Eynəyin itməkliyi - Aqil Abbas yazır

AQİL ABBAS
209145 | 2024-12-25 17:50

Yayxınmışdı kresloya, masanın üstüsəliqəsiz halda kağız-kuğuzla, müxtəlif qəzetlərlədoluydu, qələmdanda müxtəlif rəngli on-on beş qələm vardı.

 
O, qələmləri topasıyla iki ovucunun arasında oxlov kimi oynatmaqdan, özü də kabinetdə işçiləri və kənar adamlar olanda oynatmaqdan həzz alırdı. Bunu da bir filmdə Mircəfər Bağırovdan görüb-götürmüşdü.

 

Başının üstə böyük bir foto asılmışdı. Dövlət başçısı jurnalistlərlə hansısa görüşündə hamı ilə görüşəndə təbii ki, onunla da əl tutmuşdu. O da həmin şəkli böyütdürüb vurmuşdu başının üstə. Özü də, oğlu da bununla fors edirdi. Bunu kitablarının birinin də üzqabığına qoymuşdu.

Sağ tərəfindəki yardımçı masada bir selektor, dörd dənə də ağ rəngli telefon vardı: biri redaksiyanın yerləşdiyi nəşriyyatın daxili telefonuydu ki, heç vaxt istifadə etməmişdi, biri qəbul otağına bağlı şəhər telefonu, ikisini isə fors üçün qoymuşdu, birinin də üstünə gerb yapışdırmışdı ki, guya hökumət telefonudu. Bəzən kabinetdə hörmətli qonaq olanda həmin telefonu qaldırıb hansısa yüksək vəzifəli bir məmurla, ya bir nazirlə ciddi məsələ haqqında danışar, ya da zarafat edərdi, əlini də dodağına aparıb otaqdakına və ya otaqdakılara "sus” işarəsi göstərirdi.

Səhər-səhər dostlarıyla babat xaşlayıb gəlmişdi, kefi kök idi.

Katibəni çağırdı, katibə də nazlana-nazlana girdi içəri:

- Eşidirəm, Rza müəllim.

Katibəni bir ayaqdan-başa, bir də başdan-ayağa süzdü, sonra gözlərini qıyıb qızın bədəninin bir nöqtəsinə tuşladı:

- Ay qız, sənə neçə dəfə demişəm belə əndrabani geyinib əndamını çöldə qoyma?! Mənə sənin modelliyin ayrı yerdə lazımdı, işdə yox.

Katibə yenə nazlandı:

- Baş üstə, Rza müəllim.

- Yaxşı, deynən gəlsinlər planlaşdırmaya. Çay da gətir, özü də hamıya.

Bir azdan qapı açıldı, əməkdaşlar bir-bir girdilər içəri, əllərində qələm-kağız, düzüldülər qapının ağzına.

- Əyləşin də, gərək mən deyəm.

Hamı keçib oturdu.

Gördü Əli bəy Hüseynzadə yoxdu, soruşdu:

- Bəs Əli bəy hardadı?

Cəfər Cabbarlı:

- Dünən qonaqlıqdan sonra tapşırdınız ki, səhər-səhər getsin akademiyaya, bizim türk deyil, azərbaycanlı olmağımızla bağlı görkəmli alimlərdən açıqlamalar alsın.

- Hə, yadıma düşdü. Özüm qəsdən onu göndərdim. Əşi, elə yapışıb türk belə getdi, türk elə getdi, biz niyə türk oluruq ey? Bir millətiksə, qoy türklər desin, biz azərbaycanlıyıq. Mirzə, mən ölüm, düz demirəm?

Mirzə Cəlil:

- Əlbəttə, düz deyirsiz! Gərəkdi türklər desin biz azərbaycanlıyıq. Özü də onlar türk deyillər ki, osmanlıdılar. Sonradan özlərinə Əli bəyin əsərlərini oxuyub türk dedilər.

Rza müəllim üzünü tutdu hamıya:

- Deyin görüm qonaqlıq necə keçdi ey?

Hamı razılıq elədi:

- Əla.

- Hələ siz gedəndən sonra iki-üç nazir dostum da gəldi. Üzr istədilər, müşavirədəymişlər, ona görə gecikiblər. Səhərəcən düt deyənəcən vurmuşuq. Həə, necəsiz ey, işlər necə gedir? Görürsüz də qəzetimiz od eləyir. O biri qəzetləri heç sayan yoxdu, onlarınkı qəzet deyil ha. Ağızlarına gələni yazırlar. Elə qəzetlərə nə deyirlər?

Üzeyir bəy:

- Bulvar qəzeti.

- Hə, hə, Üzeyir bəy, bulvar qəzetləri. Başdan-ayağa şər-böhtandılar. Özləri də qapı-qapı düşüb dilənirlər, adımızı batırırlar.

Katibə çayları gətirdi və stəkanı birinci onun önünə qoyanda əsəbləşdi:

- Bərli-bəzəkli geyinməklə deyil ey, mədəniyyətin olsun, birinci stəkanı ağsaqqalın qabağına qoyarlar!- deyə Üzeyir bəyi göstərdi.

Katibə çayları payladı, bu vaxt önündəki çayı əlinin arxası ilə elə geri itələdi ki, az qaldı stəkan aşsın, əsəbi halda dedi:

- Bu nədi, ay qız?

Katibə yazıq-yazıq:

- Çay!

