Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonla
arayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti
müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev,
BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək. Bütün mədəni siyasi
və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul etdim və bir kafedə çay
süfrəsi arxasında gilas mürəbbəsinin də müşayəti ilə maraqlı müzakirə apardıq.
Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi, ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat
yarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinə
danışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq. Sonda Pənah bəy
söylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatda
bilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi.
Sonra Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı.
Yəni bura qədər hər şey yolunda getdi. Bəs sonra nə oldu? O oldu ki, Azərbaycanda
cəhalətın, nadanlığın, danabaşlığın yalnız dini sferada baş alıb getmədiyi, həm
də siyasi sferada tüğyan etdiyi üzə çıxdı. İçində qondarma professoru, siyasət
bilicisi və başqa kateqoriyadan olanlar rəy yazaraq düşdülər Pənah bəyin üzərinə
ki, bəs sən niyə Milli Məclisdə təmsil olunan mənimlə və Qüdrət bəylə görüşmüsən?
Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündən
su içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış! Başqa xalqlar deyirlər ki,
siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindən
çıxış yolları axtarsınlar, bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizə
düşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlə
dialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bu
müzakirə necə aparıla bilər? İnanın ki, bəndəniz istər iqtidarda, istər müxalifətdə,
istər də siyasətdən uzaq fəaliyyəti olan hər hansı bir azərbaycanlı görəndə həvəslə
müzakirə aparıram ki, ölkəmizin gələcəyi üçün hamımız birlikdə necə hərəkət edə
bilərik? Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki, birdən
bunların sayı daha çox olar və ölkəmizin gələcəyini sağlam təməldə qurma
arzularımız gerçəkləşməyə bilər. Düzsünüzsə, dürüstsünüzsə, yalandan müxalifətçi
donuna girib başınızı illər boyu boşuna girələməyin, iqtidarlı-müxalifətli Azərbaycana
bağlı insanlarla dialoqdan imtina etməyin, ölkəmizi gözləyən xarici və daxili təhlükəyə
qarşı vətəndaş fəallığı göstərin, göstərməsəniz belə, azərbaycanlılar arasında
barışmazlıq baryerlərini aradan qaldırmağa çalışanlara heç olmazsa mane
olmayın. Milli Məclisdə təmsil olunmağa gəldikdə isə, bir şey deyə bilərəm ki,
bütün platformalarda yalnız öz mövqeyimi- doğruluğuna əmin olduğum, milli
maraqlarımız üçün zəruri hesab etdiyim, vətəndaşımızın dərdinə az-çox məlhəm
ola biləcək mövqeyi sərgiləyirəm. Ağıllı insanlara bunun əlavə şifrəsini açmağa
gərək varmı?
Bütün səmimi
dialoq aparanların içdiyi çaylar nuş olsun!


Bakı -°C
