Azadlığa gedən yol - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
122 | 2025-01-20 10:07

Bugünlərdə Avropa Xəbər Agentliyində  (European News Agency) “Azadlığa gedən yol” adlı yazım yayımlanıb. Yazıda SSRİ – nin süqutundan, ittifaqa daxil olan respublikaların, həmçinin Azərbaycanın azadlığa gedən yolundan, 20 yanvar 1990 – ci il qırğınlarından və.s. bəhs edilir. Həmən yazını “Ədalət”in oxucuları ilə də bölüşürəm.

Yazıya keçid linki:     https://www.european-news-agency.de/politik/the_road_to_freedom-90608/

***

Müstəqillik və azadlıq adətən asanlıqla əldə olunmur. Keçmiş Sovet respublikaları da müstəqilliklərini mübarizəsiz əldə etmədilər.

... 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlləri dövrünün ən böyük imperiyalarından biri olan SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) süqutu ilə yadda qaldı. Nəhənglər yıxılanda mütləq altında əzilənlər olur. SSRİ-nin süqutu zamanı da belə oldu. Ölkə iqtisadi, siyasi və sosial baxımdan tamamilə dağılmış vəziyyətdə idi. İttifaqın müxtəlif yerlərində müstəqillik uğrunda səslər daha ucadan eşidilməyə başladı. Bundan narahat olan imperiya rəhbərliyi hər zamankı "parçala və hökm sür" siyasətini həyata keçirməyə çalışdı. Beləliklə, proseslər başladı.

... Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan artıq imperiyanın çöküşünü hiss edirdi. İmperiya rəhbərliyi burada da vəziyyəti nəzarətdə saxlamaq üçün xalqları bir-birinə qarşı qoymağa nail oldu. Əzəli Azərbaycan torpaqları olan Qarabağda iğtişaşlar başladı. Şuşa şəhərindəki məşhur Topxana meşəsi ermənilər tərəfindən imperiyanın rəhbərliyi ilə birgə məhv edilirdi. Buna etiraz olaraq Azərbaycan xalqı ayağa qalxdı. Azərbaycanlılar əsrlər boyu yaşadıqları və o dövrdə Ermənistan SSR-in tərkibində olan ərazilərdən yenidən deportasiya edildi. Sovet gizli təşkilatı KQB Sumqayıt şəhərində ermənilərə qarşı əməliyyatlar keçirib, bunun adı qoyuldu ki, guya azərbaycanlılar erməniləri qırır. Oxşar hadisələr Gürcüstanda baş verdi. Abxaziya Gürcüstan SSR-in tərkibindən çıxaraq müstəqil olmaq istəyini bildirdi. Beləliklə, Qafqazda, o cümlədən Azərbaycanda mitinqlər başladı.

1988-ci il dekabrın 17-də Azadlıq Hərəkatı başlandı (bu tarix Azərbaycan xalqı tərəfindən 1992-ci ildən bəri Dirçəliş Günü kimi qeyd olunur). Artıq müstəqillik yolunda ilk addımlar atılmağa başlamışdı və bu proses təkcə Azərbaycanda deyil, imperiyanın hər yerində hiss olunurdu. 1989-cu il aprelin 9-da Tbilisidə baş verən hadisələr nəticəsində 21 nəfər həlak oldu, 290 nəfər yaralandı. Bu hadisə Gürcüstanın müstəqillik hərəkatının dönüş nöqtəsi oldu. 1990-cı ilin martında Estoniya və Litva, may ayında isə Latviya müstəqilliklərini elan etdilər. SSRİ bu qərarları qəbul etmədi. 1991-ci ilin yanvarında Vilnüs və Riqa şəhərlərində sovet qoşunları dinc nümayişçilərə qarşı güc tətbiq etdi, nəticədə onlarca insan həlak oldu. Bu hadisələr SSRİ-nin süqutunu sürətləndirdi və müttəfiq respublikaların müstəqillik hərəkatlarını gücləndirdi.

1989-cu ilin dekabrında Azərbaycanın Naxçıvan bölgəsində SSRİ ilə İran arasındakı sərhəd dirəkləri, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu hadisələr artıq imperiyanın sonunun yaxınlaşdığını göstərirdi.

