Yüngül həyat tərzi
Pul müqabilində cinsi əlaqə
Əşşi, uzatmayaq, fahişəlik!
Bu peşə Azərbaycanda hər nə qədər açıq şəkildə dilə gətirilməsə də, əfsuslar olsun ki, tələbatlı sahədir. Siqaret kimi bir peşədir. Hər qiymətə var. Pulun var bahalısını, pulun azdır ucuzunu.
İndi danışacağım filmin mövzusu da bu peşənin sahibləri və onların bu yola necə düşməsi, onlara cəmiyyətin yanaşmasına xitab edir.
Baş rolları Mehriban Xanlarova, Nuridə Əhmədova, Kəmalə Müzəffər, türkmənistanlı aktrisa Oğuldurdi Məmmədquliyeva oynayır. Deyilənə görə, bu obrazı oynamağa o vaxtkı qadın aktrisalarımız razı olmadığına görə türkmənistanlı aktrisa dəvət olunub.
Açığı, Mehriban Xanlarovanın gənclik illərini görüb ağzı açıq qaldım. Necə gözəl, necə saf bir siması var imiş. O bu yaxınlarda “Təhminə” filmində Təhminə obrazının əslində ona verilməsindən danışmışdı. Sonradan nə olubsa, Meral Konrat canlandırıb. Məncə Mehriban xanım çox gözəl oynayardı Təhminəni.
Bu film baxdığımız bütün Sovet filmi standartlarından kənar çəkilən filmdir. Film müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından, “altmışıncılar” nəslinin nümayəndələrindən olan Xalq yazıçısı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılıb və film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilib.
SSRİ-nin hələ mövcud olduğu illərdə və Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrdə, konkret olaraq, 1989-cu ildə Azərbaycanın müqtədir sənətkarlarından, böyük sənət xadimlərindən-kino aktyorlarından olan Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxması ilə onun ətrafında böyük qalmaqal, ajiotaj yaşanır.
O zaman böyük əksəriyyət filmin Azərbaycan xalqının milli-əxlaqi dəyərlərinə uyğun gəlmədiyini, filmin nümayişinin dayandırılmasını, onun efir(lər)dən yığışdırılmasını, hətta, quruluşçu rejissor kimi Şahmar Ələkbərovun cəzalandırılmasını tələb edir. Hətta, iş o yerə çatır ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının önündə günlərlə etiraz aksiyaları keçirilir. Xüsusilə də, xalq hərəkatının fəal xanım iştirakçıları filmə kəskin etiraz edirlər.
Filmdə iki azərbaycanlı qadının bir erməni qadını Rozanın başçılığı ilə yüngül həyat tərzi keçirməsindən, əslində isə onların bir qadın kimi faciəsindən, bu yola düşməyə məhkum edilmələrindən və ona etirazdan bəhs edilir.
Filmdə incə bir xətt kimi keçən rüşvət detalı da gözümdən qaçmadı. Burada təkcə Milis “haqq” alıb nahaqqa göz yummur, buranın əhalisi də öz aralarında ayıb işlərini bir-birilərinə rüşvət verməklə ört basdır edirlər. Elə Ağagülün Zibeydəyə xoruzu rüşvət verməsi kimi.
Dürdanə bu üç qadından ən üsyankarıdır. Elə bu üsyanın nəticəsində də dəstədən ayrılır, zavodların birində işləməyə başlayır.
Bəs Zibeydə hansı səbəbdən bu yola düşüb? O keçmişi xatırlayanda atasının rejim tərəfindən aparılması yadına düşür.
Zibeydə epizodların birində etiraz edərək “qulaq qızı” ifadəsini işlədir. Ola bilsin ki, yeni nəsil “qulaq” nədir, bilmir.
1930-cu illərdən 1950-ci illərə qədər, Stalinin dövründə məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu idi QULAQ. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr olan QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir.
Və Zibeydənin atasını da bu düşərgələrə aparmışdılar. Zibeydənin gələcək taleyi rejimin adamlarından birinin papağını axtaran faytonçu atasına “papağı neynirsən? Bundan sonra papaq sənə lazım olmayacaq” cümləsində gizlənir.
Zibeydə düşdüyü durumdan çıxmaq istəmirdimi? İstəyirdi. Hətta sevdiyi bir oğlan da var idi. Həyətlərində tar çalardı, Zibeydə isə onu xəlvətcə qapıdan pusardı. Bir gün onun müharibədə həlak olduğunu öyrənir və yeganə çıxış yolu olan adamı itirməyi onun əlini hər şeydən üzür.
O dövrün ritorikasından, ab-havasından çıxış edən Azərbaycanın bir çox fəal qadınları hec cür bu məqamla barışmır, filmə, onun quruluşçu rejissoru Şahmar Ələkbərova qarşı sərt mövqe nümayiş etdirirlər.
Rejim etirazları görərək, filmin nümayişinin dayandırılması barədə rəsmi olmasa da tapşırıq verir və qısa zamanda da, film sanki çəkilməmiş kimi arxivə göndərilir. Bu ekran əsərinin çəkilməsindən 30 ildən çox vaxt ötsə də, Azərbaycan telekanlarında demək olar ki, hələ də onun yayımına rast gəlinmir.
Filmdə çəkilmiş aktrisalar bu film barədə illər sonra danışıblar.
Nuriyyə Əhmədova (xalq artisti, Roza rolunun ifaçısı): “Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.
Mehriban Xanlarova (əməkdar artist): “Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, “Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.
Sonda filmdə ən xırda və bəlkə önənli detalı qeyd etmək istəyirəm. Bu pəncərədən pərdənin azca aralanaraq baş verənlərin izləndiyi epizoddur. Bu o pəncərədir ki, faytonçu Əbülfəz repressiya edilərək, həbs olunanda da yüngülcə pərdəsi aralanmışdı. Sonralar - bütün hadisələr zamanı da yalnız müşahidənin aparıldığı obyekt olmuşdu. Halbuki xırda müdaxilə belə Zibeydənin həyatını fərqli yöndə dəyişə bilərdi.
Zibeydə gileylənəndə məhz bu pəncərədən danışırdı.
Başqalarının dərdinə boylanmağı bacarın, əziz insanlar!