Tanrının əynini bəzədiyi Söz Cəzalısı - Aydın Canıyev yazır

AYDIN CANIYEV
3236 | 2023-03-30 11:33

Aqil Abbas – 70

 

Lənkəranda çayxanada oturmuşam. O çayxanada ki... təxminən 30 il əvvəl də orada oturmuşdum. Bu dəfə tək olsam da (əslində, tək deyildim, yazıboyu tanıyacaqsınız müsahibimi), onda Rahim Kələntərli idi (Rahim müəllimlə LDU-da elmi katib işlədiyim dönəmdə tanış olub dostlaşmışdıq), “Lənkəran” qəzetində işləyən bir-ikisi idi və bir də rəhmətlik Həzi Əliyev – «Lənkəran» qəzetinin redaktoru.

Bölgədən verdiyim yazını müzakirə edirdik: o yazı... təkzibi olmayan, cavabı verildiyi halda isə “Böyük Qardaş” dediyimin qaça-qaça gedib “Xural”da manşet olmasını israrla xahiş etdiyi “tapança Aydın Canıyevi öldürmək üçün ən humanist silahdır” sanbalında! Yəni... öldürmək, özü də tapança humanist silah sayılmaqla... hər nə isə daha dəhşətli nəsnə ilə!

Və... söhbət gəlib o yerə çatdı ki, Rahim müəllim soruşdu:

- Aydın, sən bu cavan, perspektivli vəzifə sahibləriylə bu qədər amansızcasına va-bank gedirsən, amma səninlə indi üzbəüz oturan Həzi Əliyevdən bir sətir də yazmırsan, halbuki həm pislədiyin rejimin rayonda ən qatı tərəfdarı və təbliğatçısıdır, həm də qoca adamdır, onunla düşmənçiliyin bitmə imkanı daha çoxdur, onlar isə cavandır, ömrün boyu düşmənli olacaqsan!

HAŞİYƏ: Mən o an bilmirdim də ki, həmin bu Rahim müəllim həmin bu Həzi Əliyevlə yeznə-qayındır!

CAVABIM: Rahim müəllim, 20 yaşında güclü, 30 yaşında cavan, 40 yaşında pullu, 50 yaşında aqil olanla düşmənçilik etməyə dəyər, düşməninə də güc-qüvvət, ömür arzulayarsan ki, qələbə qazananda qürrələnəsən, yoxsa ki, 70 yaşında qoca ilə yox! Üstəlik də, nə var ki, 40-50 yaşda atlı olmağa, oğul ona deyərəm ki, 70 yaşında atlı ola! Qoy Həzi müəllim ahıllığın-aqilliyin, yaşın və zamanın, dövranın həzzini yaşasın, zəhər etməyə dəyməz! Onsuz da bir azdan ondan haqq-hesab soracaq Hakim Şahidin özü olacaq, O... daha ədalətlidir!

Eyni duyğuları indi 70 yaşı tamam olacaq Aqil Abbasa bəsləyirəm! “Nə əlaqəsi” sualının cavabı bu ki... Aqil Abbas artıq ömrün... Hacı Nuranın hər gün efirə özünü bəzəyib çıxdığı pencəklərdəki kompozisiyasında - allı-güllü rəng, duyğu, istək və arzu çələngi tamamlanmış obrazdadır!

Allah, Uca Yaradan onu bu yaşa o qədər gözəl, yaraşıqlı duyğu, əməl, əql, ruh çələngiylə bələməklə, bəzəməklə çatdırıb ki!

DƏQİQİ də budur ki, Aqil Abbas ona ünvanlanacaq, ünvanlanası bütün suallara 5-ə layiq cavab verməklə bütün imtahanlardan keçdi (açmasını bir azdan oxumağa başlayacaqsınız, tələsməyin ağız-burun əyməyə) və sorğulanmaq yaşını tamamladı! Bundan sonrası 70 illik ömrün tamamı olaraq NƏTİCƏ HİSSƏSİNİ yaşamağı, həzz almağı haqq edir!