... 1990-cı ilin yanvar ayında Azərbaycanın paytaxtı Bakı şəhərində vəziyyət gərgin idi. Sovet qoşunlarının Azərbaycana girəcəyi xəbərləri yayılmışdı. Şəhərin girişlərində insanlar barrikadalar qurmuşdu. Ancaq heç kəsin silahı yox idi, hamı yalın əllə idi. Kimsə inanmırdı ki, imperiya ordusu - bir zamanlar "Vətən" hesab etdikləri (hüquqi baxımdan hələ də vətənləri idi, amma artıq belə qəbul edilmirdi) - onlara silah qaldırar. Mən o vaxt 16 yaşımdaydım. Kürdəxanı qəsəbəsində yaşadığımız yerdə də barrikadalar qurmuşduq. Gecə-gündüz növbə ilə barrikadalarda dururduq, yalın əllə imperiya ordusunu dayandıra biləcəyimizə inanırdıq.

Yanvarın 19-da gərginlik zirvəyə çatdı. KQB-nin adamları sıravi vətəndaşlar kimi aramıza gəlir, bizi təhrik etməyə çalışırdılar. Daha sonra Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri gəlib insanları dağılışmağa çağırırdı: “Ordunun əmri var, qırğın olacaq” deyirdilər. Amma o dövrdə kimin kim olduğu bəlli deyildi. Soyuq havada günlərlə qalmaq səhhətimə pis təsir etmişdi, xəstələnmişdim, ona görə atamla birlikdə evə getdim. Gecənin bir aləmində maşın siqnalları səsinə oyandıq. Tükürpədici səslər idi. Televizoru açdıq, işləmir. Daha sonra məlum oldu ki, KQB televiziya stansiyasının enerji blokunu partlatmış, insanları məlumatdan məhrum etmişdi.

Səhərisi gün məlum oldu ki, ölkənin bir çox yerində, xüsusilə Bakıda qırğınlar baş verib. Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıda və Azərbaycanın digər bölgələrində qırğınlar törədilib. Həmin gecə 131-dən artıq günahsız insan qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs edildi. Yanvarın 20-də törədilmiş qırğınlara baxmayaraq, xalq ayağa qalxdı. Qətlə yetirilənlər dəfn edildi. Həbs olunanların azadlığı uğrunda mübarizə başlandı.

SSRİ-nin isə sonu yaxınlaşırdı. 1990-cı ilin mart-may aylarında Pribaltika respublikaları - Estoniya, Latviya və Litva müstəqilliklərini elan etdilər. 1991-ci ilin 9 aprelində Gürcüstan, 21 sentyabrında Ermənistan, 18 oktyabrında isə Azərbaycan müstəqilliklərini elan etdilər. Digər müttəfiq respublikalar da eyni addımı atdılar. 1991-ci ilin 25 dekabrında Mixail Qorbaçov istefa verdi, 26 dekabrda isə Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə SSRİ dağıldı.

SSRİ-nin son rəhbəri Mixail Qorbaçov Qərb ölkələrində rəğbətlə xatırlanır, bu da başadüşüləndir. Onun SSRİ-nin süqutunu sürətləndirməkdə böyük rolu olub, bu isə bir çox Qərb dövlətləri üçün faydalı idi. Məsələn, İkinci Dünya müharibəsindən sonra ikiyə bölünmüş Almaniyanın birləşməsi Alman xalqının haqqı idi. Bu və digər oxşar səbəblərdən Qərbdə Qorbaçova rəğbət bəslənməsi başadüşüləndir. Amma onun köhnə Sovet xalqlarının qanını tökməsi də bir faktdır.

Məhz buna görə bu il Azərbaycan ictimaiyyəti Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnesə müraciət edərək, Qorbaçova verilmiş Nobel Sülh mükafatının geri alınmasını tələb edib. Fikrimcə, bunun baş verəcəyinə müraciət edənlər özləri də inanmırlar, amma bunu etiraz forması kimi edirlər.

Bu il 20 Yanvar 1990-cı il Bakı qırğınının üstündən 34 il keçir. Bu müraciətlə Azərbaycan xalqı bir daha öz səsini dünyaya çatdırmağa çalışır.

Nikolo Makiavelli “Hökmdar” əsərində yazır: “Keçmişdə qalmış azadlıqların xatirəsi heç vaxt ölməz.” Bəli, vaxtilə müstəqil olmuş, sonra Rusiya, daha sonra isə SSRİ tərəfindən işğal olunmuş xalqlar keçmiş azadlıqlarını unutmadılar. Qanları bahasına olsa da, azadlıqlarını bərpa etdilər.

Vüqar Abbasov

Niderland.

[email protected]

 

TƏQVİM / ARXİV