adalet.az header logo
  • Bakı -°C

MƏN NECƏ İTİRDİM XOŞBƏXTLİYİMİ?! - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
113 | 2026-04-17 09:10
A- A+

Özəl olan duyğular

Hərdən fikirləşirəm ki, arxada qalan illər, aylar, günlər görəsən məndən nə aldı? Və ümumiyyətlə, məndə nə var idi ki? Sonra da bu iki sualın arasında var-gəl edirəm. Yəni alınanla olanın arasında özümə yer tapmaq istəyirəm. Əgər o yer varsa... Amma o yeri tapmaq da çətin olur. Ona görə ki, yaşadığım həyatın dolanbacları o qədər olub ki, bir düzəngah, bir seyrangah, lap sadə şəkildə ifadə etsəm əl içi boyda yer tapa bilməmişəm ki, orda doyunca dayanıb, dincəlib bu dünyadan ləzzət aldığımı ifadə edim. Siz elə fikirləşməyin ki, mən naşükür bəndəyəm.

Əsla! Ümumiyyətlə, naşükürlük mənim əxlaqıma yaddır. Allahın verdiyi hər şeyə qane olan bəndəyəm. Lakin bir bəndə olaraq özümə hərdən suallar ünvanlayıram. Görəsən, daha yaxşı, daha maraqlı nə isə yaşaya bilərdimmi, görə bilərdimmi? Təəssüf ki, görünənlər, yəni olmuşlar sualıma müsbət ipucu vermir. Çünki yaşadığım həyat iki, daha doğrusu, üç zaman kəsiyinə bölünür. Uşaqlıq, gənclik illərim Sovet dönəmində arzuların qanadında keçib. Oxumaq, ali təhsil almaq, müəyyən mərhələlərə çatmaq istəyim hakim olub ürəyimdə. Amma bu istəklər reallaşmaq istəyəndə dünyada bir sağalmaz xəstəlik olan erməni faşizmi hər şeyi alt-üst edib. Vətəndə vətənsizliyim başlayıb. Yenicə isitdiyim ocaq, yenicə tikməyə başladığım yuva yağmalanıb, talan olub. Qaçqınlıq, köçkünlük başlayıb. Neçə dəfə təzə ünvana sığınmalı olmuşam. Və 30 ildə vətəndə vətənsizliyin hər üzünü görmüşəm. Bu da bir talanan ömür, bu da bir ağrılı, nisgilli həyat hekayəsi. Həmin 30 il gəncliyimi də, yaşamalı olduğum gözəllikləri də, arzuları da əridib öz içində.  

İndi isə ömrün günbatanıdı. Günəş qüruba tərəf əyildiyi kimi yaş da üçüncü mərhələdən, yəni üzü enişə istiqamət götürüb. Bu dövrün də qayğıları başdan aşır. Çünki arxada qalan iki mərhələ sözün yaxşı mənasında güvəniləsi heç nə saxlamayıb özündə. Bircə ümiddən, inamdan başqa. Çünki yurda dönüşə olan daxili inamım 30 il yaşamağıma stimul olub...
Bax bu üç mərhələ bir insan ömrünün mənim düşüncəmə görə fəsilləridi. Təbii ki, təbiətdə dörd fəsil var. Amma mənim insan ömrümdə, taleyimdə yaz fəsli yoxdur. O, əvvəlki iki dövrün dəyirmanında üyünüb. Və mən də barışmışam o dəyirmanla. Barışdığıma görə də düşünmüşəm ki, bu talehlə oynamağa dəyməz. Hətta onu şeirə də çevirmişəm:

Gecəsi də, gündüzü də əzabdı,
Yaşatdığı baş ağrısı, əsəbdi...
İçindəki kükrəməyən qəzəbdi -
Bu talehlə oynamağa dəyməz heç!

Əl ürəyi sıxıb tutan bir masa, 
Həmlələri hiss edirsən birbaşa!
Yük olanda bir ürəyə, bir başa-
Bu talehlə oynamağa dəyməz heç!

Ləpələrin qırışını saymıram,
Çəkdiyimin tüstüsün də yaymıram...
Bilirəm ki, mən nə qədər hay vuram -
Bu talehlə oynamağa dəyməz heç!

Uzaqlara göz zilləyib ha baxım, 
Gülümsəmir əvvəlki tək sabahım...
Razılaşar mənimlə ta Allahım -
Bu talehlə oynamağa dəyməz heç!

Zamanın ələyi də, xəlbiri də həmişə öz işində olub. Kimi istəyirsə ələyib, kimi istəyirsə xəlbirindən keçirib. Bu istəyin iki yozumu olub. Biri yararlı olmaq, biri də kəpək olmaq. Doğrudur, indi kəpəyi də una qatırlar. Necə deyərlər, insaf deyilən anlayış o qədər aşılanıb ki, düzəlməyən dünyada bəzən un ilə kəpəyin də fərqi olmur, ya da onu bir-birinə elə qatırlar ki, adam məəttəl qalır. Sonra düşünməyə məcbur olursan, bir halda ki, kəpəyi una qatacaqdıq onda niyə ələyirdik. Bir az məntiqi sual olsa da cavabı da məntiqlidi. Ələyirdik ki, görsünlər, bilsinlər biz iş görürük, işlə məşğuluq, onun faydalılığı isə sonuncu yerdə dayanır. Dərəcəsini müəyyənləşdirmək hər adama müəssər ola bilməz. Nə isə…

Bir az dərinə getmişdim. Fikirlərin bir-birinə calanması məni çözülməz duruma tərəf aparırdı. Yaxşı ki, nəfəs dərdim. Lazım olmayan, düzgün başa düşülməyəcəyi fikirlərdən geri qayıtdım. Həmin o dönüş anında ilk ağlımdan keçən “lənət şeytana” oldu. Deməyin ki, burda şeytanlıq nə var ki… Yazan da, yozan da özünsən. Təbii ki, siz haqlısız. Mən də hardasa haqlıyam. Axı, ağlı başında olan adam heç vaxt görə bilməyəcəyi, qaldırmağa gücü birmənalı şəkildə çatmayacağı yükün altına çiyin verməz. Bu, müdriklik deyil, bu, reallığı görməkdir. Mən isə hisslərə qapılanda özümü burulğana salıram…

Bu gün öz-özümə verdiyim sualların hamısının əvvəli də, sonu da ömür yolumla bağlıdır. O yol ki, ordan keçib gələndə udduğum da, uduzduğum da, aldığım da, verdiyim də, sevib-sevmədiyim də mənimlə yanaşı olub. Necə deyərlər, çiyin-çiyinə addımlamışıq. Və…


Anlaşaraq bərəsiylə, bəndiylə 
Mən bu yolu xəyalımda çox keçdim...
Yararlanıb zəmanənin fəndiylə - 
Bir qarın ac, bir qarın da tox keçdim...

Qaçılmazdı büdrəmək, ya yıxılmaq - 
Bildiyimdən dayanmadım, durmadım.... 
Haqlı-haqsız, açıq-aşkar sıxılmaq - 
Olayların heç vaxt üzə vurmadım!

Ümidlərin tumurcuğun, çiçəyin 
Mən bir köynək yaxınımda gördükcə...
Ağrıları unudurdum ürəyin - 
Səhərləri bir-birinə hördükcə!..

Görünsəm də bir az fərqli, havalı -
Demə gözüm yeri-göyü seçmirdi!
Kimlərinsə dil əzbəri - bu halı -
Heç ağlımın ucundan da keçmirdi!

...Mən bu yolu ilk addımdan bu günə 
Alın tərim və sevgimlə göyərtdim! 
Ümidlərim düşəndə də düyünə - 
Mən bu yola SEVGİ nədir? - öyrətdim...

Bəzən xatirələr məni öz toruna elə salır ki, çabalaya-çabalaya qalıram. Çıxa bilmirəm o xatirələrin girdabından. Açığını deyim ki, elə hallar olur heç çıxmaq da istəmirəm. Çünki o xatirələr dostlarımla, doğmalarımla, çevrəmlə, sevgimlə bağlıdır. Onlardan ayrılmaq və təkrar onların, təbii ki, itirdiklərimin acısını yaşamaq heç də asan deyil. Bunu ona görə xüsusi vurğulayıram ki, əksər adamlar kimi məni də itirdiklərim, xüsusilə, itirəndən sonra təkrar kəşf etdiklərim yaman ağrıdır. Ona görə də o xatirələr həm də mənə həmin ağrıları yaşadır. Deməli, yaşadıqlarım filmə də bənzəyir, nağıla da oxşayır, bəzən də ilğımı xatırladır. Sonuncu heç cür gerçəkləşdirə bilmədiyim, yəni xəyalımda yaratdığım xatirələrdir. Onların bu dünyada bircə şahidi var. O da ürəyimdəkidir. Və təbii ki, ən böyük şahid də Allahdır. Həmin şahidlərin qarşısında nağıl danışmaq bir az özünü aşağılamaq kimi gəlir mənə. Çünki dili yüyrək olan nağıllar dinləyəni düşündürməlidir, inandırmalıdır. Mənim xəyali xatirələrimin nağılları isə ilğım olduğundan ona yaxınlaşdıqca o da uzaqlaşır. Və...

Və görürəm ki, uzaqlaşan xatirələrim özü ilə xoşbəxtliyimi də aparır. O xoşbəxtliyi ki, ömür yolumda təkcə çarpışmaqla, mübarizə aparmaqla, inad göstərməklə qazanmağa çalışmışam. Amma saxlaya bilməmişəm. Çünki xoşbəxtliyin bütöv formasını heç yuxuda da görməmişəm. Hər itirdiyim doğmamla, hər itirdiyim gözəlliklə, hər daşa dəyən ümidimlə müxtəlif formalara düşüb xoşbəxtliyim. Və sonda da...

Günəş gözümdəydi, Ay ürəyimdə, 
Tanrımın verdiyi pay ürəyimdə! 
Bahar təravətli yay ürəyimdə - 
Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

Bağım barlı idi, baxçam da güllü, 
Nəğməli, şeirli boxçam da güllü... 
Günlər çinləmişdim taxçamda - güllü - 
Bəs, necə qaçırtdım xoşbəxtliyimi?!

Yüyənsiz buraxdım zaman atını, 
Səssiz dərinləşən fikir çatını... 
Oxuya bilmədim tam həyatını? - 
Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

Hər dəfə axırı irəli çəkdim, 
Bir əli yandırdım, bir əli çəkdim... 
Axı mən əlimi şirəli çəkdim - 
Bəs necə qaçırtdım xoşbəxtliyimi?!

Külüm sovrulubdu, közüm tapılmır, 
Deməyə bir kəlmə sözüm tapılmır... 
Vallah, ha çözürəm, çözüm tapılmır - 
Mən necə qaçırtdım xoşbəxtliyimi?!

P.S. Dəyərli oxucu, bu yazıya görə sənin iradlarını qəbul etməyə hazıram. Çünki sənin də, onun da, onların da öz xoşbəxtliyi, öz xoşbəxtlik formulları var. Mənimki isə...
 

TƏQVİM / ARXİV