Həəə... Aqil Abbas və 70 yaş!

Bu 70 yaşacan nəinki 70 dəfə, 700 dəfə, bəlkə də 7000 dəfə Aqil Abbasdan yazılıb, etdiklərindən danışılıb, bu boyda söz-söhbətin, qovğanın, yaşamın, uğurun və acının çözüldüyündə ola da bilər ki, ittiham da olunub 7 dəfə, amma və lakin...

... Atamla ömrünün son günlərində həsbi-hal edəndə sözarası dedi ki, Aydın bala, mən cavanlıqda güclü idim, ağlıma ehtiyac duymurdum, sonra, qocalıqda ağıllı olanda başa düşdüm ki, cavanlıqda ağlım olmayıb, indi ağlım var, gücüm yoxdur. Güc, ağıl yaxşıdır, amma güclü ağıl da, ağıllı güc də heç nəyi dəyişmir, hər iki halda ağıl həm güc olmalıdır, həm də ağıl, ağlın gücü ağıla da qalib gəlsin, ağlın gücünə də!

Az sonra... Məmmədin dediyi bu fikirləri ehtiva edən eynisinə rast gəldim fb-də: Avraam Linkolndan! Məmməd nə cavanlıqda, nə də qocalığında Avraam Linkolndan oxumamışdı, heç elə adamın varlığını təxmin etmirdi. Üstəlik də Məmmədi kitab oxumağa qoymurdum: Məmməd bir dəfə mən 8-ci sinifdə oxuyanda “Ədəbiyyat” kitabımı götürüb həpəri şəkildə açıb Jan Batist Molyerin “Xəsis”inin remarkasında “biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik” fikrini oxumuşdu və...

Nə isə...

HAŞİYƏ: İndi də elə adamlar yox e, elə kontingent var ki, onlara kitab oxumağı gərək qadağan edəsən, onları demokratiyanın verdiyi imkanlardan məhrum edəsən! Nadanlıqlarına görə həddən artıq qorxuludur elə adamların kitab oxumağı, demokratiyanın imkanlarından xəbərdar olmağı!

Yenə də deyərsiniz ki, bunun Aqil Abbasla nə əlaqəsi?

Əlaqəsi bu ki: Avraam Linkoln, Jan Batist Molyer bir yana, onları tanımamaq, dərk etməmək heç də, hətta fəhlə Məmmədin ağlında olmayanlar 70 yaşa 70 mərifət sərgiləyən Aqil Abbası ittihamda bulunurlar!

Nə oxuduqları bir şeydir, nə oxuduqlarından anladıqları və hətta nə də özləri! Day orasını demirəm də ki... Aqil Abbasın acılarını yaşadığı, içində olduğu sunamilər, tornadolar, zəlzəzələr burulğanı!!!

Biz təfəkkür və prinsipcə çox bəsit toplumuq – heç də heç kim bu fikirlərimi ora yozmasın ki, mən Aqil Abbası ucaltmaq üçün hansısa kontingenti, toplumu qaragüruh sayıram!

Anlatmaq istədiyim ayrı nəsnələrdir... Aqil Abbasın 70 yaşına çatması üstündə: Aqil Abbasın özünə də, özümə də, onu tanıyan və haqqında danışmağı özünə rəva görənlərə də - fərq etməz yaxşılığına və ya pisliyinə!

Təfəkkür və prinsip, dəyər və yaşam etalonu olmalıdır! Ki... saqqal tərpədib söz deyəndə hədəfə dəysin! Söz... hər gün 7 not üstündə təkcə sazda 77 havacat yaradan xalqın təmsilçiləri üçün neytron bombasından artıq gücdə sayılmalıdır! Gör o boyda möcüzə nə üçün yaradılıb: Sözün xatirinə, əzizim, Sözün xatirinə! Bütün gözəl musiqilər Sözlənsin həm də! Anlaşılsın deyə... o 7 not möcüzə, ecazkarlıq!

