İRANI  ZƏNGƏZUR DƏHLİZİ NİYƏ NARAHAT EDİR? - Aqil ABBAS yazır

AQİL ABBAS
698 | 2022-08-13 17:54

Deməli, belə. Rusiya Zəngəzur dəhlizi  keçəcək ərazini, yəni İran-Ermənistan  sərhədini   nəzarətə  götürüb. Bu da İranı bərk narahat edir. Əslində bunun  çox səbəbi var, amma bir-ikisini deyə bilərik.

İran əvvəllər həm Azərbaycandan, həm işğal altında olan ərazilərdən, həm də  Ermənistandan tranzit kimi  istifadə edib  Avropada narkotika bazarını ələ keçirmişdi. Müzəffər ordumuz Qarabağı işğaldan azad edəndən sonra bu yol İranın  əlindən çıxdı.

Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Gömrük Komitəsinin   gərgin əməyi sayəsində İran artıq Azərbaycandan da tranzit yol kimi  istifadə edə bilmir. Düzdür, ara-sıra buna cəhd edir, amma hüquq-mühafizə orqanlarının  sayıqlığı  nəticəsində  qarşısı alınır.

Bildiyiniz kimi, İranda narkotika alverçilərini edam  edirlər. Amma necə olur ki,  İranın o başından Azərbaycan sərhədinə narkotik daşıyanlar, Azərbaycana  narkotik keçirənlər  həbs olunduqdan sonra  ekstradisiya edilirlər. Amma İranda onlar  cəzalarının  ardını   çəkmirlər. Keçəndən üç-dörd ay sonra yenidən Azərbaycana narkotik  keçirməyə  cəhd göstərirlər və yenidən  həbs olunurlar, geri qaytarılırlar və yenidən İranda  azad olunurlar.  Çünki həmin adamlar dövlət sifarişini yerinə   yetirirlər, onları da İranın  xüsusi xidmət orqanları  mühafizə edir.

İndi məsələ qəlizləşib, Azərbaycan  tərəfi narkoticarətlə məşğul olan  İran  vətəndaşlarını daha İrana  ekstradisiya etmir.

İranın Avropaya yeganə yolu Ermənistandan  keçir ki, o yol da Rusiya hərbçiləri tərəfindən  nəzarətə  götürülüb. Beləliklə, bütün yollar  qapanıb.

Əli narkotikdən üzülən  İran son illər daha güclü bir  narkotikə əl atıb – bu da din tüccarlarıdır. Din tüccarları  vasitəsilə Azərbaycanda sabitliyi  pozmağa, xalqı parçalamağa çalışır. Bununla təkcə müvafiq icra hakimiyyətləri yox, ictimaiyyət də mübarizə  aparmalıdır.

İranın nə şiəliyə, nə də müsəlmanlığa  dəxli yoxdur. Müsəlman dövləti, özü də şiə məscidlərimizi, dini abidələrimizi dağıdan, məscidlərdə donuz  saxlayan, əhalisinin  80 faizindən  çoxu şiə olan  dövlətin torpaqlarını  işğal altında  saxlayan Ermənistana havadarlıq etməz.

Çox təəssüf ki, bunu  cahillər  başa düşmür və sosial şəbəkələri  ələ  keçirib İranı  təbliğ edir, bu ölkənin  əleyhinə bircə cümlə yazan  ziyalıları da topa tutur, təhqir edir, söyür və sair və ilaxır.

Zəngəzur dəhlizinin rusların  nəzarəti altına keçməsində İranı  narahat edən səbəblərdən  biri də daha Ermənistana istədiyi qədər silah-sursat göndərə bilməyəcəyi  qorxusudur.  Düzdür, bu  məsələdə Rusiyaya  çox da etibar etmək olmaz, amma hər halda…

Bundan başqa, Ermənistanın   bütün  dövlət sərhədlərinə ruslar  nəzarət edir, yəni  erməni  sərhədçi görə bilməzsən.

Hələ Sabir bir əsrdən də xeyli əvvəl yazırdı:

 

Ağladıqca  kişi qeyrətsiz olur,

Necə ki ağladı İran oldu…

TƏQVİM / ARXİV