adalet.az header logo
  • Bakı -°C

Sənətkar üçün povest növündə... Rekviyem - AYDIN CAN yazır

AYDIN CANIYEV
209 | 2025-11-25 15:03
A- A+

Və yaxud Aqil Abbasın əsərləri, Çakondanın təbəssümü, Flora Kərimovanın proses həzzi barədə elegiya

2000-ci illərin əvvəlində baş redaktor olan dostuma dedim ki, səhhətim həyəcan təbili çalır, ölməyim mümkündür, amma bilirəm, kimsə məndən yazmaz, çünki məni tanımırlar, ruhun rəva görsə, xislətin icazə, bir yazı yazasan! Qısqanmayasan, paxıllıq etməyəsən! Qayıtdı ki, Aydın, özün özünə nekroloq yaz, ver mənə, imza ataram, amma 3 min işarədən artıq olmasın, biləcəklər ki, mən yazmamışam!

- Əgər mənim ölümüm 3 min işarəlik yazıya sığarsa, kül elə yazının və həm də mənim başıma! İstəmirəm də, ölmürəm də!

Aqil Abbasın “Rəmiş” povestini oxuyanda çox məmnun oldum, çünki Rəmişi sənətkar kimi tanıyanlar nə qədər səmimiyyətlə təəssüf etsələr də, lap elə ürəkdən yansalar da, bu ölümü ifadə etmək məharətləri-səxavətləri cəmi bir və ya iki cümləlik abzasdan o yana keçəsi deyil: çətin xarakteri vardı, virtuoz sənətkar idi, lotu oğlan idi!

Elə bu?

Rəmiş bizlərin bildiyi bu boydaydımı, bu qədərmi idi, bir abzas yetərliydimi Sənətkarlığını, Oğlanlığını və İç Dünyasını çatdırmağa?

Adamdan sağlığında danışanda, ölümündən sonra kimliyini çatdıranda gərək Adamı tanıyasan! Gördüklərimizdə, müsahib olduğumuzda şahidliyimiz TANIMAQ üçün bəs eləmir!

Amma Aqil Abbas Rəmişi tanıyırdı, bilirdi kimdir, bilirdi onu necə alqışlamaq, necə “lənətləmək” (“Bu dünyadan bir Rəmiş keçdi” yazısına da nəzər yetirmək lazımdır!) və necə ağlamaq lazımdır!

Əslində, Aqil Abbasın Ağdam arealını təqdimatında ağır bir mərsiyə ruhu var, adı povest olsa da, əksər povestlərini münacat saymaq olar! Aqil Abbasın təqdimatında obrazlar... METAFORASI güclü, salğarlı, sanballı, səngin olanlardır: həm bioloji, həm də coğrafi vahid kimi!

Povestin ən vazkeçilməz məqamlarından ilki də elə budur ki: Rəmişin haçansa və necəsə “hicrət” etməyini çatdırıb! Kimsə inanmaya bilər, hesab edər ki, tanıdıqları Rəmişin həyatına bu ştrixi Aqil Abbas yazıçı təxəyyülü ilə düzüb-qoşub! Özünüzü aldatmayın – real həyatda belə faktlar var!

Biri elə mənim heç harda tanınmayan dədəm Məmməd – Anasına “Allahım” deyirdi və ona görə deyirdi ki, müharibə illərində gecənin zil qaranlığında onu yerdən-yerə çırpan gözəgörünməzlərin əlindən anası kol-kosluqda alıb xilas etmişdi: atamın bütün yaxşı keyfiyyətləri barədə cümlə-cümlə yazılarımda yamzışam, amma atamın başqa işləkləri haqda yox: oxuyan həmən deyər ki, bu, şeytan belindən və hətta şeytandan qırx gün qabaq dünyaya gəlib.

Rəmişin xislətindəki bütün yaxşılıqlar mələklərin onu oddan, yağışdan qoruyan çətir(li) olmasındadır – povestdə bu, qəşəng və qənirsiz çatdırılıb!

Rəmişin “şeytan” üzü də Atasının diliylə dəqiq çatdırılıb!

Amma Rəmişin sənətkarlığını, seçilmiş şəxsiyyət olmasını Aqil Abbas mükəmməl ifadə edib.