Adamın Allahı olar – axı Aqil Abbas Söz Adamıdır, Söz ocağında olandır, Sözü var – hamımızın və arada... İqtidarın, arada Şeytanın, arada Düşmənin də əvəzinə bizlərə dediyi Sözü!

... Bir gün Musa peyğəmbər dəstərxanın açır, oturur nahar etməyə. Bu dəm yanına bir kafir gəlir və deyir ki, acam, mənə yemək ver! Musa peyğəmbər razılıq verir, kafir süfrəyə oturanda deyir ki, bax, səni xəbərdar edirəm, mən kafirəm, sənin Allahını tanımıram ha!

Musa peyğəmbər Allahı tanımadığını bəyan edən kafiri süfrəsindən qovur! Allah Kəlimullaha deyir ki, evin tikilməsin, onun 75 yaşı var, mən 75 ildir bilirəm ki, o, kafirdir, mən onu bir gün də ac saxlamadım, bircə dəfə səndən yemək istədi, vermədin, üstəlik də bu pisliyi – aclığı ona mənim adımla yaşatdın!

Bəli, Aqil Abbasdan danışanlar özünü əksər hallarda Musa peyğəmbərin həmin andakı halında olduğu kimi aparırlar: qapısına bir dəfə çörəyə getsən, sənə etdiyi pisliyin adını belə həmən tapacaq: guya xalqa görə deyir, guya allahı çox istəyir, amma fərqində də deyil ki, Aqil Abbas elə o tip “Musa peyğəmbərlərin Allahı” kimi yaşayıb: qapısından kafir olduğu bilinən belə ac qayıtmayıb - əlbəttə ki, həm məcazi, həm də müstəqim mənada!

Mən, sizlər də toya gələk, bir yas məclisində çadıra daxil olanda Aqil Abbasın üz-üzə oturduğu adamı görəndə... tez çadırdan çıxdım: gözlərimi ovuşdurdum, təzədən qayıtdım!

Aqil Abbas ona ən əskik adamın belə dilinə gətirməyəcəyi hədyanı yazmış məxluqla üz-üzə oturmuşdu: hərçənd Aqil Abbas istəsəydi, o adamın atasını da, anasını da, arvadını da, hətta rayonunu da harasına istəsə dolaya bilərdi, tapdayardı, əzərdi, rus demiş, “ster bı v poroşok”. Amma Aqil Abbas məclisdə onunla oturmuşdu və bu o mesaj idi ki, birdən tutub bunu “p…”-zad edərsiniz, işiniz yoxdu (başqa halda düşünmək olardı ki, Aqil Abbas vecinə almayıb, boş verib, fərqinə varmayıb nə dediyinin – elə deyil axı: ucugüləbətinli, onikitaxtatuman söyüşlərin ən təravətlisini bilən adamdır e! Yəni, ikinci variant deyil)!

Sonra mən yenə də eyni mənzərənin bir toy məclisində şahidi oldum: kim olsaydı qarşısındakı adamın yerində, Aqil Abbası görən kimi kosmik sürətlə s...evdirib getməliydi, amma Aqil Abbas onunla badə toqquşdururdu!

