adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

AXIR Kİ GÖZƏL BİR FUTBOLA TAMAŞA ETDİK - Aqil ABBAS yazır

AQİL ABBAS
337 | 2022-09-12 14:19

Azərbaycan Çempionatının  6-cı turunda «Qarabağ» «Sabah»i qəbul etdi. Çox gözəl bir oyun oldu. Əsl derbi idi.  Elə bil «Barselona» ilə «Real» oynayırdı. Bir oyunda 7 qol.  Heç bir komanda  bir-birindən  çəkinmirdi, açıq futbol gedirdi. Birinci hissənin 43-cü dəqiqəsində  «Sabah»ın oyunçusu  qırmızı vərəqə  alıb oyunu  tərk etdi.  Təxminən  ondan sonra «Sabah» 50 dəqiqə  10 nəfərlə oynadı.  Amma qorxmadı, çəkinmədi və müdafiəyə də çəkilmədi. Nəticədə iki gözəl qol vurdular. Bundan sonra Qurban Qurbanov güclü torpedalarını işə saldı. Və «Sabah» müdafiəyə  çəkildi.  Bu da ona baha başa gəldi və nəticədə daha 2 top buraxdılar.

«Qarabağ» qalib gəldi, amma  heç-heçə daha ədalətli olardı. Mən «Qarabağ»ın fanatı olsam da «Sabah» elə gözəl oynayırdı ki, heç istəmirdim uduzsunlar.

Ümumiyyətlə, Murad Musayev gözəl bir  komanda yaradıb, özünün  oyun üslubu var, komanda  fiziki cəhətdən də güclüdür. Belə görünür ki, «Sabah» çempionluq uğrunda mübarizə aparır.

Uduzmalarına baxmayaraq, gözəl oyuna görə Murad Musayevi və «Sabah» komandasının  futbolçularını  ürəkdən  təbrik edirəm.

 

TƏQVİM / ARXİV