Poverstdə mənə ləzzət edən, heyrətləndirən məqamlar o qədər çoxdur ki, bir povest üçün çox sayıram: povest elə Bakıda, Göyçayda, Şamaxıda, Gəncədə Rəmişin şərəfinə açılan “baqatı” süfrələr kimi “boqatıy”dır-zəngindir, elə Rəmişin ifası kimi, virtuozdur!

ZƏRURİ İZAHAT: “Səslər Tablosunda da Vinçi kodu” ucalığında olan Flora Kərimova ilə görüşəndə bu şərəfdən maksimum yararlanmaq üçün soruşdum:

- Flora xanım, bilə-bilə ki, sizi siyasi mövqeyinizə görə uduzduracaqlar, niyə Faiq Ağayevlə məhkəmə davası açırsınız, axı, sizi sevənlər bundan pəncidə olur!

- Aydın, mənə nəticə maraqlı deyil, mən PROSESDƏN ZÖVQ ALIRAM!

Doğrusu, bu sözü bu anlamda mən azından 30 il idi gözləyirdim hamıdan, təkcə Flora xanımdan yox! Amma və lakin... məhz Flora xanım PROSESin nədənini duyduğunu kamil şəkildə izahladı!

Çünki PROSESlə HƏRƏKƏTin fərqini çox vaxt bilmirik!

SÖZARASI: bir narkomanın əlinə yaxşı bir “şey” düşür, çəkir, kayfda oturur dəniz qırağında, balıq tutur. Toruna düşən qızıl balıq üç arzusunu yerinə yetirəcəyini deyir. Narkoman qardaş da deyir ki, bir, Xəzərin bu üzündən o üzünə körpü tik, iki, Çingiz xanın qoşunlarını o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə göndər və üç, körpünü dağıt!

Qızıl balıq arzuları yerinə yetirir və soruşur:

- Bu, sənin nəyinə lazım idi?

- Bilirsən, əzizim, sanki həyat dayanıb, “dvijeniya” yoxdur, istədim ki, bir “dvijeniya” olsun!

Ölkədə PROSES və HƏRƏKƏT yoxdur – bütün sahələrdə!

ELEMENTAR BİR MƏNTİQİ SUAL: bilirsinizmi indi niyə “dissident ədəbiyyatı” və “provokasiyon antisovet” yazılar anlamında-dəyərində-statusunda, faydasında mükəmməl əsərlər yaranmır? Çünki “Kamil müəllimin çayxanası”, ““Azadlıq”ın redaksiyası” tipində HƏRƏKƏTləri tənzimləyən PROSES- müzakirələr yoxdur. Düşüncə də yoxdur, məkan da!

Və.. ümid sonda ölür. Azərbaycanda nələrsə baş verir – heç olmasa, ədəbi müstəvidə, nə qədər bərbad olsa da!

Üstəlik də bizim PROSESdən xəbərimiz yoxdur, HƏRƏKƏTlərimiz mücərrəd olmasa da, anlamı və mahiyyəti mücərrəd olan nəzəriyyə tezisləri üstündədir!

Ədəbi tənqid, ekspert və elmi-ədəbi-ictimai-siyasi analitika institutlarının nümayəndələri isə heç vaxt oturuşmuş, kalka, trafaret və şablon resursdan başqa heç nəyə əl atmaq istəmir!

Menyüdə ədəbi-sosial-elmi-siyasi sifariş bəsit, kütləvi populizm desertləri üstündədir, cəmiyyət aclıq hiss etmir!

Açıq təfəkkür və qlobal düşüncə səslənməyə meydan, getməyə yol və girməyə kanal-deşik tapmır! Faktiki isə nümunələr var! Sadəcə, diapazon və düşüncə kreativliyi çatmır! Hətta bu da var e, amma bununla məşğul olanlarda yoxdur, başqaları başqa yerdə başqa cür tətbiq edir, amma cavabdeh və mükəlləf olanlar...

Ancaq Aqil Abbasın “Rəmiş” povestində “yoxdur” deyib giley etdiklərimin hamısı, həm də PROSES və HƏRƏKƏT var. Dinamikası sabit yüksələndir!

