adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DAĞ İSMAYIL ŞUŞADA HEYDƏR ƏLİYEVƏ NƏ DEMİŞDİ?! - AQİL ABBAS yazır

AQİL ABBAS
3651 | 2022-12-13 00:20

1982-ci ildə Şuşada Vaqifin məqbərəsinin açılışı zamanı Ulu Öndər Heydər Əliyev yüksək vəzifəli dövlət məmurları, yazıçılar, şairlər və Şuşa camaatı ilə birlikdə piyada Cıdır düzünə qalxırdı. Təkcə şuşalıların deyil, bütün qarabağlıların Dağ İsmayıl kimi tanıdığı İsmayıl Əlişovun evi Vaqifin məqbərəsinə çathaçatda, yolun solunda yerləşirdi. Dünyagörmüş Dağ İsmayıl oturmuşdu qapısının ağzında və birdən Heydər Əliyevi və gələnləri gördü. Tez qalxdı ayağa, özünə bir çəki-düzən verdi, yaxınlaşdı Heydər Əliyevə, Heydər Əliyev də ona yaxınlaşdı. Əl verib görüşdülər. Aralarında maraqlı bir səmimi söhbət alındı.

Dağ İsmayıl «xoş gəlmisiniz»dən sonra birdən qayıtdı:

- Yoldaş Əliyev, siz bilirmisiniz ki, sizin babanız Pənah xanın vəziri olub? Sonra Xan ona Zəngəzurda kənd bağışlayıb.

Ulu Öndər gülümsədi və Dağ İsmayılı basdı bağrına, dedi:

- Bilirəm!

Daha sonra Dağ İsmayıl:

- Heydər müəllim, başınızın dəstəsi ilə qonağımsınız.

Ulu Öndər:

- Nə bişirmisiniz?

- Arvad yaxşı kələm dolması bişirib.

Onu da qeyd edək ki, Dağ İsmayılla Ulu Öndərin əqrəbalıqları olub. Və Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Şuşaya gedəndə Dağ İsmayılın bir neçə dəfə qonağı olub. Həmişə də kələm dolması bişiriblərmiş.

Heydər Əliyev gülüb zarafatla demişdi:

- Bu kələm dolması qalalıları öldürəcək.

Bu hadisənin çox şahidləri olub, çoxu da sağdı. Hələ o vaxt televiziya da vermişdi.

İndi oxuyuram ki, tarixçi-alim Cəbi Bəhramov mətbuata belə bir açıqlama verib ki, Heydər Əliyevin babaları Pənah xanın sərkərdələri olublar və Şuşa qalasının tikintisində də iştirak ediblər. Və bu indiyə qədər heç yerdə səslənməyib.

Hörmətli Cəbi müəllim, bu fikri ilk dəfə yuxarıda qeyd elədiyim kimi, Dağ İsmayıl 39 il bundan əvvəl açıqlamışdı. Və onu da qeyd edim ki, niyə məhz Zəngəzurda kənd bağışlayıb Heydər Əliyevin babalarına? Çünki o zaman Zəngəzur Qarabağ xanlığının ərazisinə daxil idi. Bunu məndən yaxşı bilirsiniz. Və bir məsələni də açıqlayım, mətbuatda getməyib.

Möhtərəm Prezident İlham Əliyev may ayında Ağdamda təməlqoyma mərasimində və Ağdamın Baş planını təsdiq etdiyi tədbirdə mən də vardım. Və Möhtərəm Prezidentlə çox səmimi söhbətimiz oldu. Ümumiyyətlə, görürsünüz tədbirlərdə Möhtərəm Prezident həddindən artıq səmimi olur, zarafatlaşır və adamlara şərait yaradır ki, ürək sözlərini deyə bilsinlər. Və həmin tədbirdə elə bir səmimi şərait yarandı ki, mən hətta prezidentin qoluna girdim və 1982-ci ildə Dağ İsmayılın Ulu Öndərə dediyi sözləri, yəni babasının Pənah xanın vəziri olduğunu və Zəngəzura Şuşadan köçdüklərini prezidentə çatdırdım.

Möhtərəm Prezidentin üzünə bir təbəssüm qondu və əlini qaldırıb hamıya dedi:

- Həsən əmim bunu həmişə deyirdi!

Və sonra yenə təkrar elədi:

- Həsən əmim bunu həmişə deyirdi!

Yəni hörmətli Cəbi müəllim, bu məsələ təzə söhbət deyil. Və mən həmin görüşdə Möhtərəm Prezidentə onu da dedim ki, tarixçilər araşdırsalar sizin nəsil Şah İsmayılın nəslindəndi və Pənah xanla Qarabağa Ərdəbildən gəliblər. Və artıq bu məsələni araşdırmaq təbii ki, siz tarixçilərin işidir.

P.S. Axtarıram Dağ İsmayılla Ulu Öndərin bir-birlərini bağırlarına basdığı şəkili də tapıb bu gün olmasa da saytımızın sabahkı sayında dərc edəcəm. Daha doğrusu, o şəkil məndə yoxdu ey, o şəkil Şuşanın canlı ensiklopediyası Vasif Quliyevdədir. O söz verib ki, tapıb verəcək.

Dövlət Televiziyası arxivi axtarsa bəlkə Ulu Öndərlə Dağ İsmayılın həmin səmimi söhbətini də tapa bilər. Əgər Heydər Əliyev Siyasi Bürodan istefa verəndən sonra silməyiblərsə.

TƏQVİM / ARXİV