... Kiminin bəxtinə güldü bu şəhər,
Kiminin bəxtinə küldü bu şəhər.
Mənim gözlərimdə öldü bu şəhər,
Gedək bu şəhərdən, mənim ürəyim,
Mənim bu şəhərdə nə ölümüm var. - rəhmətlik Elçin Səlcuq bu bəndini tez-tez deyərdi Vəlinin...
Sağlığında qiymət verin, - deyirdi Cabir Novruz, - adamlara! Adam adamlardan biri də Vəli Xramçaylıdı, bu gün də Mübariz Məsimoğlu "qanan-yanan" qrafasında hamısını yığıb "qəbrimi butulkavari qazdırın, yeyin-için, sonra sevdirin gedin" deyən arkadaşlarla "dütt" deyincə vurublar.
Araqdan vurub, səhər tezdən xaşdan başlayıb axşama farellə bitirən, digər ləziz təamlarla gün keçirən onlar, yazını yazan mən! Günümə bax də!!! Eynən Puşkinə heykəl qoyulan kimi! A bala, "Mumu"nu mən yazmışam e, heykəli aparıf Vəliyə qoyufsunuz, bağışlayın, arağı Ayazla içifsiniz )))))))))))))))))))))))))) turşulu aş, həftəbecər, cırda... əlqərəz! Di, indi əziyyətə qatlaşın, oxuyun... lütfən!
QİYAMÇI RUHLARIN AHƏSTƏ SƏDASI
Vəli Xramçaylının özü, sözü və zamanı haqqında ürkək baxışların məcmusu
Vəli Xramçaylı indi Gəncədən o yana sayılan “həqiqi Azərbaycan”lıların eloğlusudur. Elə tanıyırlar. Elə mən də onu dostum, rəhmətlik “Rafiq Qurbanovun eloğlusu” (Osman Sarıvəllinin oğlu) kimi tanımışam – hərçənd bu tanışlığa qədər uzun illər “Azərbaycan” nəşriyyatının dəhlizlərində, çayxana-yeməkxanalarında üz-üzə gəlsəm də. Kimdənsə onu soruşanda da elə belə də deyirlər: “eloğlumuzdu”. Özü də fəxrlə. Özü də lap belə “yandı-qırışdı” verməklə. Haqq eləyirlər də. Niyə də olmasın? Adam Sibirdə - Uralda doğulub. Zaman, dövlət, tale onu hara hərləsə də ailəqarışıq, gəlib çıxıb ruhunun qeydiyyatda olduğu məkana – Azərbaycana. O boyda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib – qala da bilərdi oyanlarda. Oxuya da bilərdi rüşvətsiz-filansız Sibir ali məktəblərinin birinin hüquq fakültəsində. Vəzifə də, rütbə də alardı. Amma və lakin ruh söhbəti var VƏLİ XRAMÇAYLI isminin. Zatən də təbiət aşiqləri olan saz-söz ocağının övladı gedib hardasa ayrı yerdə də yox, elə “Azərbaycan təbiəti” jurnalında işləyib.
Əslində isə… Vəli Xramçaylı Azərbaycanın eloğlusudu – BÜTÖVLÜKDƏ, SÖZ MƏKANINDA!
Əslində… Vəli Xramçaylı zamanı, taleyi, höküməti öz sərhədləri çərçivəsinə salıb da, istədiyini üzünə deyən, istədiyinə mükafat verən, istədiyi cəzanı istədiyinə kəsən hökm-sahibidir, qələm əhlidir, şairdir.
Əslində… Vəli Xramçaylı görməzlikdən gəlsə də, elə “ən qəşəng şəkildə” görməməzliyə vurulan ruh adamıdı!
Vəli Xramçaylı qiyamçı ruhların çox ahəstə səslənən sədasıdı – çığır-bağır misraların, başaçıq-ayaqyalın bəndlərin, amanabənd “şeir-evcik”lərin ona dəxli yoxdu və elə buna görə də Vəli Xramçaylı gurultulu, hay-küylü, qara-qışqırıq məclislərin heç birində də yoxdu. Heç bir siyahıda da yoxdu.
