ƏRƏBLƏRİN BAŞINA İP SALIB OYNADIRLAR - Aqil ABBAS yazır

AQİL ABBAS
638 | 2024-12-11 09:00

ABŞ başda olmaqla Avropanın özündənrazı dövlətləri 10-15 ildi yalançı bir «ərəb baharı» söhbətini ortalığa atıb 300 milyonluq ərəb xalqının başına ip salıb oynadırlar. Əslində bu, ərəb baharı deyil, ərəb qışıdı. 

Allah günahımdan keçsin, əstəğfürullah, mən Məhəmməd peyğəmbərin, Həzrəti Əlinin, Həzrəti Ömərin (o Həzrəti  Ömərin ki onun xəlifəliyi  dövründə ərəblər İspaniyaya da İslam bayrağı sancmışdılar), Həzrəti Əbubəkrin, Həzrəti Osmanın, 72 nəfərlə Yezidin 15 minlik qoşunu ilə əqidə yolunda, din yolunda vuruşub şəhid olan Həzrəti Hüseynin  ərəb olduğuna inanmıram. Belə şəxsiyyətlər yetişdirən bir xalq indi bu günə düşə bilməzdi. «Ərəb baharı» - dirsəyimi yeyin.

300 milyonun gözü  qarşısında İraqı bombaladılar, parça-parça elədilər, prezident Səddam Hüseyni də dünyanın  gözü  qarşısında asdılar. İraqın düzəlməyi getdi ta. 
Liviyanı darmadağın elədilər, parçaladılar və Avropa dövlət başçılarının vaxtilə quşunu götürdüyü, əlini öpdüyü Qəddafini də çox vəhşicəsinə, biabırcasına və oğraşcasına küçənin ortasında  öldürdülər. 

Misiri qarışdırdılar, amma bu qədim dövlət birtəhər çulunu  sudan çıxara  bildi, yəni parçalanmadı, yeni  hökumət qurdu. 

Yəməni bombaladılar, parçaladılar və hələ də  bombalayırlar. Yəmən xalqı da  dirəniş göstərə bilir, amma  xeyiri yoxdu. 

Bir Fələstin də var, qaraçı günündədi.

Qəzza da işğal dövründəki Ağdamın günündədi. Bu günədək bu şəhərdə 50 min adam ölüb, 200 mindən də çox yaralısı var. 

Keçdilər Suriyaya, Bəşər Əsəd 12 il müqavimət göstərə  bildi, amma xeyiri  olmadı. Suriyanı lap param-parça elədilər, verdilər terrorçuların əlinə. Suriya əhalisi adam balası kimi yaşayan dövlətlərdən biri idi.  Hətta  Türkiyənin Suriya ilə sərhəd rayonlarının əhalisinin əksəriyyəti ilin altı ayı gedib Suriyada fəhləlik edib qalan altı ayı fəhləlikdən qazandığı  pulun hesabına  adam balası kimi yaşayırdılar. 

Bəşər Əsəd  ailəsini götürüb rusların köməyi ilə Moskvaya qaça bildi. Bəlkə də Rusiyanın köməyi ilə yenidən Dəməşqə qayıdacağına inanır. 

İrəvan da Suriyada  yaşayan 10-12 min ermənini qəbul etməyə hazır olduğunu bildirib və bu erməniləri Ermənistana daşımaq üçün birbaşa İrəvan-Dəməşq təyyarə reysi açıb. Yəqin ki, Suriya erməniləri də elə Ermənistanın öz əhalisi kimi «çerez» İrəvan Avropada sığınacaq almaq üçün çalışacaqlar. 

İndi növbə Livanındır. 

Yeri gəlmişkən, Tunisi də  qarışdırmaq istədilər, amma qarışdıra  bilmədilər və yaxud istəmədilər.

Yuxarıda dediyim kimi, növbə Livanındır. Yəqin ki, yaxın müddətdə  bu ölkə də  ərəb qışını  yaşayacaq. Görən, Ermənistan Livanda yaşayan 100-110 min ermənini  qəbul edə biləcəkmi?

İraqda əhali Səddam Hüseynin heykəlini  uçururdu, küçələrə  çıxıb toy-bayram edirdi, sevinclərindən papaqlarını göyə atırdılar və hələ papaqları göydən qayıdıb düşməyib. Və ayılıb görüblər ki, əlləri bala yox, p..xa batıb.

Liviyada da elə oldu. Qəddafinin süqutundan sonra başlarına ip salınan ərəblər küçələrdə toy-bayram edir, Qəddafinin çadır sarayını  dağıdır, onlar da sevincdən papaqlarını göyə atırdılar və hələ də papaqları göydən yerə düşməyib. 

Halbuki Qəddafinin zamanında bəy balası kimi yaşayırdılar, hər ailənin bir üzvü dövlət hesabına xaricdə təhsil alırdı, apteklərdə  dərmanlar pulsuz idi. minimum əmək haqqı 3 min dollar idi. O kinoda deyilən kimi, Liviya xalqı kef içindəydi. İndi acından qum yeyirlər. 

Baxıram, Suriyada da Hafiz Əsədin  heykəllərini  uçurur, Bəşər Əsədin  küçələrə  vurulmuş şəkillərini  parçalayır, şəkillərinin  üstündə «Şalaxo» oynayırlar. Bəşər Əsədin sarayını  dağıdırlar, sevincdən papaqlarını göyə atırlar və o papaqlar  heç vaxt geri qayıtmayacaq, elə göydə qalacaq. 

Dünyada  21 ərəb dövləti var. Artıq  onun  6-sını darmadağın ediblər, qalıb 15-i. Belə getsə,  bir gün onları da ərəb qışı vuracaq. 

Ərəblərin, əstəğfürullah, yeni bir Məhəmməd  peyğəmbərə ehtiyacları var, o da mümkün deyil. Çünki Məhəmməd peyğəmbər buyurub ki, o, Allahın sonuncu Rəsuludur, ondan sonra peyğəmbər gəlməyəcək. Doğrudan da 1400 ildir Yer üzünə yeni bir peyğəmbər gəlməyib. 

Ümid qalıb Mehdi Sahib Əz-Zamana, o da baxıb ərəb dünyasına  və görür ki, gəlsə də onu qəbul etməyəcəklər.

Bu ərəb ölkələri yalnız Osmanlı imperatorluğu  dövründə adam balası kimi yaşaya bilmişdilər. 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV