15 Iyul 2024 11:26
161
ƏDƏBİYYAT

 Əlisəfa Azayev: Yüksəliş yollarında!...

... Ucar şəhərinə səfərim günü giriş qapısının yanındakı çayxanada çay içəsi oldum. Çayçı cavan bir oğlan idi. Adı da Yusif... Elə xeyirxahlıq etmək istəyirdi: "Qonaq ol, müəllim!" Çay dəmləməsi bir qədər çəksə də, çaynikdə gətirdiyi çay xoşagəlimli oldu. Limon da qoymuşdu. İsti havada ləzzət edirdi. Bu yerdə yadına böyük rus yazıçısı L.Tolstoyun hekayələrindən biri düşdü. Qarlı qış havasında at arabası ilə gedənlər çovğuna düşürlər, qarın altında qalırlar. Araq içən donub ölür, çay içən isə sağ qalır...

Ucar rayonu da Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi yeddi rayondan biridir. Son illər, həqiqətən də, Ucar rayonu yüksəliş yollarında olan rayonlar sırasındadır. Neçə region idarəsinin mərkəzi buradadır. Açıq etiraf edək ki, o vaxtlar Ucar elə bir göstərici ilə öndə deyildi. Pambıqçılıq da istənilən nəticəni vermirdi. Məhsuldarlıq çox az idi.

Sovet sisteminin çöküşü, sonra da dağılması... 1992-ci ilin ağır ayları, günləri... 1993-1994-cü illərin ağır Gəncə, Lənkəran hadisələri... Və nəhayət 1995-ci ilin çevriliş cəhdi, xoşagəlməz Mart hadisələri... Partlayışlar, qətllər, ən sadiq işçilər də az qala tərəddüddə qalmışdılar. Vətəndaş müharibəsinin açıq-aydın sədası duyulmaqda idi. Heydər Əliyev qətiyyəti ilə qısa bir müddətdə bütün bunlara son qoyuldu. Mənasız müharibədə iyirmi minədək say-seçmə oğullarımız həlak olmuşdu. Atəşkəsə nail olundu. Neft kontraktları bağlandı. İqtisadiyyatımız yüksəlməyə başladı. Ən əsası odur ki yeni konstitusiyamızın layihəsinin müzakirəsi, qəbulu ilə qanunçuluqda olan xaos, anarxiya aradan qaldırıldı. Heç vaxt unutmuram... 1992-ci ilin ağır günlərinin birində elektrik qatarı ilə Bakıya gedirdim. Mənim əyləşdiyim arakəsmədə Ucardan yaşlı bir qadın nəvəsi ilə yol gedirdi. Deməsinə görə, Ucarda dəmir yol stansiyası yaxınlığında yaşayırlar. Oğlunun hərbçi olduğunu, mənasız yerə şərləndiyini, həbs edildiyini deyir, kövrəlir, sanki, bizdən ümid gözləyirdi...

Qadının, deməsinə görə, çoxuşaqlı qadın – Qəhrəman anadı. Hamıya məlumdur ki, bu adı alanlara onun təsdiqini bildirən vəsiqə ilə yanaşı, qızıl medal verilirdi. Kövrəlmiş halda həmin gözüyaşlı qadın bildirdi: "Bəli, ehtiyac içində qalmışdıq. Əlacsız qalıb həmin medalı satası olduq..." Bu an mən sarsılmış kimi bir anlıq ona tərəf  baxası oldum. İlahi, bu nə demək idi?! Dünyanın axırı idimi?!

Mən qadına bir söz deməsəm də evə gələn kimi Ali Sovetin sədrinin adına bir məktub yazdım. Qadının dilindən eşitdiklərimi, gəldiyim nəticəni orada göstərdim: "Mən şəxsən inanmıram ki, o qadının oğlu cinayət edib, külli miqdarda əmlakı mənimsəyib, dövlətə ciddi ziyan vurub. Bunlar kimin, kimlərin işidi, onu araşdırmaq lazımdır. Qadının oğluna dərhal bəraət verilməli, həbsdən buraxılmalıdır..."

Çox təəssüf ki, həmin məktubu Ali Sovetin sədrinə göndərsə də, onun nəticəsindən məlumatlı ola bilmədi. Ancaq uzun müddət bu acı, ağrılı söhbətin şokunu yaşadı. "Əsgər anası" povestini yazdı.

Bu günlərdə eşidəndə ki, Türkiyədə böyük bir konfrans olub, materialları beynəlxalq jurnalda ingilis, rus, türk, Azərbaycan dillərində çap olunub... Elə sevindi ki... Jurnalın bir nüsxəsi də ona təqdim edildi. Məruzəçi Milli Akademiyamızın Tənqid Şöbəsinin əməkdaşı, baş elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Məmmədova olmuşdur.

Əgər o qadın sağdırsa, səsimə səs versin. Əgər bu qadının ailəsindən kimsə bu hadisə barədə məlumatlıdırsa, çəkinməsin mənə məktub yazsın. Mən sadəcə olaraq işin nəticəsini bilmək istəyirəm. İnsan insana nə gündə gərəkdir. Bəlkə də, onda ağır avtoqəza hadisəsinə düşməsəydi, bu işin axırına kimi gedəcəkdi.

Sonra da konfransda MK nümayəndəsinə ərizə verib könüllü cəbhəyə, döyüşə getmək istədi... Uzun müddət çağırış gözlədi. Vəzifə sahibi idi, özbaşınalıq edə bilməzdi. Onda Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyirdi.

