Bir  ləçək xatirə - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
118 | 2024-12-28 10:54

Vətəndə VƏTƏNSİZ  yaşadığım    otuz  ildə   özümü dəli olmaqdan necə saxladığımı anlaya bilmiəm..r. Ən azından ona görə ki, içimdə bu qədər xatirə, içimdə bu qədər nisgil ola... və   həm  də o xatirələri, o nisgilləri hər gün təkrar-təkrar canından-qanından keçirəsən...

İlahi, doğrudan da insan dağdan, daşdan, dəmirdən, poladdan da dözümlü və sərt imiş. İçində yeyilə-yeyilə, üyünə-üyünə, əriyə-əriyə dözüb durmaq qüdrəti yalnız insana məxsus imiş. Və o insanların sızıltısı da dözümdü... göz yaşı da dözümdü... yuxusu da, xəyalı da, xatirəsi də... Sizi deyə bilmərəm, şəxsən mən ilin bütün günlərində, bütün fəsillərində o saydığım nişanələr üçün darıxırıam. O xatırladığım və hələ çoxunu da kağıza köçürmədiyim məqamlar üçün sinov gedirəm. Çünki Qarabağda yazın, yayın, payızın, qışın özəllikləri tamam fərqliydi. Heç yerdə o özəllikləri və o gəzəllikləri görmədim. Hara yolum düşdüsə, hara üz tutdumsa, orada bir iynə ucu bənzəyiş, oxşalıq görəndə ürəyim nanə yarpağı tək əsdi, titrədi. Az qaldım ki, o bənzərliyi, o oxşarlığı gözümə təpim. Xüsusilə bunu Trabzon səfərlərimdə çox yaşadım. Havanın, suyun, torpağın, daşın oxşarılığı məni orda öldürüb diriltdi... ürəyimi oxdan, nizədən keçirdi...

Elə bu günlərdə elektron ünvanıma bir video görüntü gəldi. Gecə saat 3 idi. Bunu mənim ustadım, unudulmaz Şahmar Əkbərzadənin oğlu Elşən Çəmənli göndərmişdi. Açdım görüntünü... O görüntünün özünə hopdurduğu səs mənim ömrümü-günümü baltaladı, mənim həyatımı, onu dinlədiyim zaman kəsiyində, göz yaşına bələdi. Xanəndə Elnur Zeynalov oxuyurdu. Və görüntü yağmalanan, işğal altında qalan kəndimiz idi. Dinləyə-dinləyə mən də bu misraları yazdım. Yazdım ki:

 

 

Korun-korun öz odumda yanırdım

Öz odumu tək özümün sanırdım...

Qibləm! – deyib Qarabağı anırdım –

Sən də gəlib duz çilədin yarama...

 

 

Havalı dərd, göy üzünü seçmişdim

Ahım çoxdan buludları keçmişdi...

Mənim artıq hər anım da keçmişdi –

Sən də gəlib duz çilədin yarama...

 

 

Ürək xırman – sovurduğu dərd, saman

Bu xırmanın qovurduğu dərd yaman...

Kipriyindən gecə-gündüz dərd daman –

Sən də gəlib duz çilədin yarama...

 

 

Nə çəkirəm, nə yeyirəm ta sözdü

Dinləyənə göz yaşıdı, ya sözdü...

Otuz ili yazıq canım ha çözdü –

Sən də gəlib duz çilədin yarama...

 

 

Daha o kənd, silib məni yadından

Nə haqqım var de, danışım adından?

Tamsınırdım həsrətimin dadından –

Sən də gəlib duz çilədin yarama...

 

TƏQVİM / ARXİV