YERİ GƏLMİŞKƏN: Eyni humanizmi, ədibliyi və əleyhinə çıxan bicbalaların əxlaqsızlığına qarşı İnsanlıq sərgiləməyi Sabir Rüstəmxanlıda da görmüşəm! Əlavə olaraq deyim ki, Azərbaycanda üç-beş İnsan var ki, kimsə onlar haqqında nəsə artıq-əskik danışanda, yazanda elə bilirəm mənim anamı söyürlər və o hirslə də elələrinə cavab yazıram (baxmayaraq ki, özüm hamıdan sərt tənqid etmişəm, yəqin ki də gələcəkdə imkan düşən kimi yenə də tənqid edəcəm – haqlı olaraq! Kiminsə sifarişi və məqsədli, qərəzli şəkildə yox!): rəhmətlik Bəxtiyar Vahabzadə olub, görkəmli partiya və dövlət xadimi, hüquq elmləri doktoru İlyas İsmayılov, şeyximiz Allahşükür Paşazadə, professor İlham Rəhimov, Eldar Həsənov (hörmətli Prezidentimizin əfv edəcəyinə böyük ümidlərim var) Sabir Rüstəmxanlı, Aqil Abbas – siyahı uzun olmasa da, Azərbaycan üçün, Azərbaycan adına, Azərbaycan Dövlətinə dəyərli olanlardır amma...

Məni həmişə insanlara münasibətdə dəyər etalonu ilgiləndirir!

Biz çox rahat özümüzə “idol”-büt-qəhrəman düzəldirik! Eyni rahatlıqla da, çox rahat şəkildə bir küçə üzdənirağının üzəduranlığı ilə ən qiymətli oğlumuzu məhv edirik!

Belə ölkədə yaşam həddən artıq təhlükəlidir!

Dövlət oturuşmayıb, Dövlət fövqəlgücə malik deyil, milli doktrina yox səviyyəsində, amma həm Dövlətə, həm də Ziyalılarına qarşı iddialar, ittihamlar kompleksi saysız-hesabsız!

Əlbəttə, bu ölkədə çox şey yerində deyil və bu ölkənin Milli Məclisinin deputatı, bu xalqın yazıçısı olaraq Aqil Abbas da hər şeyi demir, dilə gətirmir!

Aqil Abbasa vəkillik kimi çıxmasın, Aqil Abbas o dövrdə jurnalistikaya gəlib ki, jurnalistikanın birinci şərti... “qəzet hər şeyi yazmaq üçün deyil” prinsipi üstündə fəaliyyət göstərirdi!

Sonra da jurnalistika döndü oldu “doğru olanı yazmamaq şərtiylə düz adıyla bu ölkəni sarsıdan, milli mental dəyərləri məhv edən hər şeyi yazmaq” prinsipi ilə işləyən zombi-robot!

Ya bu həyatı yola verməli, ya bu həyatla yola getməlisən, Qulu Ağsəs demiş!

Aqil Abbas həm bu həyatı yola verdi, həm də bu həyatla yola getdi! Amma və lakin... Aqil Abbas adıyla!

Aqil Abbası mədh etmək heç bir halda onu Aqil Abbaslıqdan məhrum eləmir!

Aqil Abbası tənqid etmək heç bir halda onu Aqil Abbaslıqdan məhrum eləmir!

Çünki bir kəlmə söz var: o, Aqil Abbasdır!

Aqil Abbası “Aqil Abbasdır” imicində saxlamağı bacarmaq da az iş deyil:

Oxuduğu kitabı yanlış anlayan, demokratiyanın imkanlarından sui-istifadə edən, doğru ilə düzün fərqini bilməyən, “peyğəmbər”i belə Allahın yanında günahkar, nə ağlın fəzilətini, nə gücün qüdrətini, nə zamanın diktə etdiyi yaşam prinsiplərini öyür-çöyür edə bilməyən, aftafa ilə dəstəmaz almağına, namaz qılmağına heyran olub, həqiqi iman yiyəsini tanımayan toplumun içində... “Aqil Abbasdır (da)” demək özü bir ləyaqət, dedirtmək bir şərəfdir!

Müctəhid sayılan Şeyxlərdən birinin... bir qardaşı olur, hər gün mağazadan bir şüşə şərab alır aparır evinə! Kimsə sərxoş görməsə də, hər gün hamı görür ki, şeyxin qardaşı bir şüşə şərab aldı apardı evinə!

Bu minvalla xeyli davam edir!