Ucarda MKS işçilərinin iştirakı ilə toplantı – mənimlə görüş keçirildi. Onların qarşısında çıxış edib, qarşıda duran vəzifələrimizdən, son yaradıcılıq fəaliyyətimizdən, planlarımdan danışdım. Əlbəttə, nə sahəsində olsa da, yaradıcılıqda planlaşdırma bir o qədər effekt vermir. Həmişə gözləmədiyin yazını yazası olursan.

Mərkəzi Kitabxananın direktoru Bəsirə Abbasovanı bir müddətdir ki, tanıyır... Bu nurlu xanım həmişə orada olanda onu səmimiyyətlə qarşılayıb, xoş sözlər deyib, pürrəngi çaya qonaq etdirib. Əlbəttə, xoş sözlər həmişə kitablarına aid olub. İndi də oxunmuş kitablarından sərgi düzəltmişdilər. Ancaq çox təəssüf, burada onun kitablarının sayı çox az idi. Deməsinə görə, Respublika Kitab Yayım Təşkilatının sabiq direktoru Xavər xanım Ucardan, onların Qazyan kəndindəndir. Bunu indi eşidir, bilirdi. Xavər xanımla onun çox səmimi, isti münasibəti olmuşdu. Gözəl, xeyirxah xanım idi. Açığı onun Qərbi Azərbaycan tərəfdən olduğunu güman etmişdi. Buna da az-çox səbəb vardı. O vaxt "Nərgiz" nəşriyyatı ilə çox yaxın, əlaqəli işləyirdilər. Nəşriyyatın direktoru, gözəl insan Hidayət müəllim oralı idi axı...

Kitabxanada "Kitab oxuyun" yazılmış lövhənin aşağısında yazılmışdı:

1. Həyat dolu yaşamaq üçün.

2. Gələcəyi anlamaq üçün.

3. Keçmişi öyrənmək üçün.

4. Bilik əldə etmək üçün.

5. Dilimizi qorumaq üçün.

6. Zehninizi qorumaq üçün.

7. Dünyanı kəşf etmək üçün.

8. Doğru qərarlar qəbul etmək üçün.

Söhbət əsnasında Ucarın say-seçmə, tanınmış adamlarından söhbət düşdü, Aşıq Əhliman, sabiq nazir Ziya Məmmədov, Sosialist Əməyi Qəhrəmanı Vəsilə Zahidova xatırlandı. Mərhum yazıçımız Ənvər Məmmədxanlının Ucardan, hazırda onun adını daşıyan kənddən olmasını eşidəndə lap heyrətləndi. Onun yaradıcılığını necə bir məhəbbətlə sevirdi, İlahi! Özünün də nakam sevgi romanı... Sonradan ömrü boyu evlənməmişdi... Aşıq Əhlimanın məlum beyti yada düşür:

 

Adam var ki, görüşünə gülə-gülə gedirsən,

Adam var ki, görüşünə ölə-ölə gedirsən.

 

Ucar barədə söhbət düşəndə yadına istər-istəməz orada uzun müddət dövlət notariusu işləmiş Elman Cəlalov gəlir. Bir dəfə Qazaxdan gəlirdilər. "QAZ-31" maşını ilə. Gəncə Pedaqoji İnstitutunun Qazax filialında oxuyan tələbə qızları Validənin yanından. Maşının benzini qurtarmaq üzrə idi. İmkanları da yox. Köməyə Elman gəldi, çox sağ olsun. Sonra da o pulu almadı.

Ucar deyəndə həm də yadına bir vaxtlar orada hakim işləmiş Qara Mürşüdov düşür. Yolda ağır qəzaya düşüb, səhhəti tamam korlanmışdı. Uzun müddətdən sonra özünə gəlmişdi. Bir müddət Mingəçevir şəhərində dövlət notariusu işlədi. Xidməti çox xoşagəlməz başa çatdı.

Bir də Ucarda hərbi komissar işləmiş Rəhman İsrafilov. Həyatdan çox tez getdi. Kürdəmir rayon XDS İcraiyyə Komitəsində bir yerdə işləmişdilər. Onda Rəhman İsrafilov ümumi şöbənin müdiri idi. Bir dəfə pambıq seyrəltməsində idilər. Deyilənə qulaq asmır, bir neçə nəfərlə söhbətləşməkdə idi. Partkom kimi iclasın, müzakirənin vaxtını dedim. Sədr loyal münasibət göstərsə də, Rəhmanın məsələsini müzakirə edib, ona vaxt verdik. Arada birinə də xoş münasibət bəsləməyə başladı. Ailəli adam idi. Ciddi irad tutdum. Sonradan həmişə deyərdi ki, başımı itirmişdim, sən məni fəlakətdən qurtardın.

Ucardan ayrılır... Yol boyu gördüyü, görüşdüyü adamlarla son illərdə Ucarın əldə etdiyi nəaliyyətlərdən söhbət salır, danışırdı... Bu sahədə, əlbəttə, sabiq nazir Ziya Məmmədovun az köməkliyi olmamışdı. Neçə-neçə obyektlər, inzibati binalar onun köməkliyi ilə təşkil olunub, tikilmiş, istifadəyə verilmişdi. Bir dəfə onun barədə bir söhbət etdilər. Qardaşı Əliqasım Azayev Xırdalanda "Azbentonit" zavodunda avtokran sürücüsü işləyirdi. Deməsinə görə, oradakı qoyunlarına bir nəfər baxırmış. Ziya müəllim hər gələndə çobana deyirmiş ki, bu qoyunlardan kəs, özünə, ailənə sərf elə. Çoban isə qıyımsızlıq edirmiş. . Bir dəfə gələndə qoyunu özü kəsdirir. Ətindən də heç istifadə etmir. Hamısını çoban, ailəsi üçün qoyub gedir...