Əslində Vəli Xramçaylı heç siyahı adamı da deyil – ürək-ruh sahibidi.
Vəli Xramçaylının var olduğu yer elə onun Özüdür. Sözüdür! Zamanıdır!
Özündə, Sözündə və Zamanında var olan Vəli Xramçaylını Özünü, Sözünü, Zamanı bilənlər tanıyır – bir dalğanın, eyni koordinatın sakinləri bir-birini ruhundan tanıyır. Bütün dalğalarda, koordinatlarda olduğu kimi.
Və özü özünə
Gəldi bic zamana, yoxdu bicliyin,
Daha bu zamanda yoxdu dincliyin.
Getdi cavanlığın, itdi gəncliyin,
Öl indi, öl indi, ay dərviş Vəli, -
desə də,
Əlindən aldılar yerlə-göyünü,
Gör kimlər pisikir, kimlər öyünür,
Eşqin yollarında bu can öyünü
Sökdülər, sökdülər, ay dərviş Vəli, -
bilsə də,
Kiminin bəxtinə güldü bu şəhər,
Kiminin bəxtinə küldü bu şəhər,
Mənim gözlərimdə öldü bu şəhər,
Gedək bu şəhərdən mənim ürəyim,
Məim bu şəhərdə kimim var axı, -
qənaətinə gəlsə də,
Dərviş Vəli –
Vəli Xramçaylı nə ölür (nə də öləcək!),
nə sökülür (nə də söküləcək!),
nə də ki köçür (heç köçməyəcək də!) –
çünki Vəli Xramçaylı əbədi sözlə bələnib, sözə bürünüb! Ruhu tükənməz əbədi sözün ifadəsi üçün həmişəcavan və həm də həzin, abırlı, ahəstə sədası ilə vergilənmiş əngin istedadın tunc heykəlidi, üstəlik də... ruhlar nə qaçaq düşür, nə köçkün. Yaradıcı ruhların kəbinləndiyi çox az ünvanlardan biri də Gəncədən o yana “həqiqi Azərbaycan” sayılan məkandır. Adına “qazaxşina” deyilsə də, həzm olunmasa da... elmin gələn yeri, musiqinin səsləndiyi ocaqlar bəlli olan kimi. Təkzibolunmazdır. “Saz epoxadır” deyənlər haqlıdır:
saz səslənən ocaqlar Ölməz! Yıxılmaz! Sökülməz! – Yaradanın yaratdığını yaratdığı puç edə bilməz.
Ola bilər BU GÜN Vəli Xramçaylı göründüyü kimi yoxluqdadı, amma sabah və həmişə var olacaq: öz elinin-yurdunun söz sahibi olaraq!
Qoy bu sahiblik səmimi sözün ifadəçisi qismində qəbul edilsin.
Qoy bu varlıq bir dərvişlik eşqinə sərgilənən çabalarda qəbul edilsin!
Qoy bu özgürlük miqyasca hamını heyrətləndirməyəcək ənginlikdə sayılsın!
Fəqət... istənilən halda qiyamçı ruhlar qələbə paradı keçirəndə tribunada səf-səf duran, əsgər əllərinin qaş üstünə düzlənən təzimlərini qəbul edənlərdən biri Vəli Xramçaylı olacaq.
Vəli Xramçaylını bu gün qəbul etməyənləri sabah Vəli Xramçaylı qəbul edəcək.
Bax, bu anı yaşadım Vəli Xramçaylının illərlə oxuduğum şeirlərində.
Bax, bu anlarla – qiyamçı ruhların asta-ahəstə etirazları-əndişələri ilə tanış oldum Vəli Xramçaylının illərlə oxuduğum şeirlərində.
Qorxu, həyəcan, təlaş keçirmədən: dağ oynamadı yerindən, içim tərpənmədi – böyrək bağırsağa, mədə dalağa pərçim olmadı.
Pafos yaşatmadı, həyat yaşatdı, təskinlik və təsəlli oldu Vəli Xramçaylı! Rahatlıq gətirdi – bizim də əvəzimizə üsyanlar qoparan ruhların varlığını, bizim də olmalı olduğumuz yerlərdə boşluğumuzu dolduran qəhrəmanların ayıbımızı örtməsini çatdırdı.
