adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ÜRƏKDƏ TƏPƏR OLSA...

FAİQ QİSMƏTOĞLU
119614 | 2016-05-07 09:27
... Bu milləti, bu xalqı aşağılayan və onu qınayanlar çox böyük günaha batırlar. Günaha batırlar və özləri də bu günahın içində məhv olub gedirlər. Bəziləri deyir ki, əşi, bizim millət yaxşı deyil. Bunu deyən adam bilmirəm hansı məntiqə və hansı fakta əsasən danışır. Əgər doğrudan da sən millətini, xalqını sevirsənsə, birinci özün bu millət, bu xalq üçün nəsə bir iş görməlisən. Bunu görmürsən və iş görən adama da şəbədə qoşursansa, badalaq atırsansa, sənin millət və xalqdan danışmağa haqqın çatmır...
Biri hər gün rüşvət alır, yanına gəlib-gedən adamların başına yüz oyun açır, aylarla, illərlə süründürür və sonra da deyir ki, bu millət yaxşı millət deyil. Millət sənin özünü və dədəni dalına şəlləyib aparmalıdı? Bu millətin torpağını, dilini, dinini ərəblər, monqollar, farslar, ruslar əlindən almaq istəyiblər, bacarmayıblar. Çünki bu millət büdrəyəndə, yıxılanda yenidən qalxmağı və ayağa durmağı bacarır. Və bu millətin içindəki Vətən, xalq sevigisini nə ərəb, nə fars, nə monqol, nə də rus öldürə bilib. Zamanı gələndə onun ürəyindəki, qəlbindəki vətən məhəbbəti vulkan kimi yenidən puskürür.
Dünən səhər saatlarında metronun Qara Qarayev stansiyasının içərisində bir kişi ilə tanış oldum. Daha doğrusu, o, metronun "İnşaatçılar" stansiyasına getmək üçün hansı istiqamətə üz tutmaq istədiyini soruşdu. Dedi ki, mən "İnşaatçılar"a getmək üçün hansı qaitara minməliyəm?! Elə bu vaxt tabloda "Dərnəgül" sözləri gözə dəydi.
"Bax, növbəti qatar həmin istiqamətə gedəcək. Əyləşib mənzilbaşına gedə bilərsiniz" - deyə ona bildirdim.
Söhbət etdiyim insanın çöhrəsindən nur tökülürdü. Özümü saxlaya bilməyib soruşdum ki, "İnşaatçılar"a nə üçün gedirsən? Yenidən çöhrəsinə nur hopdu:
- Ora gedib həmin yerdən də Qarabağa yollanacağam. Dünən axşam eşitdim ki, Müdafiə Nazirliyi könüllülərə müraciət edib. Mən də həmin müraciəti eşidəndən sonra Qarabağa getmək istəyirəm.
- Axı sizin xeyli yaşınız var?
- Altmış yaşım var! Ancaq yaşımı orda deməyəcəyəm.
- Bəs onda sonradan hər şeyin üstü açılar axı? Belə də baxanda yaşlı adama oxşayırsınız.
- Baxmayın ha mənim altış yaşım var, canım çox suludu. Yağışda, qarda səngərdə yatsam da xəstələnib eləyən deyiləm. Birinci Qarabağ döyüşündə də vuruşmuşam. Tay ürəyim partlayır. Ora getməsəm rahatlanan deyiləm...
Sözün düzü həmin insandakı vətən sevgisini, vətən məhəbbətini görəndə sevincimdən gözlərim doldu. Əgər 60 yaşında kişi könüllü olaraq yaşını gizlədib cəbhəyə getmək istəyirsə, vallah bu milləti, bu xalqı, bu dövləti heç kəs sındıra bilməz. Kimsə çalışar bizim bostanımıza daş atsın, başımızı qatsın, ayağımızın altını qazısın, amma ona heç vaxt nail olmayacaq. 60 yaşında kişinin ürəyi vətən yolunda belə döyünürsə, onda görün şir biləkli oğullarımız bu torpaq yolunda necə hayqırar və düşmənin üstünə yeriyər!
Dünən televiziya kanallarının birində yenə bir verilişə baxırdım. Orda hansısa şəhidin 40 mərasimindən süjet göstərilirdi. Evinə-eşiyinə baxdım, yaman gündəydi. Daşdan tikilmiş birotaqlı mənzilin heç görünüşü də yaxşı deyildi. Amma görün o şəhid anası nə deyirdi?! Deyirdi ki, mən heç nə istəmirəm. Təkcə arzum budur ki, oğlumun adı əbədiləşdirilsin. Biz şəhid ailəsinə hər cür köməklik göstərməliyik. Bunu ötən yazılarımda da qələmə almışam. Yəqin həmin şəhid ailəsinin evini dövlət başçısı görsə, elə həmin günü ona yeni ev tikdirər. Buna günün çıxması qədər inanıram!
