Tramp geri addım atmağa hazırdırmı?.. - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
168 | 2025-06-17 10:15

 Donald Trampın  yeni komandası Ağ Evə" dünyaya sülh və gərginliyin yumşaldılması"  şüarları ilə gəlisələr də,  hazırda müşahidə olunan hərbi gərginliyin daha da artması müşahidə olunur. Görünən odur ki, ya prezident seçkiləri ərəfəsində verilən sözlərin yerinə yetirilməsinə gücləri çatmır, ya da ümumiyyətlə gərginliyin nizamlanması vədləri seçiciləri özlərinə tərəf çəkmək üçün bir vasitə imiş.

 "Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəm", şüarı dilindən düşməyən prezidentliyə namizəd, müharibəni nəinki, 24 saata, heç bir həftəyə, bir neçə aya da dayandıra bilmədi. Əksinə, iki yaxın xalq arasındakı müharibə daha da qanlı fazaya keçdi. 

 Donald Tramp, İsrail-Fələstin münaqişəsini yatırmağa da "cəhd etdi" və nəticədə İsrail İrana hücum etməklə yeni müharibə ocağı yarandı. The New York Times qəzetinində qeyd etdiyi kimi, bu münaqişə regionda xaosa çevrilə bilər. 

İsrailin İrana şiddətli hava hücumları və bu hücumlar nəticəsində onlarla yüksək vəzifəli hərbi generallarını qətlə yetirməsinin ardınca, İranın raket zərbələriylə  İsrailə cavabı özünü çox gözlətmədi. Artıq dörd gündür davam edən qarşılıqlı zərbələr getdikcə daha intensiv hal almaqdadır. Faktiki olaraq, geniş miqyaslı müharibənin başlanması qapı arxasındadır.

 İlk baxışda elə görünə bilər ki, İsrail İrana hücum etməklə, ABŞ prezidenti Donald Trampın İranla nüvə proqramı məsələsinin danışıqlar yolu ilə həll ediməsi ümidlərinin üstündən xətt çəkmiş oldu. Əslində isə, İsrailin ABŞ-ın xeyir- duası olmadan belə bir əməliyyatı həyata keçirməsi mümkün deyildi. 

 Bundan başqa, hazırda bir sual hamını maraqlandırır, İran nüvə proqramından imtina etməzsə və müharibə davam edərsə, ABŞ bu münaqişəyə qoşula bilərmi?

 Birləşmiş Ştatların İsrailə hərbi dəstəyi kimsəyə sirr deyil. Donald Trampın tərəfləri atəşi dayandırmağa çağırması nə dərəcədə səmimidir?

 Bir çox analitiklər bildirirlər ki, İsrailin İrana genişmiqyaslı hücumları ABŞ-ın dünya siyasətində nüfuzuna xələl gətirə bilər. Daha əvvəllər İsrailin, onların strateji düşmənləri saydıqları İrana hücumlarını təmkinlə, sakit qaşılayan Səudiyyə Ərəbistanı və digər Fars körvəzi dövlətləri, hazırda İsrailin hərbi hücumlarının əleyhinə olduqlarını bəyan edirlər. 

 ABŞ, reallıqla üzləşib. Belə ki, bütün reqion ölkələri İsraili stabilliyi pozmaqda günahlandırır. Bundan başqa, region dövlətləri, ABŞ-ın İranla danışıqlar aparmasını manevr kimi qiymətləndirənlərdə var. Onlar hesab edirlər ki, Vaşinqton İranın başını danışıqlarla qatmaqla, İsrailin genişmiqyaslı hücuma hazırlaşmasına imkan yaradıb.

 Belə çıxır ki, İsrailin kütləvi raket hücumları fonunda Trampın İranla sövdələşmə təklifinin heç bir dəyəri yoxdur. İran İslam Respublikasının xarici işlər naziri Abbas Arakçı,  İsrailin başlarına raket yağışı  yağdırdığı şəraitdə, İranla ABŞ arasında danışıqların aparılmasının əhəmiyyətsiz olduğunu bəyan edib. 

 Tramp hakimiyytə gələndə bəyan etmişdi ki, əsas qeosiyasi məqsədi Çinlə rəqabət aparmaqdır. Lakin görünən odur ki, bu məsələ  siyahıda ücüncü, ya da dördüncü sıraya keçirilib. 

 Bir sözlə, ABŞ prezidenti özü də bilmədən tələyə düşüb və necə çıxa biləcəyini bilmir. Tramp artıq Ukrayna məsələsini "uşaq davası" adlandırır və onun maliyyələşməsini mənasız sayır. Bir tərəfdən də, "Rusiyanın Ukraynanın bir parçasını deyil, ərazilərinin hamısını işğal etmək istəyir"- deyir.  İsrailin İrana hücumlarına "sakit" yanaşan ABŞ prezidenti, bununla danışıqlar masasında İrana diqtə edəcəyini və effekt qazanacağını düşünürdü. Lakin, vəziyyəti qiymətləndirmədən belə bir addımın atılması, əks effekt verməkdədir. 

 İndi yəqin ki, bir addım geri atmaqla, vəziyyəti yenidən analiz etməyə ehtiyac var. Tramp bu addımı atmağa hazırdırmı?...

 

TƏQVİM / ARXİV