Bu da Gülablı. Bu böyük kənddən əsər-əlamət yoxdu. Sanatoriyaya gedərkən Abdalda yolun üstündə həmişə Aşıq Xaspoladın qonağı olardım. Və həmişə də çayı böyürtkən mürəbbəsi ilə içərdik. Deyərdim ki, dayı, burda böyürtkəndən başqa ayrı mürəbbə olmur? Gülürdü ki, var ey, oğul, əziz qonağa öz böyürtkənimizdən mürəbbə veririk.
Aşıq Xaspoladın evi və yolun üstündəki bütün evlər, mağaza da, çayxanada da yoxdu, vəhşi bir meşəliyə çevrilib. Bir arxeoloq lazımdır ki, öyrənsin ki, burda insan yaşayıb, yoxsa yox. Ara-bərədə çox xırda daş qalaqları görünür. Xaspolad dayının evini tapa bilmirəm.
Nəhayət, girdik sanatoriyanın həyətinə. Giriş qapısı dağılsa da nə isə qalıb. Xalaoğlu Nişad bu qapını «Cənnət qapısı» adlandırır. Doğrudan da bura Cənnətin qapısı idi. Burda iki və üçmərtəbəli kotteclər vardı, beşmərtəbəli sanatoriyanın binası vardı, amfiteatr vardı və bir də kəhriz vardı. Heç nə qalmayıb. Və ən dəhşətlisi budur ki, ermənilər buranı nə günə qoyublarsa təbiət vəhşiləşib. Hətta ərazini maşınla gəzmək də mümkün deyil.
Allah sənə rəhmət eləsin, Sadıq Murtuzayev. O tikdiyin sanatoriyanı görsəydin yenidən ürəyin partlayıb ölərdin.
Amma təsəllimiz odur ki, Möhtərəm Prezidentimiz İlham Əliyev böyük şəxsiyyətlər yetirmiş Abdal-Gülablı kəndini və bu sanatoriyanı da yenidən inşa edəcək.
Yazı olacaq ey, isti-istidi yaza bilmirəm.