TRAMP PUTİNİN YOLUNU AÇACAQ - AQİL ABBAS yazır

AQİL ABBAS
389 | 2025-01-14 09:00

Bir neçə gündən sonra Tramp oturacaq Ağ Evdəki «ovalnı» kabinetdə. Və bununla da yenidən 4 il müddətində dünyanın bir nömrəli «vor zakon» dövlətinin prezident səlahiyyətlərini yerinə yetirəcək. Amma hələ hakimiyyətə gələr-gəlməz elə bəyanatlar verdi ki, hamını çaşdırdı. Birincisi, Kanadaya təklif etdi ki, ABŞ-ın 51-ci ştatı olsun. Danimarkaya deyir ki, Qrenlandiyanı sat mənə. Bir tərəfdən də Panama kanalını istəyib. 

Ağdamlılarda belə bir söz var, biri çox yekə-yekə danışanda dostlar lağla deyir ki, elə danışır ki, guya Gəncəni satın alıb, Bakının da behin verib.

Bizdə olan dəqiq məlumata görə, Tramp  ağdamlı deyil, o, yekə-yekə danışmır. Deyibsə, sözünə də əməl edəcək.  Danimarka Qrenlandiyanı ona satmaq istəməsə iki batalyon çıxaracaq adaya və Qrenlandiya olacaq ABŞ-ın, Danimarka da çığıra-çığıra qalacaq. Kanadanı da 51-ci ştat eləmək onun əlində  su içim kimi bir şeydi. Qaldı Panama kanalı, burda Çinlə bir balaca mübahisələri düşə bilər, bu da hər iki ölkə üçün acınacaqlı nəticələr verər. 

Necə ki Bakıda dövlət lazım olanda kiminsə mülkünü  satın alır və halallığını da verir. Amma mülk sahibi dirənir, elə qiymət deyir ki, onda dövlət buldozerləri töküb həmin mülkü sökür və heç halallıq da vermir və mülk sahibinə deyir ki, indi get oyna.

İndi Danimarka Qrenlandiyanı satmaq istəməsə, yuxarıda qeyd elədiyim kimi, ABŞ iki batalyon  göndərəcək və Danimarkaya da halallıq verməyəcək.

Tramp bu bəyanatları ilə Putinin yolunu  açır. Bu yaxınlarda görüşləri gözlənilir.  Tramp bəyan edib ki, Rusiya-Ukrayna  müharibəsini  dayandıracaq. Yəqin ki, Putin Trampın  qabağında şərt qoyacaq: sən Kanadanı, Qrenlandiyanı, Panama kanalını istəyirsənsə onda mən niyə Ukraynanı istəməyim? Putin: «Bölüşürüksə, dünya böyükdür və onu dədə malı kimi bölək». 

Və bu bölgüdə  çox güman ki, Tramp Ukraynanın üstündə Ermənistanı da Rusiyaya cehiz verəcək, Makron da qalacaq çığıra-çığıra. 
İnşallah, biz də Zəngəzur dəhlizini ya açacağıq, ya açacağıq!

Deyirlər, iki qoçun başı bir qazanda qaynamaz. Əgər qazan dünya boydadırsa, elə qəşəng qaynayar ki. Və o qazanı  qoçlar özü qaynadırsa! 

TƏQVİM / ARXİV