“İSTANBULDA İSTANBUL HƏSRƏTİ”NDƏN BİR HİSSƏ (ixtisarla) - Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
2523 | 2023-10-06 09:10

...Aqil Abbasın istəyi ilə əvvəlcə Ayasofiyanın qarşısındakı yay kafesində çay içirik. Avropanın hər yerində olduğu kimi, Türkiyədə də çay və qəhvə kimi içkilərdə şəkər tozundan istifadə olunur. Aqil müəllim çayçıdan xahiş edir ki, əlavə olaraq bizə limon, bir də küp şəkər, yəni qənd gətirsin. Buradaca qeyd edim ki, lazım olandan artıq istifadə edildikdə insan orqanizminə nə qədər ziyanlı olsa da, qənd Azərbaycandan başqa heç yerdə çay içmək zərurətini büsbütün tamamlamır. Yəni dad və zövq məsələsində. Hətta bir zamanlar Ağdamda məşhur olan Alışın, qənddoğrayan çəkiclə hazırlayıb müştəriləri razı salan primitiv çayxanası da gördüklərimizdən çox fərqlidir...

...Yetmişinci illərin əvvəlləridir. İçərişəhər divarları yanında, metronun arxasındakı "39"-ların ilk və ya son duracağına açılan yöndə yerləşən Həbibin uzunsov çayxanası tamamilə bizə məxsusdur. "Biz" sözünün cinsi bölgüsünü vermədən keçirəm elə əsas mətləbə. Bura hər gün əsasən kimlərin gəldiyini əvvəllər çox yazmışam. Bir dəfə necə oldusa, İçərişəhərdən çıxan 4-5 turist (səhv etmirəmsə öz Almaniyamızdan- ADR-dən idilər), Həbibin çayxanasına daxil olub çay sifariş verdilər. Əslində burada çaydan başqa onsuz da heç nə olmurdu. Nadir hallarda daimi "sakinlərin" bəziləri, Möhbəddin Səmədin qəribə bir tələffüslə "akroşka" dediyi və hərdən özünün də sifariş etdiyi o məşhur "çiy xorəyimizdən" istəyirdilər. Həbib ilk baxışdanca çox səliqəli və mədəni təsir bağışlayan xaricilərin masasına ağ bir örtük də saldı. Gözəl çay dəmlədi, kəllə qənd doğrayıb gətirdi. Bütün bunları gülərüzlə qəbul edən almanlar, çay qaşığı və şəkər tozu istədilər...

Aqil müəllim sabah Bakıya qayıtmalıdır. Vaxtdan istifadə edib bir neçə dost-tanışı arayır İstanbulda. Tibb sahəsinin adamlarıdır. Çalışır ki, mənə köməklik olsun, çox əziyyət və xərc çəkməyim. Başqa məsləhətlər də verir. Deyirəm Ayaz yanımdadır, narahat olma, bu dəfə də dostumuz Bəhruz Səfərəliyevi arayır...

Tramvaya minirik. Hansısa bir duracaqda düşüb piyada yaxınlıqdakı qarşısı dənizə açıq restorana keçirik. Bura dənizin içərisinə uzanan körpü kimi bir yerdir. Ancaq çox qələbəlikdir. Aqil Abbas burada da özünü sərbəst və elə istanbullu kimi hiss edir. 

Gözəl və zövqlü nahardan sonra qalxıb əvvəlcədən müəyyənləşdirdiyimiz səmtə yol alırıq. Bu dəfə taksiylə gedirik. Yolumuz Eyyubadır. İradə xanım İstanbulu çox sevir, deyir heç ayrılmaq istəmirəm bu şəhərdən. Yol boyu taksi sürücüsünə Türkiyə türkcəsi, eləcə İstanbul ləhcəsi ilə suallar verir, danışır, ətrafı çox doğma bir hislə seyr edir. İlk və əzəl səbəbini söylədim bayaq. Ancaq başqa bir səbəb də var axı. İradə Tuncay "Sarı odalar" kitabında və başqa bir sıra yazılarında 20 milyonluq "İstanbul ölkəsinin" bəzi tarixi və indiki məqamlarından bənzərsiz, unikal söhbətlər açmış, əlamətdar bilgilər paylaşmışdır. OXUYANLAR BİLİR Kİ, bütün bunlar qəlbin, ruhun, sevginin eyni anda bütünləşən cazibə nöqtəsidir. Bu cazibə hər yoldan ötəni özünə çəkməz də. Onun ovu yüksək zövq qurbanlarıdır, toru-tələsi sevdalılar üçündür. 

İstanbulun Eyyub səmti də İradə xanım üçün belə bir ruh yüküdür. Kosmopolit dünyagörüşün üzərindən milli köklərə bağlı dünyəvi bir istiqamət almaq arzu və istəyin varsa, İradə Tuncayın "İstanbulu dinliyorum gözlərim kapalı..." məqaləsini, yoox, essesini bir daha oxuyun və Pierre Lotini də duymağa çalışın. Onun nəvazişli yazı üslubu və köməkliyi ilə.

Heç demə Aqil Abbas və İradə Tuncay İstanbulda olarkən mütləq camelərə də gedirlərmiş. İndi də Eyyub sultan camesinə gedirik. Məkan dayandığımız yerdən aşağıdadır. Bizi ora aparan yol böyük məzarlıqdan keçir. Aqil Abbas Ayazla 7-8 addım qabaqda düşürlər qədim Eyyub məzaqlığının pillələrini. İradə xanımla mən arxadan gəlirik. 