Və Vəli Xramçaylının hesabına şeirin-poeziyanın ehtizaz, eyforiya və ləzzət təamını daddıq, dadırıq.
Və Vəli Xramçaylı bizləri aldatmadı, sözlə silahı əvəzləməyə provokasiya etmədi. Gopa basmadı – sözlə harda, kimə və necə qalib gəlməyi də, silahla hara, kimin üstünə getməyi də Vəli Xramçaylı gözəl bildiyindən, sözün də, silahın da funksiyasını, anlamını gözəl ifadə etdi!
Odur ki,Vəli Xramçaylı öz yerindədi - öz sözünün taxt-tacındadı – sözlə əldə edib sözsüzlükdə itirdiyi yerlərdə yox!
Söz taxt-tac da gətirib, gətirir, gətirəcək!
Söz quruca şöhrət də gətirib, gətirir, gətirəcək!
Söz sadəcə və sadəcə, ömür də qazandırıb, qazandırır, qazandıracaq!
Vəli Xramçaylı sözün ömür gətirdiklərindəndir, həyat yaşatdırdıqlarındandır. Çünki o heç vaxt sözün ömrünü kəsmədi, urvatdan salmadı, sözü satmadı.
Baxın yazılanlara – Vəli Xramçaylıda bir giley varmı, alverçi “təfəkkürünə”- deyiminə rast gələ bilərsinizmi?
Əsla!
Vəli Xramçaylı sözlə oynamadı, söz oyununa girmədi, sözü oynatmadı!
Vəli Xramçaylı sözü söz kimi dedi, don geyindirmədi, sözü öz donunda təqdim etdi, sözün rənginə rəng qatmadı, nəfəsini yelçəkərə yönləndirib nəfəsini kəsmədi!
Vəli Xramçaylı tərifə gəlmir!
Vəli Xramçaylı tənqidə də gəlmir!
Vəli Xramçaylı gələndə... eşqlə gəlir! dərd-ələmlə gəlir, qucaq-qucaq sevinclə gəlir! Söz-söz, misra-misra, bənd-bənd gəlir.
Vəli Xramçaylının gəldiyini görən olub, getdiyini yox!
Və sonda onu da deyim ki:
Vəlinin ÖZÜNÜ dostları çox istəyir, amma və lakin... o istəyi ifadə etmək dostlar üçün (elə düşmənlər üçün də) dilə gətirmək bir az ürkəklik gətirir!
Bax, bunun niyəsini bilmirəm!
Vəlinin SÖZÜNÜ dostları da çox istəyir, amma və lakin... o istəyi ifadə etmək dostlar üçün (elə düşmənlər üçün də) dilə gətirmək bir az ürkəklik gətirir, eymənirlər!
Bax, bunun niyəsini bilmirəm!
Vəlinin ZAMANINI dostlar da istəmir, düşmənlər də, amma və lakin... hamı dilə gətirir o istə(mədi)klərini!
Bax, bunun da niyəsini bilmirəm!
Amma bildiyim doğrudandamı düzdür: insanlar istəklərini yox, etirazlarını bildrməyi kiməsə, harasa sevgi ifadəsi sayırlar?
Ürkəklik!? Bu qədərmi?
Onda... Vəli Xramçaylı ən qəhrəman dost, ən qəhrəman şair və ən qəhrəman eloğlu!
Sözüylə Özü bir olanlardan gözəl bir nümunə də bu ki... ürəyi dilindədir.
ƏN AXIRDA: Vəli Xramçaylı... ürəyi dilində (həm də qələmində) olan gözəl bir nümunə.
İstədim. Yazdım.
Vəlini belə istədim və Vəlidən belə yazdım!
p.s. Şeirləri nümunə üçün deyil deyə, sitat gətirib özümə güvənclik göstərmədim. Həm də qırıq-qırıq yox, Vəli Xramçaylını birnəfəsə oxuyub birdəfəlik ləzzət almaqdan məhrum etmək istəmədim.
p.p.s. Vəli Xramçaylını gərək bütöv oxuyasan!
2022-04-29