«Ulduzlar sönmür»ün ulduzları niyə sönüb? - Aqil ABBAS yazır

AQİL ABBAS
1313 | 2023-06-14 18:06

İyunun 12-də Azərbaycanın görkəmli yazıçısı İsa Hüseynovun (İsa Muğanna) anadan olmasının 95 illiyi ilə əlaqədar Səbayel rayonunun keçmiş Maksim Qorki adına kitabxanasında Dəyirmi masa keçirildi. Görüşü tənqidçi-alim Əsəd Cahangir açdı və İsa Hüseynovun yaradıcılığını üç mərhələyə bölüb çox maraqlı bir çıxış etdi, İsa Hüseynovdan İsa Muğannaya ucalan yaradıcılığını yüksək qiymətləndirdi.

Görüşə dəvət olunmuş görkəmli alimlər, xalq artistləri, şair və yazıçılar İsa Hüseynovun yaradıcılığından və onunla bağlı xatirələrindən danışdılar.

Görüşün təşkilatçısı, kitabxananın direktoru, şəhid xanımı Nərmin müəllimə üç saat davam edən görüşə yekun vurdu və dəvət olunanlara öz minnətdarlığını bildirdi.

Bəndəniz də dəvət olunmuşdu. İsa Hüseynovun əsərlərindən danışdım, bir irad və bir təklif irəli sürdüm.

İradım Azərbaycan telekanallarınaydı. İsa Hüseynovun ssenarisi əsasında görkəmli kinorejissor Əjdər İbrahimovun çəkdiyi «Ulduzlar sönmür» və «26-lar» filmi niyə nümayiş etdirilmir? Hər ikisi bizim tariximizdi, özü də həmin filmlərdə beş yox, on beş yox, yüzə qədər sətiraltı mənalar verib rejissor. Yaxşı, deyək ki, «26-lar»da ermənilər də nümayiş olunur, Şaumyan da var, yəni bir kommunist ideologiyasıdır. Bəs «Ulduzlar sönmür»ə nə sözünüz? Azərbaycanın görkəmli dövlət xadimi, yazıçısı Nəriman Nərimanova həsr olunub bu film. Bakıda da ən uca yerlərdən birində ermənilərin bütün fitnə-fəsadlarına baxmayaraq, Ulu Öndər Heydər Əliyev 1970-ci ildə (heykəlin açılışı 1972-ci ildə olub) Nərimanova əzəmətli bir heykəl ucaltdı. Bəlkə Nərimanovun heykəlini də götürək, bəzi ağzıgöyçəklərin xətrinə.

Bəs, təklifim nə idi? Bu kitabxana uzun illər rus yazıçısı Maksim Qorkinin adını daşıyıb. Və nəhayət, Maksim Qorkinin adı kitabxanadan götürülüb, çox haqlı olaraq. Bəlkə kitabxanaya elə İsa Hüseynovun adını verək?

Söz Mədəniyyət Nazirliyinin, Bakı şəhəri və Səbayel rayon icra hakimiyyətlərinindir.

Hər halda bir təklifdir də verdim, yəqin eşidərlər.

  • Fevral:
  • 7

TƏQVİM / ARXİV