- Götür apar bu çayı dədən içsin, bu çay deyil, oşala suyudu. Bilmirsən ki mən həmişə yaşıl çay içirəm. Bəylər, vallah, bu çay deyil. Bu çay fabriki saman çöpündən tutmuş əlinə nə gəldi rəngləyib doldurur bərli-bəzəkli qablara, sırıyır camaata. Girdirmədi hamısı. Gərək bir vaxt tapıb bu çay fabrikinə bir əl bulayım. Gül kimi çaylarımız vardı, ətri adamı bihuş edərdi. Biz görmüşük ki, çay bir on-on beş dəqiqə dəm alıb rəngini götürər. Amma bu çayların üstünə dağsu tökən kimi olur qapqara. Ona görə böyüklər hamısı yaşıl çay içir. Çay Lənkəran çayıdı ey, o Şahağacıdı-nədi, o. O da hər saat tapılmır. Başçıya zəng eləmişəm bir on-on beş kilo göndərsin hamınıza bağışlayım.

Katibə çayları dəyişdi. Yaşıl çaydan bir qurtum vurdu:

- Həə, bu başqa məsələ, ürəyin dərmanıdı.

Mirzə Cəlil:

- Qoruyun ürəyinizi, Rza müəllim. Siz həssas adamsız, hər bir incə şeydən təsirlənirsiz.

- Düz deyirsiz, Mirzə.

- Hər şeyi ürəyinizə salmayın.

- Olmur də, Mirzə, onda gərək adam eşşək ola.

Üzeyir bəy:

- Eşşəklər də gündən-günə çoxalır.

Əbdürrəhim bəy ciblərini axtarmağa başladı, amma istədiyini tapa bilmədi, öz-özünə dedi:

- Balam, bu necə oldu?

Rza müəllim:

- Bəy, nə isə itirmisən?

- Eynəyimi tapa bilmirəm, deyəsən otaqda qalıb.

Hamı çevrilib təəccüblə Əbdürrəhim bəyə baxdı, yaxşı bilirdilər ki, bəy eynək taxmır.

Əbdürrəhim bəy qalxdı ayağa:

- Gedim bir otağa baxım. Eynəksiz özümü çox pis hiss edirəm.

Rza müəllim:

- Sən niyə gedirsən, əyləş.

Katibəni çağırdı və tapşırdı ki, getsin bəyin otağına, eynəyini gətirsin.

Üzünü tutdu Üzeyir bəyə:

- Hə, ağsaqqal, nə yazırıq?

Üzeyir bəy barmağıyla eynəyini bir az yuxarı qaldırdı, sonra bığını sığallaya-sığallaya dedi:

- Rza müəllim, məsələ çox ciddidi. Son illər özünüz görürsünüz də, qarayevlərin, əmirovların, niyazilərin nəsli kəsilməkdədi. Odur ey, Ramiz Mirişli də getdi, qalanlarımız Poladdı, Fərhaddı, Siyavuşdu. Cavanşir də küsüb gedib oturub Kiprdə özüyçün. Deyən də yoxdu ki, ay oğul, kimdən küsmüsən ona salam vermə, qayıt gəl yaz-yarat, yeni bəstəkarlar yetişdir. Nə təzə opera yazan var, nə simfoniya, nə də balet. Poladın baletindən sonra səhnədə təzə bir balet görmüsüz? Leyli və Məcnunu yazmağıma peşman olmuşam, Koroğlu yaddan çıxıb! Leyli-Məcnun, Leyli-Məcnun... Nə qədər Leyli-Məcnun olar. Çox ciddi bir araşdırma aparmışam, Konservatoriyanı da, Bəstəkarlar İttifaqını da, Opera Teatrını da möhkəm silkələmişəm. Solfecionu bilməyənlər at oynadır, bəstəkarlıq edir. Bütün ənənələr qalıb ayaq altda. Xalq mahnılarına da, bəstəkar mahnılarına da, hətta Tofiq Quliyevin də mahnılarına əl gəzdirib eləyiblər toy havası. Bircə qalıb Qədirin "Sona bülbülləri”ni toy havası eləsinlər...

Bu yerdə Rza müəllim Üzeyir bəyin sözünü kəsdi:

- Bəy, bir dayan, bir toxta. Çox ciddi bir məsələyə toxundun. Xəbərin var də, Məcnunlar bir-birini qırır, söyüşün biri bir qəpik. Nə yapışmısan ey, Koroğludan, Kürd Ovşarından, İldırımlı yollarladan? Kimə lazımdı ey?! Oxucuya söyüş lazımdı, qalmaqal lazımdı, televizora baxmırsan? Sən belə elə, tap Canəli müəllimi, Arifin dediyinin üstünə beşini də qoy, mindir onu cin atına. Onsuz da Arifin əlindən yanıqlıdı. Qoy açsın sandığı, töksün pambığı.

Cəfər Cabbarlı:

- Nə vardı deyib də, təzə nə deyəcək ki?! Özü də Rza müəllim, bu gün hansısa saytda oxudum ki, barışıblar.

Katibə qayıdıb gəldi və bildirdi ki, bəyin eynəyi otağında deyil.

Əbdürrəhim bəy yenə deyindi:

- Eyy, bu nə işdi? Bəs, bu harda qalıb?

Rza müəllim:

- Bəy, narahat olma, tapılar, - sonra üzünü tutdu Cəfər Cabbarlıya; - Deyirsən barışıblar?

