16 Iyul 2024 12:35
135
GÜNDƏM

COP29 -un "çıxartdığı" növbəti göz: Paul Polmanın qərəzi 

Ermənipərəstlər yenə dövriyyəyə girib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29  beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi  yenə göz çıxardır.


Adalet.az xəbər verir ki, bu dəfə BMT Qlobal Sazişin keçmiş vitse-prezidenti Paul Polman siyasi hay-həşirlə gündəmə gəlib.
Beləki onun “British Express” qəzetində məqaləsi dərc olunub: “Uğurlu iş adamı və xeyriyyəçi Ruben Vardanyan ötən ilin sentyabrında Azərbaycan hakimiyyəti tərəfindən ələ keçirilib, sonra isə qanunsuz olaraq həbs edilib”.

Siyasi ikiüzlü Polman yəqin ki, düşünmək belə istəmir ki, Rusiya vətəndaşı olan Ruben Vardanyan hansı məqsədlə oradakı işini-gücünü ataraq Azərbaycanın işğal olunmuş ərazisinə qeyri-qanuni yolla daxil olub. Azərbaycan hökümətindən icazə almamış onun sərhədlərini pozub və Qarabağda separatizm meyllərinin qızışdırılması meyllərini gücləndirib. Amma yazır:” Həmin gündən Vardanyan digər 22 erməni ilə birlikdə Azərbaycan hakimiyyəti tərəfindən qanunsuz olaraq girovluqdadır. onlara lazımi prosedurdan və müstəqil beynəlxalq hüquqi məsləhətdən, eləcə də ziyarətçilərdən, lazımi qida və tibbi xidmətdən məhrum ediliblər və bu yaxınlarda ortaya çıxdığı kimi, dəhşətli qəddarlıqla rəftar edilib”.
Yenə də Polman bilməmiş deyil ki, tam 36 il ermənilər əsir və girov götürdükləri Azərbaycan vətəndaşları ilə necə rəftar edir. Ən azından Xocalı hadisələrini kameralarının yaddaşına həkk edən və yayan xarici mətbuat orqanları uzun müddət həmin əşyayi-dəlilləri gündəmdə saxladı.

Üstəlik 44 günlük müharibə, sonrakı döyüş əməliyyatlarında da Azərbaycan dövləti sübut etdi ki, onun adi, sadə vətəndaşlarla işi yoxdu. Azərbaycan əsgərinə, günahsız vətəndaşa atəş açan Azərbaycanın sərvətlərini talan edən, hüquqlarını pozan hər kimdirsə o cəzalanmalıdır. Bu üsuldan bütün dünya dövlətləri istifadə edir. Eləcə də Azərbaycan!

Müəllif sanki ömründə siyasətlə məşğul olmayıb və həyasızcasına davam edir :” Azərbaycan hökumətinin əsirliyində olan 23 nəfər arasında səkkiz siyasi lider və Dağlıq Qarabağın günahsız vətəndaşları da var”
Heç təəccüblənməməlisən. Azərbaycan insan haqlarına, beynəlxalq hüquqa hörmət etməyən ölkədir. Həmin ölkə Freedom House təşkilatı tərəfindən 100 baldan 7 bal toplayıb”.
Bir xaçpərəstin, bir erməni yanlısının bundan artıq nə yaza biləcəyini düşünürkən belə qərara gəlirsən ki, heç nə! Çünki, Bakıda həbsxanada yatan “səkkiz siyasi lider”in və “ “günahsız vətəndaşlar”ın sayəsində 1 milyona yaxın azərbaycanlı yurdundan qovulub, yurdu talan olub, daşı-daş üstə qalmayıb. Düz 30 il azərbaycanlılar öz yurdunun həsrəti ilə qovrulub, çoxu isə evim-yurdum deyərək həyata gözünü yumub, yad məzarlıqlarda dəfn edilib.

Ermənipərəst, qərəzli Azərbaycanın daxili problemlərinə burnunu soxmamışdan əvvəl 30 il həyatı alt-üst olan insanların fəryadını bir kərə dinlədimi?- deyə düşünürsən. Təbii ki, yox! Onu danışdıran ölkəmizdəki bəzi neqativ hallar deyil, erməniyə hamiliyi, erməni diaspor təşkilatlarının kartına vurduğu milyonlara sevgisidir:”
Ruben Vardanyan Azərbaycan ordusu Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi olan Dağlıq Qarabağa göndərilərkən əsir götürülüb.