Bir gün şeyx dəstəmaza qalxır, görür quyudan su çəkilib. Evdə də dəstəmaz almağa təmiz su yox! Şərab alan qardaş yaxınlaşır ki, ya Şeyx, aftafanı ver, mən su töküm, sən dəstəmaz al!

Şeyx aftafanı başaşağı tutur, deyir ki, su olsaydı özüm dəstəmaz alardım da, namazım da qəzaya gedir, qardaş deyir ki, sən o aftafanı ver, su olar! Bəli, hər gün şərab alan qardaş aftafanı alır, aftafa dolur su ilə, Şeyx təəccüblə baxanda deyir ki, dəstəmazını al, namazını qıl, sonra deyərəm sənə!

Şeyx dəstəmazı alır, namazını qılır, qardaşdan izahat istəyir! Qardaş da bunu aparır evinin zirzəmisini göstərir: ləbələb şərab şüşələri! Şeyx təəccüblənməkdə davam edir! Onda qardaşı deyir:

- Mən hər gün zəhmətlə qazandığım puldan bir şüşə şərab almaq üçün bir pay ayırırdım, alıb atırdım zirzəmiyə ki, mənim qövmüm hər gün heç olmasa bir şüşə şərab az istemal etsin!

İndi...

Aqil Abbas... elə hər gün öz qövmü üçün ən azı elə o bir şüşə şərabı alıb zirzəmiyə atmaq savabı qədərincə savab yiyəsidir!

Müddətini deyim: mən Aqil Abbası 1992-ci ildən tanıyıram! Aradan 30 ildən artıq zaman keçib!

30 ilin 30-unda da şahidəm hər gün etdiyi savaba!

Təkcə Lənkərandan...

Universitetdən qovulmuş birini bərpa etdirib – təmənnasız!

Orduya qanunsuz çağrılmış birini təmənnasız azad etdirib – hərçənd öz ocağında şəhidi olub, bu günə qədər də çoxu bilmir lənkəranlıların, amma hər yazısında Ağdam və ümumiyyətlə vətən uğrunda vuruşan minlərlə lənkəranlıdan tanıdığı 70-i haqqında 70 dəfə təşəkkür və tərif, təbliğ notları çatdırıb!

Bir lənkəranlı həmkarına təmənnasız ev verdirib – “haqqıydı, layiq idi” boş söhbətdi, eləsindən qat-qat artıq haqqı olanlar it döyür küçələrdə!

4 lənkəranlı şəhidin olduğu küçəyə lənkəranlı olan 4 deputat susduğu halda, 4 maşın çınqıl tökdürüb - əlbəttə ki, mən dayanmadan yazanda, axır səbr etməyib soruşdu, lənkəranlı deputatlardan fərqli olaraq:

- Aydın, sənin Taleh Qaraşovdan istədiyin nədir?

Biləndə zəng etdi, çınqıl töküldü...

Bunlar hələ mənim bildiyim və mənim əlimlə olandır!

Aqil Abbas Ağcabədi əsilli Ağdamlı olmağı ilə həmişə qürurlanıb, fəqət, Lənkərana heç bir bağlılığı yoxdur, ancaq lənkəranlı şeyxdən, deputatdan, nazirdən, hətta “qanuni oğru”dan daha çox lənkəranlılıq edib!

Bu... AZƏRBAYCANLI OLMAĞI BACARMAQDIR... regional balanslı, təyinatlı iqtidar hakim olan ölkədə!

ƏSLİNDƏ İSƏ:

Aqil Abbas haqqında nə qədər yazsaq da, yenə açmasını verə bilməycəyik: Çünki... Aqil Abbas bizim həndəsədən bildiyimiz teoremlər kimidir – mahiyyətini bilirik, amma qəfil yada saldığımız üçün... tam səsləndirə bilmirik, ifadə edə bilmirik!

