adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: O DAŞI POLİSƏ YOX, DÖVLƏTƏ ATIRSAN

AQİL ABBAS
57200 | 2020-06-09 17:54
A- A+

Ölkədə pandemiya ilə əlaqədar yumşalma qərarı çıxandan sonra məsuliyyət hissini itirdik və bir vətəndaş kimi üzərimizə düşən öhdəliklərə əməl etmədik. Nəticədə həm virusa tutulanların sayı artdı, həm də ölüm halları. Hökumət sərt qərar qəbul etməyə məcbur oldu – şənbə və bazar günləri karantin rejimini sərtləşdirdi. Nəinki evdən çıxmağı, hətta minik maşınlarından istifadə etməyi də yasaqladı.

Biz buna əməl etdikmi? Təbii ki, millətin 98 faizi məsuliyyətini dərk elədi, amma bir çoxları qanunları çeynədi.

Nazirlər Kabinetinin qəbul etdiyi qərarların icrasını bütün dünyada olduğu kimi, ölkədə də Daxili İşlər Nazirliyi həyata keçirir. Ən böyük ağırlıq polisin üzərinə düşür. Baxıram sosial şəbəkələrdə və saytlarda polisin əleyhinə böyük bir təbliğat aparılır. O əlcəkləri geyib, o maska ilə bir saat günün altında qala bilərsizmi? Bir təcrübədən keçirin. Qala bilməzsiz! Amma polis sizin əmin-amanlığınızı qorumaq, hökumətin qərarlarını icra etmək üçün bəzən 10-12 saat bax beləcə, günün altında vəzifə borcunu yerinə yetirir. Siz onu daşlayırsız, başına zibil atırsız, sosial şəbəkələrdə söyürsüz. O polis sizin qardaşınızdı – o daşı qardaşınıza atırsız. O polis sizin oğlunuzdu – o daşı oğlunuza atırsız! Əminizdi, dayınızdı, atanızdı – o daşı, o zibili əminizə, dayınıza, atanıza atırsız! Və ümumiyyətlə, sonda, o daşı özünüz də bilmədən dövlətə atırsız. Birisi polisi yumruqla vurub, sonra qaçır. Polislər də onu saxlamaq istəyəndə müqavimət göstərir və polislər də həmin kəslə sərt davranmaq məcburiyyətində qalır. Ona nə deməlidi? Deməlidi ayağının altında ölüm, məni vurma, mənə müqavimət göstərmə? Əslində əvvəlcə onu deyir, amma həmin kəs tabe olmaq fikrində deyil.

Heç uzağa getməyin, dünyanın ən demokratik ölkəsi sayılan ABŞ-a baxın, yaxud Avropa ölkələrinə baxın. Etiraz edənlərin üzərinə hətta maşın sürülür, atların ayaqları altına salınır. Hələ qazı və rezin güllələri demirəm.

Şükürlər olsun ki, Azərbaycanda belə hallara rast gəlinmir. İnşallah, gəlmərik də.

Baxıram, ən qəribəsi odur ki, polisin tərəfini saxlayan və onun haqqında xoş söz deyənləri də hardansa idarə olunan trollar «daşa» tutur, təhqir edir və sair və ilaxır.

Göyə daş atma, bala,

Göy üzü daş saxlamaz.

Və qayıdar öz başına düşər.

P.S. Həmin şənbə-bazar günləri polis neçə nəfəri xəstəxanaya çatdırdı. Hətta polis maşınında hamilə qadın dünyaya uşaq gətirdi. Kiminsə evində çörək olmayıbsa, polis ona çörək çatdırdı. Kimisə bacısının dəfninə çatdırdı. Əslində həmin günlər polis az qala Təcili Yardım kimi çalışırdı.

Amma deyəsən, Təcili Yardım öz vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilmədi ki, polis onun işini görəsi oldu.

Amma polis də qanundan kənara çıxmamalıdır. Yəni polisin etdiyi hər hansı bir artıq hərəkət təbii ki, xalq tərəfindən xoş qarşılanmır.


TƏQVİM / ARXİV