07 Iyun 2024 13:08
1063
LAYİHƏ

Sosial İslahatlara Dəstək” İctimai Birliyi tədbir keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən “Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin tədbirləri həyata keçirilib.  Layihə çərçivəsində 7 iyun 2024-cü il tarixində Bakı şəhəri ,Sabunçu rayonunda yerləşən Vüqar Ağayev adına Qubadlı rayonu Xanlıq kənd orta məktəbində tədbir həyata keçirilmişdir. 

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri Namiq İnşallahoğlu öncə tədbir iştirakçılarını salamlayaraq , iştirakçılarla birlikdə Ulu Öndərimiz Heydər Əliyevi və Vətən şəhidlərini 1 dəqiqəlik sükutla yad etdilər. Daha sonra layihənin donoru, məqsədi, ideyası, layihə çərçivəsində görüləcək işlər və layihənin faydaları haqqında geniş məlumat verdi.Bildirdi ki, layihənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin ana dilimizin inkişafı və onun qorunması yolunda atdığı addımları, dövlətimizin dilimizin saflığının qorunması ilə bağlı qəbul etdiyi qərarları təbliğ etmək, Azərbaycan dilinin – mədəni mirasımızın qorunmasının yuxarı sinif şagirdləri arasında təbliğ edilməsinə dəstək olmaqdır. Milli dəyərlərimizlə yanaşı, ana dilimizin gözəlliyinin, saflığının qorunması və inkişaf etdirilməsi, milli dil əmanətinə sadiqlik hər bir vətəndaşın məsuliyyətidir. Azərbaycan dilinin saflığının qorunması bu gün dövlət siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Çıxışının sonunda şagirdləri ana dilinin saflığını qorumağa səsləyən N.İnşallahoğlu onlara müzakirələrdə fəal iştirak etməyi tövsiyə etdi.

Daha sonra çıxış üçün söz filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevaya verildi. Ş.Əliyeva çıxışına Ulu Öndərin “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” sözləri ilə başlayaraq, bildirdi ki, Azərbaycan dili dünyanın zəngin dillərindən biri hesab olunur. Şübhəsiz ki, belə zəngin, qədim tarixi köklərə malik bu müqəddəs dili qorumaq, təkmilləşdirmək, onun saflığı uğrunda yorulmadan mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. O, xüsusilə qeyd etdi ki, təkcə son iyirmi il ərzində Azərbaycan dövlətinin rəsmi dövlət dili olan Azərbaycan dili ilə əlaqədar ölkə rəhbərliyi səviyyəsində onlarla fərman və sərəncamlar imzalanmış, 2013‒2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. Şübhəsiz ki, həmin sənədlərin həm dilimizin, həm də dilçiliyimizin inkişafında, daha da təkmilləşməsində böyük və danılmaz rolu vardır. Bu istiqamətdə dövlətin həyata keçirdiyi işlər, apardığı islahatlar Azərbaycan dilinin inkişafında olduqca mühüm əhəmiyyət kəsb edir.

Təlimçi Azərbaycan dilində səslənən sözlərin gözəlliyindən, dilimizin ahəngdarlığından söhbət açaraq, vaxtilə xarici dillərdə işlənən bəzi sözlərin Azərbaycan dilində tələffüz edilməsi üçün şagirdlərə təqdim olunan əyani vasitələr (şəkillər) əsasında söz-intellektual oyunu keçirdi. Oyun şagirdlər tərəfindən böyük maraqla qarşılandı və onlar çox böyük fəallıq nümayiş etdirdilər. Gündəlik ünsiyyətdə istifadə edilən və ana dilimizdə qarşılığı olmasına baxmayaraq uzun illər boyu bizə yad dildə səslənən sözlərin doğma ana dilimizdə tələffüzü, həmçinin söz oyunu zamanı təlimçinin səyi və diqqəti sayəsində demək olar ki, bütün şagirdlərin müzakirəyə cəlb edilməsi tədbirin yaddaqalan məqamlarındandır. Keçirilən söz oyunu vasitəsilə təlimçi şagirdlərə aşıladı ki, onlar da öz növbəsində, səfərbər olmalı, dilimizin saflığının qorunmasına çalışmalıdırlar. Daha sonra çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı üzrə pedaqoq Sevinc Əliyevaya verildi. O, bildirdi ki, Azərbaycan dili istər sintaktik quruluşunun sabitliyinə, istərsə də, lüğət ehtiyatının zənginliyinə görə çox zəngin dildir. Azərbaycan dilinin saflığının qorunmasının hər bir vətəndaşın ümdə vəzifəsi olduğunu vurğulayan Sevinc Əliyeva müxtəlif dövrdə yaşamış Azərbaycan şair və yazıçıları haqqında şagirdlərə məlumat verərək, onların dilə olan sevgisindən, dilimizin qorunması uğrunda apardığı mübarizədən bəhs etdi.

Pedaqoq dilin keçmiş və gələcək nəsillər arasında mənəvi körpü rolunu oynadığını bildirərək qeyd etdi ki, bu körpünü qorumaq, gələcək nəsillərə sağlam şəkildə çatdırmaq lazımdır ki, dilimiz yaşasın. O, Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan, qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olduğunu faktlarla əsaslandıraraq, vurğuladı ki, dövlət dili sahəsindəki fəaliyyətə Ulu öndər 1969-cu ildə ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamış, dövlət tədbirlərində Azərbaycan dili ilə çıxışı ilə nəinki hamının rəğbətini qazanmış, hətta ziyalılara çox böyük mənəvi dəstək olmuşdur. Şagirdlərə ana dilini məhz belə sevməyi nümunə göstərən pedaqoq inşa müsabiqəsinin gedişatı haqqında da məlumat verərək, iştirakçılara uğurlar arzuladı. Tədbirin yekunu olaraq məktəb rəhbərliyi bu milli mənəvi mövzuya həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və “Sosial İslahatlara Dəstək” İB-nin nümayəndələrinə dərin təşəkkürünü bildirdi.Sonda təltif olunan şagirdlərlə xatirə şəkilləri çəkildi.