Bilirik e... Sözün Aqil Abbas teoremidir, di gəl... istedadımız, qabiliyyətimiz, savadımız çatsa da, vicdanımız yetərli deyil... etiraf edək!

Bizim vicdanımız hələ DÜZlə DOĞRUnun fərqində deyil!

Bizim vicdanımız nəzərə almır... biz elə xalqlardanıq, elə ölkələrdənik ki, bizim taleyimiz öz əlimizdə deyil!

Nəzərə çox şeyləri almalıyıq, fəqət o çox amilləri görməzdən gəlib, almışıq əlimizə, dilimizə cəmi bircə... şeyi, zadı... nədi o... “düz demir” (ayrı-ayrı hallarda ayrı zadı... şeyı...) ələngəsini!

Həyat müxtəliflikdə müxtəlifdir, - deyirdi Vahid MÜƏLLİM!

Dünya heç özü razı qalası yaradılış deyil! Peyğəmbəri belə gündə 70 dəfə səcdədə günahlarının bağışlanmasını istəyirdi!

İndi gəl 70 sifətli dünyanın 70 ilə gəlib çatmış adamından sən düşməncəsinə hesab sor!

Düz deyil, axı!

70 ilə ya Tanrı, ya Tarix, ya da Taxt-tac prizmasından yanaşmaq lazımdır ki, kim nə qədər və haracan diri qalıb!

YAZIYA SÖZARDI: Aqil Abbası 70 yaşa çatması münasibətilə həm də ona görə təbrik edirəm ki, içiözümqarışıq hamımız başa düşək: Aqil Abbas neyləyə bilərdisə, etdi, bundan sonra nələrisə Aqil Abbasdan tələb edənlər onun etmədiklərini etsinlər... özləri... əgər buna ağılları, gücləri və bir də bir yerləri çatırsa!

SON: Uzun illər mənim dostlarım mənə əl tutublar! Amma mən biləndə ki, artıq hansısa dostum tələbə atası olub, zorla da olsa, yardımını qəbul etməmişəm: tələbə atasını narahat etməzlər! Eləcə də... yaşı 70-i keçənləri!

İndi onların Tanrıdan və Tarixdən paylarına düşən həzzi yaşamaq mərhələsidir!

Zənnimcə, bunu anlamağa savad da, ağıl da, güc də lazım deyil, İsfahana şahid dalınca gedib müctəhidə istixarə etdirmək də!

İmkan verin, adamlar bir az da bu dünyadan həzz alsınlar!

Çünki o dünyada adamı qarşılayanda ilk səslənən fikir bu olur: “dəyməyin, qoy istirahət eləsin, o, Yer üzündən gəlib!”

p.s. Mən tutulanda biriləri yazmışdı ki, elə hey Aqil Abbası müdafiə edirdin, tərifləyirdin, hanı bəs, səsi gəlmir! İçəridə olanda imkanım olmamışdı cavab verməyə, odur ki, indi burdan yazıram: Aqil Abbas ən axırıncı dəfə Sabir Yusifoğlunun yas mərasimində mənə xəbərdarlıq etdi hamının yanında ki, söyüş söymə, neyləyəydi, gələydi mənim əvəzimə oturaydı Binəqədidə inzibati həbs olunanlar təcridxanasında, nədi-nədi, ad günlərində yazı yazmışam? Aqil Abbas gördüyü hər işi təmənnasız və "sağ ol" belə ummadan görürsə, indi biz yazımıza görə nə tələb edək? Adam bizdən yazı istəməyib, təbrik istəməyib, alış-verişimiz, tay-tuşluğumuz yox! Üstəlik də, mən izahatımda da yazmışam və məhkəmə zalında da demişəm ki, nəinki üzr istəyirəm, rəsmən bildirirəm ki, elə məxluqu söyməyi haqq edirəm!

Ağdam işğaldan azad olunandan sonra Aqil Abbasın ata yurdunda çəkdiyi şəkil...

TƏQVİM / ARXİV