Taxtaya bərkidilmiş simlərlə musiqi dünyasına cəhdin Aşıq Xanpolada şagirdlikdən keçərək Qurban Primovun tarının hədiyyə alınmasınadək. Yol yolçuluğunda da, məclis içində də hər zaman ƏMƏL var! Xarizma diqtəsi və zamanın müəyyən etdiyi fəaliyyət hüdudlarının sərhədlərini aşma gücü, cəsarəti və bütün bunları cəzaya layiq görülmədən sərgiləmək var! Dəliliyin içində bir ağsaqqalıq olmasa da, yekə, böyük bir kişinin ərdəmlik surəti boy atır!

SÖZARASI: Ağ Şəmsəddin Sultan Mehmet Fateh ona şəyirdliyə veriləndən az sonra ondan imtina edir, deyir ki, bundan mənə şəyird-mürşid çıxmaz. Sultan Mehmet Fateh İstanbulu alanda qeybətcillər-xəbislər bu faktdan yararlanmaq istəyəndə qısa və konkret cavab verir:

- Lan, sən indi onu fateh kimi görürsən, mən onu on yaşında olanda görmüşdüm! Özümə şəyird saxlasaydım, aftafa tutanım olardı, bildinmi, lan?

Qurban Primov tarını bağışlayanda onu FATEH görmüqşdü – Aqil Abbas yazıçı olaraq, bunu gözəl çatdırıb!

Qurban Primov o dövrdə sənətdə mürid olanlardan biri idi!

Mənim üçün Qurban Primovun həmin hədiyyə tarının satılmaması da, sındırlması da elə başlığa çıxardığım “Cakonda təbəssümünün sehri”ni ifadə edir!

Erməni tar ustası Xaçı yaxşı ki sədəfli sazın qırıqlarını yığıb muzeyə verib – muzeydəki tardan heç nə gəlməz, amma o tar kimsədə olsaydı, hə, bax, onda fəsadı olardı!

O tar idi Rəmişin “Qıratı” – “Giziroğlu Mustafa bəyin Alapaça”larına, əmuduna sinə gərdirən! Baxmayaraq ki, Rəmiş artıq gitara çalırdı! Zənginlərin “qaraj”ında antikvar silahlar, maşınlar olduğu kimi, yəni!

Rəmişin obraz sərvəti səxavətlə qələmə alınıb! Amma məhz səxavətli obrazı! İsrafçı deyil Rəmiş – öz istedadından-sərvətindən İSTEDAD SƏDƏQƏSİ verən, xüms-zəkat ayıran çox mömin bir obrazı ilə tanış oldum – ağızlardakı folklor nəğmələrindən fərqli olaraq!

Gitarasını ona heyran qızın evindən çay gətirən adaşına hədiyyəsi Tanrı yanında Nəfsin və Səxavətin Həllac Mənsur, Hatəm Tai məqamıdır! İllah da ki o qıza toxunmaması!!!

Rəmişin Paqanini ilə eyniləşdirilmə və oxşarlaşdırma təhkiyəsi AZƏRBAYCANLI VAHİDİNİN qürur və şərəf səhifəsidir – Aqil Abbasa sevgilərlə təzim edirəm!

Bir məqamda isə Aqil Abbas bu povestdəki Moskva səhnəsinə görə mənim üçün Uilyam Somerset Moem ucalığına qalxdı!

Müəllif öz ölkəsinin vətəndaşını-sənətkarını qürurlu, şərəfli və virtuoz təqdim etməyi bacarmalıdır!

Lyonyanın “Paqanini” filminin prezentasiyasında Rəmişi səhnədə tək saxlaması və sonda alqışlarla mükafatlandırması həyatda sıra sayı ilə neçəncisə olsa da, ədəbiyyatda ilkdir!

Rəmiş verdikləri ovsanaya düşən, əvəzi 700 qat qayıdan çox nadir seçilmişlərdəndir – dünyanı gəzən “Moskviç”in Gəncə ətrafında xarab olması və gedib Orta Asiyaya çıxmasından sonrakı hadisələr bunun təsdiqidir!

Sağ olsun, Aqil Abbas – bu əsrarəngiz məqamları adamın ürəyinin başını titrədəcək qədər səmimi və məsum yazır!

Hər dəfə Aqil Abbasın bir povestini, bir romanını, bir köşə yazısını oxuyanda gözlərim dolur: Aqil Abbas özü müsahibəsində mənə demişdi ki, Folkner deyirdi ki, mənim kəndimdə 4000 adam var, mən dördündən dörd roman yazmışam, 3996 roman qalıb! Bəli, Aqil Abbas öz kəndindən – Azərbaycandan 4 roman yazıb, ancaq 9999996 roman hələ qalıb. Mən də sevinirəm ki, Aqil Abbas yazır, yazmaqda davam edir, “əlindədir hələ qələm”!

