BİR QIRMIZI  KART DA DE BYAZİYƏ ÇIXARILMALIDI - Aqil ABBAS yazır

AQİL ABBAS
1118 | 2023-11-20 17:14

İsveçin qapısına 3 dənə gözəl qol  vurduq və qalib  gəldik.  İçi mən qarışıq  sevincindən ağlayan kim, səhərə qədər «Yallı» gedən kim, bir sözlə,  Millət, Vətən,  Sakarya. De Byazi də kanallarımıza elə ağızdolusu  müsahibələr verdi ki, elə bil Avropa  çempionu olmuşduq. 

Və yollandıq Belçikaya. İsveçə qalib gələndən sonra içimizdə bir ümid vardı ki,  Belçikada da ən azı  heç-heçə edə biləcəyik.  Bir setka topla qayıtdıq.
Futbol da müharibənin  başqa bir variantıdı, sadəcə olaraq, on bir-on birə  savaş gedir.  Türklər demiş, cocuklar  çarpışdı gücü  çatan qədər. Hətta 10 nəfər qalsalar da təslim olmaq istəmirdilər. 

Birinci  Qarabağ savaşında da oğullar qeyrətlə, var-gücləriylə  savaşırdılar, hətta  başlarından  yuxarı da  hoppanırdılar.  Ermənilərin ən strateji  rayonu olan  Ağdərəni də  azad etmişdilər. 20 min şəhid verdik, 40-50 min qazimiz oldu, amma təəsüf ki, məğlub olduq.  Bircə səbəbi vardı – Ali Baş Komandanımız  əskik idi. 

Bir məşhur  lətifə var ey, şah deyir ki,  mən gələndə toplardan  40 yaylım atəşi  açarsınız. Şah gəlir, yaylım atəşi  açan olmur.  Şah vəzirdən soruşur:

- Niyə yaylım atəşi  açılmadı?

Vəzir:

- Şah sağ olsun,  bunun  qırx səbəbi var.

- Nədi o səbəblər?

- Birincisi, barıt  yox idi.

Şah:

- Day yerdə qalan  otuz  doqquzu saymaq lazım deyil.

İndi Birinci Qarabağ savaşımızda da  nə qədər istəsəniz səbəb tapmaq olar. Amma əsas  səbəb o idi ki,  Ali Baş Komandan  yox idi. 

44 günlük  müharibədə 3 min şəhid verdik və torpaqlarımızı erməni işğalçılarından tamamilə azad etdik. Bircə səbəbi  vardı – Ali Baş Komandan  yerində idi. 

Futbolda da  belədi. Futbolun da  Ali Baş Komandanı  baş məşqçidir. O yerində olmayandan  sonra nə qədər  çarpışırsan çarpış, bir setka  topla qayıdarsan. Bu Eddi İsrafilov nə  futbolçudur ki, gətirib  milliləşdirilib.  Və nə isə, elə  birinci hissənin  ortalarında qırmızı vərəqə gördü və meydandan  qovuldu. 

Əslində isə  AFFA bir qırmızı  vərəqə də De Byaziyə  çıxarmalıdır. Görəsən, AFFA rəhbərliyinin De Byazinin yanında nə gözükölgəliyi  var ki, ona qırmızı  vərəqə çıxarmır? 

Deyəsən, vaxtı  çatıb, özü gedəcək. Gəldi, yedi-içdi, kef elədi, pul qazandı, bir qələt də  edə bilmədi. 

Əsas məsələ odur ki, De Byazi  gedəcək, AFFA yeni bir Demə Byazi tapacaq. 

Yadıma Qədir Rüstəmovun ustad Seyran  Səxavətə dediyi bir söz düşdü.

Seyran Qədirdən  soruşur ki, uşaqlara  arvad tərəfin  adlarını  qoymusan? Qədir də qayıdır ki:

- Niyə, bizimkilər qırılıb  qurtarıb ki? 

Uduzmaq uduzmaqdı, qoy elə Rəşad  Sadıqovla  uduzaq da, ya Tərlan  Əhmədovla. Nə isə,  yəni  öz oğullarımızla.

TƏQVİM / ARXİV