- Hə! Yuxarıdan necə zəng ediblərsə! Hətta Canəli müəllim Çanaqqalada barışıq qonaqlığı da verib.

- Boş sözdü, saytdı də yazıb aypi yığsın. Yaxşı, onda götür Mənsumdan yaz. Yaz ki, Mənsum Məcnunu Arifdən yaxşı oynayır. Arifin dilindən də de ki, Əlibabanın səsi var? Səsi varsa bir Mənsuriyyə oxusun. Yaz ki, Zeynəbdən sonra səhnədə Leyli olmayıb. Leylilər düşsün Zeynəbin üstünə. Oxudun da Flora Zeynəbə nə dedi? Bir vurhavur başlayacaq ki! Bizim də reytinqimiz vurub çıxacaq kəllə-çarxa, hələ aypini demirəm. Sən də yapışmısan operadan, baletdən, simfoniyadan. Xəbərin var, Üzeyir Mehdizadə bu dəqiqə səndən beş dəfə məşhurdu. Bəy, sənə böyük hörmətim var, amma qəzetimi səndən də çox istəyirəm, özümdən də, incimə! İndi XXI əsrin əvvəlidi ey, XX əsrin yox.

Mirzə Cəlil əyilib Əbdürrəhim bəyə pıçıltı ilə deyir:

- Bəy, sən axı eynək taxmırsan, nə məsələdi?

Əbdürrəhim bəy bığaltı gülümsəyərək:

- Bir az hövsələ elə, Mirzə, özün görəcəksən?

Bu vaxt əl telefonunda "Kurtlar vadisi”nin musiqisi səslənir. Əbdürrəhim bəy telefona işarə ilə deyir:

- Rza müəllim, Polad Ələmdar zəng edir.

Cəfər Cabbarlı:

- Bəlkə Mematidi.

Mirzə Cəlil:

- Mematini keçən seriyada öldürdülər.

Rza müəllim əlini atır telefona və bir qədər əsəbi halda deyir:

- Deyəsən, mənlə məzələnirsiz?!

Mirzə Cəlil:

- Allah eləməsin, Rza müəllim.

Telefonu açır.

- Eşidirəm. Bay, səsini eşidək! Gün hardan doğub? Belə də, qəzetdi çıxarırıq. Azərbaycanın bütün dahilərini yığmışam redaksiyaya. Elə bu dəqiqə planlaşmadı. Salam göndərən sağ olsun. Onlar da sənə salam deyir. Sizdə nə var- nə yox? Hardasan? Karlovı Varıda? Kefdəsən ki! Yox əşi, mən Karlovı Varıyla qurtarmışam. Bir küçəni nə qədər o tərəf- bu tərəfə getmək olar? Elə bil Tarqovıdasan, hamısı da özümüzünkülər. Adam salamlaşmaqdan, öpüşməkdən yorulur. Heç levi də getmək olmur. Ha-ha-ha! Əşi, o tayski masaj boş şeydi, filippinlilərdi, vyetnamlılardı-nədi it iyi verirlər. Kazinoların da ləzzəti qaçıb. Hərənin əlində bir telefon. O gün bir deputatın şəklini çəkib veriblər yutuba, saytlara, yazığı biabır ediblər, ehtiyatlı ol. Uzunqılçalı qızlar gətirib hündür stulda oturdurlar, bilmirsən onların qılçalarına baxasan, yoxsa karta. Keçən il o qılçaların hesabına iki min avro uduzdum, söhbət puldan getmir ey, Allah sənin kimi dostların canını sağ eləsin, prosto adamı lox yerinə qoyurlar. Yox, sağ ol, bilirəm eləmək istəyirsən, amma həvəsim yoxdu. Sən sağ-salamat gəl, o pulu verərsən gedərəm bir İspaniyaya. Bilirsən də "Barselona”nın balelşikiyəm, Messiyə jivoy baxmaq istəyirəm. Baş üstə, Cəfər müəllim elə yanımdadı, deyərəm yazar. Müsahibə? Olsun müsahibə, şəkilləriynən-zadnan. Öpürəm.- telefonu söndürür, üzünü tutur otaqdakılara; - Vışşı oğlandı, bratdı. Deyir, xərcin mənim boynuma, dur gəl Karlovı Varıya. Əşi, day oraların zibili çıxıb, heç suyu da bir su deyil. Hə, bəy, harda qaldıq?

Üzeyir bəy bığlarını sığallaya-sığallaya:

- Üzeyir Mehdizadədə.

Mirzə Cəlil bığaltı gülümsəyir.

Rza müəllim:

- Bəy, o Üzeyir Mehdizadəni boş ver getsin, sən mənim dediyim məsələləri qaldır, - deyir sonra üzünü tutur Cəfər Cabbarlıya; - Hə, müəllim, səndə nə var?

- Mən də teatrımızın, dramaturgiyamızın vəziyyətindən çox narahatam. Vaxt varıydı, tamaşalara bilet tapılmırdı, əldən güc-bəlayla tapırdılar. İndi nə olub? Niyə camaat teatrdan qaçır? Səbəb nədi? Qoyulan əsərlərin keyfiyyətimi, aktyorların səviyyəsimi, rejissorların yenilikləri mənimsəyə bilməmələrimi? Teatrşünaslarımız niyə susur? İlham Rəhimli niyə teatrdan uzaq düşüb?

- İlham Rəhimlinin teatra nə dəxli? O hüquqşünas deyil, özü də Putinin dostudu.

- Rza müəllim, o İlham Rəhimlini demirəm.

- Ayrı İlham Rəhimli də var?

- Var, professordu, teatrşünasdı.

- Əşi, ona deyin getsin familini dəyişsin, ölkədə bir İlham Rəhimli ola bilər, o da Putinin dostu.

- Deyərik, Rza müəllim, deyərik. Məsələ ondadı ki, hanı yeni şıxzamanovlar, turabovlar, xanızadələr, fuadlar?..

- Müəllim, bir toxta. Elə bu günlərdə sənin Almazını qoyublar ki, nə istəyirsən? Mirzənin də Ölülərini.

- Rza müəllim, bu məsələnin həlli deyil. Hələ bu əsərləri necə qoyublar, bu ayrı mövzudu. Problemlər daha dərindi. Biz bunu araşdırmalıyıq, teatrlarımızın inkişaf yolunu tapmalıyıq.

Qələmdandakı qələmləri götürüb başlayır ovuclarının içində oxlov kimi oynatmağa:

- Müəllim, getsinlər görsünlər Coşğunla Rəfaelin tamaşalarının biletlərinin üstündə niyə qırğın gedir. Azdramaya bilet dörd-beş manatdı, onların tamaşalarına əlli manat. Getsinlər onlardan öyrənsinlər də! Sən başqa məsələni qabart ey. Odur, Fuad küsdü getdi, Əli Əmirlinin Qacarı qaldı ortalıqda. Hətta mən də gedib baxmışdım, əla tamaşaydı. Ora teatr deyil ey, intriqa yuvasıdı. Azərpaşa gərək ATƏT-i çağıra ki, bəlkə onlar intriqaları Qarabağ problemi kimi həll eləsinlər. Nə qoyub, nə axtarırsan? Sən belə elə də, o bir qız var ey, təzə-təzə oxumağa başlayıb. Əvvəllər sauna qiyməti əlli manat idi. İndi villası, cipi. Bizim bu pulluların da lap zövqü ölüb. İndi də bayaq zəng eləyən dost xahiş elədi ki, ondan bir müsahibə verək, piyarını təşkil edək. Sən ondan bir qalmaqallı müsahibə al, qoy məşhurları söysün, Floranı söysün, Aygünü söysün, o Faiq Ağayevi söysün, gündəm olsun.

- Axı onun səsi yoxdu.

- Nə olsun ki, səsi yoxdu, guya o biriləri Rübabədi, Şövkətdi, Nisədi? Səsləri var ki?! Kompüterin hesabına atılıb-düşürlər. Mən də dosta deyərəm bu yay səni göndərər Kislovodskiyə kef edərsən; - üzünü tutur Üzeyir bəyə: - Nətər fikirdi, bəy?

Üzeyir bəy:

- Əla fikirdi. Bəlkə deyəsən məni də Şuşaya sanatoriyaya göndərə?

- Niyə demirəm, deyərəm, göndərər gedərsən Şuşaya! Hara? Bəy, sən də zarafatından qalmırsan ey. Deyərəm göndərər Naftalana.

Sonra Rza müəllim üzünü tutur Mirzə Cəlilə:

- Həə, Mirzə, hamıya ləzzət edir də sənin yazıların. Hərəsi bir bombadı. Partladır qəzetin reytinqini. Bir prokuror dostum var, sənin balelşikindi, deyir Mirzənin bütün yazılarını yığıb saxlayıram. İcazə versə, sponsorluq edib kitab kimi çap etdirərəm. İnanmazsan, mənə yalvarır ki, onu sənlə tanış edim. Gərək deyəm, bir mələməmiş quzu kəsib bizi yığsın bağa. Nə isə, sən nə yazırsan?

Mirzə Cəlil istehza ilə bir otaqdakılara baxdı, bir Rza müəllimə baxdı və dedi:

- Yazım hazırdı, müdir. Amma bilmirəm bombadı, yoxsa, qrad.

- Qəşəng başlıq seç. Camaat indi başlığa görə yazını oxuyur: ata qızını zorladı, qardaş bacısının başını kəsdi, təzə gəlin ərini bacısıyla tutdu. Bax, belə başlıq seç. Səninkinin başlığı nədi?

- Zırrama!

- Əhsən, Mirzə, yoxdu ey səndən. Əşşi bomba nədi ey, qrad nədi ey, bu esüçyüzdü. Zırrama! Bəli, bəli Zırrama! Əşi, bu zırramalar aləmi bürüyüb ey. Karidora çıxırsan zırramalar, küçəyə çıxırsan zırramalar, restorana girirsən zırramalar... əllərindən tərpənmək olmur. Baxırsan alimdi, intiligentdi, beş-on dəqiqə söhbət edirsən, görürsən zırramanın yekəsidi. Hələ bu qəzet redaktorları var ey, iki eşşəyin arpasını bölə bilmirlər, qəzet çıxarıb camaata ağıl verirlər. Özləri də zırramanın lap yekəsidilər.

Əbdürrəhim bəy:

- Düz deyirsən, Rza müəllim. Bir para zırramalar mətbuatı da ələ keçiriblər, ayda yalanpuşdan bir qəzet buraxırlar, adlarını da qoyublar baş redaktor. Hərəyə də bir vəsiqə verib salıblar bu ölkənin canına. O gün getmişdim Beyləqana, mehmanxananın müdiri mənə düz on doqquz dənə baş redaktor vəsiqəsi göstərdi ki, pullarını verə bilməyib, sənədlərini girov qoyublar ki, gəlib götürəcəklər. Yaz, Mirzə, yaz, ifşa elə belələrini. Bir qəpiklik qələmləri yoxdu, yüz ilin qəzetçilərini, əlibəyləri, əhməd bəyləri, nemanzadələri bəyənmirlər. Ar yox, abır yox.

Cəfər Cabbarlı:

- Hə, düz deyirsən. Gör hər gün biz nə çəkirik ey.

Rza müəllim təbii ki, Cəfər Cabbarlının eyhamını başa düşmədi, başa düşə də bilməzdi:

- Hə, müəllim, sizin kimi intiligentlər üçün lap çətindi. Bax, zırramaların hər şeyləri var, villaları, cipləri, sizlər də quru maaşa işləyirsiz. Qiymətlər də bir tərəfdən. Getmişdim bazara, gördüm bazar od tutub yanır.

Əbdürrəhim bəy:

- Yanğınsöndürən çağıraydız.

- Əşi, nə yanğınsöndürən? Kürü axıtsan da sönən deyil. Doğrudan ey, hərdən fikirləşirəm, bu maaşla necə yaşayırsız?

Üzeyir bəy:

- Birtəhər yola veririk.

- Həə, Mirzə, nədən danışırdıq?

- Zırramadan.

- Əla, çox gözəl. Yaz! O nömrəni zırrama bildiklərimin hamısına göndərəcəm. Bəlkə oxuyub bir az özlərinə çəki-düzən verələr.

Mirzə Cəlil:

- Rza müəllim, imkan tapsan bir özün də oxu.

Rza müəllim:

- Vallah, vaxt olmur oxumağa. Bu tədbirlər, ziyafətlər, toy-moylar qoyurlar ki, başını qaldırıb heç olmazsa öz qəzetini oxuyasan?! Amma sənə söz verirəm, mütləq oxuyacam. - Sonra üzünü tutur Əbdürrəhim bəyə: - Bəy, sən şuşalısan da.

- Nədi ki?

- Deyirəm, Vəzirovnan-zadnan qohumluğun yoxdu ki?

- Xeyr. Zadnan qohumluğum yoxdu, amma qurtdalasaq körpüdən keçəndə Vəzirovla yan-yana dəymiş olaram. Ehtiyat edirsənsə, ərizəmi yazıb gedə bilərəm.

- Əşi, nə danışırsan, elə-belə soruşdum. Mən bilən onun bir yazıçı qohumu olmalıydı axı? Qarabağ tarixindən-zaddan yazmışdı, adı nəydi, hə, Nadir şah.

Mirzə Cəlil:

- Rza müəllim, Nadir şahı Nərimanov yazıb.

Əbdürrəhim bəy yenə gülümsəyir:

- Yox, Mirzə, Nadir şahı Yunus Oğuz yazıb.

Rza müəllim:

- Yox, əşi, Yunus Oğuz mənim dostumdu. Budey, avtoqrafla da kitab bağışlayıb mənə, - stolun üstünü axtarır və bir kitabı götürür; - Budur ey, onun yazdığı Əmir Teymurdu.

Əbdürrəhim bəy:

- Rza müəllim, Nadir şahı da yazıb.

- Bəs, mənə niyə bağışlamayıb?

Mirzə Cəlil:

- Deyərsiz bağışlayar.

Rza müəllim:

- Bəs Vəzirovun Qarabağdan yazan o qohumunun adı nəydi?

Üzeyir bəy:

- Yusif Vəzir. Əsərin də adı Qan içində.

- Hə, hə, yadıma düşdü. Bəs, indi o haralardadı?

- Pensiyaya çıxıb.

- Pensiyanın da yaş həddini artırdılar. Hə, Bəy, günün mövzusudu. Saytlar, sosial şəbəkələr partlayır. Bu deputatları ver qələmiyin ağzına.

Əbdürrəhim bəy:

- Rövnəq müəllimdən başlayım?

- Nədi, qəzetimizi bağlatmaq istəyirsən? Sən Zahid Orucdan başla. Spikerin də ondan xoşu gəlmir. Özü də nədən oldu danışır. O, hardan deputat seçilib?

- Bərdədən.

- Yaz ki Bərdənin yarısını keçirib monapoliyasına, qaz vurub qazan doldurur.

- İnanmazlar ey.

- Niyə?

- Parlamentə avtobusla gəlir.

- Əşi, yaz ki gözdən pərdə asır, kimə lazımdı ey, əsas odur düşsün dilə-ağıza.

- Rza müəllim, amma bir məsələvar, eynəyim tapılmadı axı. Deyirəm bəlkə dünən sizdən gələndə qalıb maşınınızda. Mən də eynəksiz kor kimiyəm, nə yaza bilirəm, nə də oxuya bilirəm.

Katibəni çağırır:

- Ay qız, şoferə zəng elə, bir maşına baxsın görsün Bəyin açkisi orda qalmayıb?

Bir azdan sürücü zəng edir:

- Şef, Bəyin açkisi maşında yoxdu. Bəlkə ayrı yerdə qalıb?

Rza müəllim:

- Bəy, maşında yoxdu, bir yaxşı fikirləş, bəlkə açkini ayrı yerdə qoymusan?

Əbdürrəhim bəy geri addım atmadı:

- Yox, yox! Rza müəllim, axırıncı dəfə sizdə istifadə etmişəm. Yadımdadı, dördüncü cildinizi vərəqləyəndə. Sözgəlişi, sonuncu cildiniz möhtəşəmdi. Xüsusilə də Qarabağ savaşında milli satqınlarımızın iç üzünü açıb göstərmisiniz. Çox gözəl araşdırmadı. Günahın özümüzdə olduğunu çox ciddi və tutarlı faktlarla, dəlillərlə oxuculara çatdırırsız.

- Sağ ol, Bəy, sonuncu deyil. Beşlə, altını da vermişəm çapa. Hər ikisini də yenə Qarabağa həsr etmişəm. Gərək yazaq, gələcək nəsillər görsün nələr çəkmişik də. Qoy gələcək nəsillər bilsinlər də Xalq Cəbhəsinin iç üzünü. Onlarınkı torpaq davası deyildi ha, kreslo davası idi.

Üzeyir bəy:

- Xalq Cəbhəsinin vaxtında Ağdərəni azad eləmişdik, Xankəndindən də ermənilər köçürdü.

- Bəy, sən də elçibəyçilər kimi danışırsan. Bir az da qalsaydılar, ölkə getmişdi. İndi bircə dərdimiz var, o da Qarabağ dərdi. Qarabağ dərdi bizi çərlədib öldürəcək. O gün oğlum Parisdən zəng edib deyir ki, papa, nəyi gözləyirik ey? Deyirəm, a bala, sən dərsini oxu, orda bizim diaspora ilə məşğul ol. Əl çəkmir, yapışıb ki, nəyi gözləyirik ey?!

Cəfər Cabbarlı:

- Lazımı!

- Lazım kimdi?

- Lazım lazımdı də. Gərək o gələ ki, Qarabağı həll edək.

Mirzə Cəlil:

- Buraxın, Qarabağ problemini. Bəyin eynəyi itib, siz də başlamısız... Ona görə Qarabağı ala bilmirik ey. Hələ bu eynək məsələsini həll eləyin, Qarabağ qaçmır ki?

Əbdürrəhim bəy:

- Rza müəllim, siz Qarabağın dərdin çəkməyin, bununla ATƏT məşğul olur. Əsas mənim eynəyimdi. Bəlkə sizin evdə qalıb?

Telefonu götürüb evə zəng edir:

- Ay qız, kim var evdə, xanım hardadı? Yatıb? Yox, qoy yatsın, sən də evə yaxşı bax. Gör bəyin açkisi oralarda qalmayıb? Telefonda gözləyirəm. Yoxdu? Bəy, deyir yoxdu.

Əbdürrəhim bəy:

- Rza müəllim, sən Allah, təzədən zəng elə. Denən yaxşı-yaxşı baxsınlar. Hələ nə qədər yazı-pozum var. Güman ki, kitabın arasında qalıb. Məndə adətdi, bəzən eynəyi kitab oxuyarkən qaldığım yerdə qoyuram ki, bir də həmin səhifəni axtarmayım.

Yenə evə zəng edir:

- Ay qız, yaxşı axtar də! O dördüncü cildin arasına bax. Bəy deyir bəlkə orda qalıb. Nə oldu? Orda da yoxdu? - Telefonu yerə qoyur; - Yox, Bəy, tapmadı. Sən ölçünü de, şoferi göndərim bizim optikaların birinə, təzəsini alıb gətirsinlər.

Cəfər Cabbarlı:

- Bəy, al özümünkün verim sənə, mənim evdə biri də var.

Əbdürrəhim bəy Cəfər Cabbarlının eynəyini alıb taxır, önündəki kağızlara baxır:

- Yox, Cəfər müəllim, gözümə düşmədi.

- Yaxşı, durun gedin işinizdə olun, mən şoferi göndərərəm gedib yaxşı-yaxşı axtarar.

Bəylər qımışa-qımışa çıxırlar. Cəfər Cabbarlı gülə-gülə Əbdürrəhim bəyə deyir:

- A bəy, bu eynək nəydi belə?

- Cəfər, bu zırramaya heç olmasa bir dəfə zırrama olduğunu sübut eləmək lazımdı, ya yox?!

- Deyəsən, sən onu ağdamlı bəyin gününə salacaqsan.

- Bəylər, hələ ondan da betər günə salacam, darıxmayın!

Rza müəllim katibəni çağırır:

- Ay qız, gəl bu interneti aç, Möhtəşəm yüzilə baxım. Axşam evdə dördüncü cildimi yuyurduq, qonaqlar çoxuydu, baxa bilməmişəm. De görüm, o sultanın adı nəydi?

- Murad.

- Hə, qardaşını öldürdü, yoxsa y

ox?

- Hələ öldürməyib.

- Bunlar da qəribə adamlardı ey, biri oğlunu öldürür, biri qardaşını, o biri bacısının ərini asdırır, o biri anasını türməyə basır. O boyda imperatorluqlarının içinə arvadları oturdu. Kişinin də iki yüz-üç yüz arvadı olarmı? Əliyin üstə əl var, get bazlığını elə də. İldə birinə bir dəfə düşəsən, yox! Onlar da oturub bir il səni gözləyəcək, sən öl. Paylayacaq də! Ona görə indi qalıblar on-on beş terrorçunun əlində. O Polad Ələmdar noldu ey, çoxdandı görünmür?

- Sentyabrdan başlayacaq.

Katibə filmi tapır:

- Buyurun. Çayınızı təzələyim?

- O çayı əzizlərin içsin. Ordan viski gətir, buz da at içinə.

Katibə viski gətirir, bir qurtum içir, siqaretini yandırır, yayxınır kresloya, başlayır filmə baxmağa. Bu vaxt telefon yenə zəng çalmağa başlayır:

- Eşidirəm, booyy, xoş gördük, xoş gördük. Çoxdandı zəng etmirsən, təzə nazirlə neynirsən? Ötən il, o şəhər var dənizin içində, adı… hə, hə, Venetsiya, orda bir yerdəydik. Əşi, köhnə naziriniz çox şişmişdi ey. Düzdü, salam-sabahımız vardı, amma son zamanlar lap qığ yemiş toyuğa dönmüşdü, adama salamı şeyinin ucu ilə verirdi. Təzə nazirinizlə o gün bir toyda babat vurduq. Canlara dəyən oğlandı. Qoy yerin bir az isitsin, tanış edərəm. Nə? Nə açki? Açki nədi? Sən açki taxırsan? Bəyin açkisi? Əşi, neynirəm bəyin açkisin. Dünən bizdə sapıçıxınca vurmuşdu. Allah bilir harda itirib. Deyirəm təzəsini alım verim, istəmir. Əşi, yox, sən öl, bizdə qalmayıb. Evi iki dəfə axtartmışam, tapılmayıb. Sən niyə alırsan? Özüm bu axşam ona bir firminni açki alaram. Görüşərik. Nə vaxt könlün istəsə zəng elə, gedək Çanaqqalada bir Qarabağ quzusu yeyək.

Telefonu atır masanın üstə, katibəni çağırır:

- Ay qız, gəl bunu başdan qoy, imkan vermədilər doğru-düzgün baxım.

Katibə filmi başdan qoyur:

- Müdir, nə çətin şeydi, öyrən də bu kompüteri. İstəyirsən mən öyrədim.

- Kompüteri öyrənsəm, day sən mənim nəyimə lazımsan?

Katibə nazlanır:

- Mən sənə elə kompüter üçün lazımam?

- Yaxşı, yaxşı, nazlanma, qoy kinoya baxım.

Viskidən bir qurtum da vurur, təzə siqaret yandırır:

- Sənin sultan boyunu yerə soxum, qalıb arvadların əlində.

Telefon yenə səslənir, əsəbi halda götürüb nömrəyə baxır, könülsüz-könülsüz açır:

- Salam, beş də artıq. Nə xəbər? Belə də, qəzetdi, çıxarırıq. Kim? Əbdürrəhim bəy? Kef edir özüyçün. Böyük yazıçı olmasa mənim qəzetimdə nə işi var?! Çatdırram. Nə açki? Ə, bəsdirin də, yekə kişisiniz, lap zəhləmi tökdünüz...

Telefonu söndürüb qoyur cibinə və durub kabinetdən çıxır. Dəhlizdə Mirzə Cəlillə rastlaşır:

- Bəy hanı?

- Getdi. Eynəksiz burda neyləyəcək ki?! Rza müəllim, evi bir də axtarsalar pis olmaz. O eynəyə öyrəşmişdi.

- Mirzə, bilirsən ki xətrini çox istəyirəm. Amma məni cin atına mindirməyin. Əşi, onun açkisi nəyimə lazımdı? Az qala bütün şəhəri töküb üstümə. Nə isə... Gedirəm, Bəyə on-on beş açki alacam, nə qədər itirir-itirsin.

Getmək istəyəndə Mirzə Cəlil saxlayır:

- Mənim yazım hazırdı.

- Hansı yazı?

- Zırrama!

- Hazırdı, verin getsin də.

- İstəyirəm birinci səhifədə sizin köşə yerinizdə elə sizin şəkillə getsin. Sizin köşə çox oxunur axı.

- Ay Mirzə, məni dolamısan? Mənim köşəmin sənin yazına nə dəxli? Hara istəyirsən qoy, lap manşetə qoy, amma əl çəkin məndən. Redaksiya deyil ey, dəlixanadı.

Həyətdə maşına minmək istərkən nəşriyyatın direktoru ilə rastlaşdı, görüşüb-öpüşdülər, hal-əhval tutdular.

Direktor:

- Bir az əsəbi görünürsən, sir-sifətin də qaralıb. Xəstə-zad deyilsən?

- Yox, əşi, qoz kimiyəm. Amma səhərdən o qədər zəhləmimi töküblər ki! O zəng edir açki, bu zəng edir açki...

Direktor:

- Açki dedin, yadıma düşdü. Eşitdim Bəyin açkisi sizdə qalıb. Tapıldı?

Özündən çıxdı:

- Əşi, açki itirənə də söyərəm, tapana da. Get işinlə məşğul ol, mən bilərəm, Bəy bilər. Sənə nə düşüb. Get ondansa idarəni təmir et. Tualetə girəndə bir həftə adamın üstündən tualet iyi gəlir! - dedi və maşına əyləşib qapını da möhkəm örtdü; - Sür, ə! Avara adamlar!- dalınca da ağır bir söyüş söydü.

Direktor isə qımışa-qımışa girdi binaya. Bəyə zəng elədi:

- Bəy, qaqam hazırdı. Bir az da getsə infakrt olacaq.

Sürücü:

- Müdir, hara sürüm?

- Cəhənnəmə.

Sürücü söz altında qalmadı:

- Hələ tez deyil?

- Ə, sarsaqlama. Görmürsən ölü

rəm? Sür Ziya doktorun balnisasına.

Klinikanın həyətində maşından düşəndə telefonu yenə zəng çaldı. Dilxor-dilxor telefonu açdı:

- Hə, Rza bəydi. Günaydın, günaydın. Kimdi? Avrasiya Yazarlar Birliyindən? Yaqub Öməroğlu? Bir daha günaydın. İyiyik, siz nasılsınız? Ankarada havalar nasıl? Buraya bahar çokdan gəlmiş. Misafirimiz ola bilərsiz. Kim? Əbdürrəhim bəymi? İyi, iyi, çok iyi. Öylədi, böyük yazardı. Ankarada kitabı basılmışmı? Nə güzəl, nə güzəl! Dəvətmi etmək istiyorsuz? Nə güzəl, nə güzəl. Problemmi çıkmış? Ne problem çıkmışsa həll edəriz. Gözlük? Gözlük ne? Eynəkmi? Gözlüyü bendemi qalmış? Bura bak, arkadaş, bakmaram türksən-nəsən, beni hırs atına mindirme. Senin de, Əbdürrəhim beyin də, Avrasiya Yazarlar Birliyinin də... - dedi və telefonu hirslə vurdu yerə, sonra da başladı tapdalamağa.

Telefon parça-parça oldu.

Doktor Ziyanın kabinetinə girəndə artıq halı özündə deyildi, tıncıxmışdı, ağır-ağır nəfəs alırdı:

Doktor Ziya cəld yerindən qalxdı:

- Boy, qardaş, bu nə haldı? Əyləş, əyləş; - qolundan tutub divanda oturtdu; - Ay qız, ordan su gətir.

Su gətirdilər, özü içirtdi, sonra təzyiqini ölçdü:

- Təzyiqin çox yüksəkdi, yüz on-yüz səksən beş, iynə vurmaq lazımdı.

Bu vaxt Doktor Ziyanın telefonu səsləndi, qalxıb telefonu götürdü:

- Salam. Sağ olun, siz də yaxşı olun. Rza müəllim? Hə, burdadı. Elə bir şey deyil, bir az təzyiqi qalxıb, indi iynə vurarlar, keçər. Olur da, iş, əsəb, stress, hava da bir tərəfdən, gündə üç dəfə dəyişir. Nə deyim? Nə açki? Bəyin açkisi? Bu dəqiqə; - telefonu qulağından yendirir, "eynək” sözünü eşidəndə Rza müəllim bir-iki dəfə udqunur, nə isə demək istəyir; - Rza müəllim, Üzeyir bəydi, deyir Əbdürrəhim bəyin eynəyi sizdə qalıb, ver sürücümlə göndərim.

Rza müəllim ağzını açıb nə isə demək istədi, gücü çatmadı, ağzı köpükləndi. Doktor Ziya əlindəki telefonu tullayıb özünü atdı onun üstünə, sinəsini aça-aça ucadan dedi:

- Tez eləyin, tez eləyin, götürün reanimasiyaya.

Səhər Rza müəllimin qəzetinin birinci səhifəsində Mirzə Cəlilin "Zırrama” hekayəsinin yanında belə bir xəbər də getdi: "Məşhur jurnalist Rza Dağlaroğluna sui-qəsd cəhdi olub, hazırda xəstəxanadadı. Həkimlər vəziyyətinin orta ağır olduğunu bildirirlər”. Saytlar da bu xəbəri göydə qapıb yaydılar.

Günortaya yaxın saytlar daha bir məlumatı yaydılar: "DİN təkzib edir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlum sui-qəsd hadisəsi ilə bağlı bildirir ki, Daxili İşlər Nazirliyində belə bir məlumat yoxdur. Dəqiqləşdirmişik, baş redaktor Rza Dağlaroğluna heç bir sui-qəsd cəhdi olmamışdır. Səhhətində müəyyən problemlər olduğuna görə şəhərdəki 5 nömrəli klinikaya yerləşdirilmişdir”.

Bir az keçmiş saytlar klinikanın baş həkimi Doktor Ziyanın belə bir açıqlamasını paylaşdılar: "Bəli, Rza Dağlaroğlu həqiqətən bizim klinikada müalicə alır, heç bir silahlı saldırıya uğramayıb. Sui-qəsd olmağına olub, amma mənəvi sui-qəsd. Hazırda vəziyyəti normaldı”.

Rza müəllim təkadamlıq palatada ləzzətlə qəzetlərdəki və saytlardakı özü ilə bağlı xəbərləri oxuyurdu:

- Mənim vesimə bax, ə, bütün ölkə məndən danışır!

 
P.S Bu hekayə dərc olunanda 5 nömrəli xəstəxananın baş həkimi Ziya doktor həyatdaydı. Mənə telefon açdı hekayənin ona çox ləzzət elədiyini və çoxdandır belə ürəkdən gülmədiyini dedi. Mənə bir qonaqlıq verəcəyini söylədi. Az sonra vəfat etdi. Yeri behişt olsun. Bu hekayəni Ziya doktorun ruhuna bağışlayıram.
 
(2017-04-04)

TƏQVİM / ARXİV