Dağlıq Qarabağda o, yerli erməni əhalisini yaxınlaşan zorakılıqlardan qorumağa çalışırdı. Yerli əhalini ərzaqdan, yanacaqdan və əsas tibbi ləvazimatlardan məhrum edən on ay davam edən ümumi blokadadan sonra Azərbaycan 100 mindən çox ermənini evlərini tərk etməyə, mülklərini tərk etməyə və qaçmağa məcbur edir. Çoxları bunu soyqırım adlandırıb”.
Bax, elə Qarabağı “Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi” prizmasından görmək kimi çox kobud bir səhv bu məqalənin yazılmasına səbəb olub. Axı , bütün dünyanın Qarabağ Azərbaycan ərazisidir” gerçəyini qəbul edib susduğu bir vaxtda Paulu danışdıranın ədalətlilik hissinin deyil, pula, qazanca olan böyük pərəstişin təzahürü kimi qəbul etmək məcburiyyətindəyik.


“Ruben bacarıqlı və fədakar biznes lideridir. O, özünü bir sıra xeyriyyə işlərinə həsr etmişdir, o cümlədən məktəblər, kolleclər və dünyada fövqəladə humanitar işlər görən şəxsləri tanıyan Aurora Humanitar Mükafatı (və mən İdarə Heyətinin üzvüyəm)”. P.Polmanın bu cümlələri əslində düşündüklərimizin təsdiqidir.
Buna baxmayaraq, Polman zəhərini tökməkdə israrlıdır:”İndi beynəlxalq ictimaiyyət Vardanyanın, eləcə də Bakıda qanunsuz saxlanılan digər erməni məhbusların qanunsuz həbsinə cavab vermək imkanı əldə edib. Azərbaycanın törətdiyi təcavüzdən cəmi bir il sonra, bu ilin noyabrında bu ölkə paytaxtı Bakıda COP29 BMT-nin İqlim Dəyişikliyi Sammitinə ev sahibliyi etməyə hazırlaşır. Bunlar ilin ən böyük beynəlxalq iqlim danışıqlarıdır.

Bakının ev sahibi şəhər kimi seçilməsi artıq çox mübahisəlidir. Bu ölkənin ÜDM-nin az qala yarısı və ixrac gəlirlərinin 90 faizi neft və qaz hasilatından əldə edilir. Ölkə prezidentinin iqlim dəyişikliyi ilə mübarizədə və ya tullantıların azaldılmasında ciddi marağı yoxdur”.
Yenə də adamı gülmək tutur. Seysmik zonada Ermənistanda yeni Atom Elektrik Stansiyası tikməyə hazırlaşan ABŞ-ı nə vaxt görəcəksiniz cənab Polman?

Qafqazın altına qoyulmuş mina sayılan Metsamor AES- inin 2016-cı ildə fəaliyyət müddəti bitsə də hələ 2036-cı ilə qədər yenidən istehsalla məşğul olacağı haqqında qərar niyə diqqətinizi cəlb etmir? Dünyanın “Ekoloji terror” kimi qiymətləndirdiyi, Ermənistanın Qafan, Qacaran mis-molibden kombinatlarının suları ilə zəhərlənən, ətraf mühitə hədsiz ziyan vuran Oxçu çayı haqqında bilmirsinizmi?Axı siz, BMT Qlobal Sazişin keçmiş vitse-prezidenti olmusunuz, bu faktları bilməməyiniz imkansızdır.



“Dünyada getdikcə daha çox hökumət Azərbaycanın davranışına öz qəzəbini ifadə edir. Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Lemminin də insan hüquqlarına sadiqliyini nəzərə alaraq, bu artan “səslərə” öz səsini əlavə edəcəyinə ürəkdən ümid edirəm. BMT Azərbaycandan COP29 sammitinə qədər bütün erməni məhbusların azad edilməsini, həmçinin gələcək ev sahibliyi edəcək ölkələrin seçilməsi proseduruna yenidən baxılmasını tələb etməlidir”.

"Paul Polman sonda hər kəsin bu istiqamətdə addım ata biləcəyini vurğulayır. “Siz Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanova, London, 66 Holland Park ünvanına yazaraq ölkəsindən siyasi məhbusları və girovları dərhal azad etməyi tələb edə bilərsiniz. Siz həmçinin Azad Erməni Məhbusları saytında öz dəstəyinizi göstərə və kampaniyanı sosial şəbəkələrdə izləyə bilərsiniz".

 Bunu da erməni mediası yazıb.

 P.S. 535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) mayın 13-də ABŞ Dövlət Katibi Entoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podesta-ya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.

Əntiqə Rəşid