adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

İSLAM NƏ DEYİR? - 1

SEYFƏDDİN ALTAYLI
82379 | 2014-04-19 06:17
"Fətəbərəkallahı əhsənül xaliqin (bərəkallah, əhsən mənə ki, belə bir varlıq yaratdım)
Müqəddəs hədis


İnsan, Ulu Yaradanın onu yaradarkən öz nurundan bəxş etdiyi bir varlıqdır. Yuxarıdakı müqəddəs hədisdə də özünü öyməsi insana verdiyi dəyəri büruzə verir və buna görə də bütün kainatı yaradıb onun istifadəsinə verib. Tanrı, müqəddəs kitabımız Qurani-Kərimin hardasa hər ayətində, şərəfləndirərək yaratdığı insanın ağlını işlətməsini, işgüzar olmasını və düz yolda yeriməsini buyurub. Ağlını işlətmək deyəndə də elmə yönəlməsini nəzərdə tutub, onu biclikdə, hiyləgərlikdə və günah işləməkdə işlətməsini yox.
Tanrının bəşəriyyətə yolladığı axırıncı din olan İslamiyyətin müqəddəs kitabı Qurani-Kərimin ilk nazil olan ayəti "Ələq" surəsinin birinci ayətidir. Bu surənin 1-ci ayətində Yaradan, "Rəbbinin adıyla oxu"; 3-cü ayətində, "Oxu, Rəbbin ən böyük kərəm sahibidir"; 4-cü ayətində, "O, (insana) qələmlə (yazmağı) öyrətdi"; 5-ci ayətində, "İnsana bilmədiyini öyrətdi" buyurub.
Şəxsən mənə görə başa düşən, ağlını işlədən, öz xilqətini dərk edən və Tanrıya inanan hər bir Müsəlman üçün müqəddəs kitabımız Qurani-Kərim elm mənbəyi olmaqla yanaşı o, özünə inananlara elmlə məşğul olmağı buyurub, üstəlik bunu müsəlmanların boynuna əl çəkilməz bir öhdəlik kimi qoyub. İnsanın beşikdən məzara kimi öyrənən bir varlıq olması da ona Tanrının bir lütfüdür.
Uşaqlığımda və yeniyetməlik çağlarımda kəndimizdə biri can üstə olanda tələm-tələsik adam yollayıb mollanı gətizdirərdilər ki, onun başı üstə Quran oxusun, ya da müəyyən vaxtlarda mollaya pul verərdilər ki, bu dünya ilə vidalaşan ata-anaları və əzizləri üçün xüsusilə də Yasin surəsini təlavət eləsin. Bu adət indi də davam edir. İnsanlarımız hələ başa düşməyib ki, Quran dirilər üçündür, ölülər və ya can üstə olanlar üçün yox!.. Can üstə olan şəxsin birinci vəzifəsi kəlimeyi-şəhadətini gətirmək və müəyyən duaları oxuyaraq özünü Allaha təhvil verməkdir. Sonra bir şəxs özü üçün bu dünyada yaxşı işlər görməyib, savab işləməyibsə; zalımın qarşısında quyruq bulayıb məzlumları, zoru çatdıqlarını əzibsə, yetim haqqı yeyibsə, bir sözlə Tanrının buyurduğu düz yolda yeriməyibsə, bu dünyaya gələn və o dünyaya gedən insanların tamamı ömürləri boyu həmin şəxs üçün Quran oxusalar da ona xeyri toxunmaz. Hər bir şəxs öz cibində o dünyaya apardığı əməlləri ilə məhşər günü haqq-hesaba çəkiləcəkdi. Müqəddəs dinimiz belə buyurub. Ulu balalarımız demirmi, "qoyun qoyun ayağından, keçi də keçi ayağından asılır".
"Ali İmran" surəsi 61-ci ayət: "Kim sənə gələn elmdən sonra səninlə mübahisəyə tutuşarsa, de ki..."
Ulu Tanrı bu ayətdə Həzrət Məhəmməd Peyğəmbərə, Quran kimi bir elm mənbəi yolladığını buyurur. Təbii olaraq İslamdan əvvəl bəşəriyyətə yolladığı digər səmavi dinlərdə də insanlara elmlə məşğul olmağı əmr edib. İslam dinində isə bu tələbini Qurani-Kərimin "Təvbə" surəsinin 122-ci ayətində də təkidlə: "İnananların hamısı birdən səfərə çıxacaq dəğildilər. Amma hər qəbilədən bir qrupun dini yaxşıca öyrənmələri və dönüp xalqlarının içinə qayıtdıqları zaman (Allah:::ın yasaq etdiyi şəylərdən) uzaq durmaları üçün onlara xəbərdarlıq etmələri gərəkli deyildi?" deyə buyurub.
