QƏM ELƏMƏ,  AZƏR BAĞIROV, BU DA KEÇƏR! - Aqil ABBAS yazır

AQİL ABBAS
752 | 2024-04-08 13:52

«Araz» Naxçıvanın  baş məşqçisi istefa verdi, əslində istefaya  göndərildi  daha doğru olar. 

Bu adam «Araz»ın yüksək liqaya lisenziya alması  xəbərini  eşidəndə çempionatın  başlamasına heç bir ay da qalmamışdı. Çox qısa bir müddətdə komandanı toparlaya bildi,  yarada bildi. Nəhayət,  uzun illərdən  sonra Naxçıvanın da, Naxçıvanın yox ey, Naxçıvan Muxtar Respublikasının, 500 minə yaxın əhalisi olan  Naxçıvan Muxtar Respublikasının  bir komandası  yüksək   liqada təmsil olundu. Və  bir ildir öz stadionu olmadığından bütün  oyunlarını Bakının müxtəlif  meydançalarında  keçirir, həmişə qonaqdır. Və necə ola bilər ki, bu bir ildə Naxçıvan şəhər  stadionu yenidən  qurulmasın?!

Bir dəfə yazmışam  və yenə  yazıram. Möhtərəm Prezident iki ay müddətində Xankəndindəki  stadionu yüksək  səviyyədə  bərpa elətdirdi və orada  kubok  oyunu  keçirildi. Özü də  Möhtərəm Prezidentin  iştirakı ilə. Topa da ilk zərbəni Möhtərəm Prezident  özü vurdu. 

İndi Naxçıvan  boyda bir respublikanın stadionunudamı Möhtərəm Prezident bərpa etdirməlidir? Bəs, onda Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi  nə işlə məşğuldur? İndi hamının  üzünə  durduğu Vasif  Talıbov  olsaydı o stadionu ən azı  4 aya  bərpa edərdi. Nə isə…

Bir də bir  şeyi  başa  düşmürəm, «Araz» Naxçıvana bu düşmənçilik  nədən  doğur? «Araz»ın bütün  oyunlarını  izləmişəm. Bu oyunların ən azı 50-60 faizində məğlub  olma  səbəbi hakimlərin  günahından  olub. Bu barədə yazmışam, nə oxucuları, nə də özümü   yorub  yenidən yazmaq istəmirəm. Axırıncı «Sumqayıt»la oyunda da haqsız olaraq «Araz»ın  qapısına  penalti verildi. Və VAR hakimləri də susdu. Yenə nə isə… 

Gələk  Azər Bağırovun  istefa məsələsinə. İlk dəfə yüksək liqaya çıxan komandanın ümdə vəzifəsi yerini  liqada qorumaqdır. Onun  qarşısına heç kim vəzifə qoya  bilməz ki, çempion olsun, ya da Avropa   çempionatına   vəsiqə  qazansın.

Azər Bağırov da  bu vəzifənin  öhdəsindən gəlib. Elə isə niyə  çempionatın  axırına 7-8 tur qalmış  baş məşqçi istefaya  göndərilir. Və inanmıram ki, onun yerinə kimi gətirəcəksinizsə 7-8 tur qalmış  çempionatın  sonuna «Araz»ı Avroliqaya  daşıya bilsin. Bunu heç  nə Qvardiola, nə də Qurban Qurbanov  bacarar.

«Araz»ın rəhbərliyi çox böyük səhv etdi. Bu səhvi də düzəltmək mümkün deyil.  

Amma mən inanıram ki, AFFA-nın yeni prezidenti Azər Bağırov  kimi  bir məşqçini işsiz qoymayacaq. 

Azər Bağırovu nə tanıyıram, nə də qohumluğum var. Sadəcə olaraq, bircə dəfə telefonla danışmışam. 

Qəm eləmə, Azər Bağırov, bu da keçər. 

  • Iyun:
  • 7

TƏQVİM / ARXİV