ZELENSKİ UKRAYNANI ALDIĞI QİYMƏTDƏN DƏ AŞAĞI SATIR - Aqil ABBAS yazır

AQİL ABBAS
198 | 2025-03-10 12:45

Zelenski Ağ Evdə Trampla görüşəndən sonra  Böyük Britaniyaya, ordan da Vətəninə qalib kimi gəldi: «Gördünüz də Trampa nə cavablar verdim».  
İki nəfər dalaşırmış. Biri o birisini yerə yıxıb həm döyürmüş, həm də ağlayırmış.  Qıraqdan baxanlar deyir:

- Ə, qaqa, həm döyürsən, həm ağlayırsan.

- Bunun ayağı sürüşıb yıxılıb ey, qalxandan sonra  əhədimi kəsəcək.

İndi Zelenskinin də Trampa verdiyi cavablar həmin ağlayan adam kimidi. 

Gələndən sonra  başa düşdü ki, çox böyük səhv edib, həmin döyə-döyə ağlayan oğlanın günündədi. 

Amerikalılarla görüşmək üçün minnətçi saldı ki, nə deyirsiz  razıyam, indi Səudiyyə Ərəbistanında yenidən ukraynalılarla amerikalılar görüşəcək. 

Bildyiiniz kimi, Tramp Zelenskidən Ukraynanın yeraltı və yerüstü sərvətlərini almaq istəmişdi. 

Uzun illər bundan öncə qəzetdə rayonlardan birinin  icra başçısının  zarafatla dediyi, bəlkə də həqiqətən dediyi bir fikrini yazmışdım:

- Qardaş, rayonu otuz iki min əhalisi ilə bir yerdə aldığım qiymətə  satıram. Bəlkə bir adam  tapasan?! 

Əhalinin sayına görə Prezident Aparatında həmin rayonu  tapmışdılar, icra başçısını  çağırıb nə demişdilər-deməmişdilər, and-aman eləmişdi ki, mən elə bir söz deməmişəm, Aqil Abbas özündən yazıb. 

Aparatdan mənə də zəng etdilər, mən də day icra başçısını  satmadım, dedim ki, Mirzə Cəlilsayağı  yazmışam, rayon əhalisinin üst-üstə düşməyi də təsadüfdü. 

İndi hadisələr  göstərir ki, Zelenski Ukraynanın yeraltı, yerüstü sərvətini   30 milyon əhalisi ilə birlikdə aldığı  qiymətdən də aşağı  Trampa satacaq. 

Zelenski yəqin dünyada yeganə yəhudidir ki, ticarətində zərər eləyir. Bu da belə. 
 

  • Mart:
  • 7

TƏQVİM / ARXİV