Bu ayət, bir millətin, döyüş zamanında belə elmə fəaliyyətlərini davam etdirməsini və elmlə məşğul olacaq bir hissənin vəzifələndirilməsini, onların sadəcə olaraq bu işlə məşğul olmasını nəzərdə tutur. Müharibə illərlə davam edə bilər. Belə bir vaxtda o millətin özünü saxlaya bilməsi, din və elm adamlarının bilik, mənəvi və texniki yöndən döyüşənlərə dəstək olmalarının, sonrakı vaxtlarda müharibənin fəsadlarını aradan götürərək millətin öz taleyinə gözəl istiqamət verməsinin vacib bir məsələ olduğunu vurğulayır. Zəruri vəziyyət yaranmadan yətişmiş ziyalıların din və elm adamlarının döyüş meydanlarına yollanmasının düz iş olmadığına işarə edilir və o İslamiyyət tərəfindən düzgün bir addım kimi qiymətləndirilmir.
Osmanlı Dövləti 630 il üç qitədə hökm sürdü, ancaq daxili və xarici səbəblərlə 20-ci əsrin əvvəllərində tənəzzülə uğramağa başladı. Onun vəziyyətinin pisləşdiyini görən imperialist İngiltərə, Fransa, İtaliya, Rusiya və digərləri Osmanlını dağıdıb torpaqlarına yiyələnmək üçün hər cürə yola müraciət etdilər. İngilislərin baş rolda oynadığı Çanaqqala Döyüşlərində Osmanlı məktəblərində yetişən hakimlərdən tutmuş müəllimlərə, vəkillərdən tutmuş mühəndislərə kimi 77 min ziyalı döyüş meydanlarında şəhid düşdü. əhali sayı 11 milyon olan və illər uzunu cəbhədən-cəbhəyə yüyürərək potensiyal qüvvəsinin hardasa 80 faizini itirən bir dövlətin 77 min nəfərlik qaymaq təbəqəsinin səngərlərdə canını tapşırması o dövlət adına yalnızca müharibənin yox, talein müəyyən hissəsinin də tənəzzülü mənasındadır. Türkiyənin 1970-ci illərə kimi sürətlə inkişaf etməməsinin əsl səbəbi ölkənin ziyalı təbəqəsinin o vaxtlar döyüş meydanlarında itirilməsiydi. Ziyalı da ha deyəndə yetişmir...g
İslam dini elm və bilik dinidir. İslamın və kainatın ən böyük peyğəmbəri Hz. Məhəmməd, "ümmətim aya və ulduzlara gedəcəkdir" deyərkən də əlbəttə işgüzar, ağıllı, bacarıqlı və elmə üstünlük verən ümmətini nəzərdə tuturdu. Dünya min illərdir dolub boşalır, gələn gedir, qonan köçür. Dədə Qorqud demişkən, "gəlimli-gedimli, son ucu ölümlü dünya"da hər kim babalarının tikdiyi elm sarayına bir daş, bir kərpic qoyursa, o insanlar xeyirxah, bacarıqlı və işgüzar şəxslər cərgəsinə daxil olurlar. Təbii olaraq onlar bu əməlləri ilə öz öhdələrinə düşən məsuliyyəti də yerinə yetirirlər. Ancaq gəlin görək, biz ulu babalarımıza, dinimizin ulu peyğəmbərinə və Tanrının buyruğuna əməl edirik, bizə yaraşan layiqli işləri görürük, ya yox?! Əgər hər hansı bir şəxs çıxıb, "bəli, biz öhdəmizə düşəni layığınca yerinə yetirmişik, yetiririk" deyərsə, məncə bu cür şəxslər ya İslamiyyəti yaxşı dərk etməyiblər, ya da öz məsuliyyətlərini...g
İslam dini, Tanrının bəşəriyyətə yolladığı ən kamil və ən ülvi din olduğu halda onun müqəddəs kitabının ilk nazil olan ayətində, "Tanrının adıyla oxu" deyə əmr edilirsə, bu dinin peyğəmbəri, "elm Hinddə də, Çində də olsa axtarıb tapın"; Allahın "aslanım" dediyi, İslam dininin dördüncü xəlifəsi Hz. əli, "mənə bir kəlmə öyrədənin bir dəfə qulu olaram" deyirsə, deməli İslam dininin Müsəlmanlara birinci buyruğu elmə və onun bəhrəsi olan texnolojiyə yiyələnmək olmur? Gəlin görək biz Müsəlmanlar Tanrının, onun Ulu Peyğəmbərinin, Allahın Aslanının və İslamın Dördüncü Xəlifəsinin dediklərinə əməl etmişik, etməmişik!? Ya da belə bir sual verim:
Biz İslam dininə mənsubiyyətin hansı pilləsindəyik?!

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV