adalet.az header logo
  • Bakı -°C

OQTAY RZAYA - Kəmalə ABIYEVA yazır

KAMALƏ ABİYEVA
68482 | 2019-08-19 18:12
A- A+

Onu çox sevirdim. Çoxdan tanıyırdım. Anamla eyni universitetdə işləyirdi. Ayrı – ayrı fakültələrdə çalışsalar da dost idilər. Anam fizik olsa da ədəbiyyatın – poeziyanın vurğunu idi. Anamın ilk nəvəsinə Ayselə şeir də yazmışdı. Sonralar Ayselin (Aysel Əlizadə) AYB - də keçirilən ilk kitab təqdimatında şeiri böyük sevgiylə söylədi. Sevinirdi ürəkdən. Çox adama şeir həsr edib.Çoxlarının müəllimi olub. Tələbələrini də sevib,müəllimliyi də. Çünki sevgi doluydu, çox saf idi. Şeir kimi insanları da sevirdi. Şeirlərinin çoxunu əzbər bilirdi. O qədər sevgi doluydu ki, insanları o qədər sevirdi ki, onların pis tərəflərini görmürdü. Hamıda yaxşı nəsə tapırdı. Onunla tədbirlərdə görüşürdük. Hər görüşəndə hansı misramısa əzbər deyirdi. Ən çox dediyi "Azərbaycan” şeirimdən "bu nəğməyə həsrət dodağam”, "torpağını geyinərəm əynimə”idi. Nə yaxşı ki, ona həmişə sevgi göstərmişəm. Arada AYB –nin "Natəvan” klubunda keçirilən tədbirlərdə oluram. Oqtay müəllim tez – tez gəlirdi bu tədbirlərə. Təbii idi. Təqaüddə idi.Yaradıcı idi. Darıxırdı…Hiss edirdin ki, söz demək istəyir. Bəzən söz vermirdilər. Ürəyim sıxılırdı. Ərkim çatan olanda "söz verin” deyirdim. Bəzən təklif – filan gözləmədən danışırdı. Bütün qarmaqarışıq insanların arasında təbii idi, təmiz idi, özü idi. Mən də bir az vəzifəsi, pulu, adı - filan olanlara, kiminsə qohumuna, daha çox "əyilə bilən”ə şəxsiyyətindən, yaradıcılığından asılı olmadan həmişə söz verildiyini hiss etmişəm. Bir də görürsən elə adama söz verirlər ki, müəllif qalır bir tərəfə özündən danışır, ya mənasız bir şeir oxuyur. Ona görə də tədbirlərdə iştirak etməyə can atmıram. Yalnız şəxsən dəvət olunanda, dəyər verdiyim, belə hisslərdən uzaq olanların tədbirlərinə gedirəm. Osa elə bil bunların fərqində deyildi. Bəlkə də öz mənəviyyatıyla çoxlarından üstün olduğuna əmin idi, arxayın idi. Yəqin beləydi. Mən AYB- də təqdimat keçirməmişəm. Hər dəfə "Tədbir elə. Sənin haqqında danışmaq lazımdır” deyirdi. Mən də söz verirdim. Onda sadəcə gülümsəyirdim. İndi anlayıram ki, o hamını tanıyırdı, fərqi bilirdi, sadəcə hərəni öz ixtiyarına buraxmışdı. Çünki onun böyük ürəyində belə kiçikliyə yer yoxdu. "Sinəmdə sönməyən vətən sevgisi”ylə yaşayan İnsan! Ruhun, sözün, söhbətin həmişə yaşayacaq.

ŞEİR ADAM


Şeir adam, bilirdinmi xoşbəxtsən?
Hər gülün, hər yarpağın, göylərin, bu torpağın,
bütün duyduqlarının, bütün gördüklərinin,
bütün sevdiklərinin şeiri vardı qəlbində.
Şeri vardı dilində.
Şeir kimi gəzərdin özün də ürəklərdə.
bilirsənmi, xoşbəxtsən?

Bilirsənmi yerişin də şeir oldu,
baxışın , gülüşün də şeir oldu.
Bilmirəm kim dedi ki,

Oqtay Rza da öldü…
Şeir adam, indi yəqin deyərdin

" şeir heç ölərmi ki?”
Haqlısan, şeir heç ölərmi ki?
Sinəndə ürək deyil, şeir
daşıyırdın sən.
Bilirsənmi, xoşbəxtsən!
Bilirsənmi ki, varsan?
Şeir adam, şeir-şeir
ürəklərdə yaşarsan.

P.S. Tezdən Əbülfət bəylə danışdım. Bu kiçik yazını verməsini istədim.Çünki "Ədalət”həmişə onu sevgiylə,hörmətlə qarşılayıb, Onu sevgiylə, hörmətlə yola salıb.

18.08.2019.

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV