Üzeyir bəyin «Leyli və Məcnun»u ilk dəfə səhnəyə qoyulanda dövri mətbuatda bu opera haqqında palaz-palaz tərifli yazılar getmişdi. Yalnız Mirzə Cəlil bu qiymətli sənət əsəri haqqında bircə cümlə yazmışdı: «Əhsən ol sənətkara ki, üç yüz milyonluq müsəlman xalqını bir yerə cəm edib huşi-guş ilə üç saat bir nöqtəyə baxmağa məcbur elədi».
İndi fevralın 20-də «Xəzər» televiziyası görkəmli xanəndə, muğam ustadı Arif Babayevin 86 yaşının tamam olması ilə bağlı ad günü keçirtdi. «Xəzər» möhtəşəm bir veriliş təqdim etdi. Və inanıram ki, həmin veriliş televiziyalarımızın həmin günki proqramlarından daha çox reytinq yığdı. Aparıcı Lalə xanıma da eşq olsun, aparıcılıq qabiliyyətini, savadını, muğamımıza, Arif Babayevə sevgisini əla nümayiş etdirdi.
Mən də bir az uzun yazdım. Əslində bircə cümlə yazmalıydım: «Əhsən ol Murad Dadaşova ki, on milyonluq Azərbaycan xalqını bir yerə cəm edib üç saatdan artıq bir nöqtəyə baxmağa məcbur elədi».