Bir neçə gün bundan əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəranda olarkən 2014-cü ilin avqustunda Ağdam uğrunda gedən döyüşdə iki ayağını itirmiş Qarabağ qazisi ilə görüşüb. Hansı ki, o qazi əvvəllər köməklik üçün müxtəlif ünvanlara müraciət edib, amma heç kəs ona kömək göstərməyib. Kəmaləddin Heydərov isə onu Lənkəranda görüşə çağırtdırıb, Bakıya gətirtdirib, mənzillə təmin elətdirib, üstəlik də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında mühasibatlıqda işə düzəltdirib. Bax, bu addım əsl vətənpərvərlik və əsl dövlətə, prezidentə sadiqlik deməkdir. Kaş bütün nazirlər cənab prezidentə onun qədər sədaqətli olaydılar.
Amma bəzi vəzifəli şəxslərin uşaqları isə nəinki Qarabağda, heç Azərbaycanda gözə dəymirlər. Onlar Londonda, İstanbulda, Madriddə, lap elə Bakının özündə gecə barlarında səhərə qədər kef eləyirlər. Axı bu torpaq, bu yurd onların da vətənləridir. Necə olur ki, ancaq müharibədə kasıbların balaları döyüşməli və şəhid olmalıdır?! Aprel ayında yağı düşmənlə döyüşdə şəhid olanların arasında bir nəfər yüksək vəzifəli məmurun övladı, heç olmasa qohumu olmadı.
Gəlin başımızı çox ağrıtmayaq. Onsuz da vətəni həmişə kasıblar daha çox istəyiblər. Çünki onların torpaqdan, yurddan, kasıb komalarından başqa heç nələri yoxdur. Yadımdan çıxdı, bəzi şeyləri var: dədə-baba qəbiristanlığı! Elə o dədə-baba qəbiristanlığını da kimsə qoyub getmək istəmir.
Yenə bir neçə gün bundan əvvəl saytların birində məşhur aparıcı Kamran Həsənlinin müsahibəsini oxudum. Müsahibədən belə qənaətə gəldim ki, əksər televiziya kanallarında peşəkarlar uzaqlaşdırılıb və bu işdən xəbəri olmayanlar vəzifəyə gətirilib. Və onlar da ancaq primitiv, bayağı, şou proqramları hazırlayırlar. Vətənpərvərlik mövzusunda verilişlər isə ANS istisna olmaqla çoxunun yadından çıxıb.
Həmin fikrə qüvvət olaraq deyə bilərik ki, həqiqətən də aprelin 1-dən 5-nə qədər olan döyüşlərdə ANS bütün televiziya kanallarından da operativ və çevik fəaliyyət göstərdi. Düzdü, o biri kanallar da nəsə eləmək istədilər. O da daldan atılan daşa bənzəyirdi.
Bu gün televiziya kanallarında ANS istisna olmaqla vətənprəvrlik mövzuları çox zəif işıqlandırılır. ANS hər gün şəhid əsgərlərimizi efirdə göstərir, onları xatırlayır və yada salır. Amma bəzi kanallarda isə çal-çağırdı. Adamın ətini tökən toy müğənniləri düşük-düşük danışır, evlərini göstərir, maşınlarını reklam edir, şit zarafatla gündəmə gəlmək istəyirlər. Bax, bu verilişlərə baxan tamaşaçı ordan hansı vətənpərvərlik nümunəsi götürəcək. Axı o verilişə hələ kəfənləri saralmamış şəhid oğulların anaları, ataları, doğmaları da baxır. O dərd içində boğularkən, övladı vətən uğrunda şəhid gedərkən bir başqası televiziya kanallarında atılıb düşür, oynayır və insanların əsəblərini pozur. Məgər buna susmaq olar?!
Vətəni sevənlər isə nə kasıblığa baxır, nə varlılığa. İnsanın ki, ürəyində vətən sevgisi, millət sevgisi oldu, onu heç nə ilə dağıtmaq olmaz. Və qürur hissi duyuram ki, bu gün yüz minlərlə insanın qəlbində və ürəyində böyük vətən sevgisi var! Onlar hər an Ali Baş Komandanın əmrini gözləyir və hayqıraraq yağı düşmənin üstünə hücum etməyə hazırdılar. Allah belə oğulları, belə insanları, belə mübarizləri qorusun!!!

TƏQVİM / ARXİV