RUSİYA  RUHANİ İDARƏSİNİN SARSAQ QƏRARI - Aqil ABBAS yazır

AQİL ABBAS
117 | 2025-06-23 13:27

Bilmirəm buna qərar deyək, yoxsa fətva? Amma hər nədisə sarsaqlamadı. Rusiya müsəlmanlarının ruhani idarəsi fətva verib ki, hər bir müsəlman  dörd arvad  ala bilər. XXI əsrdə əxlaqsızlığın ta zirvəsidi.

Deyə bilərsiniz ki, bu, İslamın qanunlarından biridi. Elə deyil, məsələyə başqa cür yanaşaq. İslam dini yarananda böyük müharibələr gedirdi, təbii ki, müharibələrdə də kişilər qırılırdı, ona görə də ərləri  müharibədə ölmüş qadınlar  başsız qalmasın, ac-yalavac qalmasın, buna görə əyri yola düşməsin deyə dörd arvada  icazə vermişdilər. 

O  vaxtdan 1400 il keçir. İslamın sivil ölkələrində bu, qadağandı. Deyək ki, bircə bu  ərəb ölkələrində və İranda qalıb çoxarvadlılıq. Görünür, orda qadınlar çadrada  gəzdiyindən seçim etmək imkanları yoxdur. Ona görə  çox arvad alırlar ki, bəxtə bəxt, bəlkə aldıqlarından biri lotoreyaya düşdü, gözəl çıxdı. 

Səhər tezdən bir sayt zəng edib ki, bu məsələyə necə baxırsınız? Təbii ki, pis baxıram. 

Sonra da fikirləşirəm ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi bəlkə bu qərarı, ya fətvanı ona görə verib ki, Rusiya-Ukrayna müharibəsində müsəlmanları  basıblar ön cəbhəyə, qırılanların çoxu müsəlmanlardı. İndi həmin qırılanların xanımları başsız qalmasın, ac-yalavac qalmasın, başqa yollara  düşməsin deyə ona görə belə bir qərar  çıxarıblar.

Amma hər halda axmaqlıq və düşüklükdü. Bu da Rusiyada yaşayan müsəlmanları gözdən salmağın bir yoludu. 

Onu da  qeyd edək ki, Rusiya Federasiyasının əhalisinin 30 faizdən çoxu müsəlmandı, özü də müsəlman türkləri. 

Görünür, Rusiyada əhalinin azalmasının qarşısını bu yolla almaq istəyirlər. Çünki bilirlər ki, müsəlmanlar çox doğub törəyir. Bir tərəfdən də miqrantları qovurlar, qovulan miqrantların da 90 faizi müsəlman respublikalarındandı. Onların yerini  doldurmaq üçün belə bir qərar veriblər. 

Yadıma düşmüşkən, bir məsələni də qeyd edim. Nikolay vaxtı Çarın göstərişi ilə Kərim bəy Mehmandarovu və Əbdürrəhim bəy Haqverdiyevi tez-tez

Peterburqa dəvət edirmişlər. Yanlarına da 17-18 yaşlarında təmiz qızları salırmışlar ki, qoy yaraşıqlı türk kişilərindən döl tutsunlar. Bunu özümdən uydurmuram, həqiqətdir. 

 

TƏQVİM / ARXİV