Axırıncı dəfə “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına…” povestini oxuyanda mütəəssüir olmuşdum. Yazılar da yazdım. İndi isə... Aqil Abbasın “Rəmiş” povestini oxudum. Uilyam Somerset Moemin “Остриё бритвы» və «Луна и грош» əsərləri gözümün qabağına gəldi! Mənə “Rəmiş” daha doğma, daha şirin oldu!

Bütün rakurslardan baxanda belə, heç bir halda təftiş və təhlil tərəfinə keçmədim, keçə bilmədim, mümkün də olmadı, istəmədim də!

Bilirsiniz, niyə? Aqil Abbas istər “Rəmiş” povestində, istər Qədir Rüstəmov haqqında yazdıqlarında, istərsə də Ağdam xatirələrində o qədər USTAD təqdimat və təsvir nəhəngidir ki, elə bilirsən, sən bu an Qədirləsən, Rəmişləsən (eləcə də başqaları) və Ağdamdasan! O məclislərin bütün əzəmətini görür, ehtişamını yaşayır, həzzini alırsan! O tarixi adamların ədəbi obrazlarını qəbul edirsən, dostlaşırsan, anlayırsan, özünün olana bayılırsan!

Mən təkrar-təkrar oxuduğum və hamının əlinin altında olan “Rəmiş” povestinin ədəbi-bədii tərəfini çözməyəcəm – əsas süjet xəttindən, kompozisiyasından ştrixləri çatdırdım, amma bötüvlükdə, kim istəsə, istənilən abzasının müzakirəsini aça bilərəm və POVEST kimi möhtəşəm bir nümunə olduğunu isbatlayaram!

Əlavə olaraq deyim ki, Aqil Abbasın bu povesti ədəbiyyat həvəsliləri üçün həm də gözəl bir nümunədir: hər olayı, əhvalatı hekayəyə-povestə-romana gətirmək olmaz, hər adamı da obraza çevirmək. Aqil Abbas bu povestdə ədəbi obraz olmağa layiq birini sözləndirib-şəkilləndirib: Rəmiş seçilmişlərdəndir, seçilmişlərdən olduğu da sənətkarlıqla qələmə alınıb! SÖZARASI: Uşaq idim. Hardansa gitaraçı Rəmişin kasetinə qulaq asası oldum – bizim evdə nə maqnitofon vardı, nə də musiqi həvəskarı! Atama dedim ki, mənə bir gitara al! Solaxayam mən, gitara ustası da tapmışdım şəhərdə, qiymətini də öyrənmişdim, atama da dedim. 300 rubl! Təfərrüatı yazmıram, amma deyim ki, atam mənə gitara da almadı, hələ bir televizorun lampasını da çıxardıb gizlətdi ki, get dərslərini oxu!

Dostlar məni tərifləyəndə deyirəm ki, mən hansı sənətlə məşğul olsaydım, elə belə möhtəşəm olardım. Gitara çalsaydım, elə Rəmiş kimi virtuoz olardım!

Akif İslamzadə Alim Qasımov haqqında yazımı oxuyub etiraf elədiyi kimidir, əslində: Mən cəhd elədim Alim Qasımov kimi oxumağa, Allah səsimi aldı, bəyan etdi ki, o ifa Alim Qasımov üçündür!

Aqil Abbasın “Rəmiş”i məni daha nə barədə düşündürdü, deyim:

Təsəvvür edin ki, dünya YALNIZ Azərbaycandan ibarətdir, Ağdam özü bir ölkədir – siz bu Ağdamda İtaliyanı – La Skalanı, Fransanı, Yelisey parkını, Kolumbiyanı-Çilini, astek, mayya, ink məbədlərini, Pablo Nerudanı, Markesi, Mario Varqas Lyosanı görə bilərsiniz! Aqil Abbasın əsərlərində təqdimat bu qədər alidir!

Və... əslində də hər bir yazıçının borcu elə budur: öz əsərini- kəndini, şəhərini, ölkəsini... dünyaya ölkə miqyasında bəşəriyyətlə tanış etmək!

Əslində, hər dəfə Aqil Abbası oxuyanda başa düşürəm, hiss edirəm, təəssüflənirəm ki, Azərbaycanda Ağdamdan başqa rayon yoxdur. Məsələn, Qazax rayonu – bilginiz-filan varmı? “Qazaxşina” adıyla ittiham da etdik, hanı Aqil Abbasın Ağdam və Qədir Rüstəmov, Rəmiş və başqalarından yazdığı mahiyyətdə təqdimatlar?

Azərbaycanın Qazax adında rayonu varmı - ədəbi obraz şəklində?

“Rəmiş” povestində bütün Azərbaycan öz adət-ənənələri, milli mental dəyərləri və həm də kosmopolitizmi ilə var! Rəmiş bütün çalarlarda Azərbaycanlı sənətkarın olmalı olduğu sifəti-üzü, şarmı, xarizması olaraq, bitkin ifadə olunub!

Nəzərə alsaq ki, Azərbaycan ÇOOOX BÖYÜK ÖLKƏLƏRDƏN İBARƏT İMPERİYADIR – bunu çatdırmaq ədəbiyyatın və ədəbi tənqidin, anlamaq oxucuların işidir! Yetər ki, Aqil Abbası oxuyasan!

Bir daha deyirəm: “Cakonda” sirli təbəssümü ilə cazibədar deyil TƏKCƏ. Həm də çox böyük şərtlər və bilgilər var ki, onlardan agah olmalısan – İbrahim Nebioğlu dünənki statusunda təfsilatı ilə yazıb!

Hər bir əsərin sehri var! Hər bir müəllifin zamanı incələyə bilən PROSES yaratma, PROSESi bilmə, HƏRƏKƏTə gətirmə HƏRƏKAT sənətkarlığı-peşəkarlığı, fövqəladəliyi var!

Aqil Abbası oxuyanda yalın əllə, piyada, çəhrayı eynəklə yox, Azərbaycanı, Azərbaycanlıları sevərək, böyük bilərək oxumaq lazımdır. Müəllif olaraq, PROSESi təqdim edir, Flora Kərimovadan fərqli olaraq, həm də NƏTİCƏsinə yiyəlik edir.

Bu mənada, Aqil Abbas İMPERATOR imza(lardan)dır – İMPERATİVləri... ali, açıq təfəkkür və qlobal düşüncə ilə ifadə olunan ən sadə variantlar məcmusu olaraq!

YAZIYA SÖZARDI: Türk seriallarında bəzi əşirətlərin rəqs havalarında “xor səs” elementi var! Sadə desək, ulama məqamları – Türk Torununa fizika elm kimi məlum olmayanda, BİRGƏLİYƏ səsləyən işarəsi: şeypur, zurna, ocaq qalama variantları hələ tətbiq olunmurdu. Həmin o türklər fizikadan, radioelektronikadan xəbərsiz idilər! Totemlərindən yararlanaraq birliyə... ULAMAQLA nail olanlar hərdən bu “xor səs”ə sayğı göstərməlidirlər: Aqil Abbasın hər yazısında o “xor səs” – “ulama” var! “Rəmiş” povestində bu “ulama” elə Rəmişin özüdür, hərçənd çiynində meymun gəzdirsə də - Maestroyla dialoqu çox gözəl açıqlamadır!

Sadəcə, eşitmək, duymaq, çağırışa hay vermək üçün gərəkdir ki, gen sayıqlığı olsun!

SON: Qədir Rüstəmov mahnı-muğam, Rəmiş gitara ifaçılığında kimdirsə, hansı ucalıqdadırsa, Aqil Abbas da yazıçılıqda elə o zirvədədir! Onlar mahnı ifa edirlər – virtuoz, Aqil Abbas Ağdamı ifa edir – virtuoz!

p.s. “Rəmiş” povestini oxuyanda ömrümdə ikinci dəfə ürəyimdən keçdi: kaş ki, adam öləndən sonra adamın Aqil Abbas kimi bir Şair obrazında dostu ola, xalq ən gözəl ağı-mərsiyə oxuyacaq. Povest növündə və adamın öz Adında!

Həm də hamı tanıyacaq ki, bu dünyadan biri keçdi!

  • Oktyabr:
  • 31

TƏQVİM / ARXİV