İradə xanım İstanbulun yüz il qabaqkı Eyyubundan bir məsələyə aydınlıq gətirmək üçün Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanını yada salır və mən həmin əhvalatı anidən xatırlayıb ona təşəkkür edir və yaddaşına heyranlığımı da bir daha diqqətə çatdırıram. Hərdən İradə xanımla bizim ezop dilinə bənzər bir üslubda kiçik dialoqlarımız olandı. İndi bu məzarlıqda "Çalıquşunu" bir qədər assosiasiya edirəm və... Aqil Abbas geriyə dönərək "transkripsiyanı" bizim nəzərimizə çatdırır. Yəni mən bilirəm siz hansı əhvalata işarə edirsiniz...

...Birlikdə Eyyub sultan camesinə daxil oluruq. Aqil Abbas bulaqda əl-üzünü yuduqdan sonra dua verir. Sonra şəkillər çəkdiririk. 
Çöldə şəxsən mənim gözləmədiyim halda qaraçılarla rastlaşırıq...

...1975-ci ilin iyul ayıdır. Bir il əvvəl kitabxanada tanış olub, sonralar dostluq etdiyimiz və tez-tez görüşdüyümüz Olqa ilə rastlaşırıq. Bu, danışılmamış təsadüfi bir görüşdür. İyirmi yaşında mavi gözlü, sarışın bir qızdır. Axundov adına institutda təhsil alır. Bakının elitar rus ailələrindən birinin ən kiçik övladıdır. İki bacı, bir qardaş. Olqa İvanovna mənə məlumat verir ki, Nizami kinoteatrında yaxşı bir film göstərilir, hamı ondan danışır. Olyanın məqsədini anlayıram. 

Nizami kinoteatrına yaxınlaşanda o vaxtların məşhur kinoaktrisası Svetlana Tomanın hündürlüyü az qala 3-4 metrə çatan iri, həm də cazibədar görkəmli şəkli göz qamaşdırır. Saçları çılpaq sinəsini örtən baş rol ifaçısının sol çiynindən bir qarış üzü aşağı rəssam bu gözəlliyə ikinci bir "azadlıq" vermişdi. Mən ilk dəfə idi ki, Bakıda ictimailəşmiş erotik portretlə rastlaşırdım. Film qaraçıların həyatından bəhs edirdi və ruscadan tərcüməsi təxminən belə idi: "Tabor göyə qalxır". Təbii ki, növbəyə durmadan orta sıralara iki bilet almaq mənim üçün çətin bir iş olmadı. 

Film doğrudan elə Svetlana Tomanın özü kimi gözəl idi. Mən o vaxtadək qaraçıların, yəni əsl roman qaraçılarının həyatından bəhs edən filmə tamaşa etməmişdim. Sonralar bir neçə belə filmə, hətta çoxseriyalı televiziya filminə baxsam da, "Tabor göyə qalxır" mənim heç vaxt unuda bilmədiyim əhvalat kimi yaddaşımda beləcə qalıb yaşadı. Birincisi uşaq vaxtı belə qaraçı köçlərini rayonumuzda bir neçə dəfə görüb onların fal tutmaqlarına, ayı oynatmaqlarına tamaşa etmişdim. İkincisi bircə il sonar, yəni 1976-cı ildə Mahir Qarayevin mənə təqdim etdiyi "Qaraçı qız" şerini oxuduqda özümü saxlaya bilməyib dəftər vərəqini öpmüşdüm. Yəni, şer bu qədər gözəl və mükəmməl idi. Üçüncüsü isə Olqaya aiddir...
Aqil müəllim qaraçılardan birinə falına baxdırmadan pul verir…

    ...Heyif, birlikdə olduğumuz 7-8 saat belə tez keçdi. Axşam düşüncə bizə uğurlar arzulayıb ayrılırlar. Mən bu doğma və xoşbəxt insanlara təşəkkür üçün ən şirin sözlər axtarıram. Baxıb görürəm ki, əbədi xoşbəxtlik arzusundan yuxarı istək ola bilməz. Dostlarım və doğmalarım Aqillə İradəyə əbədi xoşbəxlik hallalığı var bu mürəkkəb, ziddiyətli dünyamızın. 

P.S. ...Yazacaqlarım hələ çoxdu, son sözüm bir az uzaqdadı. Əslində bu bir istəkdir, arzudur, qalan hər şey Tanrıya məxsusdur - son sözü O özü yazır. Ancaq vəziyyət elədir ki, yazmaq istədiklərimin bəzi nüansları üzərində tərəddüdliyəm. Ömrün uzaq keçmişiylə bu günləri arasındakı məsafə hərdən məni elə diksindirir ki, çaşıb qalıram. Bəlkə elə bu səbəbdən birinci hissənin sərlövhəsini "Başlanğıc: yazmaq və yazmamaq" adlandırmışam. Düşünürəm ki, hələ yazmalıyam, hələ gerçəkdən başlanğıcdır. 

...Buradaca ürəyimdən qəribə hisslər keçir və mən... şer oxumaq, şeir söyləmək istəyirəm. Duruxub qalmışam: onumu, bunumu, ya bəlkə Nazim Hikmətin "Dəniz sahilində düşünən adamını"? Hamısı mümkündür. Ancaq indi tamam başqa ovqatdır, indi Rayner Maria Rilkenin günüdür. Üstündən bir əsrə yaxın vaxt keçsə belə...

Səs gəlir: hardasa çaylar oxuyur,
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil, zaman deyil, yox-
bəlkə sonsuzluqdu əriyir, axır. 

Sənə yabançıdı bu səslər hələ,
Sudu - gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan bəlkə sən elə -
düşmüsən, qalmısan o axındaca.

Hər şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası varmı...
sudu... axıb gedir, adi axındı...

Sənsə sir dəlisi, sir ölüsüsən,
yad sular, yad çaylar axdı, apardı
bütün hisslərini... hara görəsən?


 

TƏQVİM / ARXİV