
Zelenski Ağ Evdə Trampla görüşəndən sonra Böyük Britaniyaya, ordan da Vətəninə qalib kimi gəldi: «Gördünüz də Trampa nə cavablar verdim».
İki nəfər dalaşırmış. Biri o birisini yerə yıxıb həm döyürmüş, həm də ağlayırmış. Qıraqdan baxanlar deyir:
- Ə, qaqa, həm döyürsən, həm ağlayırsan.
- Bunun ayağı sürüşıb yıxılıb ey, qalxandan sonra əhədimi kəsəcək.
İndi Zelenskinin də Trampa verdiyi cavablar həmin ağlayan adam kimidi.
Gələndən sonra başa düşdü ki, çox böyük səhv edib, həmin döyə-döyə ağlayan oğlanın günündədi.
Amerikalılarla görüşmək üçün minnətçi saldı ki, nə deyirsiz razıyam, indi Səudiyyə Ərəbistanında yenidən ukraynalılarla amerikalılar görüşəcək.
Bildyiiniz kimi, Tramp Zelenskidən Ukraynanın yeraltı və yerüstü sərvətlərini almaq istəmişdi.
Uzun illər bundan öncə qəzetdə rayonlardan birinin icra başçısının zarafatla dediyi, bəlkə də həqiqətən dediyi bir fikrini yazmışdım:
- Qardaş, rayonu otuz iki min əhalisi ilə bir yerdə aldığım qiymətə satıram. Bəlkə bir adam tapasan?!
Əhalinin sayına görə Prezident Aparatında həmin rayonu tapmışdılar, icra başçısını çağırıb nə demişdilər-deməmişdilər, and-aman eləmişdi ki, mən elə bir söz deməmişəm, Aqil Abbas özündən yazıb.
Aparatdan mənə də zəng etdilər, mən də day icra başçısını satmadım, dedim ki, Mirzə Cəlilsayağı yazmışam, rayon əhalisinin üst-üstə düşməyi də təsadüfdü.
İndi hadisələr göstərir ki, Zelenski Ukraynanın yeraltı, yerüstü sərvətini 30 milyon əhalisi ilə birlikdə aldığı qiymətdən də aşağı Trampa satacaq.
Zelenski yəqin dünyada yeganə yəhudidir ki, ticarətində zərər eləyir. Bu da belə.