş qızardılmış kolbasa, yenə piti hövsan soğanıyla.

İçkilər: çay, sirab, limonad, fanta.

Spirtli içkilər: vodka Bakı vinzavod bir, vodka Bakı vinzavod iki, vodka şampan zavod, Göyçay konyakı, şərablar İvanovka, Tovuz şərabı, Şamaxı şərabı - Mədrəsə.

Bütün qiymətlər razılaşma yolu ilə.

Ötən ay nisyəsini bağlamayana nisyə verilmir.

Şakir sonra Market Vəlişə dedi:

- İndi axşam uşaxlara tapşırajam bunu vatman kağızına tujla yazıf vursunnar girəjəhdə şüşəyə. Onu da əlavə etsinnər ki, telefon oynuyannarın çaypulunu uduzan tərəf verəjəh.

Domino oynayanlar səs-küy saldılar:

- Şaka, bu ədalətli olmadı, axı. Həm uduzaq, həm də çaypulu verək?

Şakir güldü:

- Yaxşı, siz diyən olsun. Udannar versin; - sonra Market Vəlişə dedi: - Bir-iki dənə də Rəmişin işdiyi araxdan al,ola bilər hörmətdi qonaxlar gələr.

Market Vəliş:

- Kefsən ey, başdan-ayağa, kinoçəkənlərin səndən xəbəri yoxdu. Gərək Abdal Qəhrəmana deyəm, o şair var ey rəhmətlik Ağsəs kişinin oğlu Qulu, onu tapıb gətirsin, qoy səndən bir yazı yazıb məşhurlaşdırsın. Bəlkə ondan sonra üstünə gün doğdu.

- Tanıyıram. Deyillər, Aşıq Valehdən sonra kəndimizdən çıxan ən böyük şairdi. Amma hələ uşaxdı. Telefonunu bilsəydim zəng edif bir qəşəng məzələnərdim. Bir-iki dəfə tilvizerdə görmüşəm, o da yaxşı məzə tutandı. Bir dəfə tapıf çağırarıx, elə Avdal Qəhrəmana deyərsən tapıf gətirər, bir az deyişərik. Sonra da onunçün yaxşı bir qarmon çalaram. Dədəsi rəhməddik yaxşı kişiydi, heyif cavan öldü. Amma yazıx çox arıxıdı ey, bərk küləy əssə götürüf atajax dənizə.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV